XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



“Qarabağ şeirlərim yaşantılarımın nişanəsidir” Zemfira Məhərrəmli yazıçı-publisist
Ədəbiyyat 15:14 / 21.05.2021

El-obası əsirlikdə qalan, doğma yurdun cansıxıcı qürbət ömrünün şahidi olan, yurddaşlarının taleyinə didərginlik yazılan qələm adamları sözə daha həssas yanaşır, yaşanan dərdi, möhnəti əsərlərində ağrı-acıyla poetikləşdirir. Ürəyində Vətən eşqi, millət sevgisi daşıyan şairimiz Vaqif Bəhmənli kimi. Yaxşı deyirlər ki, od-ocaq, yurd duyğusu hər kəsə nəsib olmur. Özün açdığın cığırla getmək, gecəni gündüzə qatıb çalışmaq, əlahəzrət Sözə tapınmaq, bədii düşüncənin, təfəkkürün gücü ilə ədəbi nəhrə qovuşmaq da hər yazarın qisməti deyil. Qəlbi bu ülvi hisslərlə döyünən qələm adamlarının yaradıcılığında, təbii ki, Vətən mövzusu,Vətəni daim ürəkdə hifz edən sevgi önə keçir.

70-ci illər ədəbi nəslinin istedadlı təmsilçisi, çağdaş poeziyamızın tanınmışlarından biri, əslən qarabağlı olan, Füzuli bölgəsinin Böyük Bəhmənli kəndində dünyaya göz açan Vaqif Bəhmənli Azərbaycanımızın ürəyi Qarabağın təbii gözəlliklərinin qoynunda boya-başa çatıb. Əsrarəngiz yurd yerlərimizin saf havasını, büllur bulaqların suyunu içib. Bəlkə onun şeirlərindəki təbiilik də elə bununla bağlıdır. Şair "yazağzı bulaqlar buzun qıranda,” "bənövşələr qar altından boylananda”, "Cıdır düzü yamyaşıl xalıya bürünəndə” göz qamaşdıran şahanə gözəllikləri tərənnüm edir.Yaradıclığının erkən çağlarından sonrakı dövrədək yazdığı, misraları duyğu-duyğu hörülmüş bədii nümunələrdə Qarabağın qəlbimizə fərəh gətirən, allı-güllü təbiətini vəsf edən dürlü-dürlü təsvirlərlə qarşılaşırıq:

 

Çayları uzun saçlı, bəndi, keçidi çətin;

bu torpaq elə güclü, bu torpaq elə mətin...

Nədən dolaşaq qərib yollarında qürbətin?

Tanrı bizlərə verib açarını cənnətin!

 

"Vətənin ruhu” adlı şeirində qeyd olunduğu kimi, bu füsunkar, cənnətməkan diyara tamarzı qalan, bənzərsiz gözəlliyə malik yurd yerlərimizi iti caynağına keçirmək istəyən yağılar illər boyu fürsət gözləyiblər. Nəhayət, elə bir zaman gəlmişdi ki, qaçqın-köçkün, öz yurdunda didərgin olmaq dərdi ən ağır dərdlərimizdən birinə çevrilmişdi. Şəhid analarının göz yaşı qurumurdu:

 

Qəm geydim, düymələndim,

yaxam sucaqdı, nəmdi...

Qardaş qolu qələmdi,

bacım şəhiddi mənim!

Anam görsə tanımaz,

qəm daraşıb canıma.

Qolum düşüb yanıma,

qıçım şəhiddi mənim!

 

Tarixin belə bir dönəmində yurdcanlı şairimizin də qələmi silahı idi. Onun "Vətənin tarix kitabı” poeması, "Mən əsgərəm, Qarabağ” silsiləsindən şeirləri ərsəyə gəlmişdi:

 

Qəzəbin daş dələr, gərilsə, yaytək,

Bir heçdi gözündə min hədə-qorxu...

Heç zaman gözünü tutmasın yuxu,

Ey Vətən əsgəri, Vətən əsgəri!

 

Şair yaxşı bilirdi ki, hərb qovğası tüğyan edəndə ədəbiyyat, söz sənəti də hərəkətverici qüvvəyə çevrilir. Belə bir vaxtda ədəbiyyatın əsas missiyası xalqı səfərbər etmək, bir amal uğrunda birləşdirmək, necə deyərlər, çəkici bir zindana vurmaqdır. Axı, ədiblər, şairlər, ümumən qələm adamları əsərləri ilə yurddaşlarına milli kimliyini xatırladır, genetik yaddaşımızı dirçəldir.

