XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Həzi Həsənli yazır: Dağüzündə bir ev var..
YAZARLAR 08:59 / 09.01.2022

Mirzəkərim Qəribov 1941 – ci il martın 10 – da Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. 1958 – ci ildə orta məktəbi bitirib. 1960 – 63 – cü illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub. 1968 – ci ildə institutun rus dili və ədəbiyyatı fakültəsini bitirib. İnstitutdan məzun olduğu zaman orada qalıb işləmək təklif olunsa da, öz doğma kəndində müəllim işləməyə üstünlük verib. Təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Bakıdan birdəfəlik Dağüzünə köçüb. Doğulub boya – başa çatdığı bu kənddə ev tikdirib.

Müəllimlik fəaliyyəti 1968 – 2010 – cu illəri əhatə edir. Həmin dövrün altı ilini isə məktəb direktoru işləyib. Bu təhsil ocağının binası Mirzəkərim Qəribovun direktor olduğu vaxt tikilib. Eyni zamanda Mirzəkərim müəllimin yüksək təşkilatçılığı sayəsində o kənd məktəbi nümunəvi məktəbə çevrilib.

Hazırda təqaüddədir, yaşı 80 – i ötüb, ömrün qocalıq çağını haqlasa da, hələ zirvəni aşmağa taqəti var. Elə Çayüzü kəndindən Dağüzünə qalxmaq zirvəyə qalxmağa bərabərdir. Yoxuşları qalxanda, enişləri enəndə yaşını da unudur.

Dağüzü kəndi Yardımlı rayonunun ən səfalı kəndlərindəndir. Əsrarəngiz təbiət mənzərələri ilə əhatə olunmuş bu kənd çox yüksək bir zirvədə yerləşir. Dağüzü kəndinin tarixi də çox qədimdir. Sevimli şairimiz Bəxtiyar Vahabzadə deyirdi ki, hər qarış torpağın tarixi ümumən Vətənin tarixidir.

Bu kəndə gələnlər maşınlarını Çayüzü kəndində saxlayır, Dağüzünə isə UAZ – la, ya da at belində qalxırlar.... Dağüzü kəndi qışda dağların ağ üzü kimi görünür. Dağüzündə böyüyənlərin qəlbində bir dağ təbiəti var.

Mirzəkərim müəllim incəqəlbli insandır. O, müəllim işlədiyi dövrlərdə şagirdlərinin qəlbindəki arzularının məşəl kimi alovlanmasına çalışırdı. Gündüzlər məktəbdə kənd uşaqlarına dərs keçib, axşamlar isə öz evində övladlarının təlim – tərbiyəsi ilə məşğul olub. Uşaqların maariflənməsi, savadlı böyüməsi yolunda qəlbini çıraq kimi yandırırdı.

İşlədiyi müddətdə Azərbaycan Maarif Nazirliyinin Fəxri Fərmanına, Baş müəllim və Ali kateqoriyalı müəllim adına layiq görülüb. Onun şagirdlərindən özü kimi müəllim adını şərəflə daşıyanlar, Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirib zabit kimi xidmət edənlər, professor kimi elm sahəsində çalışanlar da var.

Bütün bunlarla yanaşı, Mirzəkərim müəllim gözəl ailə başçısıdır. On üç övladı, 23 nəvəsi və 5 nəticəsi var.

Mirzəkərim bu yaşında da yaddaşını təmiz saxlamaq üçün mütaliə edir. Ruhunu, yaddaşını təmiz və rahat saxlayır həmişə. Bu yaşında da mütaliə etməkdən yorulmur. Daxilində kitab sevgisi olduqca böyükdür. Daha çox səmavi kitabları oxumağa üstünlük verir və bunu başqalarına da tövsiyyə edir. Dağüzü kəndində Mirzəkərim müəllimin evində qonaq olarkən, şagird dəftərinin vərəqində mənə bir neçə kitab adı yazıb vermişdi. Tapşırmışdı ki, o kitabları alıb oxuyum və faydalanım. Mən Bakıya qayıtdıqdan sonra o kitabları axtarıb tapdım və aldım. İndi onlar mənim stolüstü kitablarımdır. Mirzəkərim müəllim o vərəqdə kitabların adını elə səliqəli və gözəl xətlə yazmışdı ki... İndi tək – tək olar səliqəli yazı yazanlara rast gəlirik. Kompüter və telefonlar da bir yandan muncuq kimi qələmlə yazmaq vərdişini insanlara unutdurub.

Saxlamağa ehtiyac olmasa da, o vərəqi atmadım. Mirzəkərim müəllimin hərfləri muncuq kimi yan – yana düzüb yazdığı o vərəqi hələ də əziz xatirə kimi həmin kitabların arasında qoruyub saxlayıram.

