XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Dövlətimizə, xalqımıza sədaqətlə, şərəflə xidmətdə keçən illər...
YAZARLAR 18:19 / 21.06.2021


 

Adətən dostlarımdan yazanda bir az nostalji duyğulara üstünlük verirəm. Amma bugünkü yazımda xatirələri bir kənara qoyub mövzunun mahiyyətinə varmaq istəyirəm. Ona görə də bu yazıda mənim hansısa bir məqamı unutmağım təbii sayılmalıdır. Çünki İlqar gerçəkliyin özünü bütün yaradıcılığında və fəaliyyətində ifadə etməyi üstün veribdir.

Pasportunda 1961-ci il iyulun 22-də Ağdaş şəhərində anadan olduğu qeyd edilsə də, əslində Ağdaş onun ancaq ata-baba yurdudur. Gözlərini bu dünyaya Bakının PirAllahı qəsəbəsində açıb, burada böyüyüb, boya-başa çatıb. Bəlkə məhz buna görədir ki, dostum, tarixçi-jurnalist, hazırda dövlət qulluğunda çalışan İlqar Məmmədlini elə ilk gündən Allah adamı kimi tanımışam. İlk təhsil aldığı PirAllahıdakı 168 nömrəli orta məktəbin fəxri olub, şəkli, yazıları "Azərbaycan pioneri”, "Azərbaycan gəncləri” qəzetlərində çap edilib, qabiliyyət və istedadını müxtəlif olimpiadalarda qazandığı ödüllərlə təsdiq edib. Əmək fəaliyyətinə başladığı (o vaxtlar universitetin humanitar fakultələrinə qəbul olunmaq üçün iki il iş stajı tələb edilirdi) və iki il gəmilərində matros işlədiyi Xəzər Dəniz Neft Donanmasında da həmişə qabaqcıllar sırasında olub. Hətta Donanmanın PirAllahıdakı rəhbərliyi onu dənizçilik sahəsində ali təhsil almaq üçün Odessa Ali Dənizçilər Məktəbinə göndərməkdə israr etsə də bu təkliflə razılaşmayıb.

Çünki ruhən yaradıcı insan olan İlqar Məmmədlinin arzusu yurnalist olmaq idi. Lakin sovet dövrünün əcaib qadağaları onu sənədlərini Bakı Dövlət Universitetin jurnalistika fakultəsinə təqdim etməkdən məhrum etdi. Belədə o, universitetin tarix fakultəsini seçdi və heç də yanılmadı. Axı, sonralar özünün də dediyi kimi, yaxşı jurnalist olmaq üçün, yaxşı tarixçi olmaq əsas şərtlərdən biridir. Beləcə, 1980-ci ildə İlqar Məmmədli Universitetin tarix fakultəsinə qəbul imtahanlarında uğur qazandı və biz də onunla ilk dəfə elə tələbəlik illərində tanış olduq.


Ali təhsil illərində aldığı qiymətlərin 90 faizə yaxını "əla” olsa da İlqar Məmmədli təyinatla rayona getməyə, kənd müəllimi işləməyə qərar verdi. Beləcə, o, 1985-ci ildən 1989-cu ilə qədər Qəbələnin Kürd kəndində tarix və ictimaiyyət müəllimi işlədi, cəmi bir ildən sonra o vaxtkı Qutqaşın Rayon Təhsil Şöbəsinin ştatdankənar metodisti seçildi. İlk gündən dərin bilikləri və geniş dünyagörüşü, xeyirxahlığı və səmimiyyəti sayəsində şagirdlərin sevimlisinə çevrilən İlqar müəllim kənd camaatının da xeyir-şərinə yaradı, onların da hörmətini qazana bildi. Təsadüfi deyil ki, günü bu gün də o, hər il Kürd kəndinə səfər edir, keçmiş şagirdləri, müəllim yoldaşları ilə həmsöhbət olur, insanlarla səmimi görüşlər keçirir.

