XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



İsti örtük -Əlisəfa AZAYEV (hekayə)
Ədəbiyyat 10:33 / 24.09.2021

                                                          İsti örtük

 

         Qış fəslinin əsil mənada oğlan çağı idi. Hər tərəf gur qardan sonra sanki ağappaq yorğana bürümüş, buz bağlamışdi. Hərdən sərt külək əsir, qırma tək sərt qar dənələrini adamın üzünə cırpırdı. Evlərin taxtapuşlarından sallanan lülə buz parcaları daha qorxulu idi. Hərdən onlar ağırlığa davam gətirməyib, səs-kylü, guppultulu halda yerə tökülürdülər...

         Belə bir havada qəsəbədə əsil sakitlik idi. Gecədən xeyli kecsə də,sanki soyuqdan xoruzlar da qorxmuş halda susmuş, banlamırdılar. İnternat məktəbinin binasında isə əsil əmin-amanliq hökm sürürdü. Uşaqlar mışıl-mışıl yatmışdılar. Hərdən onların birinin kədərli səsi, pıcıltıları eşidilirdi:

-          "A..na...”

-         "Oğlum,mənə cox soyuqdu”...

-         "Ana...Ana”...

-         "Soyuqdan lap donuram”...

-         "Ana...A.na...a...na...”

Oğlan öz səsinə özü diksinmiş halda hövlənək yuxudan qalxaraq için-için ağlamağa başladı. Bütünlükdə tərin-suyun içində idi. Ötəri otaq yoldaşlarına nəzər saldı. Sanki onları köməyə çağırmaq istədi. Ancaq nə fikirləşdisə susdu, bir söz demədi. Sonra  isti  ötüyü üzünə tərəf çəkdi, büründü... Durub bir qədər otaqda gəzişdi.Əvvəl qapıya yaxınlaşıb, sonra pəncərəsini açıb həyətə baxdı... İçəri soyuq hava doldu... Sonra da kövrəlmiş halda pəncərəni bağladı...

Demək olar ki, onun bu hərəkətləri bir neçə dəfə təkrar olunsa, hər dəfə pəncərəni açıb həyətə baxsa, qapını açıb bağlasa da, otaq yoldaşları onun bu hərəkətlərindən xəbərsiz oldular. Özü də yorulmuş halda gəlib yerində uzandı... Ancaq anasının son sözləri, pıçıltıları ona rahatlıq vermirdi: " Oğlum, mənə çox soyuqdur... Soyuqdan lap donuram”...

-         A...na...

-         ...

-          Mən indi sənin o sözlərindən sonra burada necə yata bilərəm...

-         ...

-         Bağışla məni, ana... Bağışla... Sənə kömək edə bilmirəm... Əzab çəkirəm...

Oğlan bu sözləri özünə deyə-deyə, özünə təskinlik vermək istəsə də, sakitləşə bilmirdi. Bayırda isə əsil cəhənnəm havası vardı. Soyuq külək, çovğun tüğyan edirdi. Qorxunc səsi, vıyıltısı içəridə belə eşidilirdi, adamı vahiməyə salırdı...

     Səhərə yaxın xidmətçi qadın qapını yarımaçıq görüb içəri girdi. Turabı səslədi:

-         Oğlum, sənə nə olub belə?! Qızdırma içində yanırsan... Bəs üstün niyə açıqdı? İsti  örtüyün hanı?!.

Oğlan onun bu sözlərinə səksənmiş halda pıçıldadı.

-         Hə... soyuqdu... Titrədirəm... Nə bilim...

Qadın səsini qaldırası oldu:

-         Bu nə sözdü?! İsti örtüyün ədyalın hanı?!

Oğlanın sustuğunu görüb, o biri uşaqları səslədi:

-         Akif... Nadir... Vəzir... Yaxşı siz cavab verin, bunun isti örtüyü hanı?

Uşaqlar şirin yuxudan ayılmaqlarına peşman halda mızıldandılar:

-         Hə bilək...

-         Onun da üstündə idi də...

-         Yəqin kimsə aparıb.

Qadın dilxor halda onları qarğıdı:

-         Görüm sizi lənətə gələsiniz. Belə də iş olar. Vallahi ki, ciyərinizi çıxaracağam. İsti örtüyü kimə vermisinizsə yerini deyin!..

Qadının beləcə çığır-bağırtısı , yersiz təhkidləri də faydasız oldu. Uşaqlar onun sözləri qarşısında əlacsız halda ağlasındılar, deyindilər:

-         Biz nə bilək...

-         Yuxuda olmuşuq da...

-         Bəlkə otağa oğru gəlibmiş...

Qadın hiddətlənmiş halda Turabdan soruşdu:

-         Bəs sən niyə dillənmirsən?!

