1. Yaxın günlərdə özünün yubileyini qeyd etməyə hazırlaşan yazıçı Qafar Cəfərli ilə görüşüb ,həm əvvəlcədən onu təbrik etdim, həm də ayaqüstü ondan bəzi suallarıma cavab aldım.İndi həmin söhbəti sizə təqdim edirəm:
Qafar müəllim,
yubileyiniz ərəfəsində ayaqüstü bir söhbət edək. Siz artıq ikinci ildir ki, AYB
Lənkəran Bölməsinə rəhbərlik edirsiniz. Bu rəhbərliyə gələnə qədər Qafar Cəfərli kim olub?
-Müdriklərdən kimsə deyib: "Ən böyük imtahan
insanın özü özünə verdiyi imtahandır”. Bu imtahanda bir sual var: Sən kimsən? Cəmi bir sadə sual, amma sadə olduğu qədər də çətin və mürəkkəb bir sual.
Fikrimcə, hər kəs ömrünün hansı məqamındasa
belə bir sualla üz-üzə dayanmalıdır. Və budur növbə mənimdir.
Altmış beş illik
ömrün qurtaracağında özümdən soruşuram:- Qafar Cəfərli, sən kimsən?
Azərbaycanın füsunkar diyarında, Talış
dağları ilə Xəzər dənizi arasında yerləşən, Sovetlər dönəmində ölkənin ən
böyük rus şairlərindən hesab olunan Nikolay
Tixonovun "cənub mirvarisi” adlandırdığı
Xan Lənkəranda doğulub boya- başa çatan bir kənd uşağı olmuşam. Məktəbə
altı yaşında gedən, səkkiz sinfi doğma
Viyən kəndində bitirən, tam orta təhsili isə Lənkəran şəhərindəki 1 saylı məktəbdə
alan, ilk beş-altı sinfi zəif oxusa da məktəbi 4 və əsasən 5 qiymətlərlə bitirmişəm.
Uşaqlıqda baxdığı hind filmlərinin təsiri altında aktyor olmaq arzusunda olan,
sonralar ədəbiyyata yaranan sevgisindən jurnalist-yazıçı olmaq istəyi ilə
yaşayan, hələ 7- 8-si siniflərdə oxuyanda bədii və publisistik yazıları rayon və
respublika mətbuatında çap olunan, yerli qəzet və radionun ştatdankənar müxbiri
adını daşıyan istedadlı hesab olunan şagird olmuşam. Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə imtahan versə də
müsabiqədən keçə bilməyən bəxtsiz cavan, bir ildən sonra həmin Universitetin filologiya fakültəsinə
qiyabi qəbul olunan xoşbəxt tələbə hesab olunmuşam. Komsomol işində çalışan, indi
dünyanın narahat bölgəsindən hesab olunan Ukraynanın Donetsk şəhərində hərbi
xidmətdə olan, xidmətinin son bir ilini Donetsk şəhər hərbi prokurorluğunda əsgər-köməkçi
kimi xidmət edən və bu səbəbdən də
hüquqşünas olmaq arzusuna düşən bir əsgər həyatı yaşamışam. Iki illik təhsildən
sonra filologiya fakültəsindən sənədlərini alıb peşə məktəbinə verən və oranı fərqlənmə
diplomu ilə bitirən, ölkənin ən məşhur, sayılıb-seçilən, minlərlə gəncin həsrətində
olduğu ADU-nun hüquq fakültəsinin əyani şöbəsinə qəbul olunan, tələbəlik illərində
savadı, bacarığı və çalışqanlığı ilə fərqlənən, bədii yazıları ilə tələbə
yoldaşları arasında tanınan inadkar bir gənc olmuşam. Mütəxəssis kimi 30 ilə
yaxın ömrünü hüquq-mühafizə orqanlarında
