XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



NAMİQİN “TALE KİTABI” – Həzi Həsənli yazır
YAZARLAR 10:32 / 16.01.2022


Doğrudan da vaxtın, zamanın ömürdən necə ötüb keçdiyini hiss etmək olmur. Vaxtın köhləni çox yüyrək olur... Yaşın bəlli bir vaxtında gözünü açıb ayılanda ömür də sənə yuxu kimi gəlir. Bir də baxıb görürsən ki, hər gün bir arpa boyu böyüyən uşaqlar bu gün həyatın müxtəlif sahələrində çalışır.

...Gənc həkim Namiq Qurbanəliyev hələ də mənim yaddaşımda məsum uşaq saflığı ilə qalır. Mən Namiqi hələ kiçik yaşlarında görmüşdüm. Şirin, nəcib sifətini şəvə kimi qara saçları əhatəyə almışdı. Məzmunlu görünüşlü, qıvraq yerişli yeniyetmə Namiqin siması hələ də gözlərim önündən getmir. Elə o vaxtdan fikri aydın, düşüncəsi sağlam o yeniyetmə Namiq diqqətimi özünə cəlb etmişdi. Nədənsə onun həyat yolu, arzu və istəkləri məni düşündürürdü. O vaxtdan bu yana mən Namiqi bir dəfə də olsun görmədim. Sonralar eşitdim ki, Faxralı kənd orta məktəbini müvəffəqiyyətlə bitirib, ali məktəbə qəbul olunub.

Namiq gözü dolu, könlü dolu bir gəncdir. O, hansı kökün üstündə boy atdığını, pərvəriş tapdığını, ömrünün hansı nəslə, hansı soya, hansı el – obaya bağlı olduğunu yaxşı bilir. Avropanın köbəyində yaşaya – yaşaya bu ilkinliyini bir an da unutmur. Namiq kimi oğulların ruhuna əhsən!

Ömür Namiq üçün bir tale kitabıdır. Onun mənalı ömür yolu kitabların nağıllı qoynundan başlangıc tapıb. Öz ömür kitabını oxuya – oxuya Faxralıdan Bavariyayacan uzun bir yol gedir. Həkimliyin incəliklərinə yiyələnmək üçün, şəfallı əllərin hikməti ilə yaşamaq üçün gecəsini gündüzünə qatıb oxuyur, öyrənir, çalışır və işləyir. Demək olar ki, Namiqin boş vaxtı olmur. Olsa da həmin boşluğu kitab oxumaqla doldurur. Namiqi oxucularımıza daha yaxşı tanıtmaq üçün gənc yaşında keçib gəldiyi mənalı ömür yoluna nəzər salmaq kifayətdir:

Namiq Qurbanəliyev 1993-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Hələ beş yaşında ikən, özündən iki yaş böyük bacısı ilə birlikdə məktəb yollarında ilk qədəmlərini atıb. Yaşının azlığına baxmayaraq, yaxşı oxuduğuna görə, 1998-ci ildə onu iki saylı Faxralı kənd orta məktəbininin birinci sinfinə digər şagirdlərdən bir qədər sonra qeydiyyata alıblar.

Namiq 2009-cu ildə 11-ci sinifdə oxuyarkən Gürcüstanda 12 illik təhsil sisteminə keçilib. Beləliklə, 2010-cu ildə, həmin məktəbdə 12 illik orta təhsilini əla qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinə və Tbilisi Dövlət Tibb Universitetinə daxil olub. Ailəsinin istəyi ilə təhsilini Tbilisi Dövlət Tibb Universitetində davam etdirib. Onu da qeyd etmək lazımdır ki, Namiq 2010-cu ildən Gürcüstanda Milli azlıqlar üçün nəzərdə tutulan "1+4” proqramına əsasən ali məktəbə ilk qəbul olunanlardandır. O, 100 faizlik "Grand” toplayaraq, ali məktəbə ödənişsiz oxuyanlar sırasında qəbul olunub. Bundan əlavə, ali təhsilin gürcü dilində olmasına görə, tibb fakültəsində tədrisə başlamazdan əvvəl, bir il həmin universitetdə ”Gürcü Dili Hazırlıq Proqramı” keçərək bu dilin incəliklərinə yiyələnib.

