XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



HƏR KİŞİ BİR VƏTƏNDİR Sahib Camal Məmmədin “Mən dərdimi sevirəm” şeirlər kitabını oxuyandan sonra....
Ədəbiyyat 15:23 / 08.05.2021


Sahib Camal Məmmədin "Mən dərdimi sevirəm” şeirlər kitabını oxuyandan sonra....

Nə gözəldir, müzəffər bir xalqın şairindən yazmaq. Nə gözəldir, yüz ildir sözünü Kür kəsən, Araz ayıran, rus asan, güllələyən, didərgin salan, erməni baltalayan bir xalqın şeirindən bu gün söz açmaq...

Cəmi 44 günlük mübarizə ədəbiyyatımızın, mədəniyyətimizin, mətbəximizin, incəsənətimizin, onurumuzun... rəngini dəyişdi.

Nə gözəldir, bu günləri yaşamaq!

Nə gözəldir bu şeirləri oxumaq!

Nə gözəldir,

Göyə, qırmızıya, yaşıla görə,

Qaranı yeyirdim, ağı içirdim.

- yazan bir qələmin

...Dalğalanır Şuşada,

Bax bayrağa, ay Allah!

- pıçıldaması...

Otuz ilə yaxındır alnımıza yazılan qara ləkə silindi, başımızdan yerlərə düşən papağımız qayıtdı:

Kəlbəcər, Füzuli, Laçına görə,

Oturub başımda papaq rahatca!

Hələ dünya tarixi belə bir xalq, belə bir birlik, belə bir Vətənpərvərlik, belə bir Ordu görməmişdi:

Keçdiyin dərsin mübarək!

Dərsini düz keçən Ordum!

Ən yaxşı dərsini keçdin,

Mövzunu düz seçən Ordum!

...Adam istəyir quş ola,

Uça da, quşa qoşula.

Əl vurmayıb bir yaşıla,

Bom-bozları biçən Ordum!

...Ayaqdadır, şəhər durub,

Kənd olub səfərbər durub!

Səndən ötrü səhər durub,

Səhərə and içən Ordum!

Zəfərin mübarək, Azərbaycan!

Zəfərini qutlayan, quş olub Vətənin səmasında uçmaq istəyən şairin - Sahib Camal Məmmədin kitabından götürülüb yuxarıdakı misralar - yenicə işıq üzü görmüş "Mən dərdimi sevirəm” adlı şeirlər toplusundan ("Elm və təhsil” nəşriyyatı 2021 (208 səh.).

Əziz oxucu, bu dərd başqa dərddir. Bu dərd qürurdur, zəfərdir, bəzən də şairin illərdir içində qat bağlamış Vətən ağrısından boylanan dərddir. Bu dərd hələ də Xocalı yarası sağalmayan bir ağının dərdidir:

Quşunu ha qılıqla,

Öcdü göydə Xaliqlə...

Lap uzaq ayrılıqla,

Dörd yandan quculudur,

Baxın, bu, Xocalıdır!

...Bu günədək hər gecəm

Onunla gecələdi.

Baxın, bu, Xocaldır!

Elə dərdlər var ki, üstündə sevinc sarayları qurulsa da, hər əsən meh kərpicini uçurur... "Bütövlüklə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik ahıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyətə qarşı tarixi bir cinayətdir! (H.Əliyev)

Elə dərdlər var ki, sinədə xocalılaşır...

***

Bu dərd "Hər kişi (hər adam) bir Vətəndir”, deyə, insanlarda vətənləşməyə, vətəndə insan olmağa can atan bir şairin dərdidir:

Ayağa salınmasın,

Daşlara çalınmasın,

Kişilik alınmasın

Hər kişi bir vətəndir!

Bu dərd hətta iki faninin bir-birinə olan sevgisini Vətənlə qoşalaşdıran, Vətəndə gəzən ("Çox sevdiyim boyaların içində, göy özümü, yaşıl səni görürəm.), Vətəni sözdə deyil, əməllərdə mədh edən, pafosa, qışqırığa, boşuna çağırışlara yol vermədən, ürəyinin pıçıltılarını vətənə söyləyən, Vətəni Allahı bilib səcdəsinə qalxan, Vətənlə söhbətləşən bir şairin dərdidir:

Vətən, öpüb səni gözüm üstünə,

Qoymasam, gözümün üstü qurusun!

