XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



“BORC VƏ ŞƏRƏF”İN BORCU və ŞƏRƏFİ
Maraqli 14:14 / 10.05.2021

"ƏDALƏT” qəzetinin baş redaktoru

İradə xanım Tuncaya

 

Hörmətli redaktor, işlədiyim Goranboy rayonu Səfikürd kənd orta məktəbinin məzunu Polis general-mayoru Oqtay Cəlil oğlu Əliyevin nəsillərə örnək ola biləcək ömür yolunu vərəqləyərkən cənab generalın müəllifi olduğu "Borc və şərəf” kitabı diqqətimi çəkdi.

Kitabda Azərbaycan polisinin 85 illiyinə və nəqliyyat polisinin keçdiyi inkişaf yoluna güzgü tutulur. Müəllif kitabına elmi, publisistik, bədii, illüstrativ çalarlar verməklə onu yetkin bir əsər səviyyəsində təqdim edir.

Hörmətli İradə xanım, kitab haqqında öz xırda mülahizılırimi jurnalist qayğıkeşliyinizə arxayın olaraq adınıza ünvanlayıram. Ondan qəzetinizin saylarından birində istifadə olunması ümidindəyəm.

Əvvəlcədən Sizə öz dərin təşəkkürlərimi ifadə edirəm.

 

İsgəndər Səklikov

Azərbaycan Respublikasının

Əməkdar müəllimi, Goranboy rayonu.

 

 

"BORC VƏ ŞƏRƏF”İN BORCU və ŞƏRƏFİ

və ya

Azərbaycan Nəqliyyat Polisinin keçdiyi yolun bələdçisi

(Polis general-mayoru Oktay Əliyevin"Borc və şərəf” kitabı haqqında düşüncələr)

 

Polis peşəsi ağır peşədir, o, bir tərəfdən

cəsarət, şəxsi mətanət, ikinci tərəfdən

dərrakə, elm, təhsil, təcrübə tələb edir.

 

HEYDƏR ƏLİYEV

Ümummilli lider

 

İşlədiyim Goranboy rayonu Səfikürd kənd orta məktəbinin kitabxanasında məktəbimizin məzunu olmuş Polis general-mayoru Oqtay Cəlil oğlu Əliyevin müəllifi olduğu "Borc və şərəf” kitabı bir neçə ildən sonra yenidən diqqətimi çəkdi. Uzun illər pedaqoji işlə məşğul olduğum üçün hər bir gəncin ömür yolunun müəyyənləşdirilməsinə örnək ola biləcək bu kitabı bir daha mütaliə elədim.

Kitab Azərbaycan polisinin 85 illiyinə və nəqliyyat polisinin keçdiyi inkişaf yoluna həsr olunur. O, elmi, publisistik, tatixi (salnamə), bədii, bir üslübda yazılmış, illüstrasiyalarla zəngin, nəfis tərtibatla hazırlanmış və 2003-cü ildə "Şuşa” nəşriyyatında nəşr olunmuşdur.

"Ön söz”dən sonra iri formatda ulu dağların fonunda kimsəsiz yollarla baş alıb gedən dəvə karvanı təsvir olunmuşdur. Şəklə baxdıqca adamın xəyalı uzaq keçmişlərə uçub gedir. Yollar kimsəsiz, uzaq, enişli-yoxuşlu, təhlükəli... Karvanlar Güneyə, Quzeyə, Məğribə, Məşriqə yollanır. Sarbanlar bu qərib yolların ən qədim yolçularıdır. Zəngin karvanları təkcə onların taleləri qorumur. Müəllifin təbirincə desək: "İlk nəqliyyat vasitəsi insan özü olduğu kimi, ilk polis də elə insanın özü olmuşdur”.

Bu uzaq yollara bələdçilik edən "Borc və şərəf” kitabı öz borcunu şərəflə yerinə yetirən polis əməkdaşlarının həyatına güzgü tutur.

Müəllif kitaba zəngin tarixi faktlar, elmi mülahizələr, rəvayət və xatirələr, əməliyyat tarixçələri əlavə etməklə onu asayiş mütəxəssislərinin, hüquq-mühafizə işçilərinin, tarixçilərin və geniş oxucu auditoriyasının maraq dünyasını təmin edən yetkin və mükəmməl bir əsər səviyyəsində təqdim edir.