namusla, vicdanla çalışan, çoxlu sayda təltiflərə, o cümlədən mükafat qaydasında rütbəyə sahib olan, cinayətkarlığa
qarşı barışmaz mabarizə aparan, dəfələrlə ölümlə üz-üzə gələn, əqidəsini, zabit
şərəfini göz bəbəyi kimi qoruyan peşəkar hüquqşünas, əməliyyatçı və istintaqçı
olmuşam.Vətən torpaqlarının üstünü qara buludlar alanda, ölkədə nizami ordunun olmadığı həmin günlərdə əlinə silah götürüb düşmənə qarşı vuruşan,
1-ci Qarabağ savaşında bir neçə döyüşdə
iştirak edib sinəsini Vətən torpağına sipər edən igid bir Vətən əsgərinə, vətənpərvər
bir insana dönmüşəm. Bütün bu otuz il ərzində
ədəbiyyatdan bir an belə ayrılmayan, mərkəzi və rayon qəzetlərdə bədii və publisistik yazılarla çıxış edən, məhz
bu səbəbdən də böyük qisim insanların
arzusunda olduğu yüksək xidməti vəzifəmdən, xidmətimin başa çatmağına beş il qalmış şəxsi raportumla təqaüdə çıxmağı üstün bilən, yazıb-yaratmaq
eşqi ilə alışıb-yanan bir ədəbiyyat sevdalısı olmuşam. İki il o vaxtkı "Region” TV-nin, indiki ARB
televiziya kanalının "Cənub” televiziya şirkətində işləyən, bu müddətdə yazdığı əsərlərin motivləri
əsasında çəkilən filmlərin əsas məsləhətçisi və baş rolun ifaçısı, həmçinin regionda ilk çəkilən və böyük reytinq
qazanan "Günəşim ol” serialında əsas
rollardan birinin ifaçısı,dörd kitab müəllifi və bununla da
uşaqlıqda əlçatmaz olan aktyor və yazıçı olmaq arzularına qovuşan xoşbəxt bir insan olmuşam. Nəhayət, daha iki
kitab və aylarla boş qalan vəzifəyə -AYB Lənkəran Zona Bölməsinə sədr təyin
olunan Qafar Cəfərli olmuşam.
Sədr təyinatına
qədər Qafar Cəfərlinin kimliyini qısa olaraq bu cür ifadə etmək mümkündür.
2. Mən bir oxucu
kimi sizi zaman-zaman izləmişəm, yaradıcılığınızdan xəbərim var. Barənizdə
ortaq dostlarımız Ağacəfər Həsənlidən, Balayar Sadiqdən, xüsusilə Musa
Xanbabazadədən çox eşitmişəm. Lakin etiraf edim ki, sizi mənə Şuşa sevdirdi. Mən
sizi Şuşada kəşf etdim. Bu sizi təəccübləndirmir ki? Ümumiyyətlə, Şuşa sizin üçün hansı anlamı kəsb edir?
-Maraqlı sualdır. Ortaq
dostlarımızdan barəmdə xoş sözlər eşitdiyinə əminəm və güman ki, belə olmasaydı
bu günkü səmimi münasibətimiz də olmazdı. Bəli, göstərdiyin şəxslərin hər biri mənim üçün əziz
insanlardır. Aramızdakı Şuşa sevgisi isə bir alayı məsələdir. Belə bir məsəl
var, soruşurlar ki, qardaşın necə adamdır, deyir bilmirəm, yol yoldaşı
olmamışam. Doğrudan da yol yoldaşı olmaq böyük məsuliyyət və ciddi sınaqdır.
İnsanların gizlin qalan çox əməlləri bu
zaman faş olur, yaxşı və pis hərəkətləri, xarakterik xüsusiyyətləri ortaya
çıxır. Şuşa səfəri sizinlə ilk yol yoldaşlığımız idi və sevinirəm ki, bu
sınaqdan alnıaçıq, üzüağ çıxa bilmişəm. Bu səbəbdən də Şuşada "kəşf olunmağımı”
təbii sayır, buna təəccüblənmirəm.