Təyinat müddətindən də bir il artıq rayonda işləyən İlqar Məmmədli 1989-cu ildə PirAllahıya qayıdır, müəllimlik fəaliyyətini doğma 168 nömrəli məktəbdə yüksək səviyyədə davam etdirir, o vaxtkı Əzizbəyov Rayon Təhsil Şöbəsinin ştatdankənar metodisti seçilir, müəllimlərin avqust konfranslarında tarix fənni üzrə aparıcı metodist olur. O zamanlar elə bir dövr idi ki, ölkəmizdə milli-azadlıq hərəkatı vüsət alırdı, mənfur erməni-faşist işğalçılarının torpaq iddiaları getdikcə güclənirdi. Böyüməkdə olan nəslin milli ruhda yetişməsi, vətənpərvərlik tərbiyəsi istiqamətində var gücü ilə çalışan İlqar müəllim bir ziyalı kimi PirAllahının, Əzizbəyov rayonunu ictimai-siyasi həyatı ilə də yaxından maraqlanır, sovet imperiyasının mənfur siyasətinə qarşı haqq səsini qaldırırdı.

Təsadüfi deyil ki, 1990-cı ilin 20 yanvar hadisələri zamanı təcavüzkar sovet qoşunlarının dinc Bakıya soxulmasının qarşısını almaq məqsədilə Qala Hərbi Şəhərciyi qarşısında etiraz aksiyasında iştirak edən İlqar müəllim də saqqallı əsgərlər tərəfindən həbs edilmiş və PirAllahı, Zirə, Qaladan olan digər yüzlərlə etirazçı ilə birgə ac-susuz üç sutka Hərbi Hissənin ərazisində saxlanılmışdı. 1992-ci ildə Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinə işə dəvət alan İlqar müəllim burada Əzizbəyov batalyonunun yaradılmasında və onun təchizat işlərində yaxından iştirak etmiş, demək olar bir ayağı daim cəbhə bölgələrində olmuşdur. Bundan başqa, axını ketdikcə artan məcburi köçkünlərin sanatoriya, pansionat, pioner düşərgələrində yerləşdirilməsində, erməni vəhşilinin qurbanı olmuş bu məzlum insanların gündəlik məişət problemlərinin həll edilməsində İlqar müəllim var gücü ilə iştirak etmiş, gecə-gündüz demədən çalışmışdır.

Eyni zamanda çalışdığı sahə ilə bağlı xəbərləri, günün aktual məsələləri ilə barədə fikirlərini, sadəcə ürəyindən keçənləri vaxt tapan kimi yazıya köçürərək kiçik informasiya və ya məqalə şəklində müxtəlif redaksiyalara göndərən İlqar Məmmədli bir gün "Vışka” qəzetindən əməkdaşıq barədə təklif alır və çox düşünmədən dövlət qulluğunu jurnalist fəaliyyətinə dəyişir. Bu о illər idi ki, "Əsrin Müqaviləsi” təzəcə imzalanmışdı, Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyası uğurla reallaşır, Bakı-Tbiisi-Ceyhan, Bakı-Ərzurum kimi strateji neft-qaz kəmərləri xəyaldan həqiqətə çevrilirdi və İlqar Məmmədli xalqımızın həyatını kökündən dəyişən bu mövzuların işıqlandırılmasında ön cəbhədə idi desək, yəqin ki, yanılmarıq. Xüsusilə hər il Bakıda keçirilən beynəlxalq neft-qaz konfranslarından və sərgilərindən hazırladığı rəngarəng reportajlar, müsahibələr, informasiyalar böyük maraqla qarşılanırdı.

"Vışka” qəzetində 12 il ərzində müxbir, şöbə redaktоru, baş redaktоrun müavini vəzifələrində çalışmış İlqar Məmmədli peşəkar jurnalist qələmi ilə sadə əmək adamlarının, qəhrəman neftçilərin, neft sənayesi korifeylərinin həyat və fəaliyyətini bir sıra qəzetlərin, jurnalların və saytların səhifələrində xüsusi koloritlə əks etdirirdi. Təsadüfi deyil ki, o vaxtlar 70 minlik neftçilər ailəsində İlqar müəllimi tanımayan, ona hörmət və ehtiram bəsləməyən az-az adam tapılardı. O zamanın Xoşbəxt Yusifzadə, Natiq Əliyev, Rəhman Qurbanov kimi neft sənayesinin canlı korifeyləri İlqar Məmmədlinin jurnalist əməyinə daim ən yüksək qiymət verirdilər.

