XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



El – obaya sevinc gətirənlər “ Əsəddən qalıb nişanə Əsədabad” - Həzi Həsənli yazır
YAZARLAR 16:43 / 16.07.2021

Məni Sarıcalara çəkib gətirən bir tərəfdən dostum Vəfadar müəllim olsa da, digər tərəfdən bu yerlərin insanlarının mehribançılığı, qonaqpərvərliyi idi. Bu kənddə olanda bir təsadüf nəticəsində, vaxtilə bu kəndin çox hörmətli ağsaqqallarından olmuş Əsəd babanın adı bəlləndi mənə. Sarıcalardan Bakıya qayıdarkən sürücünün maşınının maqnitofonunda oxutduğu musiqinin sözləri diqqətimi özünə çəkdi: " Əsəddən qalıb nişanə Əsədabad”. Məlum oldu ki, söhbət rəhmətlik Əsəd Eynullayevdən gedir. Sarıcalar kəndinin adamlarının sözündə - söhbətində bu kənd Əsəd babanın adı ilə bəllənib illər öncəsi. Yəni Əsədabad.

Maraq məni bir daha Sarıcalara çəkdiyinə görə, dostumun dəvətini məmnuniyyətlə qəbul etdim. İkinci dəfə Sarıcalarda dostumun qonağı olarkən ürəyimdə qəribə, kövrək hisslər baş qaldırmışdı. Dünənə qədər heç bir – birimizin varlığımızdan xəbərimiz yox idi. Amma Vəfadar müəllimlə dostluq ülfətimiz başlayandan sonra onun özünə, ailə - ocağına, Sarıcalar kəndinə daha möhkəm tellərlə bağlandım. Bunun səbəbini özüm üçün aydınlaşdırmağa çalışdım və bu qənaətə gəldim ki, hər şey gendən gəlir. Əlbəttə, Sarıcalarda yaxşı ad – san qazanmış Əsəd babanın nəvəsi Vəfadarın rəftarı da onun adına layiq olmalıdır – dostluğu dərin, ülfəti şirin...

Söhbət zamanı Vəfadar iftixar hissi ilə dedi:

- Babam kəndimizin təməlini qoyan, onun hüsnünü gözəlləşdirməyə çalışan insanlardan biri olub. Vaxtilə buralarda yulğun kollarından başqa heç nə yox imiş. Boz çöllərə insan ayağı dəyəndən sonra buradan həyat ətri, insan nəfəsi gəlməyə başlayıb. Bu kənddə ilk evi də, ilk körpünü də, ilk məscidi də Əsəd babam tikdirib. Babamın kənd camaatını başına yığıb tikdirdiyi məscid bu gün də fəaliyyət göstərir. Bu gün də onun xeyirxah əməlləri yaşayır. Elə buna görə də babamın ruhuna dualar oxunur.

Əsəd babanın tikdirdiyi məscid hər tərəfdən yaşıllıqla əhatə olunub. Qədirbilən insanlar burada yaşıllıq salıblar. Mənim uzaq yerdən qonağım gələndə Əsəd babamın məscidinə aparıram. Qonaqlarımla birlikdə bəzi hallarda namazımızı orda qılırıq.

Babamın tikdirdiyi körpü taxtadan idi. Əsədin taxta körpüsü adlanırdı. Uşaqların məktəbə gedib – gəlmələri üçün yolun asanlaşdırılmasında o körpüyə böyük ehtiyac vardı. Sağ olsun, kənd camaatı sonradan taxta körpünü dəmirlə əvəz ediblər, məscidin üstündə minarə ucaldıblar. Qədimsayağı tikdirdiyi evinin də görünüşü oğlu tərəfindən bir qədər müasirləşdirilib.

Dostumun söhbətində el – obaya məhəbbət, insanlığın arzu – kamına hörmət duyulurdu. Babasından yadigar qalan nə varsa, hamısı həyat deməkdir. Ümid deməkdir.

Kimdir Əsəd Eynullayev? Öncə tərcümeyi – halından başlayaq. O, 1931 – ci ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdu. Ailədə 4 uşaq olublar. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən tərxis olunduqdan sonra ailə həyatı qurub, 12 övlad atası idi. Ömrünün sonunadək ticarət sahəsində çalışıb. Övladlarının təlim – tərbiyəsi ilə ciddi məşğul olub. Övladlarının da hər birinin gözəl ailəsi var. Bu ailələrdən Əsəd babanın nəvə və nəticələrinin xoş sorağı gəlir, babalarının adınalayiq dəyər qazanıblar.

