XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Vaqif İsaqoğlu: - SÖZÜN SARAYINI ZİYARƏT EDİN
Ədəbiyyat 09:17 / 08.12.2021

…Sözündən əvvəl onun özünü tanımışam və bu qiyabi tanışlıqdan mənun olmuşam. Bəli, Tahir müəllimi bir millət vəkili kimi hamı yaxşı tanıyır və hamının bu tanışlıq ürəyincə olub. Səbəbi aydındır; çünki Tahir Rzayevin ürəyi xalqla birgə döyünür və o, xalqın arzu və istəklərini dilə gətirir. O, həm də millətin seçilmiş vəkili kimi öz missiyasını şərəflə yerinə yetirir, məhz ona görə də ən böyük sevgilərə layiqdir.

Hərdən düşünürəm ki, kaş, Tahir Rzayev kimi millət vəkillərinin sayı çox olaydı… Həm də düşünürəm ki, dərdimizi deməyə, ürəklə salam verməyə, mənəvi işığına üz tutub getməyə onun kimi ziyalı var, şair var, işıqlı adam var…

Bəli, Tahir Rzayev həm də şairdir. O, həm millət vəkili vəzifəsini, həm də alim və şair missiyasını yerinə yetirir.

Tahir Rzayevin ictimai-siyasi fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirilir və xalq ona böyük ümidlər bəsləyir. O da xalqın ümidlərini doğruldur.

Ərz elədiyim kimi o gözəl şəxsiyyətin əvvəlcə özünü tanımışam. Amma məqsədim Tahir müəllimin özündən yox, sözündən söz açmaqdı, necə deyərlər, şairin sözü haqqında söz demək istəyirəm. Deyə biləcəyəmmi? Bilmirəm. Ancaq onu deyə bilərəm ki, şairin yaxınlarda işıq üzü örmüş «Həsrətimin yaşı dünya qədərdir» şeirlər toplusunu bir nəfəsə, həm də böyük maraqla oxuyandan sonra ürəyimdən gələn səsləri qələmə almaya bilməzdim. Kitabda yer almış şeirlər bir andaca ürəyimi ovsunladı və sehrləndim. Bu ovsunun, bu sehrin təsir dairəsindən bir müddət çıxa bilmədim. Bu sehrdən qurtulmaq üçün yazmalıydım, yazmasam, rahatlıq tapa bilməzdim.

Millət vəkili Tahir Rzayevin özü qəlbən, ruhən xalqa yaxın olduğu kimi, şair Tahir Rzanın şeirləri də xalqın ruhuna, ürəyinə çox yaxındır. Şeirlərindəki doğmalığın özü də onun xalqa yaxın və doğma olmasından xəbər verir.

Bu misraları oxuyan adamın ürəyi necə sakit döyünə bilər? Ürəyi bürüyən sevinc hissləri dəniz dalğaları kimi necə təlatümə gəlməyə bilər?

Azərbaycan, xəzan görmüş əbədi bahar,

Azərbaycan qoca Şərqin şah əsəridir.

Bu misralar «Şah əsər» şeirindən götürülüb. Azadlığı məlhəm edib yarasının üstünə qoyan, Vətən sevgisindən doymaq bilməyən şair Azərbaycanı haqq yolunda dayanan əsgərə bənzədir və bu məğlubedilməz əsgər dünyanı ədalətə səsləyir. Bəli, qalib və məğrur əsgər öz qüdrətini, gücünü dünyaya göstərdi və Azərbaycan - yenilməyən qəhrəman əsrin təlatümlü sınaqlarından çıxaraq haqqın bayrağını – üç rəngli bayrağı vüqarla dalğalandırdı.

Azadlıq, müstəqillik, ikiyə bölünmüş Azərbaycanın qovuşmaq həsrəti, Vətən sevgisi, yurd sevgisi…Tahir Rzanın yaradıcılığından qırmızı xətlə gəlib keçir. Şair Vətən eşqilə çırpınan ürəyinin səsini qələmə alaraq əsl sənət nümunələri yaradır:

…Haqq istədim, səs vermədi, haqq çatmadı hayıma,

Fitnə, yalan, ölüm düşdü qismətimə, payıma.

Tanrı dərdi min qat biçdi, heç baxmadı boyuma

Sığışmadı Xan Arazın məcrasına göz yaşım.

İkiyə bölünmüş Azərbaycanın dərdinə göz yaşları axıdan şairin yaraları qaysaq bağlamır; azadlığa yetmək üçün min yol canından keçsə də yenə çinar kimi əyilməzdi, məğrurdu. Vətən canı, torpaq qəlbi olan şair yazır:

Torpaq məni bağışlamaz qaysaq tutsa bil yaram,

Gərək düşmən anlasın ki, çətin gündə mən varam.

Azərbaycan adlı tarix, bir əyilməz çinaram,

Vətən canım, torpaq qəlbim, müstəqillik sirdaşım.

