XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



SÖZÜN VƏ SƏSİN HARMONİYASI: “MƏNİM FÜZULİM”
Ədəbiyyat 10:57 / 05.06.2021

Kamal Abdullanın "Mənim Füzulim” esselər toplusu haqqında düşünmək cəhdi...

 

Uzun müddətdir ki, bir sirli-sehirli dünyaya tərəf boylanıram. Boylanıram və heyran oluram, təəccüb və həyəcanla gördüklərimi seyr edirəm, seyr etdikcə özümü itirirəm, zaman və məkan anlayışlarından uzaqlaşıram....

Xalq yazıçısı, akademik Kamal Abdullanın "Mənim Füzulim” kitabı ilə bu sirli-sehirli dünyaya tərəf addımlayanda qarşılaşdım. Bu mənim Füzuli dünyasına ilk səyahət kitabım oldu. Şövkət Ələkbərovanın ecazkar ifasında, Cahangir Cahangirovun "Füzuli” kantatasını dinləyirəm və "Mənim Füzulim” kitabı haqqında düşüncələrimi yazıya köçürürəm.

"Mənim Füzulim” kitabı sanki sözün və səsin bir-birinə doğru can atan əsrarəngiz hərəkətindən yaranıb. Kitabda Səttar Bəhlulzadənin "Leyli və Məcnun” mövzusunda çəkdiyi ölməz görüntülər qrafik sənətin nadir inciləri kimi bu kitabın düzənini təşkil edir. Kitabın yazılma səbəblərindən biri kimi müəllifin müəllimləri: unudulmaz Mir Cəlalın "Füzuli sənətkarlığı” və Məmməd Cəfərin "Füzuli düşünür” əsərlərinə işarə olunur. Mir Cəlalın poetik düşüncələrinə, Məmməd Cəfərin fəlsəfi-idraki qənaətlərinə əsaslanmaqla fərqli və özünəməxsus bir əsəri oxuyuruq.

Kamal Abdulla Azərbaycan ədəbiyyatının məhz Füzuli ilə XVI əsrə daxil olduğunu, öz dilini yenidən yaratdığını, qoruduğunu və dünya dəyərlərinə qiymət verdiyini bildirir. Füzuli Kamal Abdullanı ahənrüba kimi özünə cəlb edib.

Füzuli xatırlayır: "Deyildim mən sənə mail”

Müəllif Füzuliyə addım-addım, sətir-sətir, söz-söz yaxınlaşmaq istəyir. Yaxınlaşdıqca düşünür, düşündükcə Füzulinin uşaqlığını, yeniyetməliyini təsəvvür edir, onun söhbətlərinə, hərəkətlərinə canlı şahidlik etmək istəyir. Lap xırdalığına kimi, ən incəliyinə kimi Füzulini görmək, seyr etmək, yəqin olmaq istəyən müəllif gizlinləri, sirrləri açmağa çalışır. Füzulinin göylə yer arasındakı səyahətini və bu səyahətin möcüzəvi həqiqətlərini başqa heç kimdə görməyən Kamal Abdulla sanki bu aləmin bir parçası olmaq istəyir...

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Müəllif bu misranı özünəməxsus şəkildə təhlil edir. Bu misradan sonra qəzəlin əsas bədii vəzifəsinin "usanmazmı” sözünə qafiyə tapmaqda olduğunu bildirir. Qeyd olunur ki, sonuncu beytin qafiyəsi kimi yenə də təkrarən "usanmazmı” sözü ilə qarşılaşırıq. "Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?”

Müəllif Füzulinin, dahi söz ustadının təsadüfən və ya çıxılmaz vəziyyətdə qalıb təkrarçılığa yol vermədiyini və bunun necə təkrar olduğunu izah edir. Şair üçün başqa qafiyənin qəhət olmadığını, ancaq bunun necə baş verdiyini sual edir. Burada harmoniyanın, qəzəldə əvvəl ilə axırı təkrar vasitəsilə birləşdiyini vurğulayır. Ancaq füzulişünas alimHacı Aqil Məlikov bu beytlə bağlı fikirlərini belə bölüşür: Burada "usanmazmı” qafiyəsi qəzəlin birinci beytindəki qafiyə ilə eyni mənanı daşımır. Qəzəlin son beytindəki "Usanmazmı” sözünun kökü "us” dur. "Us” sözü qədim türk dilində "sağalmaq” "şəfa tapmaq” mənasını verir. Beytdəki "sevda” sözü isə "xəstəlik” anlamındadı. "Bu sevdadan usanmazmı?” "Bu xəstəlikdən sağalmazmı?”

"Deyildim mən sənə mail”

Füzulinin bu misrasındakı etiraf müəllifi rahat buraxmır. Füzulini hamının gördüyü kimi görmək istəməyən Kamal Abdulla onu görünüş etibarı ilə daha gənc, daha şux olduğu dönəmin düşüncəsi ilə yanaşmanı doğru hesab edir. Füzulinin adi məişət qayğılarından tutmuş, ilk müəlliminin kim olması, kimə ilk qəzəlini oxuması, kiminlə dostluq etməsi maraqlandırır. Axı Füzuli "salam” verib cavab almadığı adamlar haqqında yazmaqdan əvvəl bu hadisəni kimlərəsə danışmalı idi, necə pərt olduğunu kimlərəsə təsvir etməli idi... Bu mənada Kamal Abdulla Füzuli dünyasına yeni və fərqli bir baxış ortaya qoymuş olur.

