XƏBƏR LENTİ
24 Yanvar 2022
23 Yanvar 2022
22 Yanvar 2022



Vaqif İSAQOĞLU : - XAN (hekayə)
KRİMİNAL 10:10 / 09.12.2021


Niyaz həkim sevinə-sevinə ən yaxın dostunun nömrələrini yığdı. Aradan beş saniyə keçməmiş rayon bazarının müdiri Sərdar Sərdarovun yoğun, xırıltılı səsi eşidildi: «Eşq olsun millətin sağlamlığı keşiyində duranlara». – Ay Sərdar, ancaq xanın sağlamlığı keşiyində dayana bilmədim. – Gülməyə başladı. Az sonra özünü ələ alıb yenidən dilləndi: « Bum gecə səhərə yaxın o dünyalıq olub.

Sərdar Sərdarov nə deyəcəyini bilmədi. Dili topuq çaldı: - Yenə xana üz-gözümüz öyrəşmişdi. Pul verib ağzını malalayırdıq. Amma yenə də zalım balasının gözü doymurdu.

_Bilirəm, bilirəm! – Niyaz həkim güzgünün qabağında dayanıb təzəcə ağarmış saçlarına bir sığal çəkdi. Sonra da güzgüdə özünə göz vurub şirin-şirin gülümsədi: - Rayonun üzdə olan adamlarına bu xəbəri çatdırmaq lazımdır, qoy sevinsinlər… - Yox, yox, sən nə danışırsan? – Sərdar Sərdarovun üzündəki təbəssüm bir andaca yoxa çıxdı. – Maliyyə şöbəsinin müdiri onun xalası oğlu deyilmi? Təhsil şöbəsini qardaşı oğlu yiyələnməyibmi? Su idarəsinə əmisioğlu, işıq idarəsinə dayısı nəvəsi, qaz idarəsinə bibisioğlu rəhbərlik eləmirmi? Sevincindən deyəsən hər şeyi unutmusan?

Niyaz həkimin səsində bir kədər duyuldu: -Zalım oğlu bu rayonu yiyələnmişdi. Səhiyyədə adamım olmasaydı, məni çoxdan yola salmışdı. – Hirslənən kimi oldu. – Ancaq hər ay məndən haqq alırdı.Nə az, nə çox, düz otuz min manat. – Yumruğunu hirslə divara çırpdı.

- Ay sağ olmuş, otuz min manat nədir ki? O, bazarı süpürənlərdən də haqq alırdı. Dul qalmış Məsmə arvadın dörd uşağı böyütdüyünüdə vecinə almırdı. Hansının birini deyəsən? Milyonlara sahib oldu, amma gözü doymadı.

- İndi onun ac gözləri doyacaq. _ İnamla bildirdi. – Bəli, torpaq onun ac gözlərini doyuracaq.

Sərdar Sərdarovbirdən nə düşündüsə də səsini yavaşıtdı: - Telefonda belə söhbətlər eləmək olmaz. Rayonun Telefon Qovşağının rəisi də, polis də, prokuror da onun adamlarıdı, Eşidib bizi də onun yanına göndərərlər…

- Yaxşı daha bəsdi, sonra danışarıq. Niyaz həkim qorxuya düşən kimi oldu və sağollaşıb telefonu söndürdü.

***

Eynalovun qəfil ölümü adamlarda çaşqınlıq yaratmışdı. Onun ölümü hamıda şok effekti yaratmışdı. Bu xəbərə inanmayanlar da var idi. Yaşı 90-nı haqlamış Abbas kişi çəliyini yerə vuraraq belə dedi: «Görəsən Eynalovun ölməkdə nə məqsədi var? Axı, Əzrayıl da ondan qorxurdu. Görünür, burada nəsə bir sirr var». – Amma burada sirr-zad yox idi. Eynalov doğrudan da ölmüşdü. Və onun ölümünə hamı sevinirdi. Və hamı gözləyirdi ki, qadın görəndə gözləri oyur-oyur oynayan, pul görəndə gözləri işıldaböcəyi kimi işıldayan, bu yekəpər, gönüqalın başçı vəzifə kreslosunu boşaldan kimi çöksünlər onun sinəsinə və desinlər ki, ver, bura aldıqlarını. Və yaxud da onu dəli inək balasını çığnayan kimi çığnaya-çığnaya desinlər ki,camaatın anasını ağlatdığına görə özünə çək, yoldaş Qurumsaqov!. – Qurumsaqov Eynalova qoyülan ayama idi. Cmmat öz aralarında onu Qurumsaqov kimi tanıyırdı və bu ayama çox dəqiqliklə qoyulmuşdu. Amma tək bir nəfərdən başqa heç kim hünər eləyib bu ayama ilə ona müraciət etməmişdi. O dadəli Tellinin oğlu şair Məmməd Arzulu idi ki, məclislərin birində, araq beynini yerindən oynadanda belə demişdi: «Bu Qurumsaqov rayonu barmağına dolayıb». – Harasına dolayıb, ay Məmməd? – Polis rəisi yağlı dodaqlarını silərək qəzəblənmişdi. Məmməd Arzulu ona tərs bir nəzər salıb araq dolu rumkanı başına çəkmişdi. Həmin o günü şair Məmməd Arzulu kef soğan doğradı və polis rəisi ayağa qalxaraq əllərini üç dəfə bir-birinə vurdu. Həmin dəqiqə az qala köbəyi burnuna dəyən müstəntiq İbrahimli ilan kimi fısıldaya-fısıldaya onun qollarını arxadan burub cibindəki dəmir qandalları çıxartdı. Məmməd Arzulu arıq, çəlimsiz bədəniləmüqavimət göstərməyin yersiz olduğunu dərhal başa düşüb polis rəisinə baxdı və dedi: _ Eynalov ona görə Qurumsaqov oldu ki, sənin kimi qurumsaqları yığdı başına. – Həmin o gündən şair Məmməd Arzulunu bir daha görən olmadı. Telli arvad düz bir ay rayona ayaq döydü. Saçlarını yoldu, üz-gözünü cırmaqladı, uşaq kimi hönkürə-hönkürə dedi ki, heç olmasa oğlumun meyidini qaytarın. Amma onun dediklərinə heç kimməhəl qoymadı. Adamlar onun yanından saymazyana keçib başlarını bulayır və deyirdilər: «Bu dəlinin yiyəsi yoxdumu?».


3873 oxunub

InvestAZ