XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Xocavəndliləri doğma ocaqlarında salamlayan müzəffər prezident
Gündəm 09:52 / 17.10.2021
"İqtidar.az"-da   Tahir RÜSTƏMOVUN    təqdim etdiyi  yazını  diqqətinizə çatdırırıq


Əbülfət MƏDƏTOĞLU,

Şair publisist,Əməkdar jurnalist


Hər bir insan üçün doğulduğu ev, ocaq, yurd bütün həyatının mənasını özündə ifadə edir. Yəni, ilk beşik insanı formalaşdırır və həmin o başlanğıcdan yol alan bir ömür özü ilə həm də o ilkinlikdən qazandıqlarını daşıyır.

Bax, bu mənada evindən, ocağından uzaq düşmək hardasa özündən də, dünənindən də uzaq düşməkdir. Mən bunu bir az obrazlı ifadə edirəm, lakin tam dəqiqliyi ilə bilirəm ki, 30 il uzaq düşdüyüm kənd təkcə 30 illik həsrətimi yox, həm də həmin 30 ildən öncəki yaşamımı, həyat tərzimi, sevincimi, uğurlarımı, bir sözlə, mənə nə vermişdisə hamısını özündə saxladı. Mən o kənddən özüm ilə ancaq cismimi gətirmişdim. O cismdə də nə qədər özümü axtarırdım, tapa bilmirdim. Özümü tapmağım da, 2021-ci ilin noyabr ayının 9-na təsadüf etdi…

1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə erməni işğalçıları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut rayonunun Tuğ kəndini işğal etdi. Həmin işğal nəticəsində gözlərimin qarşısında kənd də yandı, mənim doğulduğum ev də. O zaman mən bu anları Sovet Sülhməramlılarının PDM-nin içərisindən izləyirdim. Əlim, səsim heç yana  çatmırdı, evim isə yanırdı… Onda göz yaşları içərisində yazdım ki:

 

Yandı evim, eşiyim,

Yandı divarım, daşım.

İsit, qoyma üşüyüm,

İsit məni göz yaşım!

 

Bəli, göz  yaşıma sığındım. Həmin an ağlıma başqa heç nə gəlmədi, çünki bu vəhşətdən Allahın da xəbəri yox idi. Cinayəti törədən bəndə yox, vəhşi bir tayfa idi. Ona görə də o evdən, o kənddən qovulandan bir neçə müddət sonra özümə təsəlli vermək üçün yazmışdım ki:

 

Bir ev qoyub gəlmişəm,

Açarları cibimdə…

Açarla oynayıram,

Çadırların dibində…

 

Çox şükürlər, çadırlardan Azərbaycan prezidentinin qayğısı və diqqəti sayəsində mən də, qaçqın soydaşlarımız da xilas oldu. Tikilən qəsəbələr bizə ümid verdi, inam bağışladı. Bildik və əmin olduq ki, "böyük köç”-ün önündəyik. Bu inam da bizə təkcə yaşamağa yox, həm də liderimizin, Ali Baş Komandanımızın ətrafında birləşməyə stimul oldu. Həmin stimulun ən böyük ifadəsini də 44 günlük Böyük Vətən Müharibəsində gördük. Hamımız şahidi olduq ki, Ali Baş Komandan öz dəmir yumruğunu ortaya qoymaqla, düşmənin «Yenilməz Ordu» mifini darmadağın etdi, Şuşaya Azərbaycan bayrağı sancıldı, Hadrut qəsəbəsi, Tuğ kəndi azad edildi. Və bu azadlıq sevincini Ağdam da, Füzuli də, Kəlbəcər də, Laçın da, Zəngilan da, Qubadlı da, Cəbrayıl da yaşadı. Bütöv Azərbaycan Böyük Zəfərin nuruna büründü. Bax, o müqəddəs nurdan mənə də pay düşdü. Yəni, 30 il görmədiyim, yuxularımda, xəyallarımda daşıdığım kəndimi ziyarət qisməti üzümə güldü.

Bir neçə gün bundan öncə Bakıdan Tuğa avtobus yola düşdü. 30 il bu yolla  Bakıdan Tuğa avtobus getməmişdi. Avtobusun sərnişinləri arasında mən də var idim. Bu avtobus Hadruta, Tuğa, Xocavənd ictimaiyyətinin nümayəndələrini aparırdı. Biz Hadrutda, Tuğda olanda keçirdiyimiz hissləri, yaşadığımız anları sözə çevirmək, sözlə ifadə etmək qeyri-mümkündür. Xüsusilə ona görə ki, dağıdılmış, viran edilmiş bu yerlərdə ordumuzun, əsgərlərimizin qətiyyəti, onların mərdanə və ev sahibi əzmi ilə xidmət etmələri şəxsən mənə sonsuz qürur bağışlayırdı. Mən bu dağıntıların içərisində yeni tikiləcək evləri və bu torpağın sahiblərini görürdüm. Həmsöhbət olduğum hərbçilərimiz o qədər səmimi və ürəkdən suallarıma cavab verirdilər ki, bu mənə həm yaddaşımın bərpası, həm də ümidimin qol-qanad açması üçün əlavə güc verirdi.

