XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Sabahkı gün - İradə TUNCAY yazır
YAZARLAR 11:59 / 24.09.2021

(ƏVVƏLİ BURADA)

 

Ən böyük Əsgər bizim Əsgər...

Gənclərdən fərqli olaraq mən o yerlərdə çox gəzmişəm gəncliyimdə. Qarabağda yəni... İndi hər gün Əsgərlərimizlə addım-addım qayıdıram...

Var olun!!!

İnternetdə  neçə  illərdən sonra həyətlərinə  qayıdıb ağacdan nar  üzən hərbçimizin fotosu ürəklərə təskinlik verir. Bizim  hərbçi  öz həyətlərinə qayıdıb. 

"Qayıtmaq”  sözü  başqa  məna daşımağa  başlayıb. Liderimiz də deyir  – biz  öz  evimizə qayıdırıq!!!

Mən Avropada çox olmuşam. Bəzən 15-20 gün qaldığım da olub... Nə deyirəm? 

Xristian Avropasında hər kiçik qəsəbədə də kilsə var və kilsələrdə də hər yarım saatın, hər bir saatın tamamında zəng çalınır. Kilsə zəngi... Kimsə də narazılıq etmir və etmək də absurd olar... Yəni zəng həmin insanların orda varlığını təsdiq edir...

Azan da bizim üçün belədir. Harda varsa, orda bizlər varıq... Başqa söhbət yoxdu!!!

Səhər yerimdən duran kimi hava proqnozuna baxıram neçə gündü. Dağlarda yəni...

Dağ kimi oğullarımız!..

Allah amanında...

                                                                ***

Qubadlı geri alındı –  deyəndə ilk xatırladığım Aygün Attar oldu... Qəhərləndim... Sonra şərhlərdə gördüm yazdığını –  Ruhun şad olsun, abi...
O da ilk abisini xatırlamışdı doğma yurdunun adı gələndə. 

Aygün Vətən, Bayraq olacaq qadındı. Hər an, hər dəqiqə Vətən kimi hər kəsi qucaqlayacaq qadındı... Elmiynən dünyanın yüksək kürsülərində, hərarəti, istisiynən yaxınlıqda...

Aygünün kim olduğunu anlamaq üçün azacıq ünsiyyətdə olmaq yetir... Hətta bioqrafisini oxumadan da... Professor, Dr., Giresun universitəsinin əski rektoru...

İki  ölkə arasındakı körpünün sütunlarından biri...

Az əvvəl gəlmişdi Bakıya, görüşdük, söhbətləşdik. Çox danışdıq hər mövzuda...

Ancaq indi Qubadlı və qəhər...Və Aygün... Ətirlim... Kiçik vücuduna dünyanı sığışdıran qadın...


Universitetdə oxuduğum vaxtlar idi. "Dostluq” kinoteatrı ilə üzbəüz (Bakıxanov küçəsi ilə sağa dönəndə) bir heykəl qoydular bunlar. Qartal heykəli... Düz ağzımızın içində Daşnak partiyasının emblemini qoymuşdular bizə göz dağı... Bir xeyli vaxt qaldı orda... Biz də yatmışdıq elə bil... Kompartiya ola-ola Daşnak simvolu...

Videolarını görmüsüz də, qartal uçuşu ilə başlayır...

İndi bizə birgə yaşayış məsləhət görürlər...

Bu müharibə o qədər yanlış təsəvvürləri və mifləri darmadağın etdi ki...

Sadəcə, düşmən tərəf sağlam ağılla düşünə bilmir. Çünki sağalan deyil xəstəlikləri...

                                                                     ***

Bazar günü maşını həyətdən çıxaranda it sivişib qaçdı küçəyə... Qanım qaraldı da –  gəl, indi qaytar həyətə. Qonaqlarım da qapıda gözləyir, getməliyik. 
İndi içimdə fikirləşirəm ki, ay avara, hara qaçırsan axı? Küçədə yaşaya bilərsən? Müstəqil olmaq hünərin var sənin? Küçə doludu canavar kimi küçə itləriynən. Yeyərlər səni, ay axmaq, qayıt!! Özü də mənim kimi sahibədən qaçarlar?! 

Nəysə qaytarıb gətirdik bunu küçənin o başından... Qonaqlardan biri də diaqnoz qoydu –  sizin itin azadlıq eşqi iki tin qaçmağa çatdı...  İti qovan kimi... yaxşı  söz  idi... Yeni  sözlər də  gəldi  dilimizə... Savaş  folkloru yarandı... Nooldu, Paşinyan? Bombacıq... Harop... Dron... Şirin sözlər...  Acı  sözlər də  oldu –  Gəncəyə, Bərdəyə atıldı  bombalar.  


