XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Həzi Həsənli yazır: - Bakirə duyğular.. Gənc istedadlar
YAZARLAR 11:45 / 05.08.2021

Mən Əlinin üzünü görməmişəm. Amma özü haqqında yazdığı məlumatlardan bilirəm ki, 1998 – ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində doğulub. Püsyan kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətini başa vurduqadan sonra isə Türkiyədə müvəqqəti yaşamağa başlayıb. İstanbulda işləyir və orada yazıb yaradır. Şeirləri Türkiyənin ədəbi – bədii nəşrlərində çap olunur. Türk dilində "Demlenmiş şiirler”, "Yazı ve sanat ülkesi”, "Usta şair” adlı almanax və antalogiya kitablarında yer alıb. Eyni zamanda sosial şəbəkələrdə, ədəbiyyat saytlarında da türkcə şeirləri maraqla qarşılanıb. Şeirləri ara – sıra Azərbaycan mətbuatında da işıq üzünə çıxır. Azərbaycanda bir neçə qəzet, jurnal, almanaxlarda və saytlarda Əlinin şeirləri oxucuların ixtiyarına verilib. Şeirlərini Əli Rüzgar imzası ilə yazır.

Beləcə, özündən əvvəl sözündən tanımışam Əlini. Şeirlərində milli ruh, kövrək lirika hakimdir. Bu da onun mənəvi təmizliyindən, saflığından irəli gəlir. Şeirlərini oxuyandan sonra Əlinin bakirə duyğularına heyran oldum. Bu bakirəliyi şeirlərindəki dilin saflığından, duyğuların ilkinliyindən duydum, bəyəndim. Şeirləri həcmcə çox kiçik, bitkin və mənaca dərindir. Hiss edirsən ki, Əli Rüzgar bədii fikri ümumiləşdirərək balaca bir şeirdə təcəssüm etdirə bilir. Həm də Əlinin şeirləri də özü kimi son dərəcə təbiiliyi ilə seçilir. Əli hələ çox gəncdir, cəmi 22 yaşı var. Hələ qarşıda çox yaradıcılıq axtarışları gözləyir onu...

Əlinin şeirləri özünün bakirə duyğularından və səmimi düşüncələrindən doğulur. Yəni o, öz yaşının şeirini yazır. " Və...” adlı qısa və lakonik şeirinə fikir verin. O, yazır:

Çiçəklər bir gün solar,

Həsrətini iylərəm.

Sən məni yad bilərsən,

Mən səni yad eylərəm...

Bu şeir daha çox diqqətimi çəkdi. Burada incə, təbii və dəqiq şair düşüncəsi var. Çox ürəyəyatan şeir nümunəsidir.

Və yaxud "Yazılmayan şeir”ində yazır:

Bəlkə də mən sevgi dolu,

Eşq qoxulu ilk baharı,

Bacarmadım içıərsində

Yaşatmağı misraların.

Xəzan vurdu, qopdu, düşdü,

Yarpaqları sətirlərin.

Yazılanlar kölgəsidir

yazılmayan şeirlərin.

Bu sadə və aydın fikirlərdə dərin lirizm var. Onun şeirlərini toplu halında oxumaq istədiyimi bildirdim. Sağ olsun, göndərdi. O şeirləri oxuduqdan sonra dönüb – dönüb bir də oxudum. Billur kimi saf şeirləri insanın duyğularına sığal çəkir. Ruhuna bir rahatlıq gətirir:

Zaman mənəm, saat mənəm,

Qıldan incə "sırat” mənəm.

Ən müqəddəs həyat mənəm,

Bacarırsan yaşat məni.

***

Günəşə bax səhərlər,

Doğulub ölüm sənə.

Barmaqlarım tətikdə,

Yetişməz əlim sənə.

Mənə bir də qayıt de,

Qayıdım, gülüm sənə.

Yetər ki, sən harayla,

Dirilim, gəlim sənə.

Oyaq qalma gecələr,

Yuxumu bölüm sənə.

Mənə yetər xəyalın,

Bir də ki, gülümsəmən.

***

Xəzan vurdu qopub düşdüm,

Budağımdan yarpaq kimi.

