XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



YUSİF HƏSƏNBƏY : - HƏFSİN ƏSİRLİYİNDƏ Hekayə
Ədəbiyyat 08:52 / 29.01.2022



Moskva altındakı "Peredelkino” yaradıcılıq evində bir qadının məkrinə düşdüm. Yaradıcılıq evinin direktoru Qalina Sergeyevna sənədlərimə baxa-baxa -Sizin Rəsul Rza da burdadır. Darıxmazsınız – dedi.

- Harda qalır? Yenə ikinci mərtəbədə? Bilyard stolunun böyründəki otaqda?

- Yox! Sizinlə qonşuluqda! Bir qonşunuz da özbək yazıçısı Zülfətdir. Qızını da gətirib özüynən. 21-ci otağı vermişəm onlara.

Rəsul Rza Azərbaycan şeirini trafaret çərçivədən çıxarıb, uçuşlarına geniş meydanlar verən yenilikçi, ictimai-tənqidi fikirlərini özünəməxsus cəsarətlə, yeni formalarda ifadə edən novator şair idi. Nə zamansa barəmdə çox nüfuzlu tribunada fikir söyləyib, məni plenum iştirakçılarına təqdim edəcəyimi ağlıma gətirməzdim. Ancaq Allah qismət elədi.

Otağım isti, işıqlı idi. Yuyunub darandım. Əyin-başımı səliqəyə salıb dəhlizə çıxdım. Boynu, sinəsi daş-qaşlarla cilvələnən, bir alışdım- yandım xanım da qonşu otaqdan çıxdı. Məni görcək – Xob! Xob! Ne güzel! Mərd əla! –Nəqşi mərd pəlvan - deyərək əlini mənə tərəf uzatdı.

- Adım Zeytuna. Uzbeçkayam ben-dedi.

Başında qalın saçlarına kip oturulmuş qızılı araxçın vardı.

Ürəyimdə yüngül bir dağıntı duydum. "Nə qədər ki, at belinə çıxmayıb bu dağıntı, qayıt bu yoldan!” Ancaq qorxusu yoxdu! İradım, gücüm çatır tamahımı boğaram. Nəfsimin "mən”, "mənəm” viruslarının əsiri olmaram! Heç vaxt! – dedim özüm özümə. Qırmızı barmaqlarının ucundan tutdum. Adımı eşitcək. –Necə? Necə? Bay! Xan! Qospodin? Znaçit Aristokrat, Centlemen! Xob! Xob! Bay, Aka şair! Benim Əlişir Nəvai akam! Qoluma girib şişman döşlərini sinəmə dayadı. –Aka, gil birke Moskvaya gedəmiz taksi bilen! –Cavab gözləmədən – Yeliseyev maqazinində kofe-konyak içəmiz! Badamı gözlü xanım, xumar baxışlarıyla dəmə çəkir, yeməli, xurma dodaqlarıyla şirnikləşdirirdi məni. Namusa boğulmuşdum,- "Yox” –deyə

bilmirdim. Kişiyəm, axı! "Hə” də necə deyim? Moskvanın maqazinləri canavar kimi açıb ağzını. Milyonları tak boğazına udsun. Amma mən duruş tuta bilərəmmi? O, bir addım irəli gəlib, boynumda gəzdirdi yumşaq əllərini. Belə çılğın hərəkətləriylə nə demək istəyirdi qız? Bilmirəm. Amma mən nəfsimi boğaram. Aramızdakı insani münasibətləri qoruyar, dağıntılara yol vermərəm”.

-Davay, davay! Pəlvan bay. – Gil çıxalız yola! Taksibilən gedebiz Moskvaya?

-Təklifiniz ürəyimcədi. Özünüzü mənə etibar etdiyinizə görə çox sağ olun! Sizi bağrıma basıram – deyib biləyindən tutldum. Dartınıb əlimdən çıxlmağa səy göstərmədi. Bizə sarı gələn, alnı şapka günlüklü taksini saxladım.

