XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Aqil ABBAS: GÜNƏŞİN ZİRVƏDƏ DOĞAN ANINDAN…
YAZARLAR 15:01 / 16.06.2021

Bu dəfə Günəş Şərqdən doğmadı, Türk dünyasının paytaxtı Şuşadan doğdu. Ulu Öndər Heydər Əliyev deyirdi: «Azərbaycan dünyaya  günəş kimi doğacaq».  Tanrı bunu bizlərə nəsib etdi. Biz o Günəşin doğduğunun  şahidi olduq.

Şuşada Türk dünyasının iki böyük oğlu, iki böyük lideri bir-birlərini  bağırlarına  basdılar. Bu təkcə iki liderin bir-birini  bağrına   basmağı deyildi, həm də bir millətin  iki dövlətinin – Azərbaycanın və Türkiyənin bir-birilərini  bağırlarına  basmağı idi.

15 iyunda dünyanın gözü Şuşadaydı – bizi sevənlərin də, sevməyənlərin də.

Vaqif Səmədoğlunun  9 Mayla bağlı bir şeiri var. Deyir, günün bəxtinə  bax ey.

İndi 15 iyunun bəxtinə baxın. Bu günün  bəxti iki dəfə gətirib: bir Qurtuluş günü kimi və bir də Şuşada möhtəşəm o Zirvə  görüşü  kimi, iki qardaş  ölkənin liderlərinin  imzaladığı «Şuşa bəyannaməsi» günü kimi. 

Mən inanıram bir gün o bəyannamənin altına Qazaxıstanın da, Özbəkistanın da, Qırğızıstanın da, Türkmənistanın da və Şimali Kipr  Türk  Cümhuriyyətinin də liderləri imza atacaq. Özü də yenə Şuşada.

Bu dəfə Günəş Şuşadan doğdu!

Məmməd Arazın Xudu Məmmədova xitab etdiyi bir şeiri var, şeirdən bir bəndi xatırlamaq istəyirəm:

Keçək dərələrin  boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Bir-birimizə gərək olduq və birgə dərələrin boğanağından keçdik. O dərələrin  boğanağını keçərkən o dərələri  şəhid qanları ilə suvardıq. Dolayların doğanağından keçdik. O doğanaqları  da şəhid qanları ilə suvardıq.  Və Nazim Hikmət demiş: 

Şəhidlərin çiyninə qalxaraq  yüksəliyoruz.

Əbülfət Mədətoğlu «Şuşanın yolu» şeirində deyir:

Aramsız güllə yağışı bələyir torpağı

dəlib-keçir daşı, otu, ağacı, yarpağı

bir igid sol əli  ilə sıxıb ürəyini -

dizi üstə, qana boyanıb barmağı -

ovcu qan dolu.

Sağ əli ilə tutub bayrağı…

Güclə dayanıb baxır-baxır,

və bağırır:

- İrəli, qardaşlar, irəli,

görünür Şuşanın yolu!..

 

Biz də «İrəli, qardaşlar, görünür Şuşanın yolu» deyən şəhidlərin çiynində yüksələrək  Şuşa zirvəsinə qalxdıq. Və bir millət kimi yenidən Şuşada bir Günəş kimi doğduq.

Sayın İlham Əliyevlə sayın Rəcəb Tayyib Ərdoğan Günəşin Şuşa zirvəsində doğan anından nur alıb təkcə Azərbaycana yox, bütün Türk dünyasına  səpələdilər.

Və hər birimizin içində bir Günəş doğdu.

Abdulla Şaiq bir şeirində deyir:

Hamımız bir günəşin zərrəsiyik…

İndi hamımız Şuşada doğan  və bütün  Türk dünyasına yayılan o Günəşin zərrəsiyik.

Vaqif Cəbrayılzadə  də hələ 40-45 il bundan əvvəl yazırdı:

 

Türk

min illərin  gün işığıdır,

nə qədər basdırsan,

yenə torpağın üstündə qalar.

 

Min illərin  Gün işığıyıq, bizi  basdırmaq olmaz!


1749 oxunub

InvestAZ