XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Xocavənd rayonunun işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinə uğurla start verilib
MƏMLƏKƏT 12:30 / 15.10.2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmiş, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun İkinci Qarabağ müharibəsindəki uğurla həyata keçirdiyi Hadrut əməliyyatının böyük əhəmiyyəti vardır. 1992-ci 2 oktyabr tarixindən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 2020-ci il 9 oktyabr tarixində azad edilmişdir. Hadrutun alınması həm hərbi, həm də strateji baxımından xüsusi önəm daşıyırdı. Bu ərazidə düşmənin çoxlu sayda qüvvəsi olduğundan, eyni zamanda qəsəbənin ətrafındakı təpələr geniş əraziyə nəzarət etməyə imkan verdiyindən Hadrutu götürmək çox çətin idi. Lakin düşmən nə qədər dirəniş göstərsə də Azərbaycan Ordusunun döyüş əzmkarlığı və qələbəyə olan inamı nəticəsində Hadrut işğalçılardan tam azad edildi, şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına uzun illər düşmən taptağı altında qalan tarixi torpaqlarımıza qovuşduq.
Vətən müharibəsinin gedişində Hadrut əməliyyatı mənəvi-psixoloji baxımdan da çox əhəmiyyətlidir. Ermənistan hökuməti bir müddət öz xalqını Hadrutun onların nəzarətində qalması ilə bağlı yalanlarla aldatmağa çalışmışdır. Ermənistan Müdafiə Nazirliyi həmin vaxt bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geri çəkiliblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Yalnız Ali Baş Komandanın əmri ilə Hadrutda 9 oktyabrda Azərbaycan bayrağı qaldırıldıqdan sonra artıq Ermənistanın rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir.
Hadrutun azad edilməsi ordumuzda olan ruh yüksəkliyini daha da artırdı, düşmən ordusunda isə əksinə fərariliyin, özbaşınalığın kütləvi hal almasına gətirib çıxardı. Bu qələbə eyni zamanda tarixi, keçmişi və dövlətçiliyi yalanlar üzərində qurulmuş Ermənistanın formalaşdırdığı "məğlubolunmaz erməni ordusu” mifini də darmadağın etdi. Zəfərin qazanılmasında xalqımızın həmrəyliyi, xalqımızın Ordumuzun arxasında dayanması, ona mənəvi və maddi dayaq olması, ona inamı böyük rol oynadı.
Hadrutun azad olunmasının ildönümu tarixində cənab Prezidentimizin Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etməsi, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçən müddət ərzində görülmüş işlərin yekunu və qarşıda duran əsas vəzifələr baxımından böyük əhəmiyyət kəsb edir. 
Cənab Prezidentimizin Hadrut qəsəbəsinə və Tuğ kəndinə tarixi səfərlə bu ərazilərin gələcək inkişafı və dirçəldilməsi ilə bağlı planların icrasına start verildi. Səfər zamanı Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu, yeni "Hadrut” qovşaq yarımstansiyasının və yeni məscidin təməlini qoydu, Hadrut qəsəbəsinin bərpası üçün yeni baş planın hazırlanması üçün tapşırıqlar verdi.  
Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunda da möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır. 
Azərbaycan xalqı yeniliyə, müasirliyə açıq olduğu qədər öz tarixinə, adət-ənənələrinə, milli və dini dəyərlərinə də son dərəcə bağlılığı ilə seçilən bir xalqdır. Məhz bu baxımdan Ölkə Prezidentinin Hadrut qəsəbəsində eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan yeni məscidin təməlinin qoyması xüsusilə təqdirəlayiqdir. 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafı baxımından həmin ərazilərdə həyata keçirilən yol-infrastruktur layihələrinin icrası müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan Ölkə Prezidentinin oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olması da bir daha bu işlərin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Xüsusilə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun öz başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməsi Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyətini daha da artırır. 
    Erməni işğalından azad edilmiş Tuğ kəndi Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib olan kəndlərindən biridir. Bu kənddə ötən əsrin 60-70-ci illərində Azərbaycan arxeoloqları tərəfindən Daş dövrü insanlarının yaşayış yeri kimi məşhur – Azıx mağarası aşkar olunub. Tarixi saxtalaşdırmaqda xüsusi "istedadları” olan ermənilər bu tarixi abidəmizi özününkü hesab edərək Azıx mağarasında ermənilərin yaşadıqları haqqında sərsəm fikirlər söyləmiş, dünyanın bir neçə ölkəsindən alimlər gətirməklə sadəcə olaraq şou yaratmış, mağaraya böyük ziyan vurmuşlar. 
    Hadrut kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaqdır. Burada bitkiçiliyin, heyvandarlığın və üzümçülüyün inkişafı üçün çox münbit şərait vardır.
    Hadrut işğaldan azad olunmuş digər ərazilər kimi bərpa olunacaq, yenidən qurulacaq, tarixi abidələri və füsunkar təbiəti ilə beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevriləcəkdir.

Hüseynov Bəhman Tapdıq oğlu

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının 
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini


5674 oxunub

InvestAZ