XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Əbülfət MƏDƏTOĞLU: MƏNİ GÖRƏSƏN DEYƏ
YAZARLAR 08:37 / 19.01.2022

Belə bir fikirvar. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə də ad çəkmirəm.Fikir isə belədir: "Günü necə başladınsa, o cür də yekunlaşır"...


Bəri  başdan  deyim ki, əslində mənim hər gün düşündüklərim, hər gün içimdə saf-çürük  etdiklərim yaşamımın üst qatıdı, üzdə olan, dilə gətirilən tərəfidi. Alt qatda,iç dünyamda nələrlə çarpışıram, nələrlə dil tapıram, bu tamam başqa bir söhbətdi.Amma bir gerçəklik də var ki, insan bütün məqamlarda, hətta kefinin ala buludda  olduğu zaman kəsiyinin içərisində də, özü də bilmədən daxilən bir sualın  cavabını çözməyə çalışır. Yəni müqayisə edir - həm içərisində olduğu məqamı, həmdə bunun oxşarı varsa onu. Əgər bu  oxşarlığı və yaxud fərqi tapırsa, onda irəliyə atmış addıma, şəraitə, fürsətə  görə bir daha Tanrısına minnətdar olub. Yox, belə bir imkan yaranmayıbsa, təkraranına, gününə şükür edir. Doğrudur, yaşanan  hər gün ömür payıdır. Və ömür payını da sifariş etmək mümkün deyil. Amma həyatın  elə problemləri var ki, onlar bilavasitə insandan, Allahın bəndəsindən  asılıdır. Bu da daha çox maddiyyatla, iqtisadiyyatla bağlı olan məsələdir. Yəni  bir az özümü çoxbilmiş kimi göstərib desəm ki, dünya böhran içərisindədi və  dünya böhranının bir iynə ucu boyda zərrəsi də  mənə toxunub, bunu oxuyanda siz də güləcəksiniz və yaxud gülümsəyəcəksiniz.Düşünəcəksiniz ki, torpağının altı, üstü qızıl olan bir ölkə vətəndaşının bu  cür düşünməsi ən azından yanlışdır. Olsun! Amma yanlışın da bir naxışı olduğu məlumdur.Hə, bu da nə isə...

Gəlirəm başa  çatmaqda  olan ayın əvvəlində  baş çəkdiyim trabzonlu dostumun   yanına. Çox qısa müddətdə olsa da mən orada   bir  daha  anladım ki, yayı da, qışı da, od ələnən məqamı da, şaxtanı-qarı da heç ruhun  incimədən yaşamaq mümkündü... Əgər həyatın elementar tələbatları yerindədirsə...Əgər sən bir Allah bəndəsi olaraq dəyərləndirilirsənsə... Sənin verdiyin dəyərin  də yəri  olursa  ... Əks halda kim olursan ol, diqqətsizlik, maddi sıxıntılar səni öz caynaqlarında sıxıb saxlayacaq. Və bu da yaşamaq istədiyin  ömrün əzablı, ağrılı, acılı səhifəsi olacaq. O səhifəni kağıza köçürmək istəmirəm.Onsuz da bilənlər bilir, bilməyənlərin də  bilib nəyisə dəyişəcəyinə ümidim yoxdu. Necə deyərlər, daha doğrusu,böyük Cəfər Cabbarlının təbirincə desək, öz cəzandı çək, Balaş!.. Hə, bu da nəysə...

Gələk yazımızın  yaralı yerinə. Mənim bütün yazılarımda iç dünyamla çöl dünyam paralel yol  gedir, yanaşı dayanır. Və hətta bəzən bir-birinin içindən boylanır. Bu mənada  mən Sənin də qaladığın ocağın odunda ütülürəm. Elə bil iki od  arasında qalmışdım.  Amma sonra biraz dərinə işıq salanda anladım ki, Kərəm də mən çəkəni çəkməyib, bir azpafoslu çıxsa  da heç  Məcnun da. Rəhmətlik Şeyx  Füzulinin Məcnunu mənim yanımda deyəsən elə çiynim bərabərliyində dayanıb. Bəlkədə bir az aşağı-yuxarı ola bilər, müqayisə etmirəm. Qərarı özünüz verərsiniz.Amma mən deyirəm ki:


Üfür sönüm şam  kimi

Toxun, uçum dam  kimi...