Kitab polis orqanlarında ən kiçik pillədən ən uca pilləyə yüksəlmiş peşəkarın qələmindən çıxmış bir əsərdir.

Kitab Azərbaycan polisinin 85 ildə keçdiyi şərəfli yolun zəngin salnaməsidir.

Kitab nəqliyyat polisinin – karvan mühafizəçisindən quruda, suda, havada, kosmosda nəqliyyat-kommunikasiya sisteminin real zəmanəti kimi fəaliyyət göstərən etibarlı bir qüvvəyə çevrilmiş bir qurumun təkamül tarixinin xronologiyasını çox dəqiq, obyektiv və incəliklə əks etdirir.

Kitab böyüməkdə olan gənc nəslin Azərbaycançılıq və dövlətçilik ideyaları ruhunda tərbiyələnməsinə istiqamət verən bir bələdçidir.

Kitab kriminal hadisələrin qarşısının alınması və açılması istiqamətində gənc polis işçilərinə yol göstərən ustad nəsihətəri toplusudur.

Kitab oxucuya kriminal roman təsiri bəxş edən oxunaqlı əsərdir.

Kitaba, kitab nəşr olunan zaman Azərbaycan Respublikası Daxili İşlər naziri olmuş general-polkovnik R.İ.Usubov, Azərbaycan Respublikası Nəqliyyat naziri omuş Z.A.Məmmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Daxili İşlər nazirinin müavini olmuş general-leytenant Ə.Ələkbərov və general-leytenant O. Zalov, Azərbaycan Dövlət Dəmir Yollar İdarəsinin rəisi əvəzi olmuş M.Mehdiyev, həmçinin müəllif özü "Ön söz” yazmışdır.

Ümumiyyətlə, kitab "Ön söz”dən, "Son söz”dən və 3 hissədən ibarətdir.

Birinci hissə "Nəqliyyat polisi – ən qədim xidmət...” adlanır.

Bu hissədə VII əsrdən başlamış 1917-ci ilədək olan zaman kəsimində nəqliyyat polisinin keçdiyi tarixi yol xronoloyi ardıcıllıqla əks olunur.

Kitabın ikinci hissəsi "Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Müstəqil Azərbaycan Respublikası dövrləri” başlığı altında təqdim olunur. Bölmə yeni stil ilə 10 noyabr 1917-ci il tarixdən – Sovet fəhlə-kəndli milisinin yarandığı vaxtdan günümüzə qədər olan dövrü əhatə edir. Burada çox nadir və əhəmiyyətli məlumatlar toplanmışdır.

Həmin hissədə qeyd edilən tarixi zamanda nəqliyyat polisinin keçdiyi şərəfli dövrün ən əlamətdar məqamları qısa və dolğun şəkildə, xronoloji ardıcıllıqla xatırlanır.

Müəllif əsərini dəqiq tarixi faktlara əsaslanaraq çox səmimi və oxunaqlı dildə qələmə almışdır. Əsas diqqət bütün Azərbaycan vətəndaşlarının ən ümdə arzusu olan müstəqillik dövrümüzün mühafizə tədbirlərinin təsvirinə yönəlmişdir.

Müəllif Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Polisinin qazandığı nailiyyətləri böyük qürur və məhəbbət hissi ilə təsvir edir və bu dövrün Azərbaycan polis sisteminin intibahı dövrü olduğunu tarixi faktlarla əsaslandırır.

Kitab Azərbaycan Nəqliyyat Polisinin tarixinə həsr olunmuş ilk kitab olduğu üçün tarixin heç də hamıya məlum olmayan bir sıra qaranlıq məqamlarına işıq salır.

Müəllif Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalaraq əsərdə ana xətt kimi insan amilini ön plana çəkir.

General Oqtay Əliyev nəqliyyat polisinin keçdiyi tarixi yolu işıqlandırdıqca Azərbaycanda və dünyada baş vermiş ən mühüm tarixi hadisələri özünəməxsus üsullarla şərh edir. O, tarixçi, tədqiqatçı, təhqiqatçı, əməliyyatçı və hüquqşünas səriştəliliyi ilə tarixin keçməkeşli dolaylarında baş vermiş hadisələrin bir-biri ilə üzvi əlaqələrini çox incə və inandırıcı şəkildə təsvir və təqdim edir.