Bu, Yerlə-Göyü, Arazla-Kürü özündə birləşdirən, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazaraq, sonunda tənhalaşan, məzarı itən (itirilən), xalqıyla "ölən”, dirilən (xalqı özünü tapandan sonra məzarı tapılan) hadilərin dərdidir:

Baxır Göyə Yer Hadidə,

Axır Araz, Kür Hadidə!

Yüz ildir ki, bir Hadidə

Gör neçə Hadi yaşayır.

Bu dərd sevgidir!

Qoşulmayan qoşqu məgər sevgidir?

Sevirsənsə, bir qarışqa sevgidir.

Dərdi sevmək tamam başqa sevgidir,

Yaranandan mən dərdimi sevirəm.

(Təzada baxın! Dərd və sevgi!)

***

Sahib Camal yaradıcılığında Allahla Vətən sevgisi o qədər qoşa addımlayır ki, bəzən o addımları bir-birindən ayırmaq olmur. Bu sevgi bir-birinə qarışır – Allah Vətənləşir, Vətən Allahlaşır. Bəzən özünü bu iki sevginin arasında - içində görən şair, bəzən də o sevginin özü olub Allahına qovuşmağa can atır:

Qol çəkim, sən də qol çək,

Məndən Allaha yol çək!

"Məndən Allaha yol çək”

"Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)

Sahib Camal Məmmədin Allahla söhbətləri bəzən oxucuya şairin Allaha açdığı meydan, Allahlıq iddiası, sözünu Allahdan yuxarıda görmək (Allah ən əvvəl sözü yaradıb) kimi hisslər aşılayır;

Allah, sənin yanında

Ağac varmı, daş varmı?

Yaxud:

Tanrım, işıqsızdır, işıqlandırım... (Allahın qapısını)

Və yaxud:

Gecənin altında mən də görmürəm,

Qaranlıq üzüdür Allah dünyanın.

Lakin "Elm əhli və aqıl sahiblərindən heç kim, gözəl olan şeirə qarşı çıxmaz”(İbni Abdi'l-Bərr). Və oxucunun asilik kimi qəbul etdiyi fikirlər un dənələrinin suyla qarışandan sonra yoğrulub bütünləşdiyi kimi bütövləşir;

Bəlkə, Tanrı bir quru sözüdür bu dünyanın,

Yer astarı, göy də ki üzüdür bu dünyanın.

Göylərdəki quşlara, buludlara nə qədər "göylər mənimdir”, deyə meydan oxuyur;

Bu şair yeni Göy tapıb,

Ey quş, özündə hey tapıb,

O göydən bu yana çəkil!

Daha böyük dərdlər iddiasına düşür, Allahın dərdini çəkir:

Dünyanın dərdini nə var, çəkəcək.

Allahın dərdini çəkən adama.

Bəzən irfana sarı yol alır:

Sonumdayam, heçimdəyəm,

Yol gedirəm, köçümdəyəm.

Mən özüm öz içimdəyəm,

Çölümə çıxsam, öləcəm.

Və yaxud:

Təmizləyin ulduzlardan,

Ölürəm, Göyü boşaldın!

Amma sonunda, Allahda özünü tapır – özündə Allaha tapınır:

Yaxşı ki ölüm yox canında sənin

Yoxsa qaralardı qanın da sənin.

(İlahi,) Ölmək istəyirəm yanında sənin,

Məni basırmağa məzarın varmı?

***

"Özümü özümə basırmışam” şeiri mənim qarşılaşmadığım bir formada yazılıb, şairin öz diliylə desək, "sərbəst-qoşma” formasında. Bilirik ki, qoşma şeirin elə bir növüdür ki, bəndi, misrası, bölgüsü, hecası, qafiyəsi standart, möhürü də öz yerində olmalıdır. Onu da bilirik ki, Sahib Camal Gəncə Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını, poeziyamızı, folklorumuzu o qədər gözəl bilir ki, onun yeniliyi (ya, mənə belə gəldi) də maarifləndirməyə bilmir:

Yol gedirəm,

Hələ yoldayam.

Nə var olan yaşayışımı,

Dözümə basırmışam.

Közü külə basırarlar,

Mənsə öz külümü

Közümə basırmışam.

Sahib Camal Azərbaycan dilinin gəlmə - yad sözlərdən arınması, cilalanması yolunda böyük işlər görür. Onun nəinki yazılarında, hətta şifahi nitqində də türk dilinə yad ifadələr işlənmir, arxaikləşmiş, unudulmaqda olan sözlərimiz yenilənir:

Neçə ki bu Sahib sağdır,

Sinəsinə dağın dağdır.

