Toğrul illərdi günahkar kimi gəzirdi.
Toğrul illərdi içindəki övkəni, nifrini,
ağrını, sevgini gizləyib gəzirdi.
Toğrul illərdi Aysunun gülüşünü görmək istəyirdi.
Aysu illərdi gülmürdü.
Ağlındakı, ürəyindəki, bədənindəki ağrılarla
birgə böyüyən Aysu artıq 19 yaşlı qız idi. Həm də gözəldi Aysu. Dümdüz qaməti,
hərdən hördüyü, hərdən topladığı qara saçları, ayaqları, əlləri, hətta
barmaqları da gözəldi.
Bircə gülüşünün necə olduğunu bilmirdi kimsə.
Toğrul balaca Aysunun gülüşünü də unutmuşdu artıq.
Çünki illərdi Aysu gülmürdü.
Həmişə gözlərini qaçırar, Toğrulun üzünə, gözünə
baxmazdı. Çox vaxt susardı Aysu. Hərdən Toğrul bu susqunluğa dözməz, Aysunu
ehmalca sinəsinə sıxar, içinə sığmayan duyğularını pıçıldayardı. Qız yenə susar
sadəcə bir az ona qısılardı.Toğrul əllərinə, sinəsinə düşən damlaların istisindən
qovrulardı. Qıza qoşulub hönkürmək istərdi. Toğrula elə gəlirdi ki, Aysu doğma
kəndidi - Qarabağın özüdü: belə yaxın və uzaq, belə əziz və yaralı...Gözəl və
viranə...
Toğrul Aysunu nə vaxtdan sevdiyini də dəqiq
bilmirdi. Bəlkə də Aysu dünyaya gələndən sevirdi...
***
Kənd
camaatı bir başqadı. Bir ailənin, bir nəfərin kədəri də, sevinci də hamınındı. Cahangirlə
Naibənin ilki doğulanda qonum-qonşu onlarla birlikdə sevinirdi. Toğrul tez-tez
anasıyla balaca qızı görməyə gedirdi. Hərdən anasının balacanı əzizləməsinə
qısqanclıqla yanaşsa da, özü gözünü
beşikdəki körpəyə zilləyər, böyüklərin
söhbətə başı qarışdığını görəndə beşiyə yaxınlaşardı. Bir gün qızcığazın
xalasının təbəssümlə dediyi sözləri illər
sonra tez-tez xatırlayacağından, həyatını bu sözlərə bağlayacağından xəbərsizdi.
Yenə oğrun-oğrun beşiyə yaxınlaşdı. Balaca
Aysu əllərini oynadırdı. Qızın əlindən
tutmaq istədi. Aysu Toğrulun barmağından yapışdı. Oğlan gülümsədi. Birdən
xalanın baxışlarını gördü. "Əlimi buraxmır” dedi qəribə utancaqlıqla. Xala yaxına
gəlib Toğrulun saçlarını oxşadı: Heç buraxmasın, sən də onun əlindən bərk
yapış, heç vaxt buraxma.-dedi.
Sonralar heç vaxt tapmayacaq xalanın ən gözəl
təbəssüm vardı üzündə.
Naibə xalanın bacısına "Ay qız, uşaqla işin
olmasın” deyə yüngülcə acıqlanması Toğrulun yadında idi.
Toğrula bu sözlər şipşirin gəlmişdi. Bu sözlərdən
anasının əllərindəki istiliyi hiss eləmişdi. Sonralar qız böyüdükcə Toğrul onun
əlindən tutub gəzdirərdi. Aysu Toğrulgilin bağlarını çox sevərdi. Qonşu idilər.
həyətlərinin arasındakı çəpər əvəzi olan gül kollarının arasından yavaşca
onların həyətinə keçərdi tez-tez.
Sonra Aysu da Toğrul kimi məktəbə getdi. Arada
məktəbdən birlikdə gəlirdilər. Xalanın sözlərini xatırlamasa da, qızın əlindən
bərk-bərk yapışardı...
Sonra Toğrul tələbə oldu.