2021-ci ilin avqust ayında Vaqif Poeziya günlərinin
keçirilməsi ilə əlaqədar Şuşaya təşkil olunan
bu səfər həyatımın ən unudulmaz, ömür
kitabıma qızıl hərflərlə yazılan bir səfər idi. Səfəri mənim üçün möhtəşəm və unudulmaz edən səbəblərdən biri də qiyabi tanıdığım sizi və çoxlu sayda digər dəyərli söz adamları ilə bir arada olmağım,
üç gün ərzindəki görüşlərim, çoxsaylı maraqlı söhbətlər və bu günə kimi unuda
bilmədiyim mənəvi həzzdir. Bütün bunlar
barədə "Şuşalı günlərim” adlı xatirə-oçerkdə
geniş bəhs etmişəm.
Şuşanın mənim üçün hansı anlamı kəsb etməsi ilə
bağlı sualınız isə uzun illər mürgü vuran, son bir il iki ayda isə daima ayaq üstdə olan, varlığını hər an
xatırladan qəmli-qüssəli xatirələrimə bir daha işıq salır.
Birinci sualına cavab verərkən ötəri də olsa 1-ci Qarabağ müharibəsi
iştirakçısı olduğumu qeyd etmişəm. Müzəffər Ordumuzun 2-ci Qarabağ müharibəsində-
Vətən müvaribəsində işğaldan azad etdiyi rayonların (Hadrutu çıxmaq şərti ilə)
hamısında, o cümlədən Şuşada torpaqlarımızın müdafiəsində iştirak edib, döyüşlərdə
olmuşam. Şuşa ilə bağlı xatirələrimi 15-17 fevral 2017-ci ildə "Şəhid qala”
adlı sənədli hekayəmdə ətraflı qələmə
almışam. Hekayə bu sətirlərlə bitirdi: ”Şuşa
ilə ilk və bu günə son görüşüm
belə keçdi. Şuşa yaddaşımda qarlı, şaxtalı, bumbuz halı ilə, qəmli,
qüssəli, incik, narazı baxışları ilə qaldı”. Bu həqiqət idi. Qoruya bilmədiyimiz, işğalına,
düşmən tapdağı altına düşməyinə təxminən üç aya yaxın bir vaxt qalmış Şuşanın
özgə halı da ola bilməzdi.
Bu hekayə yazılanda heç xəyal belə etməzdim ki, Ali
Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimiz üç il doqquz
aydan sonra bu müqəddəs məkanı, şəhərlər gözəli Şuşanı bizə əbədən qaytaracaqlar.
Və şükürlər olsun ki, bu belə də oldu.
Düz 27 il, 7 ay, 7 gündən sonra təkrar
Şuşada oldum. Burda rəqəmlərin bir mistikası da özünü göstərməkdədir. Vaxtilə
olduğum, döyüşdüyüm yerlərin bəzilərini ziyarət etdim.
Şuşa ilə ikimci görüşümlə bağlı yazdığım "Şuşalı
günlərim” adlı xatirə oçerkim bu sözlərdə bitirdi:
-"Şuşa ilə ikinci görüşüm bax beləcə başa çatdı.
Bütün doğmalar kimi danışdıq, dərdlərimizi bölüşdük, arada mübahisə etdik,
küsdük, barışdıq. Ümü-küsüdə Şuşanın daha çox haqq etdiyinin də fərqində oldum.
Amma Şuşanın sevincə, təbəssümə qərq olmuş simasından anladım ki, ayrılığın hökm sürdüyü sonu görünməyən otuz ilə yaxın bir müddətdə çəkdiyimiz əzablara,
məhrumiyyətlərə, yuxusuz gecələrimizə, mənəvi sarsıntılarımıza görə O bizləri bağışlamışdır.