Əsəd baba yaşadığı Saatlı rayonunun Sarıcalar kəndinin sayılıb – seçilən ağsaqqallarından olub. Öz ailəsi ilə yanaşı, yaşadığı kəndin adamlarının da qayğısına qalıb, kəndin problemlərinin həllində, eləcə də ehtiyac yarandıqda əlindən gələn yaxşılığı heç kimdən əsirgəməyib. Ömrünün 61 – ci baharında rəhmətə gedib. Ömür – gün yoldaşı Sona nənə ilə birlikdə, Sarıcalar qəbristanlığında yanaşı məzarlarda uyuyurlar.

Əsəd Eynullayevin keçdiyi həyat yolu özündən sonra gələn nəsillər üçün bir həyat məktəbidir, bir örnəkdir. O həyat məktəbindən ibrətamiz dərs almaq, öyrənmək də bir şərəf işidir. Müqəddəs insanlıq borcunu yerinə yetirməklə, istək və arzuları, əməlləri ilə el – obasının rəğbətini qazanmış və ürəklərə yol tapmışdır. Başqasının sevincinə, kədərinə şərik olmaq, dara düşənə əl tutmaq, başqasının xoşbəxtliyinə sevinmək Əsəd babanın həyat amalı olub. Üstünə diləyə gələn insanları heç vaxt naümid qaytarmayıb. Deyərmiş ki, insana əl tutmaq böyük savabdır. Səni deyib gəlibsə, səni sayıb gəlibsə, əlindən gələn yaxşılığı əsirgəməməlisən. Hər bir insanın sevinci, kədəri, ağrı – acısı var. Hər kəsin başına iş gələr, dara düşə bilər. Gərək insanlara son dərəcə həssaslıqla, sayğı ilə, qayğı ilə yanaşasan, heç kəsin qəlbini qırmayasan. Onu da deyərmiş ki, heç vaxt kiməsə yamanlıq eləmə, qarşına çıxar...

Deyirlər ki, Əsəd baba insanların düşdüyü çətinliyi sanki üzlərindən oxuyurmuş. Yəni yanına köməyə gələn insanın "Mənim gərəyim ol, dara düşmüşəm”, - nidasını gözlərindən oxuyurmuş.

Bunları düşündükcə mehriban insanlar, unudulmaz və şirin xatirələr yada düşdü. Məhəbbət, dostluq, etibar, sədaqət, minnətdarlıq kimi ən incə hisslər məni öz ağuşuna aldı.

Sözarası Vəfadardan soruşdum:

- Deyirlər, babanın özünəməxsus yumor hissi də varmış, doğrudur?!

O, bunu adicə zarafat bilib, xəfifcə gülümsündü və özünəməxsus yarı zarafat, yarı ciddi dedi:

- Vallah, varsa da, yoxsa da mən nə deyə billəm? Babamın yumorlu söhbətləri mətbuat üçün deyil...

Bəli, gənc dostum qənaətində haqlı idi. Əsəd kişinin yumorlu söhbətləri mətbuat üçün olmasa da, onun xeyirxahlığı, insanlara kömək əlini uzatması ilə bağlı hərəkətlərindən bir – iki örnək çəkmək yerinə düşər.

Kəndin sakinlərindən biri onu ümid yeri bilib, böyük inamla qapısına gəlmişdi. Adam narahat hisslər keçirirdi. Neçə adama ağız açsa da, əl tutan olmamışdı. Dərin düşüncələrə dalmışdı...

Əsəd kişinin xəfif və şəfqətli səsi onu düşüncələrdən ayırdı və...

***

Kənd ağsaqqalı daim bu kəndin adamları üçün şəraitin yaradılmasında təşəbbüs göstərənlərin önündə gedib, hər işdə öncüllərdən olub. Bu gün də onun el – oba üçün gördüyü xeyirxah işlərdən iftixarla danışırlar. Kənd sakini Füzuli Xəlilov deyir:

- Yaxşı yadımdadır. Bir dəfə Əsəd kişi, üzünü yaxınlıqdakı gənclərə tutub dedi ki, gəlin köməkləşib kəndin su arxını, kanalı zir – zibildən təmizləyək. Gənclərdən biri deyir ki, ay Əsəd baba, olmaz ki, bir – iki fəhlə tapaq, pul yığıb verək, həmin işi onlar görsünlər?!

Əsəd kişi həmin cavan oğlanın sözlərinə inkaredici gülüşlə cavab verib dedi:

- A bala, adam öz evinin həm ağası, həm də nökəri olmalıdır. Sizin kimi biğıburma cavanlara nə olub ki, biz başqa adam axtarıb iş gördürməliyik. Bu işi özümüz üçün görürük, sudan da özümüz faydalanırıq.

Beləliklə, Əsəd baba gəncləri işə, zəhmətə alışdırmaq üçün də ağsaqqal kimi öz sözünü deyirdi. Onun bu sözündən sonra gənclər qollarını çırmalayıb işə girişdilər.

