XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



75 yaşlı ürək , 75-in mübarək
Ədəbiyyat 13:00 / 11.05.2021

                                   75 yaşlı ürək,

                                   75-in mübarək

     Əziz oxucu! 20 may 2021-də Azərbaycanın Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlının 75 yaşı tamam olur.Və bu böyük şair mənim dostum-qardaşımdır. Həm də on ilin, on beş-iyirmi ilin yox,58 ilin dostu, 58 ilin qardaşı-sirdaşıdır.Bu dostluğun, bu mehr-ülfətin kökləri-rişələri 1963-ə bağlıdır və o qızmar yay günlərindən su içir. Tanışlığımızın baş tutduğu yer-məkan Bakı  Nizami küçəsi

49-dur- Azərbaycan Dövlət Universitetinin binası. Qəbul imtahanları keçirilən o binada görüşdük, mübahisələr etdik,ağrı-acılarımızı, istək-arzularımızı bölüşdük.Mübahisələrdə, sual-cavablarda Sabir abituriyentlərin ən diribaşı,hazırcavabı,açıqgözlüsü,necə deyərlər,ən öndə gedəni,ən öndə çapanı idi.O çağdan Sabirə qanım qaynadı. Sabirdə bir doğmalıq-münislik, qayğıkeşlik-canıyananlıq hiss etdim.

     Tələbəlik illəri,yataqxana həyatı bizi bir daha  sıx birləşdirdi və mən 1964-ün 17 oktyabrında ordu sıralarına çağırıldım. Ordudan qayıdandan sonra təhsilimi davam etdirdim və 1969-da universiteti bitirdim, Lənkəran rayonunun Port-İliç (indiki Liman) şəhərində pedaqoji fəaliyyətə başladım. Sabir Rüstəmxanlı ilə əlaqəm kəsilmədi və bu əlaqə bu gün də davam etmədədir.

     1963-ün Sabiri indilər nəinki respublikada, hətta bütün dünyada, xüsusən Türk-Turan-İslam ölkələrində məşhurlardan, adlı-sanlılardan,tanınmışlardandır. Səsi ən mötəbər kürsülərdən, simpozium,konfrans və qurultaylardan gəlir. Tanınmış diplomatlar, dövlət xadimləri, politoloqlar...həmişə Sabirin dərin mənalı çıxışlarına, elmə-məntiqə söykənən fikirlərinə böyük sayğı və məhəbbətlə yanaşıb və yanaşırlar.

    Həmı,hər kəs:istər yaxınlar,istərsə də uzaqlar sayğılarla xatırlayır, hörmət-izzətlə çəkirlər dünyanı dolaşan bu doğma-əziz,bu məhrəm-munis adı.Bu ünlü şairin,bu böyük vətəndaşın,bu tanınmış ictimai-siyasi xadimin sözü-şeri,nitqi-çıxışı haralarda səslənirsə, haralardan keçirsə,oralarda mütləq Türk sevdalısının,bir Türksevərlisinin parlaq obrazı canlanır və bu obraz bütün parametrlərilə Türkü,Türkün sənət sütünlarını, Türkün əxlaq-mənəviyyat zənginliyini,məslək-amal bütövlüyünü özündə ehtiva edir. Türk dünyası bu gün fəxr edir ki, Azərbaycanda türkçülük ideologiyasının başında duranlardan biri, bəlkə də, birincisi məhz Sabir Rüstəmxanlıdır.

 Sabir Rüstəmxanlı, hər şeydən öncə, SÖZ adamıdır-istedadı-talantı aşıb-daşan şairdir,nasirdir,publisistdir,tərcüməçidir,ssenaristdir,alimdir,saysız-hesabsız Ruh abidələrinin memarı-yaradıcısıdır. SÖZ gücünə tanınıb ucalıb, SÖZlə qol-boyun qocalıb (bəlkə də,qocamanlaşıb,azmanlaşıb). SÖZ qaldırıb Sabiri sultanlıq taxtına. SÖZ şan-şöhrət gətirib taleyinə-baxtına. SÖZ  naxış vurub ömrünün paytaxtına.

   Sabir Rüstəmxanlı qələmində yaddaşdır,saxlancdır,xalqın tükənməyən mənəvi

gücünü,istedadını,genetik kodunu bətnində-ruhunda sıx-sıx hifz edərək sabahlara əmanət- miras kimi ötürən gözəgörünməz əxlaqi-mənəvi-əqli gücdür,tanrısal qüvvədir SÖZ.

   Sabir Rüstəmxanlı qələmində Orxan-Yenisey kitabələrində Türkün daşlara həkk olunan nifrət-məhəbbətidir. Türkün öz el-obasına  tükənməz sədaqətidir, şaman-varsaq dualarıdır,Dədə Qorqud qarğış-alqışlarıdır SÖZ.

   Sabir Rüstəmxanlı qələmində "qazilər sərdarı”, "vuruş adamı” , məmləkətin ətrafına at cövlan etdirən Şah İsmayıl Xətayidir SÖZ və habelə 48 yaşında edam kürsüsünə qalxan və dərisi soyulan Nəsimidir SÖZ

   Sabir Rüstəmxanlı qələmində millətin-xalqın ağrı-acılarını, istək-tələblərini minlərə, milyonlara çox incəliklə çatdıran ruhun-ovqtın, hiss-həyəcanın sarı simidir SÖZ.

