XƏBƏR LENTİ
25 Yanvar 2022
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Aqil ABBAS: ETO NE KƏLBƏCƏR
YAZARLAR 16:09 / 26.11.2021

«Qızıl dana» əsərində Ostap Benderin məşhur bir ifadəsi var: «Eto ne Rio de Janeyro». Yəni bu adamın ən böyük arzusu Rio de Janeyronu görmək olub. Və hara gedirsə baxır və başını bulayıb deyir: «Eto ne Rio de Janeyro».

Düzdür, mən nə Ostap Benderəm, nə də Rio de Janeyronu görmək istəyirəm. Dünyanın çox gözəl yerlərini, qəribə mənzərələrini görmüşəm, sıldırımları, uçurumları görmüşəm. Və hər dəfə də çönüb xanımıma demişəm:

-Yox ey, bura Kəlbəcər deyil!

Mən «behişti görməmişəm, heç aruzi də eləmirəm», yəni söhbət o dünyadakı cənnətdən gedir. Amma bu dünyada cənnəti nəinki görmüşəm ey, o cənnətdə ayaqyalın gəzmişəm, min bir çiçəyini dərmişəm, Zəm-zəm bulaqlarından içmişəm, meşələrindəki ağaclara, qayalara adımı yazmışam, Keti-Meti dağının düz zirvəsinə qalxıb orada da adımı yazmışam. Göz yaşı kimi təmiz, bumbuz çaylarında çimmişəm.

Uşaqlıqda rəssamlığım vardı, o cənnəti vərəqlərə köçürmüşəm – hər gülünü, hər çiçəyini, qartalını...

Yayın istisində Gəlin Qayasındakı qarını təmizləyib dondurma kimi yemişəm. Sonra da anamdan üç-dörd şapalaq da yemişəm xəstələndiyimə görə.

O cənnətin daimi sakinləri ilə zarafatlaşmışam da, aşıqlarını dinləmişəm də, hətta bəzən dalaşmışam da.

Bütün uşaqlığım və gəncliyim hər yay o cənnətdə keçib.

Taxtada, Yüzbulaqda, Dəlidağda alaçıq qurmuşuq. Alaçığın ayrı bir ləzzəti var. Bir dəfə yazmışam, yenə yazıram. Yağış ki yağır, damcılar çadırı döyəcləyir, elə bir musiqi yaranır ki, heç bir bəstəkar onu yarada bilməz. O, Tanrının bəstələdiyi musiqidi. Və yağışdan sonra bir qoxu yaranır, adam bu qoxudan bihuş olur, qələt edir «Şaneldi-maneldi» bu qoxunun yanında.

Bir də səhər-səhər durursan, yüzlərlə alaçığın qapısınının ağzında samovar tüstülənir, bunun da bir ayrı qoxusu, bir ayrı ləzzəti var.

Cavan vaxtı adını unutduğum bir alman filosofunun belə bir fikrinə rast gəlmişdim: «Allah dünyanı yaradanda Azərbaycanı cənnət yaratdı, sonra qorxdu ki, hamı qaçıb ora gedəcək, ona görə hər kəsə öz vətənini şirin elədi».

Salvador Dalinin də məşhur bir əsəri var dünyanın yaranışı ilə bağlı. Dünya bir yumurtadı və bu yumurtadan çıxmış insan barmağını Abşeronun üzərinə qoyur. Yəni rəssam dünyanın yaranışının Abşerondan başladığına işarə edir.

Bəli, Azərbaycan cənnətdi. Cənnət də bir neçə qatdan ibarətdi və bu cənnətin ən gözəl qatı da Kəlbəcərdi.

Kəlbəcəri vəsf eləməyə gücüm çatmaz. Kəlbəcəri görməyənlər, deməli, cənnəti görməyiblər. Aşıq Şəmşirin şeirlərində, Məmməd Aslanın, Bəhmən Vətənoğlunun, Şamil Dəlidağın (Əsgərov), Sücaətin, Qəmbər Şəmşiroğlunun şeirlərində, yazılarında bu cənnət elə gözəl vəsf olunub ki. Mənim onlar kimi vəsf etməyə gücüm çatmaz, çünki onlar o torpaqdan, o sudan, o havadan, o çiçəklərin qoxusundan yaranmışdılar. Amma mən ildə cəmi ikicə ay o cənnətdə olurdum.

İki ayda o torpağın, o havanın, o suyun, o gülün-çiçəyin qoxusu nə qədər ruhuma hopsa da o dəli-dolu Sücaətin təsəvvüründəki cənnəti mən yaşaya bilmərəm. Amma nə qədər yaşamışamsa bəsimdi.

Bu illərdə xanımım da həmişə deyirdi:

- Mən Kəlbəcəri görmək istəyirəm.

Qurban olum Tanrıya, arzularımız ürəyimizdə qalmadı, Tanrı arzularımızı gözümüzdə qoymadı.

Bu xoş günlər üçün göydə Tanrıya, yerdə şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandanımız İlham Əliyevə borcluyuq. Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı, Ali Baş Komandanımıza sonsuz təşəkkürlər!



4680 oxunub

InvestAZ