XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Şəhri nənənin söz boxcasından - Faiq ŞÜKÜRBƏYLİNİN TƏQDİMATINDA
Maraqli 13:37 / 24.01.2022


Dürlü-dürlü sözlər, löyün-löyün söyləmələr

Əvvəla, Şəhri nənə haqqında bir neçə kəlmə. Qurbanova Şəhri Alhüseyn qızı 1926-cı ilıdə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra Qaryagin (Füzuli) Pedaqoji Məktəbində altı ay oxuyub. Lakin ailə vəziyyətinin ağırlığına görə məktəbi tamamlaya bilməyib. 1946-cı ildə rayonun Şükürbəyli kənd sakini Xasay Qurbanovla ailə həyatı qurduqdan sonra taleyini birdəfəlik bu kənd ilə bağlayıb. O, Şükürbəyli kəndində əsl türk qadınlarına xas olan bütün insani keyfiyyətləri özündə cəm edən bir şəxs kimi hörmət qazanıb. Elə uşaqlarını da bu ruhda tərbiyə edib (5 oğlan, 4 qız).

Hamının Şəhri nənə deyə müraciət etdiyi bu ana folklor bilicisi idi. Azərbaycan şifahi xalq ədəbiyyatının zənginləşməsində onun müstəsna xidmətləri olub. Sinəsi el yatırı ilə dolu olan Şəhri nənənin repertuarından 300-dən artıq bayatı, 250-yə yaxın ağı, saysız-hesabsız laylalar, oxşama və nazlamalar, sayaçı sözləri qələmə alınmışdır. Eyni zamanda el şairi Lələnin 130 bayatısı, xeyli Lələ aforizmləri, ən başlıcası isə Lələnin həyat macəralarını özündə əks etdirən "Lələ” dastanı da onun nurlu hafizəsindən qələmə alınmışdır. Bir sözlə şifahi xalq ədəbiyyatının elə bir janrı yoxdur ki, Şəhri nənənin yaddaşında yer almasın.

Onun söylədiy incilər bir sıra folklor kitablarında, qəzet və jurnalların səhifələrində yer almış, Azərbaycan radiosunun "Bulaq” verilişində, eləcə də digər redaksiyalarda və televiziya kanallarında səsləndirilmişdir.

Şəhri Alhüseyn qızı 2021-ci ilin mart ayında 95 yaşında dünyasını dəyişmişdir. Şəhri nənənin repertuarından qələmə aldığımız nümunələrin bir qismini oxucularımızın hüzuruna yetiririk:

Qurd-quş

"Ay bala, ehtiyatlı ol, davar-duvarı gözdən qoyma, qurd-quş toxunar”. "Çox uzağa getmə, özünü qurddan-quşdan qoru”. "Allah səni qurd-quşdan uzaq eləsin”- belə sözləri tez-tez eşidirik. Bəs qurd hara, quş hara? Bunların bir-biri ilə nə əlaqəsi var? Sən demə, əlaqəsi olmasa, bu ifadəni işlətməzlərmiş. Əlaqəsi odur ki, qurd ovunu yeyib gedəndən sonra, qalanını quşlar dimdikləyir. Yəni qurd olanını yerdə yeyər, quş qalanını ağac başında.

Yumurtanını faydası haqqında

Təzə yumurta insan üçün çox faydalıdır. Tez həzm olunsun deyə yumurtanı ilıq (yarıbişmiş) halda yemək məsləhətdir. Yumurta sarısı bədəni qüvvətləndirir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Çiy yumurta səs tellərinə müsbət təsir göstərir, sınıq və çıxıq zamanı da çiy yumurtanın sarısından istifadə olunur.

Yumurtanı axşam yemək məsləhət görülmür. Atalar deyib ki, yumurtanı səhər-səhər özün ye, günorta dostuna ver, axşam düşməninə.

Göyərçin yumurtası gec danışan uşaqlar üçün xeyirlidir. Bildirçin yumurtasını da yeyən uşağın dili tez açılır. Bülbülün və qumrunun yumurtası səs tellərini saflaşdırır.

Yeri gəlmişkən: bir dəfə bəy evin nökərinə deyir:

-A gədə, get bazara can al, can olmasa, yarım can al, o da olmasa zəhrimar al gətir.

Nökər "baş üstə”-deyib bazara yollanır. Çox keçmir ki, əlində bir neçə yumurta geri qayıdır.

Bəyin üstörtülü tapşırığının açması beləymiş. Can- ətdir, yarım can- yumurta, zəhrimar isə qatıqmış.

Qatığa ona görə "zəhrimar” deyillər ki, zəhərlənənlərin dərmanıdır.


6493 oxunub

InvestAZ