Mərkəzi univermağa gəldik. "Qızıl, əqiq əşysalar” şöbəsində barmağını vitrindəki büllur sırqaların üstünə qoyaraq -Bay akam, bax ne gözel –deyərək əllərin bir-birinə çırpa-çırpa atılıb düşdü. Uşaqdımı? Yox! Yeniyetməlikdən də çoxdan çıxıb. Görünür uşaqlıqda çin olmayan arzuları indi dilə gəlir, onu sevindirir. Qolunu boynuma dolayıb üzümdən öpdü. Təndir kimi yanan içərilərimdə sərin mehlər əsdi. "Yaman yerdə günüm axşam oldu! Biabır olacam! Sırğaları almağa gücüm çatarmı? Bəc Bakıya hansı pulnan qayıdaram” düşündüm yazıq-yazıq. "Əşi, yox ey! Oturuş duruşumdan imkanlı qıza oxşayır! Boş əlnən univermağa kim girər?” Sırğanın birini əlimə götürdüm. Yarpağın ucundan sallanıb, nazik boynu get-gedə qalınlaşan böyük bir damlaya bənzəyirdi. Bu üzündən baxanda o biri üzü aydın görünürdü. -Əlbətdə sırqaların tacındakı al yaqutlar rənginizi bir az da açar-dedim. Altdan-altdan mənə baxa-baxa əllərini gödəkcəsinin ciblərində, yaxasında çox gəzdirdi və birdən ayağını yerə çırpdı – Tfu, çort! Benim baxtım yatmış bilən! –deyə hönkürür, dərisini soyurlarmış kimi sızıldayırdı.

Mən biganə qala bilməzdim, bu dağıntı önündə. Qıza yardımçı olmalıydım:

- Sizə nooldu birdən?! O, dərindən ah çəkdi, kəsilə-kəsilə –Ox batdı yadıma. Kaşelokumu götürmədim. "Peredelkino”da qalıb. Neyləyək bəs? Siz bay, aka Əlişir Nəvayi, bəlkə bizə bir kömək bilən? Sonra axça, rubl verərəm. Siz axı, bay Centlemen bilən!

-Əlbətdə! Narahat olmayın. Əlişir Nəvaidən deyə bilmərəm, amma bəyəm! Centlemendən min qat artıq kişiyəm- deyib, kassaya yaxınlaşdım. Sonra bu xanım

bir yay eynəyi istədi. Aldım. Ətriyyat şöbəsində "Şanel”, "Fidji” duxilərini görüncə ağzının suyu axdı. Qolumdan sallaşdı. Anamı-atamı söyə-söyə onları da aldım. Bir neçə üzü ilan naxışlı corabı, alt tuman köynəklərini də əl çantasına yerləşdirdim. Taksiylə "Yazışılar” restoranına gəldik. Yedik-içdik. Xanım konyaklı kofe istədi. Mən badəmin dolu gətirilməsini xahiş elədim. Bir şampan şərabı, bir də bir "Moskva” tortu götürüb "Peredelkino”ya qayıtdıq. Taksinin haqqını ödədim və ikicə rubl qaldı əlimdə.

Xanımın otağına gəldik. Ayın-uyunla dolu çantanı dolabın böyrünə söykədim. Tumbuçkanın üstündə qızın kaşelokunu gördüm, eynim açıldı, gözümə işıq gəldi. Dinmədim. Haqq-hesab söhbətinin yeri deyil. Üzü gülürdü. Şövq dolu gözləri qaynayırdı. "Aldığım hədiyyələri halal edəcəyəm. Qoy sevinsin! Pul əl çirkidi. Onu həmişə qazanmaq olar! Amma bir ürək sevindirmək, küskün bir ruhu qanadlandırmaq fürsəti bir də nə vaxt çıxacaq uğuruma?” Şampan butulkasının ağzındakı dəmir zirehi boşaltdım. Tıxaca toxunan kimi yerindən qopdu. Butulka əlimdə oynadı. Qədəhləri doldurdum. Birdən ağlıma qəribə bir fikir gəldi. Axı mən Sosiyalist yönlü bir neçə şairin əsərlərini dilimizə çevirmişəm. Moskvadakı "xaric komissiya” şöbəsində məni bəzi Avropa ölkələrinə ezam edəcəkləri Avropada da gərək özünü mədəni aparasan. Bəzi adət- ənənəlıri öyrənəsən. "Bruderşaft” haqda məlumatım vardı. Bəlkə elə burada o "Bruderşaft” üsulundan istifadə eləyim? Əlimi Zeytunənin çiyninə qoyaraq: -Sizdən xahiş edirəm! Gəlin, üz-üzə durub "Bruderştaf”la içək bu şərabları! Düşündüm ki, məni "Aristokrat”, "Centlemen” adlandıran, geyim-keçimimlə, kofe-konyak içməyimlə də Avropalıya oxşayan Zeymunənin ürəyincə olar təklifim. Kaşelokunuz da itməyib. Baxın tumboçkanın üstündədi-dedi. Kaşelok sözünü eşidcək çırpınıb çıxdı əlimdən. Üzü kif atmış bozlamac çörəyi kimi bozardı.