Bəli, Tahir Rza vətənpərvər şairdir, o, həm də məhəbbət şairidir, haqq şairidir. O, öncə vətəndaşdır, sonra şairdir. O, vətənsiz bir gün də yaşaya bilməz. Vətən şairin damarlarında axan qandır; qansız insan yaşaya bilərmi? Onun sevgi şeirlərində də vətənpərvərlik duyğularını hiss etmək mümkündür. Çünki onun sevgi şeirlərində də vətənpərvərlik ruhu var.

Şairin vətən duyğusu ilə köklənən şeirlərini oxuduqca heyrətlənməyə bilmirsən. Heyrətlənirsən ki, görəsən, şeirdə bu boyda Vətən sevgisi, Vətən məhəbbəti hardandır?

Tahir Rzanın vətənpərvərlik duyğuları sözlərə, sonra da misralara çevrilərək oxucunun qəlbini oxşayır. Gəlin «Ey əsgər» şeirindən bu bəndlərə diqqət yetirək:

…Döyüş igid əsgər, hünərlə döyüş

Yolunu gözləyən oddur-ocaqdır.

Cocuq Mərcanlıdan başlanan vuruş

Çox çəkməz Şuşada qurtaracaqdır.

Ey əsgər, adınla, gücünlə öyün,

Qələbə, toy-düyün sənin olacaq.

Üç rəngli bayrağım vüqarla bir gün

Anam Qarabağda dalğalanacaq.

Şeir iki il öncə qələmə alınıb. Şairin duyğuları, hissləri onu aldatmayıb. 2020-ci ildə üç rəngli bayrağımız Qarabağda dalğalanmağa başladı. Bəli, Cocuq Mərcanlıda başlanan vuruş Şuşada müzəffər ordumuzun tam qələbəsi ilə başa çatdı. Bu şeir həm də şairin uzaqgörənliyindən, bir siyasətçi kimi, diplomat kimi vaxtın siyasi durumu düzgün qiymətləndirməsindən xəbər verir.

…Şairin yaradıcılığında sevgi şeirləri də diqqəti cəlb edir. Şairin lirik qəhrəmanı kamil bir insandır. Bu insanın həyatında sevgi, məhəbbət başlıca rol oynayır. Lirik qəhrəmanın sevgisindən söz açması, həsrət dolu ürəyini dilləndirməsi, təmiz, ülvi məhəbbətdən danışması…oxucunun yanar ürəyinə sanki su çiləyir, çünki lirik qəhrəmanın duyğuları, fikirlərilə oxucunun fikir və duyğuları üst-üstə düşür. Deməli, şair sevgi şeirlərində həm də oxucuların məhəbbətindən, təmiz sevgisindən söhbət açır. Tahir Rza qələminin qüdrəti də elə bundadır.

Tahir vaxtsız dönəcəkdir bir külə,

Bu əzaba dözə bilməz dağ belə.

Yanağımdan göz yaşını naz ilə,

Silə-silə yandırırsan sən məni.

«Sən məni»

Şairin məhəbbət qoxulu şeirlərini oxuduqca misralara hopan kədəri, həsrəti, qəmi…görməmək olmur. Elə misralar var ki, ürəyə sevinc gətirir, elə misralar da var ki, ürəyi qəmə bürüyür, amma bu qəmin, kədərin, həsrətin özündə də bir ümid işığı var. Ümid olmasa sevgi də olmaz. Ümid həm də sevgi deməkdir, sevmək deməkdir.

Tahir Rzanın hər sevgi şeirində yeni fikirlər, yeni bənzətmələr, təzə-tər duyğular var; bu fikirlər, deyimlər poetik kəşfdi, bənzərsiz tapıntıdı.

Bəli, Tahir Rzanın sevgi şeirləri solmayan çiçək kimidir. Bu şeirləri iyirmi yaşında da, altmış yaşında da, yüz yaşında da «qoxulamaq» olar. Axı məhəbbət əbədidir, axı hər yaşda sevmək mümkündür.

Hissimi, duyğumu aldın əlimdən,

Saldın ürəyimə xal baxışınla.

Çarmıxa çəkildim sanki dilimdən

Məni lal eylədin lal baxışınla.

«Baxışınla» şeirindən oxuduğumuz bu misralarda sevən aşiqin duyğuları, həsrət yanğıları o qədər təsirli ifadə olunub ki, sanki şeir yox, Tahir Rzanın ürəyini oxuyursan.

Şairin sevgi şeirləri zənginliyi və rəngarəngliyi ilə seçilir ki, bu da onun hisslərinin saflığından, təmizliyindən irəli gəlir.

Kitabda toplanan şeirlərdə şair öz qəlbinin sevincini, kədərini, qəmini elə məharətlə qələmə alıb ki, sevincin də, həsrətin də, kədərin də, dərdin də rəngini görürük. Həm də dərdin Tahir Rza zirvəsini görürük.

Dərd var dərd gətirir, yandırıb yaxır,

Dərd də var gəlişi toydur-vüsaldır.

