XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Həzi Həsənli yazır: - Yasəmən
YAZARLAR 09:12 / 23.09.2021

               

                                    (Esse)

    Həyatda elə hadisələr var ki, möcüzəyə bənzəyir. Mən də ömrümdə möcüzəyə bənzər hadisələrin şahidi olmuşam.  Qardaşımın əkdiyi yasəmən ağacları da möcüzəli görünüb mənə. Sağlığında əkdiyi yasəmənlərin quruyub, 20 ildən sonra pöhrə verməsini, gül açmasını öz gözlərimlə görmüşəm. Bu möcüzənin sirri nədir, ilahi ?! Yazını oxuduqca mətləb aydın olacaq...

  Qardaşım Almaz Sovet ordusu sıralarında qulluq edərkən avtomobil qəzası nəticəsində, 20 yaşında həlak olub. Bu, faciəli hadisədən artıq 44 il keçib. Onun yoxluğu həmişə ailəmizi ağrıdıb. Onun dostları, yaşıdları arasında da necə sevildiyini, sayıldığını eşitmək yox, gərək öz gözlərinizlə görəydiz...

***

   Qardaşım əsgər gedəndə bağçamızdakı yasəmənlər salxım – salxım gül açmışdı. O, yasəmənləri doyunca qoxladı, ciyərinə çəkdi yasəmənlərin ətrini. Sonra məni əllərinin arasına alıb başı üzərinə qaldırdı. Sinəsinə sıxdı, gözlərimdən öpdü. Əlindəki yasəmən gülünü yaxama taxdı və dedi:

-      Bu yasəmənlərə yaxşı qulluq et, vaxtlı – vaxtında su ver. Susuzluqdan qurumağa qoyma. Dərslərini də yaxşı oxu! Uşaqlardan  qorxma haa, kişiqırığı!..

Bir də yasəmən gülünün yanına qayıtdı. Gülə - gülə dedi:

-      Qismət olsa, iki ildən sonra görüşərik, a Yasəmənim!..

Mənə elə gəldi ki, qardaşım Yasəmən sözünü bu dəfə xüsusi vurğuladı. Canlı insana müraciət edirmiş kimi dindi, danışdı. Beləcə, Yasəmənə sözünü dedi, getdi. Doqqaz qapısından çıxanda ona doyunca baxdım. Onunla vidalaşanların, yola salanların arasında elə vüqarlı görünürdü ki... Yerişi – duruşu ilə, uca boy – buxunu, qəddi – qaməti ilə, əsl kişi gözəlliyi, kişi yaraşığı ilə, idmançı görkəmi ilə seçilirdi.

  Qardaşım yaxşı güləşçi kimi rayonda ad çıxarmışdı, tanınırdı. Dəfələrlə yarışlarda rayon birinciliyini qazanmışdı. Rayonlararası yarışlarda rəqiblərinin kürəyini yerə vuranda, birincilik qazananda Bolnisi rayonunun ( kəndimiz bu rayonun inzibati ərazisinə daxildir) kəndlərindən gələn azərkeşlər də qardaşımın tərəfini saxlayır, onu alqışlayırdılar. Çünki qardaşım Bolnisi rayonunun idmançılarını təmsil edir, bu rayonun idman şərəfini qoruyurdu. Həm də şərəflə təmsil etdiyi üçün gürcü millətindən olan güləşçilər də  onun xətrini çox istəyirdi.

    Qardaşımın yaxşı qarmon çalmağı  vardı. Yaxşı futbol oynamağı vardı. Yaxşı dostları vardı. Ona görə həyətimiz həmişə qələbəlik olardı. Belə günlərdə qardaşım və dostları məni əldən düşənəcən " işlədərdilər”. Futbol topunu daşımaq, mağazadan limonad, su almaq mənim boynuma düşən işlərdən idi. Yorulub əldən düşsəm də bu işləri həvəslə görərdim. Onların əhatəsində özümü  arxalı sayır, ürəkli böyüyürdüm.