Şuşa ilə bağlı
qeydlərimi burda bitirirəm. Əmin olun ki, bütün yazdıqlarımı heç bir
ritorikaya, pafosa, mübaliğəyə yol vermədən
gördüklərim, eşitdiklərim və düşündüklərim əsasında qələmə almışam. Nə dərəcədə
alındığını isə, əlbəttə, dəyərli oxucular deyəcək.
Şuşaya növbəti gəlişimin nə vaxt ola biləcəyini və
ümumiyyətlə olacağını bilmirəm. Bu, bir Allah qismətidir. Amma Şuşanın
bu görüşdəki halından məmnun
ayrıldığım üçün artıq dillər əzbəri olmuş
sözləri bir daha fəxrlə demək istəyirəm: - Əziz Şuşa, sən azadsan! Əziz
Şuşa, sən bizimsən!”
Bəli, Şuşa nəinki Vətənimin bir dilbər guşəsi,
üzüyün brilyant qaşıdır, Şuşa həm də mənim
ömür kitabımın acılı-şirinli xatirə şəhəridir.
3. Son zamanlarda
" Tanrının göz yşları” romanını oxuculara təqdim etmisiniz. Bu roman yaraları
yenicə sağalmağa başlayan Vətən müharibəmizdən bəhs edir. Mən oxucu
kimi o romanın içində sizi də gördüm.
Yanılmıram ki?
-Məşhur fransız sərkərdəsi Napoleon Bonapartın belə
bir fikri var: ”Həmişə sülh tərəfdarı ol, lakin
müharibəyə də hazır ol”. Bu o deməkdir ki, bəzən iradəndən asılı
olmayaraq savaşa getməli olduğundan ehtiyat tədbirlərini mütləq görməlisən. Şeyx
Şamil deyir ki, "İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar.”
Doğrudan da, 30 il ərzində beynəlxalq güclərin
işğal olunmuş torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq təşəbbüsləri fiaskoya uğrayandan sonra
biz məhz savaş yolunu seçdik. 2-ci
Qarabağ müharibəsində Müzəffər Ordumuzun
tarix yazması heç kimdə şübhə doğurmadı.Bu müharibə xalqımızın qəhrəmanlıq dastanıdır. Bütün
bunlara rəğmən müharibə bir faciədir, insan ölümüdür, dağıntıdır, fəlakətdir.
Bu müharibədə xalqımızın üç minə yaxın qəhrəman övladı şəhid oldu, həyatlarını
Vətən torpaqlarının azad olunmasına fəda etdilər.
2-ci Qarabağ müharibəsində yaşadığım Lənkəran rayonu üzrə 66 nəfər gənc əsgər
və zabit şəhid oldu. Həmin şəhidlərdən 63 nəfəri doğulduqları Lənkəran torpağında əbədiyyətə qovuşdular. Müharibə bitər-bitməz
mən və qələm yoldaşım şairə-publisist Xatirə Xatunla Lənkəran şəhidləri barədə
kitab yazmağı qərara aldıq. Bir neçə ay ərzində kitab yazıldı və yüksək poliqrafik
nəşrlə oxuculara təqdim olundu. Şəhid
ailələrinin və rayon rəhbərliyinin iştirakları ilə kitabın rayon üzrə yüksək səviyyədə
təqdimat mərasimi keçirildi.