-Podless! Oğraşsın! Beni kimə oxşadırsan! –Yığışdır baraxlolarını rədd ol burdan! Məsələ qəlizləşdi. "Bu necə olur, axı? Heç nə başa düşə bilmirəm. Yazıq, məsum, eyni zamanda doğmalaşmağıyla da məni heyran eləyən Zeytunə birdən-birə dəyişib, ilan kimi məni çaldı. "Sənə bu da azdı. Ürəyinin qapıları darvaza kimi açıqdı. Yolu keçən burulur içəri. Eybi yoxdu. Ağlını başına cəm elə! Cəngi-cəhələ

baş qoşmaq ağılsızlıqdı.” Poltomu götürüb otaqdan çıxdım. Nəyim vardı xərcləmişdim. Halal xoşu! Sabah "Sovetski pisatel” nəşriyyatına gedərəm. Təzə çapdan çıxan kitabımın qonararını alaram. Hər şey qaydasına düşər. Çalışıb bu hadisəni də unudaram. "Eybi yoxdur. Bundan belə biz də ehtiyatlı dolanarıq” -deyə özümü sakitləşdirdim.

Qapımın ağzındaydım. Paltonun cibində açarı axtardım. Yoxdu. Pəncək, şalvar ciblərimin astarını üzə çıxartdım. Açarı tapmadım. Univermaqda, restoranda da əlimi cibimə salmışam dəfələrlə. Bəlkə orada düşürmüşəm. Ancaq yox.Taksinin haqqını ödəyəndə cibimdəydi. İndi neyləyim? Bu gecə hardasa yatmalıyam, elədimi? Bəs harda? Bəlkə Rəsul müəllimin yanında? Qonşu qapıya yaxınlaşdım. "Moskvaya gedim bəlkə. Şair dostlarım məni darda qoymaz. Amma necə gedim? Taksi pulum yoxdu. Noolar? Elektriçkaya nə gəlib? Yox! Bu da qorxuludu. Elektriçkaya aparan yol qəbrisyanlığın yanından keçir. Yiyəsiz, vəhşi itlər qəbirləri sökür, piyadalara da cumurlar. Neyləyim? Rəsul müəllimi də narahat eləyə bilmərəm. Axı, o da gecənin bir aləmində düşünmək, yazmaq istəyəcək. Məndə xoruldamağ da var axı? Başqa çıxış yolu da yoxdu” Saçlarıma əl çəkib, qalstukumun düyməsini hülqumumun üstünə oturtdum. Qapını iki barmağımla iki dəfə tıqqıldatdım. İçəridən səs çıxmadı. Neyləyim? Bəlkə elə Zeytunənin otağında düşürmüşəm açarı? Soruşum. Bir yerdə axtaraq. Açarı tapsam, kopoyoğludu bir saniyə orda qalan. Geri qayıtdım. Qapını iki barmağımla iki dəfə tıqqıldatdım. Səs yoxdu. İki yumruqla döydüm.

-Açın qapını. Mən açarımı itirmişəm. Otağınızda harasa düşüb yəqin!

-Sən bay yox, xuliqansan!

"Yox! Bu qaraçıdan mənə hay olmayacaq. Xain xoflu olar. Qapını açmayacaq. Bəlkə taksiyə oturum, gedim Moskvaya? Bəs hansı pulnan? Kitabımın tərcüməçisi rus şairi Yakov Kozlovski həlim, insan adamdı. Bir gecəlik qonaq olaram ona! Bəs Moskvaya necə gedim? Piyada?”

"Ümüd Zeytunəyədi ancaq.” Yenə, yalvar-yaxar eləyim gərək! –noolar? Sənallah açın qapını! Xahiş eləyirəm. Yalvarıram. Axı, biz dostuq. Açarımı axtaraq, əgər tapılmasa, portmanetinizdən mənə 25 manat borc verərsiniz. Taksi pulu!

