Belə bir fikirvar. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə də ad çəkmirəm.Fikir isə belədir: "Günü necə başladınsa, o cür də yekunlaşır"...
Bəri başdan deyim ki, əslində mənim hər gün düşündüklərim, hər gün içimdə saf-çürük etdiklərim yaşamımın üst qatıdı, üzdə olan, dilə gətirilən tərəfidi. Alt qatda,iç dünyamda nələrlə çarpışıram, nələrlə dil tapıram, bu tamam başqa bir söhbətdi.Amma bir gerçəklik də var ki, insan bütün məqamlarda, hətta kefinin ala buludda olduğu zaman kəsiyinin içərisində də, özü də bilmədən daxilən bir sualın cavabını çözməyə çalışır. Yəni müqayisə edir - həm içərisində olduğu məqamı, həmdə bunun oxşarı varsa onu. Əgər bu oxşarlığı və yaxud fərqi tapırsa, onda irəliyə atmış addıma, şəraitə, fürsətə görə bir daha Tanrısına minnətdar olub. Yox, belə bir imkan yaranmayıbsa, təkraranına, gününə şükür edir. Doğrudur, yaşanan hər gün ömür payıdır. Və ömür payını da sifariş etmək mümkün deyil. Amma həyatın elə problemləri var ki, onlar bilavasitə insandan, Allahın bəndəsindən asılıdır. Bu da daha çox maddiyyatla, iqtisadiyyatla bağlı olan məsələdir. Yəni bir az özümü çoxbilmiş kimi göstərib desəm ki, dünya böhran içərisindədi və dünya böhranının bir iynə ucu boyda zərrəsi də mənə toxunub, bunu oxuyanda siz də güləcəksiniz və yaxud gülümsəyəcəksiniz.Düşünəcəksiniz ki, torpağının altı, üstü qızıl olan bir ölkə vətəndaşının bu cür düşünməsi ən azından yanlışdır. Olsun! Amma yanlışın da bir naxışı olduğu məlumdur.Hə, bu da nə isə...
Gəlirəm başa çatmaqda olan ayın əvvəlində baş çəkdiyim trabzonlu dostumun yanına. Çox qısa müddətdə olsa da mən orada bir daha anladım ki, yayı da, qışı da, od ələnən məqamı da, şaxtanı-qarı da heç ruhun incimədən yaşamaq mümkündü... Əgər həyatın elementar tələbatları yerindədirsə...Əgər sən bir Allah bəndəsi olaraq dəyərləndirilirsənsə... Sənin verdiyin dəyərin də yəri olursa ... Əks halda kim olursan ol, diqqətsizlik, maddi sıxıntılar səni öz caynaqlarında sıxıb saxlayacaq. Və bu da yaşamaq istədiyin ömrün əzablı, ağrılı, acılı səhifəsi olacaq. O səhifəni kağıza köçürmək istəmirəm.Onsuz da bilənlər bilir, bilməyənlərin də bilib nəyisə dəyişəcəyinə ümidim yoxdu. Necə deyərlər, daha doğrusu,böyük Cəfər Cabbarlının təbirincə desək, öz cəzandı çək, Balaş!.. Hə, bu da nəysə...
Gələk yazımızın yaralı yerinə. Mənim bütün yazılarımda iç dünyamla çöl dünyam paralel yol gedir, yanaşı dayanır. Və hətta bəzən bir-birinin içindən boylanır. Bu mənada mən Sənin də qaladığın ocağın odunda ütülürəm. Elə bil iki od arasında qalmışdım. Amma sonra biraz dərinə işıq salanda anladım ki, Kərəm də mən çəkəni çəkməyib, bir azpafoslu çıxsa da heç Məcnun da. Rəhmətlik Şeyx Füzulinin Məcnunu mənim yanımda deyəsən elə çiynim bərabərliyində dayanıb. Bəlkədə bir az aşağı-yuxarı ola bilər, müqayisə etmirəm. Qərarı özünüz verərsiniz.Amma mən deyirəm ki:
Üfür sönüm şam kimi
Toxun, uçum dam kimi...
Yığışıb adam kimi -
Sığınım qapınıza...
Durma, yeri yanımla
Bu qurbanlıq canımla...
Bir qaşıqlıq qanımla -
Sıxılım qapınıza...
Əlim açıqdı göyə
Dedim, dönmüşəm neyə...
Məni görəsən deyə-
Yıxılım qapınıza.
***
Hər kəs düşünməkhaqqına malikdir. Buna qadağa qoymaq mümkün deyil. Hətta tanınmış şairlərimizin məşhur şeirlərində deyildiyi kimi: "Düşünmə deyirsən! Düşünməyə bilmərəm".Bu mənada sizin və elə mənim özümün də düşüncələrimdə sərbəstlik təbiidir. Digərtərəfdən hər kəsin də düşünmə mövzusu özünə məxsusdur. Ola bilsin ki, eyni anda bir neçə nəfər eyni mövzu ətrafında düşünsün. Bunu kimsə təşkil edə bilər və nəticəümumiləşdirilər. Amma kəndin, şəhərin, ölkənin müxtəlif guşəsində eyni anda,eyni məsələ barəsində yüzlərlə adamın fikirləşib eyni nəticəyə gəlməsi bir az şübhəlidir. Yalnız bir məqamdan başqa. Bu da mənim qənaətimdir. Hesab edirəmki, "yaşam və ölüm" "sevgi və nifrət" barəsində müxtəlif ünvanlarda, müxtəlif anlarda həmfikir olmaq mümkündür. Çünki hər kəs bu dünyaya gələn andan yaşamaq və ölümü qarşılamaq missiyasının boyuna biçildiyini bilir. Bununla paralel olaraqhər kəs sevir, sevilir, eləcə də nifrət edir və yaxud nifrət ünvanı olur. Bax,gördüyünüz kimi, insan boyuna biçilən bu missiya ona düşüncə sərbəstliyi verir.Mənim düşüncəmin, xəyallarımın, ümumiyyətlə, varlığımın əsas ifadəsi bir mərkəzdəcəmlənir. O da əlindən tutub doğulduğum ünvana gedib çıxmaqdı. Yazıqlar olsun mənəki, mən bunu edə bilmirəm. Qarşımı düşmən kəsib, sən də ki, əliniuzatmırsan. Ona görə də düşüncələrim aydınlığa çıxmır, xəyallarımgerçəkləşmir. Eləcə xəyal olaraq qalır. Mən də o xəyalların qanadında elə kağızla qələmin təmasına güvənib yazıram:
Xəbərin olmadı,yatıb qalmışdın
Səhər gözlərimdə açıldı bu gün...
