XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



FÜSUNKAR TƏBİƏTDƏ-DAĞLAR QOYNUNDA QALA QURMUŞ GƏDƏBƏYİN DÜNƏNİ VƏ BUGÜNÜ...
Gündəm 16:11 / 14.06.2021

Bir neçə dəfə təxirə salınan, nəhayət ki, may ayında baş tutan Gədəbəysəfərimiz və bu səfərlə bağlı təəssüratlarımı yazmağı daha öncədən planlasam da, sonradan fikirimdən daşınıb başqa bir vaxt yazacağıma qərar vermişdim. Əslində isə, mən təəssüratlardan daha çox Gədəbəyin tarixi abidələri haqqında araşdırma yazılarımı təqdim etməyi planlaşdırırdım. Şübhəsiz, bu qonuda ayrıca yazım olacaq. Əvvəla, görkəmli nasir-dramaturq, Əməkdar incəsənət xadimi, AYB sədrinin müşaviri Elçin Hüseynbəylinin bu səfər barədə, qısaca da olsa, müxtəlif mətbu orqanlardakı yazısını, eləcə də AYB Mətbuat katibi Xəyal Rza və şair-yazar Elli Atayurdun qələmə aldıqları təəssüratlarını oxuduqdan sonra təkrarçılığa yol verməməyə çalışdım. Amma və lakin...

Bir az gecikmiş də olsa, həm adıçəkilən səfər barədə, həm dəictimaiyyəti narahat edən bəzi məqamlar haqqında qeydlərimi qısaca nəzərinizə çatdırmağı özümə borc bildim.

Son günlər gündəmi zəbt edən məmur özbaşnalıqları haqqında vətəndaşlarla yanaşı MM deputatlarının dilindən də şikayətlərinsəslənməsi durumun ciddi olmasından xəbər verir. Hələ də belə məmurların dərisi soyulan, gözü çıxan qardaşlarından ibrət dərsi götürməmələri mənə təəccüblü gəlir. 200 il ərzində yağmalanan torpaqlarımızın bir qismini azad edən, 44 günlük ağır müharibədən alnıaçıq, şərəflə çıxan xalqımıza bu məmurlar niyə qənim kəsilib?

Çoxları Gədəbəyin təbiətini, gözəlliyini, coğrafi quruluşunu İsveçrə ilə eyniləşdirirlər. Bunun doğru, ya yalnış olması barədə dəqiq fikir söyləməkdən uzağam. Uzun illər, məsafəcə bir az paytaxtdan, bir az da gözdən-könüldən uzaq bir rayon kimi xatırlanıb Gədəbəy. Uzun illər dəyişdirilən, hətta bu bölgənin sapı özümüzdən olan məmur başçılarıbelə bu elə-obaya biganəlik göstərdi. Bu məmurlar füsunkar təbiəti olan Gədəbəyə qənim kəsilməklə onun sərvətlərini talamaqla məşğul oldu. Heç biri bu rayonun inkişafı, rifahı üçün çalışmadı, normalinfrastrukturun yaradılması üçün təşəbbüs göstərmək qabiliyyətində olmadılar. Təsadüfi deyildir ki, Gədəbəy PrezidentAdministrasiyasına edilən şikayətlər üzrə "lider” rayonlardan biri idi.

Diqqətli dostlarım istər həyatda, istərsə də mətbuat və sosial şəbəkə yazılarımdan az-çox xarakterimə bələddirlər. Onu da bilirlər ki, heç vaxt nəyinsə xatirinə gəlişigözəl tərifləri sevməmişəm. Ən əzizim olsa belə, yanlışdırsa, onun yanında yox, doğrunun yanında olmuşam.

Deyirlər "gedənin dalınca danışmazlar”. Bu aforizmi "ne prav” çıxarmaqdan uzaq olsam da, qısaca da olsa bəzi məqamları qeyd etməyi özümə borc bildim. Bugünədək Gədəbəyə təyin edilən icra başçıları içərisində ən yarıtmazı Gədəbəy doğumlu olan Kamran Rzazadə olub. Ondan geri qalmayan digərləri barəsində danışmağa heç dəyməz. Yerigəlmişkən, qeyd edim ki, azqala 40 ildir ki, Bakı şəhərində yaşayıram və 30 illik müstəqilliyimiz dönəmindən başlayaraq, demək olar ki, bütün rayonlarımızda xidməti ezmiyyətdə olmuş, istər icra başçıları, istərsə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Lakin mən bir dəfə də olsa doğulduğum rayona təyin edilmiş icra başçıları ilə nə görüşmüş, nə də bu görüşə cəhd etmişəm. Yenə də, amma və lakin...