Düşmən tapdağında olan, talanan, doğmalarının məzarları qalan yurdu barədə yana-yana şeirlər yazıb Vaqif Bəhmənli. Qarabağ nisgilini, ağrı-acısını, müharibənin vurduğu yaraları poeziyaya gətirib. "Avtomat” şeirində oxuyuruq:

 

Bu avtomatdı, ana,

döyüşdən dönənlərin

taxta ayaqları,

itən qolları deyil bu.

Bu tətikdi, ana...

Gözümdə hərbə nifrət,

Barmağımın ucunda tətik –

qara, himə bənd!

 

Vüsalın, sevdiklərinə qovuşmağın rəngi ağ, həsrətin, ayrılığın rəngi qaradır, deyirlər. Şairin Şuşamızın itkisi, uzun illər yad əllərdə qalmasından bəhs edən şeirlərində ayrılığı, nisgili nişan verən tünd rənglər üstünlük təşkil edir. Həmin şeirlərdə bu nisgildən doğan dərd-kədərin tükənməz ağrı-acıyla assosiasiyası poetik ovqatın səlis ifadəsi kimi yaddaşımıza həkk olunur. Söz vasitəsilə göz önündə əsrarəngiz görüntü yaranır:

 

Batıb Şuşanın dili,

Zili, pəsi çatışmır.

Tarixdi Pənahəli –

Xan nəvəsi çatışmır!

Kafər kəsib yolağı,

Kardı Kirsin qulağı!..

Cabbarsız Qarabağın

Zənguləsi çatışmır.

İtkin düşüb qonağı,

Sağ şikəstə, sol ağı.

Axır İsa bulağı,

Piyaləsi çatışmır!

 

Göründüyü kimi, şair baş verən olaylara bədii həll verərkən, başqa sözlə, çatdırmaq istədiyi mərama bədii çözüm taparkən irfani təfəkkürə söykənir. Şeirlərinin bu təfəkkürlə yazılmış bədii mətni dolğun, bitkin həyat hekayətləri təsiri bağışlayır. Deyirlər, yaradıcılıq ruhun tərcümanıdır. Yaradıcılıq yuxusuz gecələr, əzab-əziyyət deməkdir. Bənzərsiz poetik fikirlər, ümumən poetik bütövlük, şeiriyyət süzülən misralar yaradıcılıq əzablarından doğulur. Şair təlqin etdiyi məramı əbəs yerə, bilərəkdən uzatmır, şeirlərində bəzən qarşılaşdığımız təfərrüatlılıq yazdığı bədii fakta bələdlikdən irəli gəlir.

Vaqifin şeirlərinin, iri həcmli epik əsərlərinin mövzusu, problematikası, süjeti və kompozisiyası rəngarəng, bədii dili obrazlı, səlis və rəvandır. O, poeziyamız naminə çiyınlərini hər cür ağırlığın altına verməyə hazır olan qələm adamlarındandır. Dəyərli ədəbi tənqidçilərimiz müxtəlif vaxtlarda onun şeirlərinin bədii-estetik qiymətini verib. Şairin poetik məramını, missiyasını düzgün tutan tanınmış ədəbi tənqidçi Vaqif Yusiflinin yozumlarından birində oxuyuruq: "Vaqif Bəhmənli, doğrudan da, çox yazır, məhsuldarlığı ilə öz ədəbi nəslinin bütün üzvlərini ötüb keçir. Zənnimcə, 66 yaşda bu tempdə, belə yorulmadan şeir yazmaq, doğrudan da, şairlik potensialının tükənmədiyini, əksinə, "şimşəkdən qanad aldığını" sübut etmirmi? Vaqif Bəhmənli ayrı-ayrı illərdə onu nə düşündürürsə, həyatın, gerçəkliyin və özünün daxili dünyasının hissiyatını şeirə gətirir.”

Gərgin, can üzən, qarışıq bir vaxt idi. Səbrimizə baxıb çat-çat olan daş da dözmürdü bu haqsızlığa, amma biz hələ dözürdük, yurd yerlərimizə dönəcəyimiz xoşbəxt günləri gözləyirdik. Şair ruhunun Qarabağda, Şuşada baş verənlərdən dolayı yaşadığı üzüntülər, keçirdiyi təbəddülatlar sanki bir araya sığışaraq poetik gerçəklik yaradırdı misra-misra. Ağrı-acılı, üzüntülü olsa da:

 

Dağı dağ üstə duran dağlı səməndərdi Şuşa,

Necə bəs dil-dil ötür gül-gül açan dərdi Şuşa?

