XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Xuraman Hüseynzadə: Unudulmuş şəhid xanəndə
YAZARLAR 12:45 / 30.04.2021


 

Qarabağ müharibəsi təzə başlamışdı. Çörəyimizi yeyib, suyumuzu içən xain ermənilər torpaqlarımıza göz dikmiş, onları qarış-qarış, addım-addım, kənd-kənd, şəhər-şəhər işğal etməyə başlamışdılar. İnsanlar evlərindən, isti ocaqların didərgin düşür, hər gün evlərə şəhidlər gəlirdi. Ölkədəki vəziyyət də qənaətbəxş deyildi. Siyasi arenadakı hərc-mərclik, çatışmazlıqlar, əhalinin maddi problemləri, yaşayışı çətinləşdirmişdi...

Atamın və o vaxtkı Gəncə Kənd Təsərrüfatı İnstitunda müəllim işləyən əmimin yaxın dostu xanəndə Şahmalı Kürdoğlu həyat yoldaşı və beş yaşlı balaca oğlu Şahmalı ilə Beyləqandakı evimizə gəlmişdi. O, vəziyyət gərgin olduğu üçün onları bizdə qoyub yaşadığı Ağdam rayonunun Qiyaslı kəndinə qayıtdı. Gedərkən atam onun da qalmasını istədiyini desə də razılaşmadı. Kəndi o vəziyyətdə qoyub ordan çıxa bilməyəcəyini bildirdi.

Həmin il balaca Şahmalı və anası Novruz bayramını bizdə keçirdilər. Yaz gəlmişdi. Atam onları və məni götürüb Qiyaslıya Şahmalı əmiyə baş çəkməyə apardı. Yollarda çoxlu hərbçilər və tanklar vardı. Qiyaslıya çatdıq. Şahmalı əmi bizi qarşıladı. Çox sevinirdi. Balaca Şahmalı da atasını görəndə sevindi. Şahmalı əmi bizə çöl ocağında bozartma (kələpur) bişirdi. Gözəl xanəndə, Füzuli bilicisi  Şahmalı Kürdoğlunun həm də gözəl aşpazlığı vardı. Bilmədiyi nə vardı ki onun? Şahmalı əmi atamla məni limon istixanalarına baxmağa apardı. O zaman indiki kimi istixanalar çox deyildi və hər fəsildə tərəvəz, bəzi meyvələri tapmaq çətin idi. Olanlar da indiki kimi genefondu dəyişilənlər deyildi. O istixanalarda limonlar, tərəvəzlər, çiyələklər, göyərtilər əkmişdi. Gözəl bağ-bağçası vardı. Ara-sıra atışma səsləri gəlirdi. Günortadan sonra geri qayıtdıq.

Özü də tez-tez ailəsi ilə görüşməyə gəlirdi. Onun hər gəlişi bizim üçün bayrama çevrilirdi. Atam Kənd Təsərrüfatı İnstitunu bitirsə də ədəbiyyatı, muğamı çox sevir. Özü də Ağdamın Şıxbabalı kəndində doğulan tərəkəmə uşağı kimi səsi olub, muğam oxumağı da çox sevir. Şahmalı Kürdoğlunun bizə hər gəlişi onun atamla ədəbiyyatdan, Füzulidən, muğamdan danışması demək idi.

Payız idi. Yenə gəlmişdi. Atamgil vəziyyətin get-gedə gərginləşdiyini dedilər və onun da gəlib bizdə qalmasını istədiklərini bildirdilər. O isə cavabında: "Kənddə adam qalmayıb. Mən kəndi elə qoyub gələ bilmərəm. Həm də əsgərlərə arada çay, yemək aparıram. Mən gəlsəm onlar çaysız qalar”-dedi. Bir əlində termos, o biri əlində çaydan əsgərlərə çay aparmağı vardı.

Arada özü də bizə gəlirdi. Axırıncı dəfə bizə gələndə yüz yaşlı babam onun arxasınca baxdı, dedi, uşaqları aparıb erməniyə qırdırma. O, etiraz edərək getməli olduğunu bildirdi.

Qapıdan çıxanda babam həyətdə stulda oturub əsasına söykənərək onun arxasınca baxdı və ağladı... Şahmalı əmi babamın ağladığını gördü. Geri qayıtdı, buxara papağını başından götürərək babamın başına qoydu, "məndən yadigar saxla” deyərək onun üzündən öpdü. Babam yenə dedi ki, ailəni aparıb erməniyə qırdırma. O isə dönüb arxaya baxmadan getdi... 

Bizə əsgərlərdən on kiloluq banka ilə bir özü bağladığı bibər turşusunu göndərmişdi. Əsgərlər bir az yemişdilər. Anamgil onu gətirən əsgərə dedilər, aparın hamısını yeyin, halal xoşunuz olsun. Əsgər aparmadı. Dedi, yox, onu sizə göndərib. Ondan on gün sonra...

Onun oğlu balaca Şahmalı ilə şəhid olması xəbərini atam qəzetdə oxumuşdu...O gətirən bibər turşusunu anam qonşulara verdi, yeyə bilmədilər. Atam Qiyaslıya getmək stəsə də hərbçilər buraxmamışdılar. Evimizdə ona cümə axşamı verdik...

İllər keçdi. Ötən ilin payızında Ali Baş Komandan İlham Əliyevin və cəsur əsgərlərimizin sayəsində Qarabağ erməni işğalından azad olundu. Ağdamın azadlığı xəbərini eşidəndə kövrələrək Şahmalı Kürdoğlunu xatırladım: "Şahmalı əmi, ruhun şad olsun, Ağdam, Qiyaslı kəndi ermənidən azad olundu!”

Atam deyir ki, gediş-gəlişə icazə verilsin, gedəcəm Ağdamda Şahmalı Kürdoğlunun məzarını ziyarət etməyə. Xalqımızın, xanəndələrimizin yaxşı tanıdığı şəhid xanəndə Şahmalı Kürdoğlunun unudulması, xatırlanmaması üzücüdür. O cür səsin sahibini, Füzuli yaradıcılığına yaxşı bələd xanəndəni unutmaq olarmı? Niyə televiziyalarımız onu xatırlamırlar?..  
2016 oxunub

InvestAZ