XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Ramiz Qusarçaylı: - Müstəqillik tariximizin 20 Yanvar faciəsi
YAZARLAR 11:24 / 20.01.2022

20 Yanvar faciəsi müstəqill Azərbaycanın tarixində qanla yazılmış acı bir səhifədir. Bu səhifədən boylanan faciənin içində eyni zamanda şərəfli bir qəhrəmanlıq zirvəsi ucalır. Bu zirvədən baxanda 20 Yanvar ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının silinmaz salnaməsi aydın oxunur.

Kremlin siyasi maraqları naminə Azərbaycan xalqına qarşı törətdiyi cinayət heç vaxt unudulmayacaq. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.

 

Amalından işğal,

məramından zəbt,

Ruhundan istila doğan bir ordu,

Vilnüsdə, Riqada, Alma-Atada...

Azad yürüşləri boğan bir ordu,

Qəfildən,

19 yanvar axşamı,

Bakı şəhərinə keçdi hücuma,

Mərkəzin kommunist-faşist rejimi

Yeritdi günahsız xalqın üstünə,

Sovetin yadelli ünsürlərindən

Yığılan əzazil, rəzil ordunu,

Güllədən keçirdi,

qanla suvardı

Turanın qədimdən qədim yurdunu.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, əhaliyə xəbərdar edilmədən fövqəladə vəziyyət tətbiq edildi.

Hələ yanvar ayının ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirildi, Qala və "Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq oldu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tutdular.

Qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

20 Yanvar cinayəti Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu.

 

Tanış hava, gizli oyun,

Şeytan mələklə qolboyun,

Bağrın başı oyum-oyum,

Təkləndin Vətən, təkləndin...

 

Atlar gəldi çullanmağa,

Itlər gəldi yallanmağa,-

Gəldi gözün baxa-baxa

Təkləndin Vətən, təkləndin...

 

Bir məzar yox girib yatım,

Ürəyimi sərib yatım,

Fağır-fağır,yetim-yetim

Təkləndin Vətən,təkləndin...

 

Gey səbrini gey,ağlama,

Döy sinənə,döy,ağlama,

Qan ağlar yer-göy ağlama

Təklənmə Vətən, təklənmə...

 

Bununla belə Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü və dünya azərbaycanlıların bu istiqamətdə təşkilatlanmasına səbəb oldu.

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Təhlükə və qadağalardan çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdı.

Hazırda 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Ramiz Qusarçaylı


4699 oxunub

InvestAZ