Uşaqlıq illərindən bəri Namiqlə görüşməsək də, bu yaxınlarda sosial şəbəkə üzərindən bir – birimizi tapa bilmişik. Sağ olsun, arayıb axtarıb tapıb. İndi vaxtaşırı telefonla danışırıq. Bir dəfə telefonda söhbət edərkən dedi:

- Təəssüf ki, Gürcüstanda anadilli məktəblərimizdə gürcü dilinin tədrisi son illərə qədər zəif idi. Dil bariyerinə görə, soydaşlarımız ölkəyə inteqrasiya ola bilmirdilər. Artıq "1+4”

proqramı həyata keçirlidiyinə və gürcü dilinin yaxşı tədrisinə görə azərbaycanlı gənclərimiz Gürcüstanda ali məktəblərə qəbul olunur, gürcü dilində sərbəst danışa bilir və gürcülərlə sıx ünsiyyət qura bilirlər. Gənclərimizin yaşadıqları Gürcüstan respublikasına inteqtrasiya olunmaları indi çox sevindiricidir.

Namiq Qurbanəliyev Gürcüstanda universitetdə oxuduğu müddət ərzində mübadilə proqramı çərçivəsində Türkiyənin öncül universitetlərinin birində də təhsil alıb. Həmçinin, Türkiyədə universitet klinikalarında və Tiflisdə bir çox təcrübə proqramlarında iştirak edərək bilik və bacarığını təkmilləşdirib. Onun üçün gürcü dilinin ikinci dil olmasına baxmayaraq, universitetdə təhsil aldığı zaman "GPA"da (qiymət ortalaması) ön sıraları tutaraq prezident təqaüdünə layiq görülüb. O, tədris illərinin əksər semestrlərini bütün fənlər üzrə 100 balla bağlayıb. Buna görə xüsusi təqayüdlərə də layiq görülüb və Tbilisi Dövlət Tibb Universitetini yüksək qiymətlərlə bitirib. O, modern tibbə yiyələnmək məqsədi ilə ingilis və alman dillərini öyrənib, hər iki dildə sərbəst danışır. Namiq 2017-ci ildə Tiflisdə ixtisaslaşma imtahanı verib. Ancaq o, peşəkar həkim olmaq üçün təhsilini Almaniyada davam etdirmək

qərarına gəlib. İndi Almaniyada kardiologiya, xüsusən invaziv kardiologiya, elektrofiziologiya və aritmologiya sahələri üzrə təcrübə keçir. Namiqin növbəti uğuru isə bu il Gürcüstanda "Uzman həkim” titulunu alması oldu.

Bu uğurları Namiq, əslində, heç də asan əldə etməyib. Vaxtilə kənd məktəbində tədrislə bağlı problemlər, dərs vəsaitlərinin çatışmazlığı, elektrik problemi, şam işığında dərs oxumaq, abituriyent imtahanlarına hazırlaşmaq, çox şeyin çətin əlçatan olması, hətta bəzən heç olmaması ilə üzləşib. O, adətən özündən beş yaş böyük olan qardaşı Natiqin dərs vəsaitlərindən bəhrələnib. Bəzi dərs vəsaitlərini isə qonşuluqda yaşayan Səadət nənənin köməyi ilə əldə edib. Səadət nənə Faxralıda keçmiş riyaziyyat müəllimi, rəhmətlik İlyas Namazovun həyat yoldaşıdır.

Namiqin valideynləri Faxralı kəndində əkinçilik və heyvandarlıqla məşğul olur. O, validyenlərinə əkinçilik və mal-qaraya qulluq işlərində kömək edərdi. Yay tətilində isə yaylaqda mal-qaraya qulluq etmək Namiqin üzərinə düşürdü.

Namiq onu da qeyd etdi ki, Gürcüstanda Milli azlıqlar üçün nəzərdə tutulan "1+4” proqramının tərtib olunmasından sonra orta məktəblərimizdə ana dilimizə olan maraq zaman keçdikcə, təəssüf ki, hiss olunacaq dərəcədə zəifləyir. Bu hal Namiqi çox narahat edir.

Namiq 2018-ci ildən Almaniyada uzmanliğa davam edir, o Almaniyada iş icazəsi və lisenziya imtahanlarını uğurla keçib. Tez-tez elmi konfranslarda, təkmiləşmə kurslarında iştirak edir. Hətta, hazırda uzmanlıq keçdiyi klinikada təlimlər də keçirir. O, Almaniyada iş icazəsi alana qədər Nidersaksen əyalətində təcrübə keçdiyi klinikanın baş həkimi, onun xüsusi qabiliyyətini, bacarığını görür və maaşla təmin edir. Bunu da qeyd etmək lazımdır ki, Almaniyada rəsmi iş icazəsi alana qədər maaş verilmir. Hətta təcrübə keçdiyi müddət ərzində klinikanın baş həkimi ona xüsusi vaxt ayırır və təlim keçir. Baş həkimin Namiqdə bu bacarığı görməsi, kardiologiyaya marağını daha da artırıb. Hətta bəzən uzman həkimlər assistent həkimlərin elektrokardioqram ilə bağlı sulları olanda Namiqə müraciət etmələrini məsləhət biliblər.