Həyat onun üçün başqa rəng aldı. Ömrünün ən
maraqlı illərini yaşayırdı. Asta yerişli, təmkinli Toğrul davranışı, savadı ilə
sevildi, seçildi. Adama elə gəlirdi ki, Toğrul
heç vaxt, heç nəyə tələsmir. Sakit havada dənizə bənzəyirdi. Sadəcə səthi
yüngülcə titrəyən, amma sonsuzluq duyğusu yaradan dənizə... Şəhərə alışmağa
çalışırdı.
Sonra...
Sonra 1988-ci ildə Azərbaycanın qədim şəhəri,
hal-hazırda Ermənistanın paytaxtı olan İrəvanda "Ermənistanı türklərdən təmizləyək”
hərəkatı başladı. Bir qədər sonra SSRİ Dövlət Təhlükəsizlik komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak
partiyasının ekstremist qrupları Sumqayıtda iğtişaşlar törətdi. SSRİ-nin, rus
imperiyasının dəstəyi ilə minlərlə azəri türkü doğma elindən-obasından, evindən-eşiyindən
didərgin düşdü. Bir vaxt Rusiyanın dəstəyi ilə ermənistana qatılan
torpaqlarımız ermənilərə qaldı. Amma SSRİ buna göz yumdu, iğtişaşları bəhanə edərək
Azərbaycana qoşun yeritdi. 1990-cı il yanvarın 20-də əliyalın insanlarımızın üzərinə
sovet tankları hücum etdi. Böyük qardaş daha bir qanlı səhifə yazdı tariximizə.
Bakıda vəziyyət gərgin, Qarabağdan gələn xəbərlər
ürəkaçan deyildi. "Ermənistanı türklərdən təmizləyək” əməliyyatını Rusiyanın
köməyi ilə uğurla başa vuran ermənilər ərazi iddiası ilə Dağlıq Qarabağda
iğtişaşlar törətməyə başladı.
Yerli əhali
çaşbaş oldu. Zaman-zaman namərdliklərini unudaraq ermənilərə yenidən qucaq
açmaları, "dost” demələri xəyanətlə üz-üzə qaldı. Hər "dost”un içindən bir vəhşi
çıxdı...
Vəziyyət get-gedə ağırlaşırdı. Bir müddət əvvəl
əhalidən ov tüfəngləri də yığılmışdı. Toğrul kəndə qayıtdı, könüllü dəstələrə
qoşuldu. Döyüşür, yerli uşaqlarla birgə erməni və rus silahlılarının doğma kənd-kəsəyindən
didərgin etdiyi yerli əhaliyə kömək edirdi. Kəndlər, rayonlar işğal olurdu. Əhali vəhşiliklə üz-üzə idi: evlər dağıdılır, hər
yerə od vurulur, insanlar güllələnir, doğranır... Uşaqlara, hamilə qadınlara,
yaşlılara belə aman vermirdilər: ermənilərin amansızlığı ağlasığmaz idi. hər
birinin içində bəslədiyi namərd meydana atılmışdı. Xeyirxah unutqanlıqları
amansıza dönüb onlara hücum çəkirdi.
Əli
silah tutanlar döyüşür, yolları, cığırları, meşələri, daş-kəsəyi gəzir, azıb qalanları, yaralıları, meyitləri
daşıyırdılar. Toğrul ağırlıqdan, ağrılardan güclə toparlanırdı. Hamı eyni hissləri
yaşayırdı. Ölkənin müxtəlif yerlərindən gələn, bu yerləri ilk dəfə görən
könüllülər üçün belə yad adam yox idi. Hamı doğmaydı.
Neçə gün
idi kəndə gedə bilmirdi. Atası, kiçik qardaşı, bütün qonum-qonşu, dost-tanış, məktəb
direktoru, şagirdlər belə döyüşür, kəndi qoruyurdu. Silah çatışmırdı.
Kəndlərinin
düşmən əlinə keçdiyini öyrəndi. Ölən ölmüş, döyüşən döyüşürdü. Qalanlar
yollarda, dağda, dərədə idi. Toğrulu yaşamaqla bağlayan bütün tellər
qırılmışdı...
Döyüş yoldaşı Rasim və Səmədlə kəndlərinə
yaxınlaşdı. Hər tərəf yanırdı, hər tərəf dağıdılmışdı. Heç kim gözə dəymirdi...