Yorğan əvəzinə kədər salmışdın -
Üstümə! - o daki, daş idi bütün...
Çevrildim min dəfə qorun içində
Elə yatmışdınki, duymadın bunu...
Çətin rahat olamgorun içində -
Həmişə bir olur əvvəlin sonu..
Heç də incimirəm, gileylənmirəm
Sadəcə gerçəyi duyub yazıram...
Sözüm toxunmasın deyə qələmi -
Gözümün yaşıyla yuyub yazıram...
Bəli, bu ilin də ilk ayı yarıdan keçdi...Bilirəm vaxtı, iqtisadi, siyasi durumu, hətta məişəti düşünüb , başınızı bulayıb...hətta dilinizin ucuna gələni havaya püskürüb ...
Sonra da məni qınayırsınız. Hətta inciyib-küsürsünüz ki, nostalji hisslərdən, pessimist fikirlərdən qopub ayrıla bilmirəm. Axı mən neyləyim ki, mənim dünyam gözəllikdi, sevgidi! Gözəlliklə sevgi insanı qanadlandırır, xəyallandırır, özündən alıb aparır. Hətta əl cibdə, üz evdə utansa da...
İndi bax bu nostalji duyğular sarı simə çevrilir və məni sarı sim üstündə yazdığım misralara tərəf çəkib aparır. O misralar ki, onlar sənə ünvanlanır. Onları sən mənim ürəyimdən dilimə köçürmüsən və mən də kağıza:
Açmışam ovcumu həmən dolu su
Su alıb kirpikdən gələn yolu, su...
Baxıb gözdolusu, ürək dolusu
Mən gülü oxşadım,çiçəyi sevdim -
Allahım, hamıdan göyçəyi sevdim.
Baxdım,pardaq-pardaq olan qönçəyə
Didəsi şeh ilə dolan qönçəyə
Xallı kəpənəklər yolan qönçəyə...
Həm gülü, həm dəki, ləçəyi sevdim -
Allahım, hamıdan göyçəyi sevdim.
Məst oldum ətirdən,uydum hənirdən
Tanıdım addımdan, duydum hənirdən
Bir anlıq, biranlıq doydum hənirdən
Bal axan o dili, dilçəyi sevdim -
Allahım, hamıdan göyçəyi sevdim.
Xəyalım cilovsuz səməddi! - dedim
Açılan qollara kəmənddi!- dedim
Gör neçə həsrəti kəməltdi! - dedim
Bu çiçək! - məndə bu çiçəyi sevdim
Hamıdan, hamıdan göyçəyi sevdim!..
***
... Belə birfikir var. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə dəad çəkmirəm. Fikir isə belədir: "Günün necə başladınsa, o cür dəyekunlaşır"... Bax, bu yazını da mən kökləndiym ovqatla başa çatdırmaq istəyirdim.Amma alınmadı. Bilirsiniz niyə? Ona görə ki, bütün redaksiya, yəni çalışdığım kollektiv nahar üstündə köklənmişdi. Deyilənlərin, yazılanların artıq şirəifraz etməkdə olan mədələrə heç bir isti-soyuğu yox idi. Necə deyərlər, dəyirman öz işindəydi. Ona görə də sözümün səs tempini bir balaca azaltmağa məcbur oldum. İstədim ki, ovqatımı qoruyub saxlaya bilim. Ən azından sənin xatirinə, sənin naminə. Çünki bu dünyada Allahımın mənə verdiyi sevgidən qiymətli, dəyərli başqa heç nə yoxdu. Və bilirəm ki, haqdan gələn nə olur-olsun Ənamdı! Kədər də,sevinc də özünü bu ənamda ifadə edir. Əgərmən inamımda yanılmıramsa və siz də bu inamda mənə dəstək verirsinizsə, onda...
Ruhumu cənnətdə gördüm
O, pəncərədən baxırdı...
İlahi, mən içdən öldüm -
Bu nə uğursuz axırdı...
Həmişə əllərim göydə
Həmişə də dizim yerdə...
İstədim ki, ölüm göydə-
Qalsın amma izim yerdə!..
Alınmadı bu arzum da
Asi oldu ruhum,cismim...
Mən sahibsiz dəfn olundum -
Buna görə məndən küsmə..
Hə, nə qədər çalışsam da xəyalımdakından, duyğularımdakından, ürəyimdəkindən yenə bir iynəboyu da olsun uzaq gedə bilmədim. Fırlandım yenə başına. Və dedim ki, məni görəsən deyə oturum qapınızın, pəncərənizin önündə ?..