Hazırda Namiq Almaniyanın Bavariya əyalətində Kardiologiya mərkəzində uzmanlığına davam edir. Onun bu

klinikada qabiliyyəti, bacarığı heç kimin diqqətindən kənarda qalmır. İşlədiyi klinikanın uzman kardioloqu, elektrofizyoloqu və artimoloqu onun biliyini yüksək qiymətləndirir. Klinikanın baş həkimi və uzmanları Namiqin hələ assistent həkim olmasına baxmayaraq, bir uzman həkim kimi pasiyentlərini müalicə etdiyini və Namiq klinikada növbədə olarkən rahat olduqlarını deyirlər. Bu, Namiqi daha da ruhlandırır və elektrofiziologiyanı dərindən öyrənməyə çalışır. Elektrofiziologiya və artimologiya ürək ritm pozuqluqları, onların diagnostikası, müalicəsi haqqında kardiologiyanın bir sahəsidir.

Namiq həmişə vaxtdan səmərəli istifadə etməyə çalışır. Onun bədii ədəbiyyata, psixologiya və fəlsəfəyə də marağı böyükdür. O, həmçinin velosiped sürməyi, təbiətdə gəzməyi, mənzərə, heyvan və bitkilərin foto - şəkillərini çəkməyi çox sevir. Bu yaxınlarda Namiq foto müsabiqədə iştirak edərək qalib olub.

Tətilini isə hərdən Borçalınin Faxralı kəndində, valideynlərinin yanında keçirir, hərdən də müxtəlif ölkələrə səyahət edir. Bir ölkədən başqa ölkəyə səyahət edərək fərqli mədəniyyətləri tanımağa maraq göstərir.

Namiq Almaniyanın ən böyük və gözəl əyaləti olan Bavariyada yaşayır. Şimali Kalkalp və gözəl gölləri ilə Alp dağının ətəyi, Şottiş düzü, Dunay dağ silsiləsi, Dunay və Mayn çayları, Franken meşələri Bavariyanın bol sulu yaşıl cənnəti sayılır. Orada uzun, səliqəli, dolamalı xüsusi velosiped yolları mövcuddur. Belə yollarda Namiq velosiped sürməkdən zövq alır. Namiqin idmana olan həvəsi, sağlam yaşam tərzi də diqqət çəkəndir.

Namiq deyir:

- Ümumiyyətlə, burada insanlar yaşadıqları yerlerdən işə velosipedlə gedirlər. İşdə nizam - intizam çox önəmlidir və işçilərin hüquqları yüksək səviyyədə qorunur. Alman qayda – qanunları, demek olar ki, həyatın bütün sahələrində keçərlidir. Məsələn, gecə saat 22 - dən sonra televizora yüksək səslə baxmaq olmaz. Mağazalarda hər kəs özünə xidmət edir və hətta özləri kassadan keçirir və ödəniş edirlər.

Almanlar üçün təbiətin qoynunda istirahət etmək, başqa ölkələrə səyahət etmək çox önəmlidir. Almanyada təhsil sistemi də çox yaxşıdır. Yüksək keyfiyyətli və demək olar ki, pulsuzdur. Sadəcə az miqdarda vergi ödənilir.

Almaniyada işlə və təhsillə bağlı xərclərin bir qismi dövlət tərəfinfən geri qaytarılır. Almanyada demək olar ki, bütün mağazalar şənbə günü axşamdan bağlanır və bazar ertəsi səhərə qədər bağlı qalır. Bazar günü Almaniyada dincəlmə zamanıdır.

Belə bir məkanda Namiq həm təbiətin səsinə, həm də ürəyinin səsinə qulaq asmaqdan zövq alır. Bu da onun ömür kitabının, tale kitabının ən maraqlı səhifələrindən biridir. İnanıram ki, Namiqin "Tale kitabı”nın bütün səhifələri maraqlı və məzmunlu olacaq. Doğrudan da:

"Qəlbin arzuları – tər çiçək – çiçək,

Belə bir arzudan doyarmı ürək?!”

Doğulduğu Faxralı kəndindən başlayan ilk uşaqlığından bu günəcən keçdiyi mənalı və məzmunlu həyat yolu zirvələrə aparan hələ çox çətin enişlərdən, yoxuşlardan keçəcək. Bu yolda Namiqə uğurlar diləyirəm.


7755 oxunub

InvestAZ