"Vışka” qəzetinin redaksiyası "Azərbaycan” nəşriyyatında yerləşdiyindən o illər biz İlqarla demək olar hər gün görüşürd

Daha sonralar fəaliyyətini "İki Sahil” qəzetində Departament direktоru kimi davam etdirən İlqar Məmmədli neft sənayesindəki yeniliklərlə oxucuları tanış etməklə yanaşı özünü köşə yazarı kimi də sınamağa başladı və yeni uğurlar qazandı. Onun erməni faşizmini və hay həyasızlığını ifşa edən, incə yumor və kəskin sarkazmlarla zəngin köşə yazıları xüsusilə maraqla qarşılanırdı. Bu dövrdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində iştirak edən İlqar Məmmədli 2011-2012-ci illərdə ardıcıl iki dəfə müxtəlif nominasiyalarda qalib olmuş və mükafatlandırılmışdı.

Elə həmin 2012-ci ilin sonunda Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış yeni, PirAllahı rayonunun İcra Hakimiyyəti Aparatında işə dəvət alan İlqar müəllim bu dəfə jurnalist fəaliyyətini dövlət qulluğu ilə əvəz etdi. Sıfırdan yaranan bir təşkilatın qurulmasında, dirçəlməsində, Bakının sayca on ikinci rayonu olsa da, qısa zaman kəsiyində ön cərgələrə çıxmasında, bir çox məsul tədbirlərin təşkilində var qüvvəsi ilə çalışmış İlqar Məmmədli, eyni zamanda Yeni PirAllahı haqqında, onun zəngin tarixi, bu günkü uğurları və parlaq perspektivləri haqda hazırlanmış iki kitabın da müəllifi oldu.

İlqar müəllimin təşkilatçılıq bacarığını və istedadını, zəngin təcrübəsini nəzərə alan rayon rəhbərliyi 2014-cü ildə ona özünü yeni bir sahədə sınamağı təklif etdi və beləcə o, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin PirAllahı rayon sektorunun müdiri vəzifəsinə təyin edildi. Son 7 ildə PirAllahıda məskunlaşmış məcburi köçkünlərin gündəlik qayğıları ilə məşğul olan, qarşıya çıxan problemlərinin həll edilməsində əlindən gələni əsirgəməyən İlqar müəllim onların nəinki hörmətini və ehtiramını, eyni zamanda etimadını da qazana bilmişdir. Deyilənə görə indiyədək İlqar müəllimə müraciət etmiş heç bir məcburi köçkün onun qəbulundan narazı qayıtmamışdır. Həmsöhbət olduğumuz məcburi köçkünlərin söylədikləri də bunu təsdiq edir.

Kəlbəcərdən olan məcburi köçkün Abbasəliyeva Afitab: - Mənim həyat yoldaşım 2017-ci ildə vəfat edib, məktəbli olan qızımı tək böyüdürəm. Özüm 4 dəfə qara ciyər və mədədən əməliyyat olunduğum üçün işləyə bilmirəm. Tək dolanışıq yerimiz qızımın atasını itirdiyi üçün aldığı müavinət idi ki, onu da 2020-ci ilin dekabrında qəfildən kəsdilər. İki nəfər qaldıq 60 manat çörək pulunun ümidinə. Onda mən İlqar müəllimə müraciət etdim. O dərhal bir sıra təşkilatlarla əlaqə saxladı, 142-yə, DOST-2-yə zəng etdi, mənim adımdan ərizə yazdı, düz 4 ay bizimlə birgə hüquqlarımızın bərpası üçün mübarizə apardı və nəhayət apreldə müavinətin bərpa edilməsinə nail oldu. Mən latın əlifbasını bilmirəm, kirili güc-bəla oxuyuram. İlqar müəllim, bu təmənnasız və təvazökar insan olmasaydı mən nə edərdim?! Mən ondan çox razıyam. Allah ondan razı olsun.

Füzuli məcburi köçkünü İbrahimov Rasim: - İlqar müəllim çox səmimi və ləyaqətli insandır, bütün köçkünlər onu belə tanıyır. Hər bir köçkünə qarşı diqqətlidir, insanı dinləmək, dərdinə şərik olmaq, problemini öz problemi kimi qəbul edib həllinə çalışmaq, anında lazımi məsləhətləri vermək elə bil onun alın yazısıdır. Məcburi köçkünlərə ev veriləndə biz ailədə 3 nəfər idik və bizə 2 otaq düşürdü. Lakin ikinci uşağa da namizəd idik. Onda İlqar müəllim məsləhət gördü ki, lazımi sənədləri toplayıb Qaçqınkoma müraciət edim. İlqar müəllim deyən kimi də etdim və bizə 3 otaq verdilər. Mən savadsız adamam, İlqar müəllim olmasaydı indi iki körpə uşaqla 2 otaqda əziyyət çəkirdik.