Kitabda diqqət çəkən məqamlardan biri də nəqliyyat polisi sistemində qədim dövrlərdən günümüzə qədər çalışan işçilərin vəzifə və rütbələrinin xatırlanmasıdır. Bu terminlərin çoxusu tarixin səhifələrində qalaraq unudulmuşdur. Müəllif belə terminləri xatırlamaqla onlara sanki yeni həyat verir. Bu baxımdan əsər polisin tarixi ilə məşğul olan alimlər, tədqiqatçılar, müəlliflər və ədiblər üçün geniş əhatəli bir mənbə ola bilər.

Məlum olduğu kimi Azərbaycanımız Şərq ilə Qərbin, Cənub ilə Şimalın qovuşduğu ərazidə yerləşir. Onun bu coğrafi mövqeyi vətənimizə bir çox həyati əhəmiyyətli dəniz, quru, hava yollarının qovşağı olmaq imkanı verir. Təbii ki, bu da nəqliyyat polisi əməkdaşlarımızın məsuliyyətini xeyli artırır.

Müəllif öz zəngin həyat və peşə təcrübəsinə əsaslanaraq vətən polisinin nəqliyyat-kommunikasiya təhlükəsizliyi istiqamətində apardığı ən mühüm əməliyyatları təsvir edir.

Əsərdə nəqliyyat vasitələrinin sadədən-mürəkkəbə doğru inkişafı (təkamülü) fonunda nəqliyyat-mühafizə sisteminin mükəmməlləşməsi ardıcıllığı da çox dəqiqliklə təqdim olunur. Bu zaman dünyanın inkişaf etmiş ölkələrində nəqliyyatın və onun polis sisteminin özəlliklərini dəqiq tarixi faktlara əsaslanaraq təsvir edilir. Nəqliyyat polisi gecə-gündüz quruda, suda, havada yolçuların təhlükəsiz səfərlərini təmin edir.

Kitaba nəqliyyat polisinin tarixini əks etdirən bir sıra fotoşəkillər də daxil edilmişdir. Bu fotoların bəziləri ilk dəfə çap olunur. Onlar uzun fəaliyyət dövrünün əyani yadigarları, tarixin kiçik və mənalı anlarını özündə yaşadan və əks etdirən sənədlərdir. Fotoşəkillər çox, xatirələr zəngin, xəyallar sevinc qanadlı...

"Şəhid ailələri ilə görüş”, "Nazirlik kollegiyasında hesabat”, "Azərbaycanın Milli Qəhrəmanı Ə.Hacıyevin dəfn mərasimi”, "İstintaq əməliyyat qrupu hadisı yerində”, "Veteranlarla görüş” və ya başqa kadrlar... Fotolar çoxdur. Sanki onlar dil açıb danışır...

Budur Ümummilli liderimiz Heydər Əliyev Oqtay Əliyevə general paqonu və orden təqdim edir. O isə öz növbəsində Ümummilli liderimizə və cənab nazir Ramil Usubova öz minnətdarlığını ifadə edir. Qürurlu anlardır. Şərəfli əməyə layiqli qiymət...

Ümummili liderimiz belə demişdir: "Azərbaycan polisi, daxili işlər oranları daim xalqla olmuş, xalqına, dövlətinə sədaqətlə xidmət etmişdir”.

Müəllif əsərinə nə qədər təvazökar libas biçsə də, özü haqda nə qədər az söz açsa da bu qədər zəngin məlumatın zəngin bir həyat yolu keçmiş mütəxəssisin qələm məhsulu olduğu aydın görünməkdədir.

Zamanın qanunların tam formalaşmadığı dövrlərində nəqliyyat mühafizəçilərinin çətin və təhlükəli iş şəraitləri sənədlərin və rəqəmlərin dili ilə, mütəxəssis səriştəliliyi ilə təsvir olunur.

Müəllif Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə Azərbaycan polisinin təşəkkül mərhələlərini böyük məhəbbət və qürur hissi ilə qələmə almışdır.