Bütün İran sərhədi məntəqələri götürdük – Yaşa, Əsgər!!! 

Elə Ağdamdan talayıb-daşıdıqlarıyla Ermənistanı zəngin eləmişdilər... Onu da yeyib-içiblər... Görünmür...

Bütün sosial şəbəkələrdə yaxşı cavab verirlər düşmənə – maşallah gənclərimizə!!! Son nidanı Əsgər qoyacaq!
Gör necə qorxurlar ki, atəşkəsin "a"-sın eşidən kimi bayram edirdilər Yerevanda. Nə qədər kütbeyin millətdi və gizlədə bilmirlər...
Son 200 ildə həmişə bunları kullanıb atıblar...

Nəsə qazandıqları haqqında deməyin mənə, yaşayışlarını gördüm... Bizimlə birlikdə ağa-bəy kimi dolanırdılar...
Biz döyüşək deyirik, onlar sevinir... Məntiq var,məntiq...

Həzrət Abbas haqqı, belə DİVAN tutulmamışdı bunlara  Tarixdə ilklərə imza qoyan OĞUL !!!

***
Strasburqun mərkəzində bir monument var (daim iki xalqın rəqibliyi bu şəhərə öz möhürünü vurub. Hətta Atilla da burda döyüşüb. Bizim deyəkmi?). İkinci Dünya Müharibəsində həlak olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər idarəçiləri əhaliyə müraciət edərək yardım istəyiblər memorialın hazırlanmasına. İanə yığılıb müharibədə əzizlərini itirən insanlardan. 50 frankdan tutmuş 50000 franka qədər pul verən olub. Sonradan bu siyahını dərc edirlər.

"Canından keçənlərimiz” yazılıb monumentin üstündə... Ana can verən iki oğlunu bağrına basıb. Biri fransız, biri almandı övladları. Hər ikisi uniformasızdı, fərqlənməsinlər deyə. Əl-ələ verib ölürlər, biri Fransaya, biri Almaniya tərəfə baxır. Uğrunda öldükləri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Məsələ burasındadır ki, burda iki millət də rahat yaşayıb. Yönətim kimdə olsa da... Deməyiblər çıx get və düş çöllərə...

Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur...

Qarşımızdakılar xatırlayırlar... Və Çar da mütləq xatırlayır ki, SSRİ-nin dağılması Qarabağ məsələsiylə başladı. Bu dünya məsələsidi...

Səbrli olaq və sakit olaq!!!

Biz güclüyük və arxayınıq!!! Amma bu qövmün başbilənləri həmişə onları faciələrə sürükləyib. Heç nəyi düşünməyib. Harda yaşadıqlarını, kimlərlə qonşu olduğunu anlada bilməyib... İstər İran coğrafiyasında, istər Turan coğrafiyasında saraylarda önəmli yerlərə sahib olublar, amma azlıq edib. İtələyiblər xaosa... Gözəl həyatların məhv ediblər... Ziyalıları da xəstə təfəkkürlüdü. Tək-tək adamları anlayıb ki, olmaz nifrətlə yaşamaq. Qara Keşişdi bunlar...
Bayaq evə qayıdıram, bir binanın yanından keçəndə ayaq saxladım. Piano səsi gəlirdi. Qammalar çalırdı kimsə. Dərs öyrənirdi güman ki... Elə qəribə hisslər oyandı ki içimdə... Sabahı gördüm, bir uşağın barmaqlarıyla... Ağdama qayıdacağına ən  çox  inanan  adamlardan biri  idi  Aqil Abbas . Və  savaş  başlayanda  dedi  ki, ayaqlarından öpəcəm İlham Əliyevin. Və nəvəsinə –  Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordakı evimizi də tikəjəm...”

Birinci dəfədi bu sözü deyir uşağa...

"…Payız vaxtı bağçamızın heyvaları dəyəndə,
Şaftalılar şirələnib budağını əyəndə.
Göndərərəm sovqatını – sənin də öz payını,
Sən də artır öz əlinlə zəfərlərin sayını.
Get, düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla”.
Dünyanı sarsıdan 44  gün...
Musa Peyğəmbər öz ümmətini Haqqa gətirmək üçün 40 il səhrada dolaşdırdı. 
Biz 30 il gözlədik...
Bu tarixləri qeyd edirsinizmi? Ta işğal tarixləri olmayacaq!!!

                                                                 *** 

Sabahkı gün haqqında düşündüklərimi  bölüşdüm. Çox  hadisələr oldu... Amma...

Qarabağ Azərbaycandır! Bunu Sən sübut elədin!

Tozlu, palçıqlı çəkmələrindən öpürəm, Əsgər!


1296 oxunub

InvestAZ