Dərd var ki, insana nifrətlə baxır,

Dərd də var əzabı şəkərdir, baldır!

Bu şeirdə şair dərddən şikayətlənmir, sadəcə olaraq pıçıltı ilə dərddən söhbət açır:

Dərd var doğulmamış bətndə ölər,

Dərd var pöhrələnər sinəmiz üstə!

Yaxud bu misralara diqqət yetirək:

Dərdin heykəlini ucaldan olsa,

Baş əyib önündə səcdə edərəm.

«Yazıqdır…» adlı şeirindən oxuduğumuz bu misralardan da aydın görünür ki, şair dərdi ilahi bir ucalığa qaldıra bilib. Dərdə heykəl qoymaq ifadəsini poeziyada ilk dəfə işlədən Tahir Rza «dərdini qəlbində yaşatmayanlar bəşəriyyətin dərdinə acımaz» - deməkdə haqlıdır. Dərdini çəkə bilməyən, dərdini anlamayan adamlara yazığı gələn şair haqlı olaraq yazır:

Qayğısız yaşayan insan yazıqdır,

Dərdini duymayan dövrana lənət.

«Həsrətimin yaşı dünya qədərdir» kitabında şairin müxtəlif mövzuda yazdığı şeirlərdən nümunələr yer alıb. Bu şeirlərin hər birindən ayrı-ayrılıqda söz açmaq, fikir söyləmək kitab haqqında daha geniş söhbət açmaq olardı. Amma təəssüf ki, bir qəzet səhifəsində bundan artıq söz demək imkanında deyiləm. Sadəcə olaraq demək istəyirəm ki, Tahir Rzanın şeirlərindən şair ömrünün ətri gəlir. Bu kitab şair ruhunun toplusudur. Bu topluda qəlbinin ən ağrılı, ən kövrək hisslərini bəyan edən bir şairin söz dünyası ilə az-çox tanış olmaq imkanı qazandım. Şairin qələmindən damla-damla kağıza səpələnən sözlərin qiyməti olmayan bir xəzinə olduğunu duydum. Və «Həsrətimin yaşı dünya qədərdir» kitabının bir dünya olduğunu hiss elədim. Bu Tahir Rza dünyasıdı. Bu dünya ağappaq nura bələnib. Onun ilahi nurdan yaranan söz dünyası ilə yaxından tanış olduqca heyrətlənməyə bilmirdim. Bilmirdim ki, İahir Rza sözünün təsir qüvvəsi bu qədər güclü olar. Görəsən onun sinəsində döyünən yumruq boyda bir ürəkdən süzülüb axan sözlər bu qədər gücü, bu qədər əzəməti…haradan alıb? Görəsən, sözünün ağırlığı dağdan ağır

olan şair bu sanballı, bu əzəmətli sözləri hansı ilahi qüvvədən alıb? Deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Tahir Rza dünyaya həm də sözlə nəfəs alıb sözə nəfəs vermək üçün gəlib.

Ədalət boynu bükük,

Arzular pərən-pərən.

Bilinmir kimdi qatil,

Kimdir ölən, öldürən.

Hakimləri pul yığan,

Vəkilləri iş verən.

İnsanlıq qan ağlayır,

Yolumuz qar-borandır,

Ah, bu necə zamandır?

«Ah, bu necə zamandır?»

Bu şeirdə şair qələminin qüdrətini bir daha görmək mümkündür.

Bəli, Tahir Rza əsl şairdir, amma o, millət vəkili kimi daha çox tanınır və sevilir. Deməli, o, xalqa millət vəkili kimi daha çox lazımdır. O, bu sahədə daha fədakarlıqla, daha əzmlə çalışır. Məhz buna görə də şeirləri bir növ «kölgədə» qalıb. Onun şeir yaradıcılığından çoxlarının xəbəri yoxdur. Bu «yoxluğu» aradan qaldırmaq üçün şair növbəti dəfə görüşümüzə gəlib.

Onu da demək istəyirəm ki, «Həsrətimin yaşı dünya qədərdir» kitabı bir işıqdı. Bu işıqda səmimiyyət də, gözəllik də, ülvi məhəbbət də, Vətən sevgisi də…aydınca sezilir. Kitabı oxuduqca hiss edirdim ki, poeziyamızda, həm də poetikamızda yeni səhifələr açmağa çalışan, bəşəri mövzulara müasirlik tələblərilə yanaşan, həmişə və hər zaman yeni söz deməyə can atan Tahir Rza öz üslubuyla, öz imzasıyla seçilən söz adamıdı. Mən bu söz adamından az da olsa söz demək istədim.

Və ən nəhayət, bu kitabı oxuyun! Oxuyun və dünyanın ən təmiz və ən işıqlı söz adamının söz dünyası ilə tanış olun. O gözəl şairin söz sarayını ziyarət edin, özünün və sözünün işığına yığışın. Axı dünyamızın Tahir Rza kimi işıqlı adamlara, dəyərli ziyalılara böyük ehtiyacı var.


987 oxunub
4851 oxunub

InvestAZ