O yazır: "...Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) yarandıqdan sonra, 1918-ci il iyunun 25-də hökumətin qərarı ilə ilkin tarixi təcrübə kimi Azərbaycan ərazisində bütün dəmir yollarının mühafizəsi Daxili işlər Nazirliyinin sərəncaməna verildi. İyunun 30-da Azərbaycan polisinin səlahiyyətlərinin artırılması barədə qərar qəbul edildi...”

Oqtay Əliyev həmin vaxtdan başlayaraq Azərbaycan Daxili İşlər orqanlarında aparılan islahatlardan və yeniləşmələrdən söz açır. O, bu sahədə Ümummilli lider Heydər Əliyevin qayğısını xüsusi ilə qeyd edir. O yazır: "... 1969-cu ildən başlayaraq Azərbaycan polisinə arxa olmuş Heydər Əliyev cənabları şəxsi heyətin əməliyyat-xidmət fəaliyyətinin yüksək səviyyədə keçməsinin və onların peşəkarlığının artırılmasının qayğısına qalmışdır...”

Kitabın üçünci hissəsi "Azərbaycan nəqliyyat polisi həmişə döyüş postunda” adlanır.

Müəllif buraba nəqliyyatda törədilən və açılan spesifik və xarakterik cinayətlərin materiallarından fraqmentlər də təqdim edir. Bu bölmə oxucuya təcrübəli müəllif qələmindən çıxmış sənədli və bədii kriminal bir əsərlər təsiri bağışlayır. Bu hissədə də müəllif öz yaradıcılıq ənənələrinə sadiq qalaraq hadisələri çox səmimi şəkildə təsvir edir.

Kitaba "1990-2003 illər ərzində baş vermiş və Nəqliyyat polisi orqanlarında qeyd olunmuş cinayətlər haqqında müqayisəli məlumat cədvəli, DİN NBPİ orqanlarının strukturlarını zonalar üzrə əks etdirən qrafik də daxil edilmişdir.

Bundan əlavə kitabın sonunda iki hissədən ibarət tarixi materialların qısa xülasəsi verilmişdir.

"Son söz” olaraq general cəmi iki səhifədə öz hisslərini çox səmimiyyətlə bölüşdürür: "...Vaxt necə də tez keçir...”

Sonra o, bu əsərin yaranması səbəblərini belə ifadə edir: "...Mən bu kitabı ona görə ərsəyə gətirdim ki, hər bir polis əməkdaşı, serjant və zabit onu oxuduqdan sonra öz qohumlarına və dostlarına fəxrlə deyə bilsin ki, mən peşəmi seçməkdə yanılmamışam! Mən nəqliyyatda polis idarəsinin əməkdaşıyam! İnanıram ki, bu belə olacaqdır”.

Oqtay Əliyevin "Borc və şərəf” kitabı böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və gənc polis işçilərinin peşə hazırlığının yüksəldilməsində çox mühüm əhəmiyyətə malik olan bir əsərdir. Müəllif deyir: "Polis həm də tərbiyəçidir”.

O, bu əsərində özünün tərbiyəçilik və nəsillərə nümunə olmaq amalına sadiq qalmışdır.

Oktay Əliyev sadə polis əməkdaşından general zirvəsinə qədər çox mənalı bir ömür yolu keçmişdir. Bu ömür yolu şagirdlik, tələbəlik cığırlarından başlanğıc almış, müxtəlif vəzifələrdə bərkimiş, Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə vətənpərvərlik nümunəsinə çevrilmiş, xalqımız, dövlətimiz, Ümummilli liderimiz Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən dəfələrlə dəyərləndirilmişdir. Bir sözlə, Oqtay Əliyev fəaliyəti dövründə sıravilikdən generallığa yüksələrək öz borcunu şərəflə yerinə yetirən ustad polis mütəxəssisidir.

Biz oxucular Polis general-nayoru Oqtay Əliyevə cansağlığı, uğurlar diləyir və ondan yeni-yeni əsərlər gözləyirik. Oktay Əliyev özünü polis peşəsinə həsr etmiş pedaqoq təbiətli, tərbiyəçi generaldır.

 

İsgəndər Səklikov

Əməkdar müəllim, Goranboy rayonu


1568 oxunub

InvestAZ