Gədəbəy taleyinə yazılmış yarıtmaz başçılardan 28 avqust 2018 ci ildə vidalaşdı, daha dəqiqini desəm, qurtuldu. Elə bu tarixdən etibarənİbrahim Ənvər oğlu Mustafayev Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Uzun illərdən miras qalmış problemlər və bu problemlərdən doğan şikayətlərlə üz-üzə qaldı yeni başçı. Geri çəkilmədi, qolunu çırmalayıb ilk öncəvətəndaşları dinləməyi bacaran kadr məsələlərini həll etməyə başladı, işini bilən, reputasiyası təmiz olan kadrları işə qəbul etdi. Tezliklə rayonun ictimai-siyasi həyatında müsbətə doğru ciddi addımlar atılmağabaşlanıldı. Ruhən dağlara, təbiətə, elə-obaya bağlı olan İbrahim müəllim tezliklə rayon camaatının sevimlisinə çevrildi. Uzun illər şikayətlər sahəsində"liderlik” edən rayonda haqsızlıqlar səngiməyə başladı.

Biz bu səfərimizdə ilk olaraq yolumuzu Gədəbəy İcra Hakimiyyətinin inzibati binasından saldıq. Binaya daxil olarkən gözlərimizə inanmadıq. Bu nəhəng bina bizə eynən Bakıdakı əzəmətli ASAN XİDMƏTləri xatırlatdı. Bəli, bu, doğrudan da belə idi. Vətəndaşlar ərizə-şikayətlər, sənəd-arayışlar və s üzrə müvafiq bölmələrə növbəlilik talonlarını götürməklə 15-20 dəqiqə ərzində, bizim eynən ASAN XİDMƏTdə alışdığımız xidmətdən yararlandığımız kimi,işlərini həll edib evlərinə yollanırdılar. Daha, əvvəllərdə olduğu kimi, kabinetlər önündə yığılan şikayətçi növbələri yox idi. Qeyd edim ki, bu struktur hələ ki, birilkolaraq, Gədəbəy rayonunda başçı İbrahim Mustafayevin ciddi çalışmaları nəticəsində ərsəyə gəlib. Digər rayonun mütəxəssisləri bu örnəkdən bəhrələnmək və onu öz rayonlarında tədbiq etmək üçünGədəbəyə məsləhət almağa gəlirlər. Bunun nəticəsidir ki, uzun illər problemlər məngənəsində çabalayan rayon camaatı dərindən nəfəs alıb normal iş rejimində çalışmağa başlayıblar. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mənbə və investisiyaların araşdırılması, turizmin inkişafı kimi yolların işlənib hazırlanması üzərində intensiv işlər gedir.

Bütün görülən işlərlə bərabər, biz bu neçə ildə İbrahim müəllimin ədəbiyyata, sənətə, mədəniyyətə nə qədər önəm verdiyinin şahidi olduq. Söhbət zamanı istər klassiklərimizdən, istərsə də müasir yazarlardangətirdiyi nümunələrlə cənab başçı bizi xeyli təəccübləndirdi də. İcra başçısı təyinatından bir neçə ay sonra İbrahim müəllimin təşəbbüsü ilə 2 dekabr 2018-ci ildə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi və redaktor İlyas Tapdığın 85 illik yubileyi doğulub boya-başa çatdığı Gədəbəy rayonunda ümumrayon səviyyəsində qeyd edildi. Dəvət aldığım həmin tədbirdə ilk dəfə İbrahim müəllimi yaxından görüb tanımışdım. Bu isə, bizim ikinci görüşümüz idi.