Toğrulgil
dağın ətəyindən ağacların arasından kəndə baxır, gah da gözləri kənd yolundan
meşəyə aparan cığırları axtarırdı. Birdən qəribə sükut çökdü. Toğrul çayın səsini
eşitdi. Ona elə gəldi ki, kimsə inildəyir. Əslində Aysu inildəmirdi, kimsəni
çağırmırdı. 12 yaşlı qızcığazın səsi batmışdı.
Salamat yeri olmayan, yarıçılpaq Aysunu görəndə
elə bildi ki, qız ölüb. Bir anda bədəni xəlbirə döndü və hər tərəfə qan səpildi.
Qandan başqa heç nə görmürdü, qulaqları tutuldu.
Səmədin onu şillələyərək "Toğrul, Toğrul, tez ol,
özünə gəl” dediyini eşidənəcən nə qədər zaman keçdiyini bilmədi.
Toğrul saatların
günlərə, günlərin aylara necə döndüyünü hiss eləmədi Zaman mahiyyətini
itirmişdi. Aysuyla birlikdə sağalmağa çalışdı.
İllərsə keçdi.
Düz 7 il.
Aysunun bədənindəki yaralar sağaldı. Amma üzü
gülmədi. Heç nəyə sevinmədi Aysu. Kiçik qardaşını götürüb "Naibə, mən uşaqları
kənddən çıxarıram, tez ol sən də Aysunu götür, çıx evdən” deyərkən üzündəki əzabla
yadında qalan dayısı Eldarı, kiçik qardaşını görəndə də ağladı sakitcə. Dayısından 5-10 dəqiqə sonra
gələn, "çıxın, çıxın” deyə anasını tələsdirən atasınımı xatırladı? Amma
gecikdilər...
Tibb kollecinə qəbul olanda da sevinmədi.
Toğrul ona sevgisini açanda, evlənmək təklif
edəndə də susdu. Baxışları uzaqlara getdi. Kədərləndi. İki damla yaş düşdü
yanağına. Nə gördü Aysu? Kəndlərinimi? Özünü qızının üstünə atan anasının
saçlarından ora – bura çırpıldığınımı? Üstünə yıxılan bədənlərimi?
Atasının baxışlarını da unutmadı. Qızının
çığırtısından, iniltisindən qulaqları dağıldı atanın. Qulaqlarından axan qan
sinəsini yandırdımı, dondurmu, Aysu bilmədi. Qulaqları kimi ürəyi də dağıldı
Cahangirin. Kədər, əzab, nifrət dolu çarəsiz baxışları qaldı Aysunun gözlərində.
Bir də hər dəfə üstünə cumanların ayaqlarından yapışan anasının təpiklərdən
dağılan üzü...
Onlar heç vaxt o günlərdən
danışmırdılar.
Aysu ümumiyyətlə "yaxşı”, "hə”, "yox”, "olar”
və s. qısa kəlmələr işlədirdi. Toğrulun
evlənmək təklifinə də susdu. Toğrul Aysunun onu semədiyini düşündü. "Bəlkə heç
burda yaşamaq istəmir”- fikri də keçdi ağlından. Aysunun dayısı Eldarla
danışmağa qərar verdi.
Müharibədən sonra Bakının yaxın kəndlərinin
birində götürdüyü torpaq sahəsində özünə yığcam səliqəli bir ev tikmişdi
Toğrul. Qızın dayısı Eldarla qonşu idi. İllər öncə Eldar Aysunu aparmaq istəyəndə
də Aysu qaçıb Toğrulun əlindən bərk-bərk tutmuşdu. İndi də dayı "Aysu, daha
evimizə gedək, səni aparmağa gəlmişəm, bizimlə yaşamağın yaxşıdı” deyəndə Aysu
Toğrulun əlindən yapışdı. Yenə iki damla yaş düşdü gözlərindən. "Getmirəm”
dedi. Toğrul onun əllərinin əsdiyini hiss etdi. Dayı razılıqla mehribanca
Toğrula baxdı:”Xoşbəxt olun”dedi.