   Sabir Rüstəmxanlı qələmində Füzuli çevrəsində, Füzuli qəmxanəsində həm divanədir, həm də fırlanıb kül olan pərvanədir SÖZ.

  Sabir Rüstəmxanlı qələmində xosunlaşıb Azərbaycanı ikiyə bölən rus və fars dövlətlərinin alçaq siyasətini və bu hökumətlərin antiazərbaycan(antitürk) xislətini ruhən-mənən kar-korlara aydınladan zəbanədir SÖZ.

   Sabir Rüstəmxanlı qələmində millətin-xalqın dünyagörüşü, həyata baxışdır, inamı-inancıdır, heyrəti-heyranlığıdır, suyu-havası, duzu-çörəyidir SÖZ.

   Sabir Rüstəmxanlı qələmində 20 Yanvar şəhidlərinin, Qarabağ savaşlarından üzüağ çıxmış qəhrəman qazilərin,ümumən Azərbaycan əsgərinin,Xocalıda diri-diri torpağa basdırılanların gülləbatmaz kürəyidir SÖZ.

   Sabir Rüstəmxanlı qələmində ruslarla savaşlarda məmləkətin müstəqilliyi uğrunda sağa-sola mərdanəliklə qılınc çalan Cavad xanın sustalmaz qollarıdır SÖZ             

Sabir Rüstəmxanlı qələmində taleyinə ağlı-qaralı günlər yazılan, ömrü-günü qərib-qürbətlərdə təqib- təhdidlərə tuş gələn, həyatı boyu vətən-millət-azadlıq üçbucağında meydangərdlik edən Məhəmməd Hadinin daşlı-kəsəkli ömür yollarıdır SÖZ.

    Sabir Rüstəmxanlı qələmində çəkic-zindandır,gürz-toppuzdur, kətmən-dəryaz-oraqdır SÖZ.

    Sabir Rüstəmxanlı qələmində qılınc-qalxandır, ox-kamandır, şeşpər-əmuddur, gerb-himndir,sancaq-bayraqdır SÖZ.

   Sabir Rüstəmxanlı qələmində həmrəylik- barışıqdır, birlik-birgəlikdir, kişilik-ərdəmlik-ərənlikdir SÖZ.

   Sabir Rüstəmxanlı qələmində yaytək gərilir, oxtək süzür, bombatək partlayır, haqqa daş atanların, rüşvət bolluğunda batanların bağrın-başın çatladır SÖZ.

   Sabir Rüstəmxanlı qələmində bizi ilkinliyə-bitkinliyə,kökümüzə-soyumuza bağlayan od-ocaqdır,yurd doğmalığıdır, ata nəsihəti, ana laylasıdır, vətən sevgisini ruhumuza qətrə-qətrə axıdan ilk yuvamız, ilk mənzilimiz beşik başıdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində məmləkətin- o taylı, bu taylı Azərbaycanın bütövlüyü-bütünlüyü naminə hər cür zülmə-işgəncəyə, zora-şiddətə köksünü gərən məğrur, cəsarətli-qeyrətli ölkə vətəndaşıdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində igidlərin döyüş marşını, savaş himnini şövqlə səsləndirən Dədə Qorqud yadigarı qopuzdur-sazdır,mizrab-təzənədir, gumbur-gumbur nağaralardır,toy-mağarlarda səsi qan coşduran, ruh cövlan elətdirən zurna-balabandır SÖZ.

Sabir Rüstəmxanlı qələmində tapmaca-bulmacadır, gəraylı-qoşmadır, vücudnamə-ustadnamədir,nağıl-dastandır SÖZ.

Sabir Rüstəmxanlı qələmində Salur Qazanın üçgünlük yolu bir gündə başa vuran itiqaçışlı Qonur atıdır, Böyrəyin dəniz qulunu Boz ayğırıdır, Koroğlunun kişnəm-kişnəm kişnər Qıratıdır, Qaçaq Nəbinin acı qamçı dadmayan Bozatıdır SÖZ.

Mən Sabir Rüstəmxanlı yaradıcılığını (lirikasını) tələbəlik illərindən izləyirəm. Bu qənaətdəyəm ki, o, görüş şeirləri ilə yox, daha çox döyüş şeirləri ilə məşhurdur. Şairin lirik qəhrəmanı can  atmır nə gözlərə, nə qaşlara. Bu qəhrəman aramsız-aramsız dartınır, qanadlanır yurd uğrunda savaşlara. İstəyir ki, ən çətin, ən ağır məqamlarda gərək olsun, dirək olsun,  arxa dursun yurddaşlara. Yaddır bu qəhrəmanın təbiətinə rahatlıq, arxayınçılıq, laqeydlik-biganəlik. Ən xarakterik keyfiyyətidir vətənə vurğunluq, Türk əxlaq-mənəviyyatına sədaqət,  müstəqilliyə, azadlığa dəli-divanəlik. "Bu qəhrəman nədən danışır-danışsın... fərqi yoxdur, hər yerdə dilinin Leylası vətəndir” (Bəxtiyar Vahabzadə).