Həmin kitabı işləyərkən hər bir şəhid ailəsində
olub şəhidin ailə üzvləri, dostları, sinif və tələbə yoldaşları, döyüş
yoldaşları ilə söhbət etdik. Kitab nəşr olunduqdan sonra da eşitdiyim dəhşətli
və faciəli anlar, müharibənin insanlara
bəxş etdiyi ağrı-acılar beynimdə ilişib qalmışdı. Heç cür bu ağrılardan
qurtula bilmirdim. Və elə buna görə də keçən ilin iyun ayından başlayaraq
"Tanrının göz yaşları” adlı romanı
yazmağa başladım və altı ay ərzində bitirdim. Romanda 1-ci Qarabağ müharibəsində Müzəffər Ordumuzun 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı şanlı mübarizədən, müharibə dövründə
arxa cəbhədəki insanların misilsiz fədakarlığından, onların Vətənə, torpağa olan sevgisindən, bir şəhid
ailəsinin qan donduran acı taleyindən, müharibəyə qədər və sonrakı dövrlərdə ölkədəki ictimai-siyasi vəziyyətdən, həyatımızda rast gəlinən müxtəlif eybəcərliklərin ifşasından bəhs edilir.
Çoxsaylı şəhid ailələri ilə olan görüşlər səbəbindən,
həmçinin müharibə dəhşətlərini gözü ilə görən və sonuncu müharibənin bütün
ağri-acılarını varlığında hiss edən bir insan, bir yazar kimi ”Tanrının göz
yaşları” romanında müəllif olaraq mənim
də fikir və düşüncələrim, arzularım müəyyən
məqamlarda özünü göstərir. Bu mənada əsərdə
"görünməyimi” təbii sayıram.
4. Bu gün AYB Lənkəran
Bölməsi necə yaşayır, nə ilə məşğul
olur? Bakı ilə Lənkəran arasında münasibət
necədir?
-AYB Lənkəran Bölməsi 16 oktyabr 1978-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsi
kimi fəaliyyətə başlamış və 43 ildən artıq bir dövrdə cənub zonasında ədəbi mühitin formalaşmasında və inkişafında əvəzsiz
rol oynamışdır. Bölmənin şinelindən çıxmış çox saylı şair və yazıçılar artıq
ölkə miqyasında və onun
hüdudlarından kənarda tanınmış və tanınmaqdadırlar.
Mənə qədər sədr vəzifəsində yazıçı Məmmədhüseyn
Əliyev, şairlər Şəkər Aslan və İltifat Saleh olmuşlar. 2020-ci ilin sentyabr
ayının 3-də mən sədr kimi kollektivə təqdim
olunmuşam. Qısa bir dövr ərzində Bölmədə
təmir işləri aparılmış, əməkdaşlara normal iş şəraiti yaradılmaqla lazımı texniki avadanlıqlarla təmin edilmişlər. Uzun illər fəaliyyəti
dayandırılmış Bölmənin ədəbi-bədii orqanı olan "Şəfəq” jurnalının və "Söz” ədəbi
məclisinin fəaliyyəti bərpa edilmişdir. Təkcə 2021-ci ildə Bölmədə "Şəfəq” jurnalının təqdimatı ilə
bağlı iki tədbir; tarixi günlər və
bayramlarla bağlı doqquz tədbir; Nizami
Gəncəvinin 880 illiyi ilə bağlı üç tədbir; Mikayıl Müşfiqin və Şəkər Aslanın anım günləri; beş yubiley tədbiri; kitab təqdimatları, imza
günləri ilə bağlı doqquz tədbir; illik tədbirlər planına əsasən Bölmənin
əhatə etdiyi altı rayonda "Ədəbi mühitin
dünəni və bu günü " mövzusunda müvafiq
rayonların yazarlarının iştirakı ilə olacaq
müzakirələrlə bağlı altı tədbir keçirilmişdir.
Ümumən təkcə keçən il ərzində Bölmədə otuz altı tədbir olmuşdur ki, bu da bir aya üç tədbir deməkdir. Təvazökarlıqdan
uzaq olsa da deməliyəm ki, bu AYB-nin
Bölmə və filiallarında ən yüksək göstəricidir. Keçən il biz
son dövrlərdə unudulan bir ilkə da imza atdıq. Belə ki, bölgədə yaşayan,
lakin respublikanın mərkəzi ədəbiyyat dərgilərində çap olunmayan
yazarların, xüsusən gənc yazarların əsərlərinin çap olunması layihəsinə start
verdik. Artıq ilk olaraq Lənkəran
yazarlarının nəsr və poeziya nümunələri
AYB Lənkəran Bölməsinin təqdimat məktubu əsasında 20 noyabr 2021-ci il tarixdə "Ədəbiyyat qəzeti”nin səhifələrində işıq üzü
gördü. Layihə çərçivəsində digər rayon yazarlarının da əsərlərinin bu qəzetdə və digər
ədəbi orqanlarda çap olunması nəzərdə tutulmuşdur.