Yığışıb adam  kimi -

Sığınım  qapınıza...


Durma, yeri   yanımla

Bu qurbanlıq  canımla...

Bir qaşıqlıq  qanımla -

Sıxılım  qapınıza...


Əlim açıqdı göyə

Dedim,  dönmüşəm  neyə...

Məni görəsən deyə-

Yıxılım  qapınıza.


***

Hər kəs düşünməkhaqqına malikdir. Buna qadağa qoymaq mümkün deyil. Hətta tanınmış şairlərimizin  məşhur şeirlərində deyildiyi kimi: "Düşünmə deyirsən! Düşünməyə bilmərəm".Bu mənada sizin və elə mənim özümün də düşüncələrimdə sərbəstlik təbiidir. Digərtərəfdən hər kəsin də düşünmə mövzusu özünə məxsusdur. Ola bilsin ki, eyni anda  bir neçə nəfər eyni mövzu ətrafında düşünsün. Bunu kimsə təşkil edə bilər və nəticəümumiləşdirilər. Amma kəndin, şəhərin, ölkənin müxtəlif guşəsində eyni anda,eyni məsələ barəsində yüzlərlə adamın fikirləşib eyni nəticəyə gəlməsi bir az   şübhəlidir. Yalnız bir məqamdan başqa. Bu da mənim qənaətimdir. Hesab edirəmki, "yaşam və ölüm" "sevgi və nifrət" barəsində müxtəlif  ünvanlarda, müxtəlif anlarda həmfikir olmaq mümkündür. Çünki hər kəs bu dünyaya gələn andan yaşamaq və   ölümü qarşılamaq missiyasının boyuna biçildiyini bilir. Bununla paralel olaraqhər kəs sevir, sevilir, eləcə də nifrət edir və yaxud nifrət ünvanı olur. Bax,gördüyünüz kimi, insan boyuna biçilən bu missiya ona düşüncə sərbəstliyi verir.Mənim düşüncəmin, xəyallarımın, ümumiyyətlə, varlığımın əsas ifadəsi bir mərkəzdəcəmlənir. O da əlindən tutub doğulduğum ünvana gedib çıxmaqdı. Yazıqlar olsun mənəki, mən bunu edə bilmirəm. Qarşımı düşmən kəsib, sən də ki, əliniuzatmırsan. Ona görə də düşüncələrim aydınlığa çıxmır, xəyallarımgerçəkləşmir. Eləcə xəyal olaraq qalır. Mən də o xəyalların qanadında elə   kağızla qələmin təmasına güvənib yazıram:


Xəbərin olmadı,yatıb qalmışdın

Səhər gözlərimdə  açıldı bu gün...

Yorğan əvəzinə kədər  salmışdın -

Üstümə! - o daki, daş idi bütün...


Çevrildim min dəfə  qorun içində

Elə yatmışdınki, duymadın bunu...

Çətin rahat olamgorun içində -

Həmişə bir olur əvvəlin  sonu..


Heç də incimirəm,  gileylənmirəm

Sadəcə gerçəyi  duyub yazıram...

Sözüm toxunmasın  deyə qələmi -

Gözümün yaşıyla  yuyub yazıram...


Bəli, bu  ilin də  ilk  ayı  yarıdan  keçdi...Bilirəm  vaxtı, iqtisadi, siyasi  durumu, hətta  məişəti  düşünüb  , başınızı  bulayıb...hətta  dilinizin ucuna  gələni  havaya  püskürüb ...