-Yox! Portmanetimdə də axça, pul yox! Siz beni zorramaq bilən! Siz xuliqansınız. Milisiya çağıraram! "İndi gəl bu anlamazla danış? Onu necə başa salım ki, mən türkəm, türkü də başqalarından ayıran türk kişiliyidi. Türk düşməninin başını min yerdən kəsər, ancaq arvadına pis gözlə baxmaz. Çünki qadın müqəddəs sayılır türk dünyasında. Zərdüş də başda olmaqla Landauları, Yusif Məmmədəliyevləri, Tusiləri, Lütfizadələri də bir yerə topla, hidrogen nüvələrini və bir çox başqa həyat ünsürlü maddələri də qablaşdır xüsusi bir kameraya. Sonra qoy o döşünə döyən alimlər, doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə yox, doxsan min illər boyu təcrübələr, sınaqlar aparsalar, əgər o kameradan bir canlı hüceyrə çıxara bilsələr, başımı kəs! Amma qadınların dünyaya gətirdikləri hər körpə, bir təzə icaddır. Türklər qadınlara əl qaldırmazlar, ağır söz deməzlər. Səslərinə güc verib diksindirməzlər. Qadın incədir, kövrəkdir. Sevilməli, əzizlənməlidirlər. –Aç qapını, -dedim. Açmadı. Hirs təpəmə vurdu. Bir-iki dəfə dala-qabağa gedib təpiyimi qapıya necə ilişdirdimsə, qapı cəftəsindən qopub bir yanı üstə asıldı. Qız üz-gözünü cırmaqlayırdı. Moskvadan gətirdiyimiz hədiyələrlə dolu çantanl sinəsinə sıxmışdı. Tumbuçkanın üstündəki portmaneti açdım. İçində dodaq boyası, qaş qələmi, bir də bir əl yaylığı, vəssalam. Bəs deyirdin ki, bir az axçam, param var. Hanı? Zeytunənin ətini kəsirdilər elə bil. –Ay annem, ay babam, beni zorramaq bilən! –deyə bağırırdı. Onu bağrıma basıb sakitləşdirmək, "biz bacı-qardaşıq, sizdən heç bir təmənnam yoxdur”, – demək niyyətiylə ona yaxınlaşdım. Əlimdən qopub pəncərəyə çıxdı. –Özümü atacam! Qanında qaynayan tamahın, nəfsin "mən”, "mənəm” virusları ağlını başından almışdı. Şişman döşlərini sinəmə dayaması başımı tumarlayıb üzümdən öpməsi də məkirli niyyətinin həyata keçirilməsinə hesablanmışdı. Geriyə boylandım. "Bay, işim bitdi. Kitabım bağlandı”. Qapının ağzında yaşı keçmiş yazıçılar gözlərini dörd eləyib dodaqlarını gəmirirdilər. Əlləri süpürgəli, döşəmə silənli xadimələr bir-birinə sığınmışdılar. Gombul Qalina Sergeyevna kötük ayaqlarını irəliyə yox, yanlara ata-ata yüyürürdü hadisə yerinə. –Bu Qafqaz vəhşilərini kim buraxıb yaradıcılıq evinə -deyən, burnunu tutsan canı çıxan yazıçının ağzını yığdım əlimin ortasına. Dizlərini şaraqqıltıyla çırpdı döşəməyə. Soyuq dodaqları ovcumun içində sındı. Məni araya almışdılar.

Əllərimi sağa-sola atır, şapalaqlardan qorunur, özümü müdafiə edirdim. Birdən qurbağa gölünə daş atdılar elə bil. Hay-küy kəsildi. Toplananlar aralandı. Qapının içində Rəsul müəllim göründü. "Mənim bu günümdə gələsən, Nəbi! Qazamat dalını dələsən, Nəbi!” mahnısı səsləndi ürəyimin başında. Arxamda dağ dikləndi elə bil. Ancaq soyuq tər basmışdı məni. Bir üşütmə titrətdi canımı.Mən insanpərvərlik göstərdim, vəhşilik kimi başa düşüldü. Məni bu vəziyyətdən görən pir, övliyə Rəsul müəllim də əsəbləşib yəqin ki. Gərək görməyəydi bu biabırçı konserti. Heç nədən xəbəri olmayaydı! "Ayıb deyilmi, utan, yerə gir.” "Vallah, özü elə bu cür cəngidi. Qanamayan yerdən qan çıxaran şərçidi. Kölgəsindən qorxub, hay-harayla yığıb çamaatı bura. Bəlkə elə bilir ki, bağışladığım hədiyyələri alacam əlindən! Vallah, qıza əl vurmamışam, heç barmağım da toxunmayıb” deyərəm.