  Qardaşım kinoya  gedəndə, rayona, şəhərə ( biz Tiflisə sadəcə şəhər deyirdik) gedəndə məni də özü ilə aparardı. Mən birinci sinfə gedəndə "Əlifba” kitabımı da, məktəbli paltarımı və çantamı da qardaşım almışdı. Funikulyorun nə olduğunu məni qardaşım özü ilə Tiflisə gəzməyə aparanda bilmişdim.

    Biz çoxuşaqlı ailə idik. On iki uşaq böyüyürdü ailəmizdə. O, dördüncü qardaş idi. Qardaşlarımın sonbeşiyi isə mən idim. Bəlkə də ona görə o, meylini daha çox mənə salmışdı.  Bəlkə də... Həm də mən onun əlinin "sapand daşı” idim...

   Dostları da məni özlərinə doğmadan -  doğma bilirdilər. Onların xətri mənə əziz idi. Bəlkə də zaman – zaman bu haqda yazası olsam, onların da könlünü şad etmiş olardım. Dostlarından birinin haqqında isə fərqli düşüncələrimi qələmə almaq heç ağlıma da gəlməzdi.. Amma yazmaya da bilmədim...

  Elimizin qədirbilən oğlu, nəcib insan, dəyərli ziyalı Eldar müəllim qardaşımı -  dünyadan vaxrsız getmiş uşaqlıq dostunu elə qədirbilənliklə anır ki... Qardaşımın faciəli şəkildə həlak olması ürəyimi zaman – zaman göynədib. Elə Eldar müəllim də onu yana – yana xatırlayır və qardaşımı mənə məndən yaxşı xatırladır. Özü də qardaşımın qardaşı kimi mənə doğma görünür.

  Onunla ilk tanışlığımız nəvaxt olub, deyə bilmərəm. Amma onu bilirəm ki, ali təhsil almaq üçün Bakıya təzə gəldiyim vaxtlar idi. Həmin günlərin birində Eldar müəllim məni isti ürəklə dindirdi:

-      Almazın qardaşısanmı? – deyə soruşdu.

-      Hə, - deyib uzaqlaşdım.

... Anamın illərdən bəri ağı deyib, oğul deyib ağlamasının təsirindən elə kövrək olmuşdum ki... Mehrini qardaşımın əkdiyi yasəmən ağaclarına salmışdı...Yaz, yay,qış, payız aylarında da anamı qardaşımın əkdiyi yasəmənlərin yanında görmək olardı. Sanki qardaşımın ətrini o yasəmənlərdən alırdı. Qardaşımın ölüm xəbəri gələn bir yay günündə yasəmənlər də qurumuşdu. Bircə kötüyü qalmışdı. Gümüldənə - gümüldənə, qəribə bayatılar çağıra – çağıra ağlayırdı anam:

Səməni,

Ya gül əkdim, ya səməni.

Qurudubdu yasəməni,

Fələk salıb yasa məni.

 

   ...Qardaşımın adını eşıdəndə mənim ürəyimə  bir mistik enerji gəlirdi, hönkür – hönkür ağlayırdım. Və qəribədir ki, Eldar müəllim üç ildə, beş ildə bir dəfə məni görəndə həmən soruşurdu:

-      Almazın qardaşısanmı?

   Guya bunu birinci dəfə soruşurdu. Sanki bilə - bilə soruşurdu. Xatirələr təzələnirdi, dərd təzələnirdi, tanışlıq təzələnirdi, yaddaş təzələnirdi və ən başlıcası qaysaq bağlamış yaraların yeri təzələnirdi.

  Hər dəfə də başımın işarəsi ilə "hə” deyib uzaqlaşırdım. Bunu göz yaşlarımı gizlətmək üçün etsəm də, heç vaxt özümə bağışlaya bilmirdim. Düşünürdüm ki, ağlamağım Eldar müəllimin xoşuna gəlməz, məni tənbeh edər, "sən Almazın qardaşısan, axı...” Bir də ki, kişi ağlamaz. Almaz igidcanlı oğlan idi, qorxmaz oğlan idi. Sən isə...” ( Yadıma gəlir, Almaz lələm əsgərlikdən mənə göndərdiyi məktublarda yazırdı: " Qorxaq olma, dərslərini yaxşı oxu.” O zaman mən orta məktəbin üçüncü sinifində oxuyurdum).