Gəncliyimin keçdiyi Hadrut qəsəbəsi burada şahidi olduğum neçə-neçə hadisələr bir anda gözümün önünə gəldi. Çinar bulağının suyundan ovuclayıb içdim. Elə bildim ki, həmin o illərdəyəm. Başımı qaldırıb baxanda düşmənin viran qoyduğu binaların qaraltısı məni yenidən müharibənin səbəbkarlarına, nifrətə köklədi. Burada bir-birimiz ilə etdiyimiz söhbətlərdən gəldiyimiz nəticə bu oldu ki, Hadrut qəsəbəsi düşmənin bel sütununun qırıldığı nöqtədir. Məhz Ali Baş Komandanımız da Hadrutda bizimlə söhbət zamanı vurğuladı ki, düşmən Azərbaycan ordusunun Hadrut istiqamətindən hücum edəcəyini gözləmirdi. Bizim Müzəffər Ordumuz onların alınmaz qala hesab etdiyi Hadrutu geri alanda artıq ermənilər müharibəni uduzduqlarını anlamağa başladılar. Bu zaman artıq onlar üçün çox gec idi. Onlar bizim humanistliyimizin, dözümümüzün sonsuzluğuna ümid bağlayırdılar, amma bilmirdilər ki, biz onları öz ata-baba yurdumuzdan mütləq qovub çıxardacağıq. Biz də bunu etdik!

Bəli, elə burdaca cənab prezidentimiz İlham Əliyev xoş bir ovqatla üzünü bizə tutub dedi:

– İndi də sizi Tuğa dəvət edirəm!

İnanın ki, bu dəvət o qədər səmimi ifadə oldu ki, mən və digər tuğlular alqışlarla özümüzü maşınlara atdıq. Cənab prezidentin arxasınca Tuğa yollandıq. Hadrutla Tuğ arasındakı 12 km-lik yolu necə, hansı sürətlə keçdiyimizi hələ də xatırlaya  bilmirəm. Bir də o zaman özümə gəldim ki, biz artıq Tuğdayıq. Mənim doğulduğum evin beş addımlığında  dayanmışıq. Kol basmış bu evin yerində həyat əlaməti yox idi. Cənab prezident yenə əvvəlki səmimiyyət və xoş ovqatla, həm də ev sahibi kimi bizi salamladı:

– Tuğa xoş gəlmisiniz! Gəlin sizi Tuğla tanış edim – dedi.

Mən dayandığım yerdə prezidentimizə üz tutaraq kövrək bir şəkildə:

– Cənab prezident, bu mənim doğulduğum evdir, qarşıdakı isə mənim oxuduğum məktəb – dedim.

Son dərəcə həssas və səmimi olan prezidentim özünəməxsus şəkildə:

– Bəli, hər şeyi görürəm, keçən səfərimdə də baxdım. Tuğ əsl cənnətdir. Biz bu kəndi tamam fərqli layihə ilə bərpa edəcəyik. Tuğun özəlliklərini qoruyub saxlayacağıq. Bura yalnız istirahət zonası olacaq. Bu kəndin gözəlliklərindən, mineral bulaqlarından hamı istifadə edəcəkdir. Burda insanlar əvvəlki kimi kənd təsərrüfatı ilə məşğul olacaq.

Tuğ kəndində olduğumuz zamanın ölçüsü nə qədər oldu deyə bilmərəm, amma yüz faiz əminliklə deyə bilərəm ki, mən həmin gün təkcə evimə, kəndimə qayıtmadım. Mən həmin gün həm də prezidentimizi yenidən tanıdım və bir daha əmin oldum ki, o, bütün azərbaycanlıların prezidentidir!

Bu səfər zamanı cənab İlham Əliyevlə etdiyim söhbət onun tuğlulara və bütövlükdə kəndimin tarixinə, dünəninə böyük marağı məni əməlli-başlı duyğulandırdı. Əmin oldum ki, bu ölkənin uzaqgörən, fateh, dünya liderləri ilə bir cərgədə dayanan prezidenti, həm də ölkəsinin tarixini gözəl bilən müdrik rəhbəri var. Məncə xalqımızın xoşbəxtliyinin ən başlıca səbəblərindən biri də məhz bu iki məqamdır. Bax, kəndimə 30 ildən sonra etdiyim səfərin mənə verdiyi həyat dərsinin diqtəsi də bu oldu.

Kəndimi ziyarət etdiyim anın şeiri

 

Gözlərimin dibində

Son işartı, son çınqı…

Əlim dərdin cibində –

Ürəyimdə, qor , yanqı

Otuz il gözlədim mən…

 

Dodaqlarımda qabar

Dilimdə düyün-yara..

Ruhumda sakin qübar

Çəkilmiş kimi dara –

Otuz il gözlədim mən…

 

Əllərimdə titrəyiş

Dizlərimdə döyənək…

Ayaqlarda büdrəyiş

Son dözümü geyərək –

Otuz il gözlədim mən…

 

Günəş fərqli doğan gün

Bir an fırlanmadı Yer!

Ordum düşməndən aldı

Cənnəti,sən də gəl, gör!

Mən otuz il gözlədim..

 

Təqdim etdi: T.Rüstəmov


5062 oxunub

InvestAZ