XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



İFTİXAR yazır: “ZÜMRÜD QUŞU” FƏLSƏFƏSİ
YAZARLAR 16:39 / 16.07.2021


Ədəbiyyat həyatın bədii məcmuəsidir!.. Deyərkən, öncə həyat həqiqətlərinə, daha sonra ədəbiyyatda cərəyan edən proseslərə və ədəbi mühitdə baş verən hadisələrə, eləcə də, həyatda rastlaşdığımız situasiyalara mütləq nəzər salmalı olursan. Bir də görürsən ki, ədəbiyyat həyat hadisələrinin təkcə bədii məcmuəsi deyil, həm də rənglərlə boyadılmış təcəssümüdür. Sadəcə "rəngkarlar” fərqlidir. Yəni, bəzən hadisələrin əsas gerçəkliyi qalır bir tərəfdə, yazıçı təxəyyülünün nəqli səni istədiyi səmtə elə aparır və elə inandırır ki, düşünürsən,  həqiqət elə budur. Həyat hadisələri isə öz həqiqətləri ilə tarixin səhifələrinə həkk olunur. Bunu isə tarixçilər olduğu kimi görür və olduğu kimi də tarixiləşdirirlər. Oxuduğumuz bütün tarixi əsərlərdə tarixiliklə yanaşı bədii təxəyyülün uydurmaları da öz yerini tutur və uydurmalar elə rənglənir ki, az qala tarixi gerçəkliyə deyil, uydurmalara üstünlük verirsən, çünki uydurma yalandır və yalan da çox şirin olur – gerçəyin çox acı olduğu kimi. Bəzən düşünürsən ki, hadisələr olduğu kimi qələmə alınsaydı nə baş verərdi? Dərhal da qəbul edirsən ki, axı həqiqət acı olur. Acını isə heç kəs istəmir. Odur ki, şirin yalanlarla başımızın tumarlanması hər birimizə xoş təsir göstərir və uydurmalara daha çox inanmaq istəyirik və inanırıq. Ancaq mənim həm riyaziyyat, həm də həyat müəllimim, mükəmməl riyaziyyatçı olması ilə yanaşı, bütün elmlərə akademik səviyyədə vaqif olan mərhum əmim İsa müəllim hər zaman tövsiyyə edərdi ki, "ağladan yanında otur, güldürən yanından oturma!”. Qulaqlarımda sırğa etdiyim bu hikmətlə böyüdüm. Bu gün də o meyyar mənim üçün dəyişməzdir. Həm də, daha çox həyat dərsi almaq üçün həmişə özümdən yaşlılarla yoldaşlıq, dostluq etdim. Onlardan öyrənir, onlara sayğı ilə yanaşırdım. Üzümə güləndən uzaq olur, məni tənbeh edənlərdən əl çəkmirdim. Bəzən bunu anlamayan tay-tuşlarım məni qınayırdılar ki, niyə sənə əziyyət verənin yanından əl çəkmirsən, sənə xoş sözlər deyənlərdən, sənə daim təriflər yağdıranlardan uzaqlaşırsan? İsa əmimin tövsiyyələrini onlara təlqin edirdim. Lakin yenə də köhnə hamam, köhnə tas olurdu, yəni hərə öz yoluna davam edirdi. Bu fəlsəfə ilə yol getdikcə yolum həmişə daşdan-kəsəkdən, sıldırım qayalardan keçdi. Ən ağır muhit məni öz ağuşundan bir an belə buraxmadı. Düzünü deyim ki, heç mən özüm də həmin mühitdən əl çəkmədim və həmin mühitin içində yeriməyi, yıxılmağı-durmağı, əzilməyi-əzməyi öyrəndim. Mübarizə əzmimi möhkəmləndirdim və ruhdan düşməmək məntiqimi gücləndirdim. Amma bir gün müşahidə etdim ki, nədənsə, həmişə quyuya birinci məni sallayırlar və quyunun dibinə çatar-çatmaz da kəndirimi kəsirlər. Qaranlıq dünyada əjdahalarla vuruşuram; divlərlə döyüşürəm; ilanlarla, qurbağalarla çarpışıram; ağ qoçun üstünə atlanıram, ağ qoş məni qara qoçun üstünə tullayır; zillət içində zülmətə düşürəm və sair, lakin həmişə sonda bir zümrüd quşu məni işıqlı dünyaya çıxarır. Onu da canımın əti ilə yemləmək məcburiyyətində qalıram... Bütün bəlalardan xilas olduğumu zənn edirəm... Lakin yenə də quyuya düşmək lazım gələndə birincilik qisməti məni tapır. Yenə də kəndirimi kəsirlər, çarpışmalar, vuruşmalar bir də təkrarlanır, sonda zümrüd quşu, işıqlı dünya... Yenidən yenə də hər şey təzədən başlayır. Quyu, kəsilən  kəndir və sair, və ilaxir. Bir də baxdım ki, qum saatı 61 il dövr edib. Çönüb arxaya boylandım, arxada yalnız qaranlıq quyu, quyudakı mübarizələrim, zümrüd quşu, sonda işıqlı dünya!.. Hələ ki, işıqlı dünyadayam, qüşünürəm ki, əcəba, nə üçün və necə olur ki, məni hər dəfə "kəndirkəsmə fəlsəfəsi”nin məhvərinə sala bilirlər?.. sirr nədədir ki, hər yalvaranın-yaxaranın, hər and içənin-aman edənin, hər məzlumam, maduram, yazığam, imkansızam, yetiməm, kimsəsizəm, sahibsizəm deyənin yalanlarına tez aldanıb özümü quyuların dibinə sallatdırıram?!  Sonra da Məlikməmməd kimi zillət çəkməli oluram. Birdən dərk etdim ki, axı mən "Məlikməmməd” nağlı ilə böyüyən millətin övladıyam... Bizim qəhrəmanlarımızın, fədailərimizin kəndirlərini həmişə öz doğmaları kəsiblər... Bir də o yadıma düşdü ki, gəncliyimdə Akademik Milli Dram Teatrının səhnəsində Məlikməmməd rolunu oynamışam da... Demək ki, taleyimdə Məlikməmməd qisməti varmış!.. Baxın, bəzən deyirlər ki, yuxular düz çıxır, yuxuların hər biri hansısa hadisənin ekvivalentidir. Necə ki, ad fəlsəfəsinin həqiqətləri gerçək olduğu kimi, talenin səhifələrində yer tutan amillər də gerçəyin təmsilidir...  Odur ki, mən Məlikməmməd qismətinə doğuşdan məhkumamış!.. bu mənim aln yazımmış!..