 Digər tərəfdən də bu hərəkətim mədəni insanlar üçün qəbul olunmuş etiket qaydalarına heç cür uyğun gəlmirdi. Bilirdim ki, hərəkətim qarşımdakına aydın olmaya bilər. Eldar müəllim nədənsə bu hərəkətimi  bir dəfə də olsun üzümə vurmadı.     Doğrudan da hər gün insan üçün yeni bir həyatdır. Günlərin birində ...

      O söhbətdən illər ötüb, çox – çox illər ötüb. İllər ötsə də, "düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir”. Bu, hansısa dahinin müdrik kəlamıdır.

  ... İllərdən bəri quruyub, təkcə kötüyü qalmış yasəmənlər kötükdən pöhrə verməyə başladı. Qardaşımın əllərinin sığalına, qayğısına, nəvazişinə öyrəşən yasəmənlər hansı ilahi hikmətin təsirindənsə salxım – salxım gül açmışdı.

   Anamın gözləri yenə yaşlı idi. Hıçqıra – hıçqıra yenə yasəmənlərə ağı deyirdi:

-      Balam sizi Qarayazıda sürücülük məktəbində oxuyarkən oradan gətirib əkmişdi. Orta məktəbin səkkizinci sinfindən çıxıb, sürücülük məktəbində oxumağa getmişdi. Əsgərliyə gedənə qədər az bir müddət sürücü işlədi. İdarə etdiyi həmin maşını elə təmiz saxlayırdı ki... Baxanlar elə bilirdi ki, o maşın indicə zavoddan çıxıb.

Dostları deyirdi ki, sevdiyi qızın adı da Yasəmən olub. Anamın bu sözləri isə hələ də qulağımdan getməyib: " Ey, ay balam, bir yasəmən ağacı qədər də ömrün olmadı. Allah səni könlünün ən xoş saatında vermişdi. Sonra da fələk əlmidən alıb ürəyimə dağ çəkdi.”

    Qardaşım Almazın vəfatının 20 ili tamam olandan sonra birinci oğlum dünyaya gəldi. Dedilər ki, Allah əvəzini verib. Mən onda dərk etdim ki, qurumuş yasəmənlərin kötüyündən düz 20 ildən sonra cana gəlməsi, pöhrələnib şaxələnməsi, hansı sirli – sehrli hikmətdən xəbər verirmiş. Qardaşım 20 yaşında həlak olmuşdu. Ölüm xəbəri gələndə isə yasəmənlər qurumuşdu. Bir müddət sonra  qəbrinin üstündə əkdiyimiz yasəmənlər isə boy verib salxım – salxım gül açdı.

    İndi qardaşım Almazın adı oğlumun adında yaşayır. Hər iş haqqın əlində, haqqın əməlindəymiş. Bu, mənim və anamın sevinci və təsəllisi idi. Bir şeirdə deyildiyi kimi:

Sevinci görürsən, qəmi də danma,

Həyatın tutumu bəzən kədərdir.

Qəmsiz şair görsən ona inanma,

İnan ki, sevincdən o, bixəbərdir.

 

  Yaxşı ki, hər şey vaxta baxır, vaxt heç nəyə baxmır. Vaxtı Tanrı yazır, axı! Və nə yaxşı ki, özümü "qəribə” aparmağıma rəğmən Eldar müəllim bunları üzümə vurmadı, irad tutmadı. Bilir ki, şairlərin davranışı rəndəyə gəlmir, çərçivəyə sığmır. Dağınıq fikirlər yazı – pozu adamlarının ürək yoldaşı, yol yoldaşı olur həmişə. Yazmaq üçün doğulanlar, sözün acı olanlar, söz üçün yaşayanlar adi insanlardan fərqli düşünənlər, fərqli yaşayanlardır. Bəlkə də qələm adamları başqa insan növüdür?! Bəlkə bütün təbiiliklərin qeyri – adiliklərdə olduğuna görə belədir?! Allahın yer üzünə göndərdiyi xüsusi təbiətli insanlar da var, əlbəttə...