Bu il üçün də nəzərdə tutulan tədbirlərə start vermişik.
Artıq şair Tofiq Həsənlinin yenicə çapdan çıəxmış şeir kitabının təqdimat mərasimini keçirtdik.
Plana müvafiq olaraq mütəmadi şəkildə tədbirlərimiz
davam edəcəkdir.
Bakı ilə Lənkəran arasındakı münasibətə gəlincə vəziyyət normaldır. AYB-nin rəhbərliyi bizə
imkan olan bütün dəstəyi göstərir. Şəxsən AYB-nin sədri, xalq yazıçısı
Anar və katiblik ortaya çıxan problemlərimizin həllinə hər cür kömək göstərirlər
ki, buna görə onlara minnətdarlıq etməyi özümə borc bilirəm.
5. Adətən yubiley ərəfəsində təmtəraqlı sözlər çoxalir. Siz də o təmtəraqlı
sözləri gözləyirsiz, yoxsa səmimi duyğuların ifadəsini?
-İnsanın doğum günü, xüsusən
yubiley tarixi yaxınlaşdıqca müəyyən
hisslərin keçirilməsi təbiidir. Bəli, adam əzizlərindən, dostlarından və rəğbət
bəslədiyin insanlardan təbrik gözləyir, hətta yeri varsa tərif də. Bilirsiniz, əslində tərif, sizin ifadənizlə desəm təmtəraqlı sözlər
deyilməsində heç bir qəbahət görmürəm. Bu sözlər insanı daxilən sevindirir, ona
yaşamağa, yazıb-yaratmağa stimul verir. Amma burda bir şərt var ki, hər şey
normasında olmalıdır, nə az, nə də ki, çox. Qədim yunan filosofu Platon deyib
ki, "Tərif əsl fikirlərini gizlədənlərin
söylədikləri yalandır”. Bu fikirdə böyük həqiqət payının olmasını heç
kim inkar edə bilməz. Həyatda çoxlu sayda bu cür hadisələrin şahidi olmuşuq, Qədim
hind filosofu Beydəbanın fikrinə görə isə: "Tərifin ən yaxşısı yaxşı
insanların söylədikləri tərifdir.” Cəmiyyətdə
nüfuzu olan, şəxsiyyəti və sənəti sevilən, ləyaqətli, təmənnasız insanların
dilindən çıxan sözlər çox dəyərlidir. Xoşbəxtəm ki, mənim də ətrafımda bu cür insanlar
var. Onlardan yubiley təbriki
olub-olmayacağını isə qabaqcadan deməyə çətinlik çəkirəm.
Əslində, kiminsə boğazdan yuxarı dediyi tərifin, təmtəraqlı
sözlərin arxasında konkret
məqsəd dayandığını hiss etməmək
mümkün deyildir. Nə vaxtsa
oxuduğum, beynimdə ilişib qalan bir fikri
xatırladım. Deyilir ki, "Bizi nə qədər tərifləsələr
də özümüz haqqında bizə yeni
bir şey öyrətmiş olmazlar”. Bu mənada istər tərif, istərsə də tənqid mövqeyindən ifadə edilən səmimi fikirlər mənim
üçün daha dəyərli, daha əzizdir.
6. Bir yazıçı, bir
Bölmə rəhbəri və nəhayət, Qafar Cəfərli olaraq 70-dən o tərəfi necə görürsüz?
