XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Aqil ABBAS: QIRILAN RUS VƏ UKRAYNALI OLACAQ, AMERİKALI YOX
YAZARLAR 15:59 / 21.01.2022

Jirinovskiyə adətən yüngül xasiyyətli, çılğın bir adam kimi baxırlar. Və elə biz də. Əslində isə ağıllı adamdı. Dediyi sözlər də heç də öz sözü deyil, Putinin fikirləşdikləri və onun diliylə söylədikləridi.

Ukraynadakı vəziyyət hamımıza məlumdur, dalana dirənib. Əgər çıxış yolu tapmasalar, güman ki Rusiya Ukraynanı işğal edəcək. ABŞ başda olmaqla NATO Saakaşvilinin dalından necə qaçmışdısa, güman ki Zelenskinin də dalından elə qaçacaq. Uzaqbaşı, bir-iki bəyanat və Rusiyaya müəyyən sanksiyalar tətbiq ediləcək.

40 ildi İrana sanksiya tətbiq ediblər, amma İran yaşayır, hərbi qüdrətini də artırır, yəni ölməyib. Rusiyaya da tətbiq ediləcək sanksiyalar ölkədə müəyyən fəsadlar yaratsa da, sanksiya ilə Rusiyanı məhv etmək olmaz. Nəhəng ölkədir və kartofu, kələmi varsa ac qalmayacaq. Belə bir söz var, ac qılınca çapar. Uzaqbaşı, Rusiya qılıncını sıyıracaq, bu da dünya savaşı deməkdir.

Qayıdaq Jirinovskiyə. Jirinovski «Rossiya» telekanalında canı yayımda Rusiyanın nə edəcəyini bir-bir açıqladı.

Bildirdi ki, əvvəl-əvvəl SSRİ-ni bərpa edəcəyik, Orta Asiya respublikalarını, Moldovanı, Ukraynanı, Pribaltikanı birləşdirəcəyik. Yenə sağ olsun, dedi ki, Zaqafqaziyaya sonra baxarıq. Və daha sonra söylədi ki, Avropa ölkələrini darmadağın edəcəyik, qoy yansınlar. Hələ ABŞ-ın şəhərlərinə də nüvə bombası atacayıq. ABŞ-ı və Avropanı Rusiyaya tabe etdirəcəyik. Deyir ki, Avropada dövlətlər var, İngiltərə, Fransa, Almaniyanı çıxandan sonra? Yerdə qalan dövlətlərin bir şapalaqlıq canı var.

Daha sonra deyir ki, Avropa qazının 40 faizini Rusiya verir. Qazın qiymətini 3000 dollara çatdıracağıq, özü də pulunu da rublla tələb edəcəyik.

Çox söz dedi, hamısı yadımda qalmayıb. Bir sözlə, qan-qan deyirdi, od püskürürdü.

Ukraynalılarla ruslar ya ata bir, ana ayrı qardaşdılar, ya da ana bir, ata ayrı qardaş. Min ildi bir-birlərinə qarışıb yaşayırlar. Kimin rus, kimin ukraynalı olduğunu heç özləri də bilmir. Milyonlarla rus ukraynalı ilə ailə qurub və ya tərsinə. Rusların statistikasına görə, guya Ukraynada 20 milyon rus yaşayır. Bu nə qədər dəqiqdi, bilmirəm.

İndi qardaşı qardaşla düşmən ediblər. Və müharibəyə cəlb etmək istəyirlər. Rusiyayla Ukraynanı müharibəyə cəlb etmək istəyənlər oturublar isti evlərində, qırx eşşəkləri də sağına gəlir. Müharibə olarsa qırılan rus və ukraynalı olacaq. Dağılan kəndlər və şəhərlər Rusiyanın və Ukraynanın olacaq. Qaçqınlar güman ki, ukraynalılar olacaq. Avropa Suriyanın, Liviyanın, Əfqanıstanın qaçqınlarını necə qarşılayırsa, Ukraynanın qaçqınlarını da elə qarşılayacaq – dəyənəklə, sillə-yumruqla.

Jirinovski vaxt da verdi ki, müharibəni martda başlayıb mayda bitirəcəyik və mayın 9-da ikinci Qələbə gününü elan edəcəyik.

Rusiyanın ekspertləri də Solovyov və digər aparıcıların verilişlərində Ukrayna ilə Rusiyanı barışdırmaq istəyənləri lağa qoyur.

Böyük Vətən Müharibəsi görmüş bir xalqın, bir millətin yenidən müharibə istəməsi əslində ağılsızlıqdır. Hələ ki diplomatik addımlar tükənməyib.

Sayın Ərdoğan bildirib ki, Putinlə Zelenskini fevralda Türkiyəyə dəvət edib onların üzbəüz görüşünü təşkil etmək niyyətindədir. Öz xoş niyyətini ortaya qoyub. Amma təəssüf ki, Solovyov kimilər bu fikrə ironiya ilə yanaşırlar.

ABŞ-ın prezidenti Co Baydenin də bir saatlıq mətbuat konfransında sözünün əvvəli ilə axırı düz gəlmirdi. Qabağına yazılıb qoyulmuş hazır mətnləri də qarışdırırdı. Ona görə də bir jurnalist hətta onun ağlıyla məzələndi.

Bir dəfə yazmışıq və yenə yazırıq, əvvəllər dövlət başçıları əllə görüşərdilər, indi yumruqlaşırlar və bir-birlərinə dirsək göstərirlər.

Tanrı bizi superdövlətlərin yumruqlaşmasından qorusun!


6372 oxunub

InvestAZ