XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Zəfər yolu bu tarixdə təhvil veriləcək
Gündəm 17:11 / 06.05.2021

Şuşaya çəkilən "Zəfər yolu” bu ilin sentyabrında istifadəyə veriləcək.

Yenisəs.az  Axar.az-a  istinadla  bildirir  ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda ərazidə fasiləsiz tikinti işləri davam etdirilir:

"101 kilometr uzunluğa malik yol iki gediş-iki gəliş, altı zolaqdan ibarət olacaq. Yol bu ilin sentyabırıadək asfaltlanaraq tam istifadəyə veriləcək”.

Anar Nəcəfli qeyd edib ki, iş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC və 7 nömrəli Magistral Yolların İstismarı MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin KOLİN İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və Azvirt MMC birgə icra edir:

"Xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidi, bundan başqa müxtəlif ölçülü 10 yeraltı keçid, həmçinin zəruri olan yerlərdə 4 avtomobil körpüsünün inşası da aparılır.

Körpülərin uzunluğu 111.4, 45, 90 və 93.4 metr olmaqla yolun 26.9, 37.2, 37.6 və 57.3-cü kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. "Zəfər yolu” inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrdə yol ötürücülərinin tikintisi nəzərdə tutulub.

Tikintiyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır”.

Anar Nəcəflinin sözlərinə görə, yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.


686 oxunub

InvestAZ