XƏBƏR LENTİ
17 Yanvar 2022
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Gözü yol çəkən şəhid balaları - Adil MİSİRLİ
HÜQUQ 12:16 / 29.11.2021


İnsan doğulduğu, dünyaya göz açdığı torpağı bəzən o qədər böyük, sərhədsiz, sonsuz məhəbbətlə sevir ki, bu sevgini göstərməyə məqam, an axtarır. Və əsl kişi olan vətənpərvər oğullar düşünmədən, bir an belə fikirləşmədən ölümün ağuşuna atılırlar. Canlarını fəda edir, şəhidlərin cərgələrinə qatılırlar. Təki Ana Torpaq, Vətən yaşasın deyə. Doğma torpaq azad nəfəs alsın deyə.

Şəhidlər əbədi yuvaları olan torpağa pənah gətirir, onun isti ağuşuna sığınırlar... Yanıb kül olur şəhidlər. Vətən, Vətən torpağı bir ovuc da olsa böyüsün, çox olsun deyə.

Torpağa olan məhəbbətin böyüklüyü yandırır şəhid oğulları. Dözə bilmirlər Vətənin sıxıntılı, dar gününə. Şəhid olurlar oğullar. Ruhları uçur göy üzünə. Oradan baxıb azad, qayğısız torpağa, rahat nəfəs alır şəhidlərin ruhları.

...Övladlar var ki, ataları şəhid olandan sonra dünyaya göz açıblar. Bir gün də görməyiblər atalarının gül üzlərini. Seyr etməyiblər övlad soraqlı gözlərini. İndi yavaş-yavaş yaralarımız qaysaqlayır. Şəhid övladlarının gözü yol çəkir, ataları üçün həzin-həzin ağlayır. Gözləyir şəhid atasını bala. Bilsə də, bir gün geri dönməyəcək igid atası. Həyat isə öz axarıyla davam edir. Gözləri yol çəkə-çəkə, anasının dərdli ürəyini sökə-sökə böyüyür şəhid balaları. Fəxrlə,qürurla böyüyür balalar. Çünki onlar Vətən yolunda canını fəda edən qəhrəman şəhidlərin övladlarıdır. Şəhidlər ölməz, Vətən bölünməz deyirik biz. Çünki bölünməz torpağın balaları, şəhid atalarının unudulmaz adına layiqli Vətən övladı kimi böyüyəcəklər.


2480 oxunub

InvestAZ