Oğlu olanda da ağlamışdı Aysu. Toğrulun "İstəyirsən
atanın adını verək” sözünə "Yox, Turan olsun” demişdi. Qızı olanda günlərlə bədəni
əsdi Aysunun.
Toğrul o günlərin acısından nə vaxtsa qurtula
biləcəklərini sanmırdı. Bədəninin bir parçasıydı artıq. Kəsib atsan da, yoxluğu
ağrıdacaqdı. Unutmayacaqdın.
***
2020-ci ilin ilin iyulunda Ermənistanın ləyaqətsizliyi
yeni münaqişəyə səbəb oldu. Azərbaycan ordusunun general-mayoru hamının
sevimlisi Polad Həşimovun ölümü şillə kimi silkələdi hamını. Minlərlə gənc
könüllü hərbi xidmətə yazıldı. Birinci kursu bitirən Turan da təhsilini dondurub
könüllü həqiqi hərbi xidmətə yollandı. Toğrul onu fikrindən daşındırmağa
çalışsa da Aysu susdu.
Sentyabrın 27-də savaş başlayanda Aysunun
üzündəki ifadə dəyişdi. Bir qürurluq yarandı duruşunda. Oğlu döyüşdən zəng edəndə
səsində kədər hiss olunmadı. Hər danışığında sakitcə inamla ”Qalib olacaqsız”
deyirdi sadəcə. "Qorxma, onlardan qorxma. O alçaqlardan qorxma” deyirdi.
Kəndlər, rayonlar, şəhərlər azad olduqca
Aysunun üzündə təbəssüm görünürdü.
Qələbə
xəbəri bütün ölkəni sevincə bürüdü. Ağlayan, gülən bir-birinə qarışdı.
Turan arada yüngül yaralansa da, evlərinə
qayıdırdı. Bütün kənd camaatı küçə boyu düzülmüşdü. Hamı əsgərini qarşılayırdı.
Toğrul da yaxınların əhatəsində küçədə idi.
Bircə Aysu həyətdə qalmışdı.
Aysu eyvanda dayanmışdı heykəl kimi. Hay-küy
qopdu Aysu tərpənmədi.
Həyət darvazası taybatay açıq idi. Turan
darvazada göründü. Vüqarla dayandı çinar kimi qamətli oğul. Anasına baxdı. Baxışlar
görüşdü...Ağladı...30 ilin acısını yudu... Dəqiqələr ötdü. Aysu yavaş-yavaş oğluna
tərəf gəldi, qarşısında dizi üstə düşdü...
Turan anasını ehmalca ayağa qaldırdı.
Qollarının arasına aldı. Üz-gözündən öpüb, saçlarına sığal çəkdi.
Toğrul heyrət içindəydi. Toğrulun heyrəti sevinirdi. Aysu yaş dolu gözlərini Toğrulun gözünə zilləmişdi.
Aysu gülürdü. Yox, bu gülüş də deyildi, bu dəlicə bir qəhqəhə idi. Aysu
dayanmaq bilmirdi. Bu qəhqəyə hıçqırtı qarışırdı. Ona qoşulub ağlayır, gülürdü
Turan.
Bu göz yaşı ananın hər əzasında yığılıb qalan
ağrı-acıydı damla-damla süzülüb gedirdi. Bu gülüş azad olunmuş hər qarışdan qayıdan
haray idi.
Turan illərdi anasının saçlarında, əllərində,
gözlərində yığılıb qalan ağrıları söküb atmışdı. Turan əzaba qalib gəlmişdi.
Bir an hamı susdu. Aysunun qəhqəsi eşidildi hər
tərəfdən. Bu qəhqəhə Qarabağda eşidildi, Aysugilin kəndinə gedib çatdı. Toğrula
elə gəldi ki, kənd camaatını görür: hamı burdaydı - ölüb, itən, sağ qalan - hamı.
Hamı gülürdü-qəhqəhə çəkirdi. Bu qəhqəhə ürəklərdə dağa dönən acıları ayaqları
altına alıb əzirdi...
Elə bil göylə yer birləşirdi. Torpaq silkələnirdi.
Göy güruldayır, ildırım çaxırdı. Günəş doğdu birdən. Hamı günəşə qoşulub qəhqəhə
çəkdi.
Turan qalib id