-Bir yazıçı olaraq
yetmişə qədər və yetmişdən sonrasını yeni-yeni əsərlər yazacağımı, yeni
kitablar nəşr edəcəyimi, ədəbi mühitdə daha fəal olacağımı, ölkədə və kənarda
yaradıcılıq əlaqələrimi gücləndirəcəyimi, dramaturgiya sahəsində qələmimi bir
daha sınayacağımı, film ssenariləri yazacağımı və imkan daxilində rolda çəkiləcəyimi
(ən çoxda dünya görmüş, başı daşdan-daşa dəymiş ağsaqal kişi obrazında) düşünürəm.
Bölmə sədri kimi isə
bu təyinat zamanı ürəyimdə and içdiyim və bəzən aşkarda ifadə etdiyim
arzum uğrunda mübarizəmi davam
etdirmək istərdim. Arzum Cənub ədəbi mühitini daha da canlandırmaq, nəinki əvvəlki
səviyyəsinə, hətta ondan da üstün bir hala
çatdırmaq, bölgə yazarlarının fəaliyyətini
gücləndirmək, xüsusən gənclərin ədəbiyyata gəlişinə dəstək olmaq, onlara imkan
daxilində lazımı köməkliklər göstərmək, bölgə yazarlarının layiqli əsərlərini respublika səviyyəsinə və
ölkə hüdudlarından kənara çıxartmağa
çalışmaqdır. Təbii ki, ömür vəfa qılsa və AYB rəhbərlyi fəaliyyətimi bəyənib bu
işdə qalmağımı məsləhət bilərsə
arzularımın arxasınca yürüşümü davam etdirəcəyəm. Əslində mənim bütün bu
arzuladıqlarımın həyata keçməsi elə Azxərbaycan Yazıçılar Birliyinin də fəaliyyətinin
güclənməsinə, nüfuzunun artmasına xidmət
etmiş olacaqdır.
Qafar Cəfərli olaraq mən də qeyriləri kimi 70 il və daha artıq yaşamaq istərdim ki, bu
da normal haldır. İnsanı yaşadan, onu gündən-günə, aydan-aya, ildən-ilə
aparan arzu və istəkləridir. Bu mənada
insan arzuları tükənməzdir. Mənim də ailəmlə,
uşaqlarımla, nəvələrimlə, gələcəkdə nəticələrimlə bağlı arzu və istəklərim
çoxdur. Yaşı səksəni ötmüş bir qohum kişi var idi. Üç yaşlı nəticəsinə dua edib
deyirdi ki, "Ay Allah, bu balanın toyunu mənə qismət elə”. İndi onun sözü
olmasın, mən də deyəsən yüz yaşın arzusundayam. Əslində, yaşamaq istəyi təbii
bir hissdir. Amma bütün arzularıma rəğmən
ortada özünün həyat prinsipləri olan, dövlətini, Vətənini, torpağını,
elini-obasını, onun füsunkar təbiətini
bütün varlığı ilə sevən, ürəyi həyat eşqi ilə dolu olan, insanlara qarşı
böyük sevgi bəsləyən və ədəbiyyatı, yazıb-yaratmağı özünün həyat kredosu bilən
bir Qafar Cəfərli var. Hər şeyi bilən isə
uca Tanrıdır, yaşayarıq görərik.
- Qafar müəllim, zənnimcə söhbətimiz atüstü olsa da , amma maraqlı alındı. Bu səmimiyyətə görə Sizə təşəkkür edirəm! Və bir daha yubileyiniz münasibəti ilə Sizə ən xoş arzularımı çatdırıram, Var olun,uğurlarınız tükənməsin!
- - Əbulfət müəllim, suallarınız çox maraqlı oldu. Suallarınız ürəyimdəki bəzi fikirləri sizinlə bölüşməyə imkan verdi. Və bir az rahatlndım. Sağ olun, təşəkkür edirəm.