Sonra da məni  qınayırsınız. Hətta inciyib-küsürsünüz ki, nostalji hisslərdən, pessimist fikirlərdən  qopub ayrıla bilmirəm. Axı mən neyləyim ki, mənim dünyam gözəllikdi, sevgidi! Gözəlliklə sevgi insanı qanadlandırır, xəyallandırır, özündən alıb aparır. Hətta  əl cibdə, üz  evdə   utansa da...

İndi bax bu  nostalji duyğular sarı simə çevrilir və məni sarı sim üstündə yazdığım  misralara tərəf çəkib aparır. O misralar ki, onlar sənə ünvanlanır. Onları sən   mənim ürəyimdən dilimə köçürmüsən və mən də kağıza:


Açmışam ovcumu həmən  dolu su

Su alıb kirpikdən  gələn yolu, su...

Baxıb gözdolusu, ürək dolusu

Mən gülü oxşadım,çiçəyi sevdim -

Allahım, hamıdan göyçəyi sevdim.


Baxdım,pardaq-pardaq olan qönçəyə

Didəsi şeh ilə  dolan qönçəyə

Xallı kəpənəklər  yolan qönçəyə...

Həm gülü, həm dəki, ləçəyi sevdim -

Allahım, hamıdan  göyçəyi sevdim.


Məst oldum ətirdən,uydum hənirdən

Tanıdım  addımdan, duydum hənirdən

Bir anlıq, biranlıq doydum hənirdən

Bal axan o dili, dilçəyi sevdim -

Allahım, hamıdan göyçəyi sevdim.


Xəyalım cilovsuz  səməddi! - dedim

Açılan qollara kəmənddi!- dedim

Gör neçə həsrəti   kəməltdi! - dedim

Bu çiçək! - məndə bu çiçəyi sevdim

Hamıdan, hamıdan  göyçəyi sevdim!..


***

... Belə birfikir var. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə dəad çəkmirəm. Fikir isə belədir: "Günün necə başladınsa, o cür dəyekunlaşır"... Bax, bu yazını da mən kökləndiym ovqatla başa çatdırmaq istəyirdim.Amma alınmadı. Bilirsiniz niyə? Ona görə ki, bütün redaksiya, yəni çalışdığım   kollektiv nahar üstündə köklənmişdi. Deyilənlərin, yazılanların artıq şirəifraz etməkdə olan mədələrə heç bir isti-soyuğu yox idi. Necə deyərlər, dəyirman  öz işindəydi. Ona görə də sözümün səs tempini bir balaca azaltmağa məcbur   oldum. İstədim ki, ovqatımı qoruyub saxlaya bilim. Ən azından sənin xatirinə, sənin   naminə. Çünki bu dünyada Allahımın mənə verdiyi sevgidən qiymətli, dəyərli  başqa heç nə yoxdu. Və bilirəm ki, haqdan gələn nə olur-olsun Ənamdı! Kədər də,sevinc də özünü bu ənamda ifadə edir. Əgərmən inamımda yanılmıramsa və siz də bu inamda mənə dəstək verirsinizsə, onda...


Ruhumu cənnətdə   gördüm

O, pəncərədən baxırdı...

İlahi, mən içdən  öldüm -

Bu nə uğursuz  axırdı...


Həmişə əllərim  göydə

Həmişə də dizim  yerdə...

İstədim ki, ölüm göydə-

Qalsın amma izim  yerdə!..


Alınmadı bu  arzum da

Asi oldu ruhum,cismim...

Mən sahibsiz dəfn olundum -

Buna görə məndən küsmə..


Hə, nə qədər çalışsam da xəyalımdakından, duyğularımdakından, ürəyimdəkindən yenə bir iynəboyu da olsun uzaq gedə bilmədim. Fırlandım yenə başına. Və dedim ki, məni görəsən deyə oturum qapınızın, pəncərənizin  önündə ?..


5281 oxunub

InvestAZ