-"Bəs bunu mən soyundurmuşam?” Soruşar.

-Özü soyunub, vallah, nəyə görə bilmirəm. Bəlkə yatmağa hazırlaşırmış. Mən də qapını döymüşəm. Rəsul müəllim siz məni tanımırsız. Şairəm, həm də bəy nəvəsi, bəy kimi də qulluğunda durmuşam! Deyib Moskvaya apar məni, aparmışam. "Sum” da importnı hədiyyələr istəyib almışm. Pervi klas restoranlarda yaxşı yedirib- içirtmişəm. Burda da qolumu boynundan aşırıb, bir "Bruderşaft” qaydasınca şərab içmək istədim. Rəsul müəllimin dodaqları qaçdı. Üzünü yana tutdu. Hə, - deyə ürəklənib səsimi qaldırdım bir az da. – Həyasızın üzü döndü birdən. "Ay anam, yazıq ben. Bu idiot zorror beni. Hay-haray saldı. Yaxşı oldu Baxtında gəldiniz! Yoxsa bu canavarlar didərdi məni!

Rəsul müəllim susurdu. "Antonovka” almasına bənzəyən böyük ala gözləri həmişəki kimi oynayıb qaynamırdı. Baxışlarında donuqluq vardı. Gecə köynəyində tutrəyən o qızın göz yaşları, yaşı keşmiş yazıçıların mənə yumruq göstərmələri, Qalina Sergeyevnanın dünyalar qədər xətrini istədiyi Rəsul müəllimə çəp-çəpi baxışı da incə ruhunda dağıntılar yaradırdı.

Bir neçə gün Rəsul müəllimin gözünə görünmədim. Yeməkxanaya əl-ayaq çəkiləndən sonra gəlir, film göstərilən kluba işıqlar söndürüləndən sonra girirdim. "Kişidən ayıb oldu” deyə üzülür, özümə yer tapmırdım. Amma mənim yerimə başqa bir biznesmen, üzü üzlər görməkdən padoşa dönən alverçi olsaydı, qarışqanı filə

döndərməzdi. "Cəhənnəm olsun əşi, şərə-şürdü başdan-başa. Hiyləgərliyi yalançılığı da var. Cavan qızdı amma kişiləri həvəsə, şövqə gətirməkdə öyrənmiş xatundu” –deyərdi. Ancaq Zeytunəyə hardasa haqq qazandırırdım. Bütün qadınlar kimi o da yaxşı geyinmək, sevilmək istəyir. Bu yolda min bir məkrə, hiyləyə də əl atmaları təbiidir, ancaq bağışlanmazdır. Yazıçı Merime "Karmen” əsərində qadınların iç- üzünü bir cümləylə açır! "Qadın iki dəfə gözəl olur. Doğulanda, bir də tabutda”.

Mən harda görmüşdüm, nə bilirdim qadın nədi? Bilsəydim, ayıq olardım. Rəsul müəllimdən də bu qədər utanmaz, xəcalət yükü altında əzilməzdim.

"Suda batan öz qollarına güvənməlidi” deyib atalar. Xeyli düşündüm, xırdaladım! Təzə, "xoruz səsi” eşitməyən şeirlər yazmalıyam. Rəsul müəllimə oxuyaram. O, mat qalar, əllərini qaldırıb təslim olar. Sevinər, günahlarımı bağışlayar. O gecə, bir nəfəsə bir neçə şeir yazdım. Səhəri gün, utanacaqlığım, qorxunun da daşını atıb, Rəsul müəllimin qapısına yaxınlaşdım. Özümü yığışdırıb, dərindən bir-iki nəfəs ötürüb, taqqıldatdım qapını.