Mən Mirzəkərim müəllimlə sıx ünsiyyətdə, dostluq ülfətində olduqdan, yaxından bələd olduqdan sonra mötəbər insan kimi tanımışam. Qəlbən Allaha bağlı olan Mirzəkərim müəllimin mənəvi nizamda ürəkdolusu, könüldolusu söhbətlərindən həmişə ibrət götürmüşəm, gerçəkdən könül rahatlığı tapmışam. Ömrü boyunca toplanan maddi şeylərə aludə olmayan bu gözü – könlü tox, qədim - qayım kişi öz köçü – külfəti ilə Dağüzündə, dağların qoynunda kişi kimi binə qurub. Öz balaları ilə göz dolusu, könül dolusu ömür sürür.

...Dağüzündə zirvəli dağlara sığınmış gözəl görkəmli bir ev var. Həmin ev Dağüzünün bəzəyidir. Sanki dağların qoynunda qüdrətdən dikəlib. Bu ev Mirzəkərim müəllimin həyatının, varlığının bir hissəsinə çevrilib. Onun ailə üzvləri də hər cür təmtəraqdan, şan – şöhrətdən uzaq bir ömür yaşayırlar. Bu evdə içilən dağ çiçəyi, kəklikotu çayının da, təndir çörəyinin, nəhrə ayranının, yağın, pendirin də dadı damaqdan getmir.

Bu ailədə yaxşı əxlaqın nümunəsi duyulur, maddi ehtiyaclar mənəvi ehtiyaclardan kiçik görünüb hər zaman. Çünki bu evin ( həm də elin) ağsaqqalı Mirzəkərim müəllimin simasında ən ali mənəvi keyfiyyətlər cəmlənib. Genişürəklilik, səbr və təmkinlilik bu insanın ömrünün bəzəyidir. Ruhu Tanrı işığına bələnib sanki. Bu evin divarları Mirzəkərim müəllimin nə az, nə çox, düz on üç gül balasının nəfəsi ilə ətirlənib. Ömür – gün yoldaşı ilə birlikdə bir çətən külfəti böyütmək üçün gecəni gündüzə qatıb işləyiblər, balaların ruzisini minbir əziyyətlə qazanıblar. Övladları bu mötəbər kişinin, müəllim süfrəsinin halal çörəyini yeyib xoş güzaran görüblər. Hamısı da bəxtəvər, hamısı da xoşbəxt böyüyüb. Övladlarının arzuları, istəkləri bu evdə yuva qurub, bu evdən hərəsi bir ünvana pərvazlanıb. İllər ötdükcə öz hökmünü göstərir. Öz külfəti böyük olsa da, vaxtilə imkanı olanda imkansızlara da əl tutub, elin xeyrindən, şərindən qalmayıb.

Bu evin təbiəti sükutu sevmir. Bu evdən hərə bir yana qanadlansa da, indi Mirzəkərim müəllimin nəvələri, Nemətin övladlarının xoş gülüşləri bu sükutu pozur. Ata yurdunda Mirzəkərim müəllimin on üç övladından tək bircə Nemət məskən salıb. Bəxtəvərlik Nemətin üzünə gülüb sanki... Üzündən təbəssüm əskik olmur. Qonağa gözünün üstündə yer verər. Zahirən atasının illərin arxasında qalmış gəncliyini də özündə saxlayıb.

Nemət yurda bağlı oğuldur. Kənddə yaşamağın, özü də Dağüzü kimi bir kənddə yaşamağın çətinliklərinə baxmayaraq, Nemət çətin şəraitdə yönsüz işləri yönünə qoyub. Əlləri qızıldır. Dan söküləndə mal – qaranı örüşə aparır, odun yığır, ot biçir...

Dağüzündə ilin hər fəslini görmüşəm. Bu kəndin sərt qışı da gözəldir. Bir dəfə Dağüzünə gedəndə qışın oğlan çağı idi, quşbaşı qar yağırdı... Günəşin sarımtıl şəfəqləri qarın üstündə bərq vuranda Dağüzündə bir həzinlik hökm sürürdü.

Bir dəfə də Dağüzündə olanda qışla yazın əlbəyaxa savaşını gördüm. Torpağın ətri yaz qoxulu, ağacların pöhrələri yaz yuxulu idi. Gah baxan, gah da yaxan Günəşin hərarətindən pöhrələrin üzündəki şeh damlaları gümüşü sırğaları xatırladırdı.

Gecələr Mirzəkərim müəllimin evindən Dağüzünə, həm də dağların üzünə gur bir işıq seli axır.... Bu işıq seli kəndi əhatə edən silsilə dağların yaşıl yaxasında bərq vurur. Bu evdən dağların, daşların köksünə nur ələnir...

Çırağınızı həmişə belə yanan görüm, Mirzəkərim müəllim!!!


891 oxunub

4984 oxunub

InvestAZ