    Hər nədirsə, Eldar müəllim qardaşımın qardaşı kimi, mənim üçün dəyərini itirməyən insandır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. O, qardaşımın elə keyfiyyətlərindən söz açıb ki... Hərdən düşünürəm ki, mənim kimi yüz oğul olsa belə, qardaşım Almazın yerini verə bilməz. Qardaşımla bağlı Eldar müəllimin dediklərinin hamısı yaddaşıma yazılıb. Qardaşımla qardaş olanların doğmalığı da unudulan deyil. Dəyərli, unudulmaz insanın dostu olanlar Allahın dostlarıdır. Çünki belə insanlar dünyadan nakam getmiş dostlar haqda xatirələr danışanda onları unudulmazlar zirvəsinə qaldırırlar.

   Faxralı bulaqlarının suyundan içənlər el – oba qədri bilən olub həmişə. Mən hələ uşaq yaşlarında olanda Eldar müəllimgilin ailəsi Bakıya köçüb. Onu kəndimizdən illər, qərinələr ayırsa da, qəlbi bircə gün də eldən – obadan, kəndimizin adamlarından ayrılmayıb. El – obanın özəl doğmalığını, əzəl doğmalığını ruhunda, canında yaşadır. Dost adı, el – oba adı ürəyini dilləndirir həmişə. Ona görə də Eldar müəllimə minnətdarlıq hissi ilə bu şeiri  yazdım:

Sənə minnətdaram, Eldar müəllim,

Dəyərli eloğlum, mehriban ellim.

İsti sözlərindir mənim təsəllim,

Dindirəndə qardaş kimi dinirsən.

 

Xatirə yaşadan ürək boş deyil,

İnsanı kövrəldən qəlbdi, daş deyil.

İlqarsızla heç könülün xoş deyil,

İlqarsızı ilqarınla yenirsən.

 

Qəlbində dostunun yeri göründü,

Anıldıqca qəbri nura büründü.

Bu dostluğun kökü elə dərindir,

Sən dost üçün ucalardan enirsən.

 

Qardaşım Almazı gətirib yada,

Ehtiram bəslədin həddən ziyada.

Vəfalı dost tək – tək olur dünyada,

Sən dostluğun heykəlinə dönürsən.

 

   Bu, bir həsrət yazısıdır. Bilmirəm, necə dəyərləndirəcəksiniz, Eldar müəllim?! Bu  düşüncələrimi etiraf kimi də qəbul etmək olar. Nəvaxtsa bunu yazacağım ağlıma da gəlmirdi. Yəqin heç siz də gözləmirdiniz. Amma bu, insani dəyərlərə hesablanmış yazıdır. Mən könlümdən keçənləri yazdım. Könüldən gələnlərdən ruh ətri gəlir. Ruhunuz yenilməz olsun!

***

Qardaşım Almaz onun adına yazdığım şeirlərdə və xatirələrdə yaşayır. Qardaşımın xatirəsinə həsr etdiyim şeirlərdən birində yazmışdım:

Gecə yuxusundan qatarlar keçir,

Baxıb arxasınca anam ağlayır.

Yuxudan qatarlar qübarla keçir,

Keçir, nə fit verir, nə də saxlayır.

 

Səni bir yaz günü aparan qatar

Ananı baladan ayırdı getdi.

Cəhrətək fırlanan o dəmir təkər

Anamı yumaqtək əyirdi getdi.

 

Könlünü hər gələn qatar ovutmaz,

Gözləri yol çəkir, oğul gözləyir.

Bilir gələn deyil, bilir qayıtmaz,

Nağıla inanır, nağıl gözləyir.

 

Qatarlar getdilər üzü qürbətə,

Gedən qatarların biri gəlmədi.

Çəkilib ağladı hər gün xəlvətə,

Sənsiz bircə gün də üzü gülmədi.

 

Sən getdin... o qərib arzularınla

Anamı yaxıla – yaxıla qoydun.

Yaşadı həsrətin, intizarınla,

Şəklini böyüdüb daxıla qoydu.

 

Gedər gəlməz oldu qürbət qatarı,

O qatar bəlkə də əsirdi, qardaş?!

Nə gəlir anamın həsrət qatarı,

Nə də sən gəlirsən, nə sirdi, qardaş?!

 

 

 


2000 oxunub

InvestAZ