-Gəl içəri! – dedi, mülayim, mehriban səs. Ürəkləndim. Qapını özü açdı. – Gəl, gəl! Xoş gəlmisən! Bəs hardasan neçə gündü? Bu ara-bərələrdə də görmürəm səni heç!

İçərilərimdə titrətmə vardı. Başımı qaldırıb üzünə baxmağa cəsarətim çatmırdı. Utanırdım! Tutulduğumu başa düşdü. Məni vəziyyətdən çıxarmaq üçün araya söz qatdı. –Bu evin hər tərəfi meşəlikdi. Burda dincələnənlərin çoxu, mən də şam yeməyindən sonra yaşıl xiyabanlarda gəzişirik. Bəzi quşlar, sərçələr də civildəyir, ağaclarda yem axtarırlar. Dələlər budaqdan budağa atılır, qaçdı-tutdu oynayır, şənlənirlər. Bəziləri xiyabana düşür, məzlum-məzlum gəzişənlərə yaxınlaşır, əllərini irəli uzadır, biz də cibimizdə gətirdiyimiz bukka, peçenye qırıntılarıyla onları yemləyirik. Bütün canlılar diqqətə, qayğıya möhtacdır. Amma gənc şairlər daha çox. Əlinin arxasıyla masanın üstündəki kağızları kənara itələdi. -Amma səni o xiyabanda görmürəm. Haralardasan bəs? Yaradıcılıq evində nəyə qarışıqdı başın?

-Rəsul müəllim, bir-iki şeirim var. İcazə verərəsiniz...?!

-Hə! Əlbəttə! Bunu bayaqdan de da! Dodaqları qaşdı. Mavi gözlərindən süzülən işıqlar, yanaqlarının qızartılarını alışdırırdı.

-Hə! Köhnə palan içi sökməyəcəyik burda. Cavansan! Ancaq mən, sənin o aşıb-daşan şövqünü, həvəsini də alqışlamaq istəyirəm. Heyif deyilmi! Amma Maksim Qorki yazıçılara tövsiyə edir ki, mayalarını qorusunlar. Yəni ehtiraslarını yazmağa sərf eləsinlər. Bənd olma olub-keçənlərə də! Yazı masasının arxasına keçdi. –O stulu gətir qoy altına, otur yanımda – dedi. Bükülü vərəqləri cibimdən çıxartdım.

-Evdən gətirmisən? Redaksiyalardan geri qaytarılanlar cəsarətli, tünd olduqlarına görə çap olunmurlar, bəzən. Heylə şeirlərə həvəslə qulaq asıram!

-Təzə yazmışam. Özü də hələ nədi, nə döyül bilmirəm. Bunlara şeir deməyə də çətinlik çəkirəm! Amma, əziyyətsiz, asan yazdım.

-Hansı rayondansan?

-Qubadanam.

-Hə! Bağlar şəhərindən! Sən bilərsən. Yaxşı yetişmiş alma dəriləndə budaqdan tez qopur. Bəzən özü düşür yerə. Səni içəridə danışdıran yaxşı danışdırıb. Söz də bulaq kimi axıb. Qulaq asıram. Di başla!

Kağızların üzünə baxmır, şeirlərimi əzbərdən deyir, tutuquşu kimi cahbıldayırdım. Gözaltından ustada da baxırdım hərdən! Barmaqları ilə masanı daqqıldatmır, sakit, diqqətlə qulaq asırdı. Birdən dodaqlarının qaçdığını gördüm. Ürəkləndim bir az da! Cilovsuz, dördnallı çapan kəhəri saxlamaq olar?

Susamışam, mənə su verin, içim!

Dənizləri,

Kəhrizləri,

Başıma çevirin, içim!

Quruyan dodaqlarımla bulaqları qurudum,

Mənə su verin,

Heç olmasa bir qurtdum, bir udum!

Çırmanıb çaylardan keçmişəm,

Heyif, heyif, o sular?!

Ayaqlarıma dəyib o sular!

Daş atıb, bulandırmışam

Neçə duru kəhrizi!

Mən nə qədər dəcəlmişəm, pismişəm, -

Bulaq üstdən qoparmışam

Bənövşəni, nərgizi!

Susamışam, mənə su verin içim!

Dənizləri, kəhrizləri

Başıma çevirim içim!