 

Qol açıb hər yetənə, pis nəzərə gəldi yəqin

Partlamışlar uladı: gör nə qəşəng yerdi Şuşa! –

 

deyən şair yol verilən yanlışlıqları, "hər yetənə qol açmağı” məqbul hesab etmir. Qarabağın zümrüd qaşlı tacı olan Şuşamızın həmişə düşmənlərin gözünə ox kimi batdığını,

can məlhəmi saf havasına, dumduru bulaqlarına hayıl-mayıl olan yağıların bu yurd yerimizə daim diş qıcadığını dilə gətirir. Xarıbülbülü xar olan, dərd yuvası Şuşamızın əlimizdən getməsi o qədər ağrılıydı ki... Xalqımızın tarixində, həyatımızda, mədəniyyətimizdə, ədəbi salnaməmizdə həmişə önəmli yer tutmuş bu şəhərin indi çətin dövrünü, ağır çağlarını yaşaması şairin qəlbini üzür:

 

 

O xəcil, axdı təri, qan bulaşıq köynəyini

Xarıbülbül gülünün yarpağına sərdi Şuşa.

 

Bəlkə nərd taxtasıdı yek Cıdırın daş sinəsi –

Fəndgir əllərdə gəzən şeşli-beşli zərdi Şuşa?

 

Sənətkarlıqla yazılmış bu şeirlər şairin Qarabağımızı azad görmək, 30 il əvvəl qanlı savaş üzündən tərk ediyimiş el-obamıza qayıtmaq, əzəli torpaqlarımızı əsl sahiblərinin qayıdışı ilə sevindirmək istəyinin, niyyətinin bəlirtisidir. Nikbin sonluqla bitən bədii nümunədə misralara sızan dərd-ələmin içindən sanki bir ümid qığılcımı, bir tel işıq parlayır:

 

Şəksiz, olmaz qarabəxt, Tanrı quran cilvəli taxt,

Qaynar, əlbəttə, yenə çeşmə bulağın, Qarabağ.

 

Vaqifin bağrı sənə bağlıdı min bağlar ilə

Qocaman bir xalısan, mən də saçağın, Qarabağ!

 

 

Əruzla izhar edilmiş yurd nisgilimizi çatdıran "Vətənin Şuşası” və "Vətənin Qarabağı” adlı şeirlər müəllifin yaradıclığında qırmızı xətlə keçir. "Qarabağ” və "Şuşa” rədifli bu klassik şeir nümunələri ünlü qəzəlxanların beytlərini yada salır. Qəzəl janrından daha çox sevgi-məhəbbət duyğularının ifadəsi üçün yararlanan şairlərdən fərqli olaraq, V.Bəhmənli düçar olduğumuz ağrı-acıların poetik təsviri üçün əruz vəznindən istifadə edir, başqa sözlə, klassika ilə müasirliyi birləşdirir. Şair söz açdığı hadisəni hiss etdirə, duydura bilir.

Düşmənin uzun illərdən bəri davam edən işğalçılıq siyasətinə "dur!” demək vaxtının çoxdan çatdığını dilə gətirən V.Bəhmənlinin çox intizarla gözlədiyimiz qələbəmizi yaxınlaşdırmaq arzusu bir qədər sonra onun şeirlərini bəlli bir səmtə, məcraya yönəldir. "Vətənin dərdi” şeirində olduğu kimi:

 

Yolunca saraldı gözümün kökü,

Qalmadı ürəkdə yağ, Qarabağım.

Başıma haranın külünü töküm,

Qayıtsın əzəlki çağ, Qarabağım?!

 

Ölün bir yandadı, dirin bir yanda,

Çalağan ilanlar qıvrılır qanda!

Torpaq götürərmi, aparsam canda

Belə çalın-çarpaz dağ, Qarabağım?

 

44 günlük Vətən müharibəmizin ilk vaxtlarından Zəfər çalacağımıza böyük ümidlər bəsləyən şair torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgər və zabitlərimizin hünərini tərənnüm edən şeirlər yazır, qəhrəman oğullarımızı Qələbəyə səsləyirdi. "Vətənin əmri” şeiri fikrimizə sübutdur:

 

Güllələr qışqırır, qurğuşun "əkir”,

Günəş tək yüksəlir qızıl qan, Vətən.

Oğullar geriyə qayıtmır, çünki

"İrəli!” əmr edib əzəldən Vətən!

 

Müəllifin Zəfər savaşımıza həsr etdiyi "Şairin sübh duası” şeiri isə qalibiyyət saçan hərbi yürüşlərimizin yaratdığı coşğunu, sevinci ifadə edir:

 

Qanadlanıb Şuşaya, o müqəddəs guşəyə,

Şehli Xarı-bülbülü dərdim, ilhama gəlib!

Ali Baş Komandanın adınadı ilhamım

İlhamım əmr eləyib, ordum ilhama gəlib!

Qarabağ-Azərbaycan!.. hayqırır bir ağızdan

Qələbəyə şığıyır yurdum, ilhama gəlib!

 

 


1147 oxunub

InvestAZ