Bu ayrılıq sonum oldu,

Ölməzləşdim torpaq kimi.

***

Bəli, Əli Rüzgar belə kövrək, incə , sadə şeirlər müəllifidir. Onun şeirlərinin ovsununa düşmək nağıllar aləminə düşməyə bənzəyir. Bu şeirlər insanı çiçəkli, kəpənəkli çəmənlərə, nəğmələr aləminə aparır. Saf, isti, yumşaq bir qəlbdən süzülüb gələn misralar maqnit kimi oxucunu özünə çəkir: "Kəpənək” şeirində oxuyuruq:

"Hələ ömür yarıdır,

Qonum, sonra uçaram”.

Deyirsənsə, kəpənək,

Qon, ovcumu açaram.

Çox alışma bu ələ,

Yumruğunu dar elər.

Bu əllərdi vaxtilə,

Çərpələnglər qaçıran.

Hiss edirsən ki, Əli şeir yazmağa ötəri hiss və maraqla yanaşmır. O, kiçik həcmli şeirlərində də az sözlə yeni məna və mətləblərə nail olmağa çalışır. Bir çox hallarda buna nail olur. Onun kiçik həcmli şeirləri bir – birindən rəngarəngliyi və zərif fikirləri ilə fərqlənir. Bu xüsusiyyət Əlinin şeirlərindəki forma və məzmunla deyil, həm də yeni deyim tərzi və ifadə tərzi ilə də seçilir. Sözlərin və səslərin düzülüşü və ahəngdarlığı da qulağa xoş gəlir. Bu da onu deməyə əsas verir ki, Əli qəlbən də, ruhən də şeirə köklənib öz duyduqlarını və düşündüklərini yazır. "Ayrılıq” adlı şeirində oxuyuruq:

Ayazlı bir qışa bənzər ayrılıq,

Ümidlərin bədənini isitməz.

Göz yaşların yanağında buzlaşar,

Hayqırarsan, səni heç kəs eşitməz.

Və yaxud:

Quşları sevirəm,

Balıqları da.

Uçmağı bacarmasam,

Üzməyi bilməsəm də.

Səssizliyi sevirəm,

Elə uşaqları da...

Əli özü də lirik təbiətli oğlandır.Onun güclü həyat müşahidəsi var. Buna görə də şeirləri obrazlarının məlahəti, şirinliyi və həyati detalları ilə diqqəti çəkir. O, sanki təbiətin yaratdıqları ilə təbiətin öz dilində danışır. İctimai hadisələri dərindən dərk edir və onu şeirə gətirir, yeni mənəvi məna verə bilir. O, bakirə duyğuları ilə oxucunu düşündürə bilir. Bu da oxucularını gənc şairlə doğmalaşdırır.Şeirləri oxuduqca onun mənəvi aləminə yaxından bələd oluruq. Əli bunlara öz istedadının gücünə nail olur. Bu istedadın duyğu – düşüncəsinə qiymət vermək, ona hörmətlə yanaşmaq hər birimizdən qədirbilənlik tələb edir. Onu qarşıda poeziyanın enişli – yoxuşlu yolları gözləyir. Mən də bu mənada Əlinin

gələcəyinə böyük ümidlə baxıram. Arzu edirəm ki, onun sənət eşqi ilə çırpınan ürəyindəki inam, ümüid işığı sönməsin, daha da alovlansın.

Fərqi yoxdu, nə olsan da,

Əvvəl – axır yox olursan.

Həyat eşqi ürəyində,

Bu dünyada sıxılırsan.

Sevinirsən, dərd çəkirsən,

Yaşamaqçün ev tikirsən.

Qalan ömrə göz dikirsən,

Gedən ömrə dağılırsan.

Qəlb yorulur yormasan da,

Əcəl gəlir sormasan da.

Bir dağ kimi durmasan da,

Bir dağ kimi yıxılırsan.

Əli Rüzgarın şeirlərindəki müsbət cəhətlər ümidverici gənc şairimiz kimi, onun haqqında bu yazını yazmağıma vəsilə oldu. Ona yeni – yeni yaradıcılıq uğurları arzulayıram...


7776 oxunub

InvestAZ