Qar olmasa, yağış yağdır,

Sel-suyunu carla, dağlar!

Bu örnəkdəki "carla” (suya çək, durula, təmizlə, qüsüllə) ifadəsi kimi.

Yeri gəlmişkən, Sahib Camal dağlar qoynunda dünyaya gəlib - Gədəbəy rayonunun Böyük Qaramurad kəndində.

Eşitmədim, hələ qarşı gəlmədim,

Sözümün bir qabasına dağların.

Nəfəs aldım, bir xoş duyğu qayıtdı,

Ciyərimdən havasına dağların!

Yaxud:

Dağından yaz qoşmasını,

Yeldən bir bayatı çıxar.

Dərəsini demirəm heç,

Seldən bir bayatı çıxar.

Və yaxud:

Sözünü gerçəyə sarı,

Üzünü göyçəyə sarı,

Özünü Göyçəyə sarı

Azca əyən bizim dağlar.

O, bərəkətli torpağına, halal el-obasına, məğrur dağlarına bağlı insandır. Dəfələrlə mərkəzə dəvət ediblər, lakin şair:

Bir ayaq altında, bir baş üstündə,

Mən elə bu kənddə yaşayacağam!

Oturub bu kənddə bir daş üstündə,

Dünyanın dərdini daşıyacağam.

- deyərək, dünyada baş verənləri izləmək, o olanlara səbəb olmaq (elmi, təhsili, ədəbiyyatı, mədəniyyəti ilə), dünyanın dərdini daşımaq üçün ünvanın nə fərqi fikrində dayanıb. (Bu arada, kiçik bir şəhərdə - Gəncədə yaşayaraq elmi, zəkası, dini-fəlsəfəsi, poeziyası ilə dünyaya meydan oxuyan Nizami yada düşür:

Nizami bir fildir, yox bərabəri,

Söz incisi ondan aldı dəyəri,

Gəncədə olsa da aramı onun,

Xəzinələr üstədir məqamı onun.

Ə. Nəvai)

...Kitab həm də ona görə özünəməxsusdur ki, sərhəddi - fəsli bölgüsü yoxdur, göylər kimi...

Göyün ancaq Göyü olar,

Bölünməz, bölgəsi olmaz.

Kitabın önsözündə filologiya elmləri doktoru İslam Sadıq yazır: "Sahib Camal ruhu azad, duyğuları, düşüncələri yalançı sərhədlərə sığmayan şairdi. Onun içində həmişə bir azadlıq odu yanıb”.

Azadlıq (istəyirəm)

Azadlıq ən çox!

Çünki

Dünyanın da ilki:

Gözəllik

Azadlıq

Sevgi!

Sevgi şairi olan Sahib Camalın bu kitabda sevgi şeirlərinin az yer alması (kitab başdan-başa sevgidir – Allaha sevgi! Vətənə sevgi! İnsanlara sevgi! Dərdə sevgi! Əbədiyyətə - İrfana sevgi) müdriklik dönəmini yaşayan bir insanın sevgi, gözəllik, azadlıq dönəminə keçişinin təzahürüdür.

Sahib Camal Gədəbəy şəhərində - 1 nömrəli orta məktəbdə müəllim işləyir. Onun (Koroğlunun) məktəbdə (Çənlibeldə) yetirdiyi şagirdlərinin (dəlilərinin) əksəriyyəti ali məktrəblərə qəbul olur:

Sinifdə meydan açdım,

Sinif oldu Çənlibel,

Mən də Koroğlusu.

...şagirdlərim oldu dəlilərim,

Yazdılar, oxudular. Yazdıqca, oxuduqca

Könlümə sevinc toxudular.

Sahib Camal Məmməd informasiya, texnika əsrinin tələbləriylə də ayaqlaşır. Sosial şəbəkələrdə ədəbiyyatdan danışır, izləyicilıərini maarifləndirir. Sahib Camal folklorumuza o qədər bağlıdır ki, sazda ifanı bacarır, saz havalarını gözəl bilir, mahnılarımızı özünün fərqli, ürəyəyatımlı zil səsində havalandırır. Bundan əlavə, Sahib Camal köhnə kişilərdəndir – müdrik, ağır oturuşlu, batman gərdanlı, qonaqlı-qaralı...

Oxucularla səkkizinci görüş olan kitabın mübarək, Sahib Camal!

Qoy mənim (sənin) bu şeirim(n) son məktub olsun,

Sonuncu Şəhidin adaxlısına!

İradə Aytel


806 oxunub

InvestAZ