Əslində bu yazının başlığı bir atalar sözündən götürülüb və ona da bir balaca əl gəzdirmişəm. Çünki atalar həmin o müdrik kəlamı belə ifadə ediblər: "Hərənin dərdi özünə bir dəvə yükdü!".
Bəli, indi mən bu atalar sözünün daxilinə işıq tutarkən qarşıma bir məqsəd qoymuşdum. Məqsəd də bundan ibarətdir ki, öz dərdimlə dünyanın dərdini üz-üzə gətirim,qarşılaşdırım, görüm hansı ağır gəlir. Bu da səbəbsiz deyil. Bəli, bu fikrə düşməyimin səbəbi dünya KİV-ləri oldu. İstə internet saytları, istər qəzetlər, istər ekran və efirlər, bir sözlə, hansı birinə üz tutursansa, mütləq qeyri-adi bir xəbərlə qarşılaşırsan. Bilmirsən güləsən,yoxsa ağlayasan?..
Hə, indi bu dünya doğrudan-doğruya ağlamalı, gülməli günə qalıbdı. Elə bir günə qalıb ki, dərddən başını itirib. Əgər bu dünya dərddən başını itirməsəydi, onda üst-üstə yığdığı dərdələrin içində, heç olmasa, bir fərli dərdi ilə seçilərdi, öyünərdi. Vallah,bu dünyanın öyünəsi, sayılıb-seçilən heç bir dərdi yoxdu. Əgər varsa, onu da şəxsən mən çəkməyə hazıram. İnanmırsınızsa, onda dünyanın gündəmində olan dərdlərinə gəlin birlikdə nəzər salaq.
Gündəlik xəbərlərə göz yetirirəm. Məlum olur ki, dünyanın harasındasa qeyri-adi bir hadisə baş verib. Bu hadisə də ondan ibarətdir ki,sən demə otellərin birində oturub zürafə ilə nahar etmək mümkündü??!! Dərdə baxın, insan bu xəbəri oxuyur və zürafə ilə nahar edənə həsəd aparır. Və yaxud dünyanın başqa bir yerində ərə gedib, ailə qurub xoşbəxt olmağı yadından çıxaran birisi özünə 500 gəlincik alıb və işi-gücü də bu 500 gəlinciyin arasında yatıb-durmaqdı. Sadəcə, onun bir problemi yar: həmin gəlinciklərdən hansını qucaqlayıb yatmağı bəzən müəyyənləşdirə bilmir??!! Dərdə bax e, sən Allah!
Və yaxud dünyanın tamam başqa bir yerində insanlar ürəklərini boşaltmaq üçün fikirləşib bir üsul tapıblar. Həmin üsulun qaydası budur ki, 1,5 avro pul ödəyirsən, sonra düz bir dəqiqə dünyanın ən biədəb sözlərindən ibarət söyüşlər söyüb ürəyini boşaldırsan??!! İndi siz dünyanın o yerindəki dərdə də baxın də?
Şəxsən mənim tanıdığım adamlar var ki, onlar heç pul-zad da ödəmədən istədikləri vaxt, istədikləri yerdə ən biədəb söyüşləri söyüb kef edirlər. Hamı da bunu onların qüsuru hesab etdiyindən üstlərinə getmir, necə deyərlər, sözlərinin başına ip salmırlar.İndi mən həmin adamların maddi durumlarından yaxşı xəbərdar olduğumdan fikirləşirəm ki, bax həmin adamlar pul ödəməli olsaydılar, yəqinki, danışmağı özlərinə qadağan edərdilər, nəinki söyüş söyməyi!!!
Dünyanın başqa bir yerində son dərəcə qəribə bir dərd özünü göstərib. Yüzlərlə tısbağa sahibindən xəbərsiz fermadan qaçıb...
Hə, bütün bu dünyanın özünə mətbuat vasitəsiilə dərd etdiyi hadisələrin bir qismini sizə xatırlatmaqla mən həm dünyanın dərdinə şərik oluram, həm də dünyanın nə durumda, hansı gündə olduğunu sizlərə çatdırmaq istəyirəm. Düşünürəm ki, hardasa bir sərçənin işıq xəttindən asılı qalması, bir tısbağanın qoruqdan qaçması, bir çaqqalın zooparkı tərk etməsi və sair və ilaxır, sən demə, əməlli-başlı dərd imiş, mənim xəbərim olmayıb. Neftin qiymətinin oynaması -dərd... Tütünün qiymətinin qalxması - dərd... Bazar -tükanda qiymətlərin oynaması - dərd...Dərmanlar bahalaşması -dərd... müalicə ödənişində artım - dərd.. təbii fəlakətlər - dərd...siyasi böhranlar - dərd... hərbi qarşıdurmalar -dərd...Rus- xaxol söhbəti dərd.. ABŞ- ın harınlığı dərd... terror dərd...Yer corafiyasının dörd bir tərəfindəki olaylar dərd...qəzalar dərd...GOVİD-19 isə lap SUPER dərd! - özü də gündəlik törəmələri ilə...
Mənəvi dünyamızda təhsil ödənişi - dərd ... Göbək nümaişi- dərd... şou savaşı -dərd... bir sözlə həyat - dərd... yaşam - dərd!.. iş dərdi...çörək dərdi...ev dərdi...
Hə , mənim başım öz dərdlərimə qarışdığından dünyanın bu boyda dərdlərindən xəbərsiz olmuşam...Dünyanın saymadığım başqa dərdlərindən xəbərim olmayıb! Elə xəbərim olmadığına görə mən dəoturub-durub dünyanı qınayıram ki, niyə mənim halıma yanmır, dərdimə qalmır. Səndemə, mənim dərdim dünyanın dərdlərinin sırasında heç sonuncu da deyilmiş. Necədeyərlər, dərd dünyanınkı imiş??!!
Bu yerdə yadıma xalq .airi Məmməd Arazın bir beyti düşür:
Məni qınayanın beləsi belə,
Mən belə dünyanın nəyindən küsüm...
Hə, indi özünüz nəticə çıxarın və dərdinizi özünüz çəkin, dünyaya umud olmayın. Yoxsa bu gedişlə şamsız da qala bilərsiniz.