***

Kənd sakini Məhyəddinin söhbəti də Əsəd babnın xeyirxahlığına sübut kimi dəyərləndirilə bilər. Bir dəfə Məhyəddin Sarıcalara gələn bir taksiyə minir. Taksidən düşəndə əlini cibinə salır, görür ki, bir qəpik də pulu yoxdur. Sürücüyə deyir ki, al, pasportumu saxla, sonra pulu verib pasportu götürərəm. Sürücü bununla razılaşmayıb onun papağını başından götürür. Deyir ki, pulu gətirərsən, papağını apararsan. Taksini Əsəd kişinin mağazasının qarşısına sürdürür və ondan pul alıb sürücüyə verir.

Düzdür, burada söhbət böyük puldan getmir. Sadəcə o kişinin insanlara əl tutmasından, onları düşdüyü çətin vəziyyətdən çıxarmasından gedir. Belə misalların sayını artırmaq da olar. Amma bir məqalədə bunun hamısını yazmaq mümkünsüzdür.

***

Bir dəfə Sarıcalardan bir nəfərə əlimyandıda pul lazım olur. Kimə əl açırsa, naümid qayıdır. Axırda Əsəd kişinin yanına gəlir. Deyir:

- Əsəd kişi, nişan üzüyümü girov qoyuram, mənə borc pul ver.

Əsəd kişi deyir ki, sənə nə qədər pul lazımdırsa verərəm, amma nişan üzüyünü girov qoymağına gərək yoxdur. O, pulu götürüb gedir və Əsəd kişinin hərəkətindən çox məmnun olur.

***

Həm sağlığında, həm də vəfatından sonra Əsəd Eynullayevin xatirəsinə şeirlər yazılıb, haqqında xoş xatirələr danışılır. Onun xatirəsinə öz doğma qardaşı, rəhmətlik Əli müəllimin yazdığı şeirdən bəzi bəndləri və misraları diqqətinizə çatdırıram:

 

Qəhərdən gözümə yuxu getmədi,

Rəhmətə getdiyin axşamı, qardaş.

Elə ki, eşitdim bu bəd xəbəri,

Elə bil, dəyişdim dünyamı, qardaş.

***

Ləli, cəvahiri düzsələr səfə,

Qardaş dəyişilməz dürrə, sədəfə.

***

Sən idin ciyərim, canım, ürəyim,

Sən getdin, elə bil, sındı dirəyim.

 

***

Sarıcalarda qonaq olarkən, gecə kəndin səmasına göz gəzdirdim. Ulduzlu, Aylı bir gecə idi. Bir daha təbiətin sehrini, kənd həyatının mehrini o gecədə duydum. Kənd həyatının öz əfsunlayıcı mənzərəsi və gözəlliyi var; biçilmiş ot ətri, gül – çiçəyin xoş rayihəsi, meyvə ağaclarının barlı budaqlarının çətiri könlümdə kövrək və xoş duyğu oyatmışdı. O duyğu hələ də xəyalımda yaşayır. Bəli, bu kəndin sakinlərinin dilində bir nəğmə dolaşır: "Əsəddən qalıb nişanə Əsədabad.”

***

Bir zamanlar bu düzəngahlar sanki yurd – yuva, ocaq yerləri üçün darıxır, xiffət edirdi. Yurd yerləri insanların yolunu gözləyir, düşünürdü ki, insanlar gəlib burda yurd salacaqlar. İndi Sarıcalar kəndində minlərlə insan yaşayır. Oradakı gözəl aynabənd evlər, gül – çiçəkli bağçalar, meyvə ağacları kəndin hüsnünə xüsusi yaraşıq verir.

***

... Əsəd kişi zaman – zaman yuxusunda yurd görürdü. Amma ürəyində o yurd közü sönmüş öcaq yeri kimi qaralırdı...Burada ev tikmək, yurd salmaq haqqında xəyal edirdi. Düşünürdü ki, burada ilk evi kim tiksə, arxasınca neçə - neçə evlər tikiləcək, neçə - neçə evlərin bacasından çıxan tüstü ailə - ocağın bərəkətindən xəbər verəcək. El – obanın mayası xalqdan, sayası haqdan gələr, - deyiblər. Bu deyim Vətən, yurd, torpaq anlayışından doğulub. Sənə gözəl ürək verən o torpağa salam olsun, Əsəd baba! Ruhun şad olsun!..

 

Şəkillərdə:


1. Əsəd Eynullayev

2. Əsəd Eynullayevin tikdirdiyi məscid

3. Əsəd Eynullayevin tikdirdiyi körpü.


1135 oxunub

InvestAZ