Demək ki, ədəbiyyat həyatın bədii məcmuəsi olmaqla yanaşı, doğrudan –doğruya həm də, həyatın rənglərlə boyadılmış təcəssümüdür.  Əlbəttə ki, bunu başqa prizmadan görə bilənlər də mövcuddurlar. Çünki hər kəsin bir baxış bucağı, bir nəzər nöqtəsi var. Kim hansı bucaqdan, hansı nöqtədən hadisələrə nəzər yetirir və ya baxırsa və hadisələr də həmin istiqamətdə hansı rəndə nəzərə çarpırsa,  məhz o baxış nöqtəsinin əks etdirdiyi kimi və həmin rəngdə də görür. Ədəbi mühitdə bəzən elə çəlpəşik işlərə rast gəlirsən ki, mat qalırsan. Bəzən ağ qoçla qara qoç arasında çarpışmalı olursan, kimin yalan istehsal etdiyini, kimin həqiqəti inşa etduyuni ayırd edə bilmirsən. Bir də baxırsan ki, elə bir cızmaqaranı elə bir nəhəng ədəbiyyatşünas, Məlikməmmədin qardaşlarının məntiqi ilə elə şəkildə tərif edir ki, sən öz baxış bucağna şübhə ilə yanaşırsan. Bəzən də tərsinə, elə bir dəyərli ədəbi nümunənin kəndirini elə ustaılıqla kəsirlər ki, yenə də öz nəzər nöqtəni şübhə altına almaq təhlükəsi ilə üz-üzə qalırsan. Lakin "kəndirkəsmə” fəlsəfəsi ilə qidalananlar unutmamalıdırlar ki, Allahın "Zümrüd quşu” fəlsəfəsi də vardır! Zümrüd quşu özünü yetirdikdən sonra bütün kəsilmiş kəndirlər öz mahiyyətini itirir, aydınlıqlar görünür, o yazanların yazıları Məlikməmmədin qardaşlarının, Məlikməmmədin önündə boyunları qıldan nazik  qaldıqları kimi vəziyyətə düşürlər. Ələnən ələnir və xəlbirdən keçir. Tarix də, amansızcasına, boynu qıldan naziklərin boynuna elə bir ip salır ki,.həmin boyunlar iplərdən asılı rəsmlər tipində, dəhşətli bir  tablo kimi tarixin yaddaşında daim acı xatirələrə çevrilirlər. Sənətin qiymətini isə zaman özü verir...

Odur ki, ədəbiyyata həyatın bədii məcmuəsi kimi baxarkən, yazıçının, həyat həqiqətlərini nə qədər dolğun və zəngin çalarlarla təsvir etdiyinə, onun əsərinin bədii keyfiyyətinə elə diqqət yetirmək lazımdır ki, sonra vicdanın və tarixin hökmü qarşısında, Məlikməmmədin qardaşları kimi boynun qıldan incə qalmayasan.Ümumiyyətlə, vicdanlı olmaq elə bir keyfiyyətdir ki, bunu yalnız Allahlı olmaqla müqayisələndirmək mümkündür. Axı Məlikməmmədin də Allahı var!

Allahlı olun, ey Allahsızlar!


İFTİXAR

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi.


1912 oxunub

InvestAZ