Qubadlı rayonundan məcburi köçkün düşmüş Abbasov Hətəm: - İlqar müəllim çox səmimi, təvəzökar, təmənnasız insandır, kiçiknən kiçik, böyüknən böyükdür, biz ağsaqqallara qarşı xüsusilə nəzakətli və hörmətlidir. Mən adətən səhərlər qəsəbəni gəzirəm. İlqar müəllim də işə piyada gedir. Fikir vermişəm, rastına gələn elə bir adam olmur ki, ona salam verməsin, hal-əhval tutmasın. İlqar müəllim təkcə köçkünlərin böyüyü deyil, o həm də PirAllahının sayılıb-seçilən ziyalısıdır, bir növ ağsaqqalıdır. İlqar müəllim çox maraqlı, dəyərli həmsöhbətdir, dünyanın harasından desən xəbər verir. İştirak etdiyim iclaslarda İlqar müəllimin dərin məzmunlu çıxışlarının şahidi olmuşam, onun böyük natiqlik istedadı var. Biz məcburi köçkünlər öz aramızda söhbətlərdə tez-tez etiraf edirik nə yaxşı ki, bizim İlqar müəllim kimi rəhbərimiz var...

İlqar müəllimin fəaliyyət göstərdiyi PirAllahı rayonunda onu əvəzsiz bir kadr kimi təqdim edirlər. İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov deyir ki, İlqar Məmmədli dərin savada malik, işini sevən, həm dövlət qulluğu, həm də jurnalistika sahəsində peşəkar bir kadrdır, ona hər sahədə etibar etmək, güvənmək olar. O, dövlətə, ailəsinə, dostlarına sədaqətli bir insandır. Vətənə məhəbbəti, millətə sədaqəti hər şeydən üstün tutan İlqar Məmmədlinin yüksək vətənpərvərliyi özünü 44 günlük II Qarabağ müharibəsi dövründə bir daha bariz şəkildə göstərdi. O, qələmini süngüyə, sözünü gülləyə çevirərək PirAllahı Rayon İcra hakimiyyətinin rəsmi saytında çap etdirdiyi məqalələrlə həm mənfur düşmənin və onun havadarlarının qara niyyətlərini ifşa etmiş, eyni zamanda Ali Baş Komandanın, Azərbaycan Ordusunun şanlı qələbəsinin əhəmiyyətinin xalqımıza, bütün dünyaya çatdırılması işinə xidmət etmişdir.

İlqar Məmmədlinin son yeddi ildə çalışdığı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də onu işinin öhdəsindən yüksək səviyyədə gələn, peşəkar bir kadr kimi xarakterizə edirlər. İlqar müəllimi Qaçqınkoma gəldiyi ilk gündən tanıyan Komitənin şöbə müdiri Sənan Hüseynov onun məsuliyyətli bir işçi, işgüzar bir kadr, səmimi bir yoldaş olduğunu qeyd edir. Dövlət qulluğunda qüsursuz xidməti ilə fərqlənən İlqar Məmmədli işinin öhdəsindən yüksək peşəkarlıqla gəlməsi sayəsində məcburi köçkünlərin hörmət və etimadını qazanmışdır. Hər bir münasibətdə səmimiyyəti ilə seçilən İlqar müəllim 60 ildə qazandığı zəngin təcrübəni öz iş yoldaşları, gənc kolleqaları ilə həvəslə bölüşür. Dövlətçiliyə sədaqəti, zəngin bilikləri, özünəməxsus təvazökarlığı ilə İlqar müəllim gənc nəslə həqiqətən bir nümunədir, - deyir Sənan müəllim.  

...Bir uzaq tələbəlik var. Unudulmayacaq, yaddan çıxmayacaq tələbəlik. Və bu tələbə olan hər kəs üçün çox əziz və bir az da kövrək nöqtədir. Mən də İlqarın 60 yaşını bu tələbəliyin işığında, bu tələbəliyin şirinli-acılı günlərinin ömrümüzə yazdığı məqamların fonunda baxmaq istədim. O necə alındı və siz onu necə qəbul etdiniz deyə bilmərəm. Sadəcə demək istədiyim bir şey var. O da bizdən asılı olmayan zamanın hökmü, qərarıdı. Yəni, İlqarın 60 yaşıdı. Mübarək olsun!

Əbülfət MƏDƏTOĞLU

 

 


1482 oxunub

InvestAZ