Məlumat üçün qeyd edim ki, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019 cu ilin iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Fesivalına start verilmişdi. 3 gün davam edən festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) "Cavadxan” Tarix və Mədəniyyət fondu, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi təstəyi ilə keçirilmişdi. Amerikadan, Avropadan tutmuş dünyanın bir çox ölkəsindən bu festivala qatılanlar Azərbaycanın milli adət və ənənələrinin nə qədər qədim olduğunun bir daha şahidi olmuşdular. Təssüflər olsun ki, bəlli pandemiya səbəbindən ötən 2020 ci ildə Milli Yaylaq Festivalını keçirmək mümkün olmadı. Bununla belə, 2021-ci ilin ilk aylarından başlayaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin də dəstək verdiyi və həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, rayonumuzun ictimai-siyasi həyatında çox böyük rolu olan dəyərli Yazgül Abdıyevanın təşəbbüsü və maliyyə dəstəyi hesabına, eləcə də bu layihələrdə böyük zəhməti olan şair-publisist qardaşımız Vahid Aslanın çalışmalarında "Gədəbəydə doğulan şairlər” və "Gədəbəy şəhidləri” kitabları ərsəyə gəldi və bu kitablar təmənnasız olaraq bütün müəlliflərə paylanıldı. Bir ay fasilələrlə hər iki kitab online olaraqgeniş ictimaiyyətə təqdim edildi.

Bugün Ulusu ayaqda tutan onun ədəbiyyatı, sənəti, mədəniyyətidir. Bugün özünəqayıdış, milli dəyərləri qoruyub saxlamaq, yad ideologiyalardan qurtulmaqdır.

Biz zaman-zaman itirdiklərimizin sonradan fərqinə varırıq. Gədəbəy və Xocalı mədəniyyəti təkcə Qafqazda yox, bütün Türk dünyasında, eləcə də dünyada ən qədim abidələr sırasına daxildir. Antik abidələr sırasına daxil edilən doğma alban-xristian abidələrinə qarşı olan ögey münasibətin nəticəsidir ki, bugün mənfur bir düşmənlə-şərə qulluq edən bir məxluqla üz-üzə qalmışıq. Biz, nədənsə, yad ideologiyalara tez aldanır, yad məzhəblərə tez üz tuturuq. Yuxarıda qeyd etdiyim kimi Gədəbəyin antik tarixi abidələri haqqında ayrıca araşdırma yazım olacaq.

Diqqətli oxucular yəqin ki, bu yazımda qeyd etdiyim "ilk dəfə” sözlərinə bir neçə dəfə rast gəldiklərinin fərqinə varacaqlar. Və mən inanıram ki, bu "ilk dəfə”lər Gədəbəy rayonunda böyük inkişafa, böyük rifaha səbəb olacaq.

Türk özü olanda güclüdür. Biz bir yerdə olaq ki, ayaqda qalmağı, qalib olmağı hər zaman bacara bilək. Necə ki, bunu 44 günlük vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin misilsiz liderliyisayəsində bacardıq. Azərbaycanımız-Ulusumuz var olsun!

Qonağınam bugünlüyə, a dağlar,

Ürəyimin məlhəmi sən ol, gedim!

Kəkotulu, göyçəmənli yaylaqlar,

Bala-bala məni yola sal, gedim!

Gədiklərin ağ dumana bələnə,

Yaz yağışı narın-narın ələnə,

Quzu kəsim o sallanıb gələnə,

Gözəllikdən dili-ağzı lal, gedim!

Bir meh əsə, gedə duman, gedə çən,

Hürkə-hürkə ovum keçə bərədən.

Moruq dərəm bir də enib dərədən,

Bulaqların dodağımda bal, gedim!

Bu yerlərin Kərəmi saz, Xanı saz,

"Misiri”tək "Cəngi” tutan hanı saz?

Əldə səhəng su dolduran, a naz-naz,

Bircə dəfə salamımı al, gedim!

Çadır-çadır qurulubdu binələr,

Qonaq oldum bal-qaymağa səhərlər,

Yalçın qaya zirvələrdən əl elər,

A yurd yeri, di salamat qal, gedim!

İLQAR TÜRKOĞLU

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Türkiyə Yazarlar Birliyinin üzvü

Prezident təqaüdçüsü.


648 oxunub

InvestAZ