XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Aqil ABBAS: QARDAŞLIQ DARDA BİLİNƏR
YAZARLAR 20:22 / 14.06.2021

Ayın 15-də, özü də belə bir əziz gündə – Qurtuluş günündə hansı ki, həmin gün Ulu Öndər  Heydər Əliyevin  yenidən  Bakıya  gəldiyi və Azərbaycanı xilas etdiyi gündür.  Sayın Rəcəb Tayyib Ərdoğanın Azərbaycana  gəlməsi, özü də  ailəsi ilə birlikdə, həm də Şuşaya getməsi çox rəmzi bir məna daşıyır.  Düzdür, Türkiyə ilə  Azərbaycanın  ürəyi həmişə birgə döyünüb, lakin bu çox vaxt sözdə olub. Amma sayın Ərdoğanın hakimiyyətə gəlişindən bir qədər sonra  biz gördük ki, bu sözdə deyil, həm də əməldədir.

44 günlük müharibədə bunun bir daha şahidi olduq.  Mən  sayın Ərdoğanın  ad günü ilə bağlı bir  köşə yazmışdım.  Onu bu gün saytımızda  və qəzetimizdə təkrar dərc edirəm.  Bu yazıda başqa bir məsələyə toxunmaq istəyirəm.

30 ildir ürəyimiz partlaya-partlaya  Qarabağ ətrafında baş verən hadisələrlə bağlı nə varsa  hamısını diqqətlə izləyirik. Həmişə də məni ağrıdan bir məsələ vardı.

Fikirləşin, Ulu Öndər Qarabağ problemi ilə bağlı müzakirələrdə kimlərlə  bir masa  arxasında əyləşib: ABŞ-ın, Fransanın, Rusiyanın həmsədrləri və liderləri ilə. O şəxslərlə ki,  onların  hamısı  Ermənistanın  tərəfini saxlayır. Və Heydər Əliyev bütün bunlarla tək  döyüşür və geri  çəkilmir.

Mən bir dəfə  yazmışdım və yenə də yazıram, biz cavan olanda tez-tez  kimlərləsə  davaya gedirdik.  Təbii ki, gedəndə bir əmioğlumuzu, ya dayıoğlumuzu, ya da dostumuzu da özümüzlə götürürdük ki, hayan olsun.

Amma  Heydər Əliyev bu «döyüşlərə» gedəndə tək gedirdi, ona hayan  olan  yox idi. «Dava»ya  gələnlərin hamısı  Ermənistanın  tərəfini saxlayanlar, silahlandıranlar və sair və ilaxır idi. Heydər Əliyev  tək vuruşurdu və onu məğlub edə bilmədilər.

Uzun illər  İlham Əliyev də belə «döyüşlərə» tək gedirdi. Yəni ona hayan duran yox idi. Yenə  Ermənistanın  arxasında duranlar və tək Azərbaycan prezidenti İlham Əliyev.  Çox  çalışırdılar ki, İlham Əliyevə Azərbaycanın  xeyirinə olmayan hansısa bir sənədə qol çəkdirsinlər, amma  bacarmırdılar.

Yəni uzun illər İlham Əliyev dünya  gücləri ilə tək vuruşub.

Və bir gün qardaş ölkənin cümhurbaşkanı  sayın Rəcəb Tayyib Ərdoğan bütün dünyaya  barmaq silkələyərək  bildirdi ki, Azərbaycanla, İlham Əliyevlə bir yerdədir.

Yadınıza düşürsə, deyəsən  Praqadaydı, Türkiyənin cümhurbaşkanı  sayın  Ərdoğan  o tədbirdə yox idi.  Ermənilər Türkiyənin  əleyhinə  böyük bir kampaniya  apardılar. Onda cənab  İlham Əliyev qalxdı və dedi ki, Türkiyə  yoxdu, mən burdayam!

Və həmişə bizim dövlət başçısının təklənməyi   məni ağrıdırdı. İndi qətiyyən  ağrımıram, çünki hadisələr və Azərbaycanın  Böyük  Vətən Müharibəsi göstərdi ki, kimsə bizi təkləyə bilməz – nə xalqımızı, nə də Prezidentimizi. Və Rəcəb Tayyib Ərdoğan bir qardaş kimi, bir əmioğlu kimi, bir dost kimi bizi tək qoymadı. Və Ərdoğandan sonra da kim hakimiyyətə gələrsə artıq bizi meydanda tək qoymayacaq.

Heydər Əliyev deyirdi ki, biz bir millət iki  dövlətik. Amma indi tarix göstərdi ki, biz artıq elə bir millətik, bir də dövlətik.

Sayın Ərdoğan ən ciddi və vacib müqavilələri Şuşada qardaşı İlham Əliyevlə birgə imzalayacağını söylədi.

Hansısa, təəssüf ki, adı yadımdan çıxdı, bir rus yazıçısı  yazır ki, azərbaycanlılarda (türklərdə) sənəddən də  daha qiymətli  bir şey var, o da sözdür. Yəni türklər  ağızlarından  çıxan  sözə ömürlərinin sonuna qədər varlar.

İndi Şuşada  hansı  sənəd imzalanacaq bilmirəm, amma Türkiyə türkləri demiş, söz sözdür.

28 mayda Azərbaycanın  İstiqlal günündə prezident İlham Əliyev Yeni Ağdamın  təməlini qoydu. 15 iyun Qurtuluş günündə də cənab İlham Əliyev sayın Ərdoğanla Şuşada  bir daha həm qardaşlığın, həm də yeni Şuşanın təməlini qoyacaq.

Tanrı Türkü qorusun!

Tanrı İlham Əliyevi qorusun!

Tanrı Rəcəb Tayyib Ərdoğanı qorusun!


1137 oxunub

InvestAZ