XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



“Böyük sənətkar idi, amma meyiti ortada qaldı“ - Yaşar Nurinin xanımı
MƏDƏNİYYƏT 20:25 / 17.01.2022
"Novruz Qartalın ölümündən sonra onun haqqında xəbərləri oxudum və çox ağladım...”
 
Bu sözləri Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. Həyat yoldaşının həmkarının çətin durumundan danışan Rəhimə xanım təəssüf hissi keçirdiyini bildirib:
 
"Novruz Qartal sənətkar idi. Hər adama sənətkar deməzlər, o, illərini sənətə həsr etmişdi və bu ada layiq idi. İndi 5-10 gün əvvəl səhnəyə gələn adamlara sənətkar deyilir, onlar sənətkar deyillər, hələ təzə cücərirlər. Sənətkar olmaq üçün illərini, ömrünü bu sahəyə həsr etməlisən. Bu gün kimsə efirə çıxır 5-10 ildir səhnədədir, aparıcı onu "sənətkar” kimi təqdim edir. Elə bil başıma qaynar su tökürlər, utanıram o sözdən. 23-24 yaşı var hansı sənətkardan söhbət gedə bilər?! Novruz Qartalın ölümündən sonra onun haqqında xəbərləri oxudum və çox ağladım. Açığı, mən bu barədə danışmaq, fikir bildirmək  istəmirdim, amma onun durumu məni o qədər sarsıtdı ki, danışmağa razı oldum. Haqqında oxuyanda ağladım ki, axı niyə belə oldu? Vaxtilə dövlət bütün aktyorlara ev vermişdi, necə olub ki, Novruz Qartal kənarda qalıb anlamıram. Ölümündən sonra bilmişəm ki, o cür sənətkarın evi olmayıb, kirayədə yaşayıb. Yəqin ki, xarakteri o cür olub, heç kəsin gözünə girmək istəməyib, sakit təbiətli insan olub, özünə sığışdırmayıb yaxud da arxasında adamı olmayıb...”
 
Mərhum aktrisa Nuriyyə Əhmədovanı xatırlayan Rəhimə xanım çətin vəziyyətdə yaşamış və dünyadan köçmüş sənətkarların kifayət qədər olduğunu qeyd edib:
 
"Bu cür səbəblər çoxdur, bilirsiniz, şans tamamilə başqa şeydir. Mərhum aktrisa Nuriyyə Əhmədova da eyni vəziyyətdə idi. Mən bir dəfə yolda Nuriyyə xanımla qarşılaşdım, gördüm fikri yaman dağınıqdır. Dedim, ay Nuriyyə xanım, niyə belə fikirlisiniz? Evə gedirsiniz? Qayıtdı ki, "Mənim evim var? Burada rəfiqəmgildə qalıram”. Özünə bildirmədim, mənim gözlərim yaşardı.
 
Bunu demək nə dərəcədə düzgündür bilmirəm, amma bir xatirəni danışmaq istəyirəm. O vaxt Yaşar sağ olanda bizə zəng vurdu, borc pul istədi. Yaşar gəlib dedi ki, onun maddi durumu çox çətindir, ailəsində də problem var, mən də dedim ki, bunun söhbəti belə ola bilməz, mütləq yardım etməliyik. Həmin məbləği verdik, sonradan borcu qaytarmaq istəyəndə götürmədik. Bizim ixtiyarımız yox idi ki, ondan pul götürək. Nuriyyə xanım da Novruz Qartal kimi şanssız sənətçi olub. Belə çıxır ki, sənətçilər dəyər görsün deyə gərək kimisə cırmaqlasın, qəddar olsun, yaxud vəzifədə tanışı olsun. İndiyə qədər özümü bağışlaya bilmirəm ki, axı niyə Novruz Qartal kimi sənətçi bu vəziyyətdə dünyasını dəyişməli idi. Yaşar Nurinin hər şeyi olub. Dövrünün yaşayış tərzi, sevgisi, hörməti yüksək səviyyədə olub. Yaşar Nuriyə qarşı münasibət tam fərqli olub, bəzisi ona Eloğlu, bəzisi sənətin generalı deyirdi. Lakin bütün sənətçilər belə olmayıb. Novruz Qartala vaxtında ev verilməli idi. Axırda öldü getdi, nə ev verdilər nə bir şey. Vəziyyət acınacaqlı oldu, evin sahibi dedi ki, mən istəmirəm evimdən meyit çıxsın, nəşi ortada qaldı. Axı bu insandır”.

15010 oxunub

InvestAZ