Sonra isə səbri tükənmiş halda onları lənətləyə-lənətləyə dəhlizə çıxdı. Nə qədər çalışsa da növbətçi müəllim Kərimlə əlaqə saxlaya bilmədi. Telefon aparatına yaxınlaşdı,lazımı nömrəni yığdı:

-         Əkbər müəllim, sən Allah bağışlayın ki, bu vaxtı sizi narahat edirəm.

Direktor o an dilləndi!

-         Nolub ki ? Xeyir ola...

-         Xoşagəlməzlik... Turabın isti örtüyü yoxdu. Tapılmır... Aparıblar...

Kişi mızıldandı:

-         Bu nə deməkdir?!.  İşə bax... Yaxşı, indi gəlirəm...

Direktor da gələndən sonra xeyli sorğu-sual apardı. Uşaqları bir-bir dindir.Hətta əsəbləşdi də:

-         Köpək uşağı, sizi soyuq havada saxlayıb, şaxtanın altında donduranda ağlınız başnıza gələcək!..

Onun bu tədbiri də bir nəticə verməyəndə, bu yesiz hərəkətlərinə peşman halda, uşaqları içəri çağırdı. Dilləndi:

-         Bəlkə kimsə sizi qorxudub?

Uşaqlar xor kapelası tək səsləndilər:

-         Yox...

-         Heç kim..

-         Axı niyə veririk ki..

-         Belə də şey olar.

Direktor indi də növbətçi müəllim Kərimin üstünə düşdü:

-         Sənə min dəfə demişəm ki, evə getmə, yatma. Bu da axırı. İndi cavab verməli olacaqsan.

Müəllim kefsiz halda mızıldandı:

-         Bir adyal deyil... Alıb verərəm də...

Direktor onun bu sözlərinə heyrətləndi!

-         Söhbət adyalda deyil. Bu yun isti örtük yox olur, tapılmır, sabah başqa şey ola

bilər. Uşaqları başsız qoymaq olmaz!

-         Gülnisə qarı burada idi də.

-         Axırı da bu...

Bir azdan direktor səbirli ola bilməyib, sahə müvəkkilinə zəng çaldı. Vəziyyəti izah elədi:

-         Hə... İsti örük yoxdur.Aparıblar.

-         İşə bax da...

O da təhqiqatçı ilə gəldi. Hər ikisi xeyli müddət ora-bura baxdılar. Arada sahə müvəkkili Aydın Qədirov soruşdu:

-         Bir işiq ucu görünür?

-         Uşaqların dili açılsa, hə...

-         Necə?! Başa düşmədim səni.

Təhqiqatçı Vəli Nağıyev açdığı pəncərədən həyətə baxaraq dedi:

-         Hə, pişiyin quyruğu görünür. Gecə bu pəncərə açılıb, ayaq izləri də bağa tərəf gedir. Hiss olunur ki, kimsə buradan həyətə tullanıb...

-         Bax da...

-         Bu soyuqda, bunların işinə, hərəkətlərinə bax da.

Təhqiqatçı ilə sahə müvəkkili həyətə düşdülər. Direktor, müəllimlər, texniki işçilər də onların arxasınca. Şagirdlər üçün də bu düyünün açılması maraqlı idi. İz isə bağdan keçib, hasarı aşıb, həyətdən xeyli uzaqlaşmışdı...

Onlar donmuş qarın üstündə ayaqlarının altında xırçıldayan qarı əzə-əzə xeyli yol getdilər. Qarşıda qəbristanlıq idi. Gözlərinə bir qaraltı dəydi. Başqa qəbirlərin üstü qarla örtülü olsa da, onun üstündə nəsə vardı.

Ora çatanda yerlərində donub qaldılar. Qəbrin üstünə isti örük salınmışdı. Kimsə Turabdan soruşdu:

-         Bu sənin ananın qəbridi?

O, kövrəlmiş, gözləri dolmuş halda pıçıldadı:

-         Bu gecə yuxuma girmişdi... Ona soyuq olduğunu, üşüdüyünü, titrətdiyini

deyirdi. Dözə bilmədim...Gecə ilə də bura gəldim...

Direktor bayaqki hərəkətlərinə peşman halda:

-         Ah... deyə inildədi, ürəyini tutdu, oğlanı qucaqlayıb , başını  mehribanlıqla sığalladı:- Sakit ol, bala... Səni başa düşürük...

Sahə müvəkkili lap kövrək adam imiş. Özünü ələ ala bilmir,hərdən lap uşaq tək kövrəlir, göz yaşlarını dəsmalı ilə silirdi. Təhqiqatçı onu sakitləşdirməyə çalışır, deyirdi:

-         Yaxşı da...

-         Yox... Bu oğlan hərəkəti ilə çoxlarına dərs verdi. Sübut elədi ki,ata-ananı necə istəmək lazımdı...

 

 

 

 

 

 

 


1292 oxunub

InvestAZ