Yadıma gəlmirdü bir saat qabaq, -

Nə çay, nə bulaq,

Nə kəhriz!

Ancaq dara düşəndə

Xilaskarı düşünürük biz.

Ömrü boyu darlıq dağıntılarıyla üz-üzə gəlib Rəsul müəllim. Ancaq heç vaxt qabaqdan qaçmayıb. Dağıntı yaradanın "atasını yandıran”, - onu ziyanlı fəaliyyətlərdən uzaqlaşdıran şeirlər yazıb. Amma o "atasını yandıran” şeirlər də ürəkdən yanğı istəyir. Dağıntının mahiyyəti, cəmiyyət üçün nə qədər zərərli olduğu aşkarlandıqca ehtizaza gəlib şair ürəyi. İçərilərindən üzə çıxan qırmızı zolaqlı alov dilləri soyuyub, bürüşüb, sifətdə qırışlara çevrilib. Qan qırmızı qızartılar yanaqlarında şaxələnib, göz qapaqlarının, burun pərlərinin həndəvərlərindən oxlar, nizələr kimi şığıyıb, çənəsinin altında, hülqumunun üstündə oraq kimi əyilib. Şair biganə qala bilmir günü-gündən artan dağıntılara. Kolxozun fermasında bir dana xəstələnir. Rayon başbilənləri əl-ayağa düşdülər. Bakıdan "təcili yardım” maşınında addı-sanlı həkimlər gəlir. Bahalı, "importnı” dərmanları şirin südə qatıb xəstəyə can-amanla içirtdilər. Yan-yörəsini yorğanlarla basdırıb, aspirinli otlarla tərlədib, sağaltdılar. Ancaq danaya baxan sağıcının balaca qızı kimsəsiz otaqda can üstədi. O yazığı itirib-axtarmır heç kim! Dana tezliklə sağalır. Ancaq sağıcının qızı

baxımsızlıq üzündən ölür. Əlbətdə bu dağıntılı hadisə də həyəcansız yazılmır. Qırışlar artır.

-Çox ciddi məsələlərə toxunmusan! Gözəl şeirlər yazmısan – dedi. – Sərbəst deyil! Heç hecalı da deyil. Əşi, nəyimizə gərəkdi hecası, vəzni? Bədiidi. Obrazlıdı. Hər nədisə təzə şeirdi. Bəs sən bu çağa kimi harda itib - batmısan? Gözəl şairsən. Amma mən səni tanımamışam!

-Ayıb oldu, Rəsul müəllim –dedim.

-Təki inəyim südlü olsun, vurub sərinci dağıtsa da ziyanı yoxdu.

-Çox utanıram, xəcalət çəkirəm!

-Əşi, bənd olma! Təki sən belə şeirlər yazasan. Yaradıcılıq evini dağıtsan da, gözüvün üstündə qaşın var demərəm. Bakıya qayıdan kimi şeirlərin bir nüsxəsini mənə verərsən!

-Baş üstə, - deyib otaqdan çıxdım. Dəhlizdə özümdən xəbərsiz atıla-düşə, oynaya-oynaya gedirdim. Bir neçə həftə keçdi. Bakıya qayıtdım. Bir gün də Yazıçılar İttifaqında növbəti plenuma yığışdıq. Rəsul müəllimim "Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş gənclərin yaradıcılığından bəhs edən "Qayğı sözü və qayğının özü” məqaləsi ətrafında müzakirələr gedirdi. O, təmkinlə sözə başladı: - Bir də axı, gənc oldu, və ya yşlı yazıçı oldu, nə fərqi, əsəri orijinal, təzə, cazibədardısa, o haqda niyə danışmayaq. Yazıçılar İttifaqının qarşısında, dəhlizlərində də tez-tez görürdüm bir cavan oğlanı. Heç yazlb yazmadığını da bilmirdim. Ancaq təzə şeirlərini göstərdi mənə. Oxudum, sevindim! İstəyirəm siz də sevinəsiniz!

Səhranın dərdi,

Özü qədərdi!

Səhradan keçənlər

Gəldi gedərdi!

Şeirlər oxunduqca alqışlar güclənirdi. Ustadın həyatımda dönüş yaradan bu çıxışımdan sonra bütün bağlı qapılar üzümə açıldı.


4682 oxunub

InvestAZ