Füzulinin daha gerçək və aydın mənzərəsini görmək üçün çox çalışmaq lazımdır. Füzulinin misralarını bir istehkam kimi qarşımızda dayandığını və beləliklə bu "istehkam”ın arxasında ancaq Füzulini şair kimi gördüyümüz, onu insan kimi görə bilmədiyimiz qeyd olunur. Bu da maraqlı fikirdi. Buna səbəb kimi də Füzulinin özünü bizdən məharətlə gizlətməsi, aşkara çıxmaq istəmədiyi ortaya çıxır.

Füzulini "səyyah” adlandıran müəllif bu səyahətin bir beytin içində baş tutduğunu, səyahətin məharətlə təşkil olunduğunu və məqsəddən dönməzliyin önə çəkildiyini diqqətə çatdırır. Füzulinin dəqiqliyi, bütövlüyü onun hər misrasında Günəş kimi böyük bir həqiqətə çevrilir.

Mənə tən eyləyən qafil səni görcək utanmazmı?!

Ritorik mahiyyətli suallardan fərqli olaraq bu misradakı sualın cavabı dəqiq deyil. Müəllif bildirir ki, bu sual, əslində, qədim yunan teatrının qəhrəmanlarında olan kimi taleyə boyun əyməkdən başqa bir şey deyil. Digər bir mənada baxsaq, görərik ki, Füzuli burada ona tən eyləyən qafilin üzərinə getmir, onu başa düşməyə çalışır.

"Mənim Füzulim” kitabı başdan-başa sirrlərlə doludu. Burada Füzulinin sirrlərinə bir sirr də əlavə olunub: "Zaman” anlayışı. O zaman ki, Füzuli onu aşmağı bacarmış və özü zamana qalib gələ bilmiş.

Füzuli xatırlayır: "Bir dərdli macəra imiş eşq...”

 

Füzuli şeiri sanki bir riyazi sxemdir, şahmatı xatırladır. Hər gedişdə yeni bir gediş, yeni bir həmlə görünür. Müəllif də Füzulini bu ağırlıqdan qurtarmaq, bu yükdən azad etmək istəyir. Onu öz əsərinin personajı kimi təqdim edir.

"Mənim Füzulim” kitabı Füzulini anlamaq, onun sirrli dünyasına səyahət etmək üçün əlverişli və önəmli bir tədqiqat əsəridi. Füzuli şəxsiyyətinə və fəlsəfəsinə baxışlarda nə qədər fərqlilik və yenilik olsa da, Füzuli sözünün böyüklüyü hər mənada və hər məqamda aydın sezilir...

Olur qəddim düta eşqin yolunda, hər bəla görcək,

Təriq əhlinə adətdir, təvazö, aşina görcək.

Kamal Abdullanın "Mənim Füzulim” kitabı məni vadar etdi ki, bir qədər "Öz Füzulim”i bəyan edim. Odur ki, Füzuli ucalığının digər məqamları da diqqətimi çəkdi. Bu məqamlardan biri də "Bəla” anlayışıdır. Füzuli yazır: "Olur qəddim düta eşqin yolunda, hər bəla görcək” Füzuli eşq yolunda bəlanı görəndə "ikiqat” olur, burada düta "təzim” "hörmət” mənasındadı. Bəla isə "nemət”di. Füzuli eşq yolunda bəla ilə qarşılaşanda ona təzim edir, ona baş əyir.

Növbəti misrada isə deyilir: "Təriq əhlinə adətdir təvazö, aşina görcək.” Təriq əhli isə, seyri-süluk əhlidir, yol gedənlər, ariflər getdikləri yolda bir-birini görəndə tanıdılar, tanımadılar, fərqi yoxdur,təzim edib, hörmət və ehtiramlarını bildirərlərmiş. Bu mənada Füzuli deyir ki, "bəla” da mənim dostumdur, dostumu görəndə ona təzim edib, ehtiramımı bildirirəm...

 

 

Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,

Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görgəc.

 

Yuxarıdakı beytə nəzər salsaq, görərik ki, Füzuli öz eşqinin qüdrətini və böyüklüyünü necə təsvir edir: "Əgər mənim gizli eşqimi aləm ahımın tüstüsündən bilsə, burada təəccüblü bir şey yoxdur, əjdaha görən cammat o yerdə xəzinə olduğunu anlayar, mənim ahım da əjdaha oxşayır, qəlbimdəki xəzinəni bildirir...”

Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, güləəhli-əzab, oynar.

 

Füzuli Qurandan göndərmə edir. Bu beytdə "bəir” sözünə diqqət etmək lazımdır. "Bəir” "dəvə” deməkdir. Sual oluna bilər: " Dəvə hara, qəm hara?” Bu əlaqəni Quran ayəsindən tapmaq olar. Ayədə qeyd olunur ki, kafirlər cəhənnəm əzabından qurtula bilməyəcəklər, onların cəhənnəm əzabından qurtulması üçün dəvənin iynənin gözündən keçməsi lazımdı. Burada Füzuli dahiliyi və möhtəşəmliyi adamı mat qoyur. Füzuli deyir ki, "Mənim qəmlərim o qədər çoxdur ki, bu qəmləri dəvənin üstünə qoysan o əriyib iynənin gözündən keçə biləcək hala gələr və beləliklə kafirlər cəhənnəm əzabından qurtulmuş olar...”

Füzulini araşdırmaq üçün, onu başqa prizmalardan görmək üçün, bir az da daha real və gerçək tərəfdən anlamaq üçün "Mənim Füzulim” kitabı oxucular üçün mayak fünksiyasını yerinə yetirir. Bir çox mətləblərə aydınlıq gətirilir və tədqiqatçılar üçün qiymətli bir əsər kimi təqdim olunur.

 

Tural Cəfərli

Naxçıvan Dövlət Universitetinin

magistrantı

 


790 oxunub

InvestAZ