Sabir Rüstəmxanlının romanlarında da, poemalarında da, publisistikasında da, hətta hekayələrində də qəhramanları eyş-işrətdə, yüngül əyləncələrdə, ötəri situasiyalarda yox, vətən-xalq-millət-dil uğrunda savaş-vuruşlarda görür, onların yurd sevgisinə-məhəbbətinə heyran kəsilirik.

Kitabxanamın  görümlü yerindədir Sabir Rüstəmxanlının şeir və nəsr kitabları, publisistik topluları və elmi əsərləri: "Xəbər gözləyirəm”, " Gəncə qapısı”, "Sağ ol , ana dilim”, "Əbədi sevda”, "İki kəlmə”, "Ölüm zirvəsi”, "Difai fədailəri”, "Atamın ruhu”, "Xətai ruhu”, "Sunami”, "Sair və Şər”, "Akademikin son əsəri”, "Astar” (Bu romanda mənim obrazım da yaradılıb), "Bu sənin xalqındır”, "Ömür kitabı”, "Dərdə əyilmə”, "Özümüzdən böyük sözümüz”, "Molla Nəsrəddin və folklor”... (Tam olmayan bu siyahıdaki  kitabların çoxunu müəllif avtoqrafla mənə bağışlamışdır) .Bu kitabların əksəriyyəti haqqında mətbuatda çıxışlar etmiş, fikir-mülahizələrimi hörmətli oxucularla bölüşmüşəm.

          Əziz oxucu! Bu yaxın günlərdə işıq üzü görcək "SABİR RÜSTƏMXANLI DOST GÖZÜNDƏ, DOST SÖZÜNDƏ” kitabım həmin məqalə və resenziyalarımın toplusudur. Kitabda, eyni zamanda,  müxtəlif illərdə Sabir Rüstəmxanliya ünvanladığım "Açıq məktublar”, mənsur şeirlər və "Sabir Rüstəmxanlı tək beytlərdə” silsilə beytlər də yer almışdır. 

           Əziz oxucu! 78 yaşlı bir dostun 75 yaşlı bir dosta itməz-batmaz,çürüməz-paslanmaz ərməğanı-hədiyyə-töhfəsidir bu kitab.

           Tanınmış şairə, görkəmli nasirə, yaradıcılığı boyu (eyni zamanda həyatı boyu) həmişə haqqa-ədalətə, düz sözə, doğru fikrə çiyin verən Sabir Rüstəmxanlı KİŞİyə sıravi bir oxucu harayı-səsidir bu kitab.

           42 il yorulmadan-usanmadan orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı daxili bir yanğı və ehtirasla tədris edən, bu günlər isə öz xoşbəxt qocalığı ilə qol-boyun bir ağsaqqalın ədəbiyyatımızın, ədəbi-bədii fikrimizin,ictimai-siyasi cameənin flaqmanlarından birinə-xalq şairi,millət vəkili, Vətəndaş Həmrəyliyi Parityasının sədri Sabir Rüstəmxanlıya ağsaqqal səslənişidir bu kitab.

           Hələ orta məktəbdə oxuduğu illərdə (1952-1963) humanitar elmlərə xüsusi maraq və sevgi ilə yanaşan,yaşının bu ahıl çağlarında belə klassik və çağdaş ədəbiyyatı, habelə xarici ölkələr ədəbiyyatını acgözlüklə mütaliyə və təbliğ edən bir ədəbiyyat təəssübkeşinin iç dünyasının  ifadəsidir bu kitab.

            Mən bu kitabla və habelə bu kiçik yazımla nə Amerika kəşf etmək iddiasındayam,nə də Sabir Rüstəmxanlının şöhrətini artırmaq niyyətində. Sabir Rüstəmxanlının mənim sözümlə,mənim bu kitabımla tapa biləcəyi şöhrətə ehtiyacı yoxdur və həm də Sabir Rüstəmxanlı heç zaman şan-şöhrət ardınca qaçmayıb. Əksinə, şan-şöhrət Sabir Rüstəmxanlının ardınca qaçıb.Qaçıb ki,Sabir Rüstəmxanlı ünvanında təkrarən şöhrət ucalığına yüksəlsin.

            Bu kitabda mən gözümlə gördüyüm, ürəyimlə duyduğum Sabir Rüstəmxanlını yazmışam-nə özümdən uydurmuşam, nə də uydurulanlara inanmışam. Ruhumun pıçıldadıqlarını yazmışam. Yazmışam məmləkətin başına pərvanə kimi dolanan o elcanlını, o yurdqanlını. Yazmışam elimin-obamın fəxri-fəxarəti-o şöhrətli- şanlını!

                                 Qardaş! Mübarəkdir 75 yaşın!

                                 Daim yüksəklərə ucalsın başın,

                                 Fəxr etsin səninlə yarın-yoldaşın!

                                                                      Musa Xanbabazadə

                                                                      filoloq-ədəbiyyatşünas

 

 

 

 


1567 oxunub

InvestAZ