XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Tarix məndən çox danışacaq, çünki mən tarix yazmağa gəldim...
Gündəm 16:51 / 21.04.2021

ADU-nun şəhid məzunu Teymur Osmanlının əziz xatirəsinə sayğılarla

 

Torpaq, hava, su, od.... Bu dörd ünsür həyatın yaranma və davam etmə amillərindən hesab olunur. Torpaq-uğrunda can verənlərin "Vətən” deyə gözlərini qırpmadan həyatlarını bağışladıqları müqəddəslik... O müqəddəslik ki, torpağı torpaq, suyu su, havanı hava, daşı daş edir... O müqəddəslik ki, uşaqların gülüşünü, qocaların müdrikliyini, sevənlərin vüsalını qoruyur... Görün, nə qədər böyük, nə qədər ali, nə qədər incə bir duyğular yaşadırlar.

Bu müqəddəslik həm də illərin, əsrlərin, bütün tarixin özüdür. Bu tarix isə əbədiyyət deməkdir. Əbədiyyətə isə hər kəs düşə bilmir. Əbədiyyətə seçilənlər, fərqlənənlər və örnək olanlar düşürlər. Göy üzündəki buludları, ağacların budaqları, yağışdakı səsi, qardakı təmizliyi xatırladır seçilənlər. Biz onları hamıdan və hər şeydən seçə bilirik.

Əbədiyyətə adını yazdıran qəhrəman oğullarımızdan biri də Teymur Osmanlıdır. Vətənpərvər, savadlı, qəhrəman bir "Bayraq sevdalısı”. Onun bayrağa, millətə, torpağa bağlılığı canından, qanından, bütün varlığından irəli gəlirdi. O, bu dünyaya gəlişi ilə ən uca zirvəyə ucaldı, başımızı dik tutmaq, qürurlu yaşamaq və əmanət olunan dəyərlərə sahib çıxmaq üçün canından keçdi, ömrünü bizim üçün, gələcək üçün, bütöv Azərbaycan üçün fəda etdi...

Teymur Osmanlı 31 may 1995-ci ildə İsmayıllı rayonunun Cülyan kəndində doğulub. Təhsilini 2001-2012- ci illərdə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbdə alıb.

Teymur 2012-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə (Fransız dili) daxil olubvə 2016-cı ildə universiteti bitirib. Məhz Fransız dilinə olan marağı onun yolunu Azərbaycan Dillər Universitetinə gətirmişdi. O, universitet illərində tədbirlərdə fəal iştirak edib. Universiteti bitirdikdən sonra, elə həmin ili Tərtər rayonunun N saylı hərbi hissəsində qulluq edib. Xidməti başa vurduqdan bir müddət sonra Bakıdanotariat ofisində baş mütəxəssis vəzifəsindəçalışıb.

Təhsilə bağlılığı, oxumaq həvəsi onu ikinci təhsil almağa sövq etmişdi. Belə ki, o, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Onun təhsili qiyabi olduğu üçün həm işləyib, həm təhsil alırdı.

Teymurun həyat yolu qısa, amma şərəfli və bir o qədər də böyükdür. Teymur Vətənin bir qarış torpağı uğrunda bütün dünyanı verərdi, necə ki öz həyatını verdi. Onun dünyası işıqlı idi. Bu işıqdan hamıya pay düşürdü. Bu işıqdan torpaq canlandı, Vətən bütövləşdi, çaylar daha gur axmağa başladı, dağlar daha əzəmətli göründü...

Teymuru universitetin foyesində-tələbə yoldaşları ilə söhbət edərkən görmüşdüm. Bu bizim ilk qarşılaşdığımız, daha doğrusu mənim yaddaşıma həkk olunan bir görüş idi. O mənim yaddaşımda çox mehriban, gülərüz, səmimi bir tələbə kimi qaldı, həmin vaxt Teymur qrup yoldaşlarına hansısa maraqlı bir əhvalatı özünəməxsus şəkildə nəql edirdi. Danışdıqca əhvalat daha da maraqlı olurdu, lap filmlərdəki kimi, onun gözlərindəki parlaqlıq, baxışlarındakı məsumluq çox aydın sezilirdi.

Yanından ötüb keçdiyim anda arxadan kimsə məni çağırdı. Ayaq saxlayıb, geri baxdım, heç kimi görmədim. Yəqin qulağıma səs gəlib, heç nə olmamış kimi yoluma davam etdim. Bəlkə də bu bir işarə idi. Mənim Teymurun yanında bir neçə saniyəlik də olsa saxladan hansısa bir işarə... Bilmirəm. Ancaq onu bilirəm ki, bu gənc nədənsə yaddaşımın alt qatlarında doğma, əziz bir insan kimi qaldı. Sanki mən Teymuru illərdi tanıyıram, ya mənim sinif yoldaşım olub, ya əsgər yoldaşım, ya yaxın bir qonşum. Sanki onu hər səhər evdən çıxanda həyətdə görüb salamlaşıram, axşam işdən qayıdanda mağazada rastlaşıb hal-əhval tuturam, beləcə tanış və doğma biri kimi ünsiyyətimiz alınır...

Sonralar Teymuru tədbirlərdə, universitet yarışlarında görürdüm. Hər dəfə üzündə bir nuranilik, bir sakitlik, bir xoşməramlılıq var idi... Bunu duymaq o qədər də çətin deyildi... Bəlkə də hamı bunu duymurdu, bəlkə də hamı buna diqqət edə bilmirdi, ancaq mənim daxili dünyamın səsi belə deyirdi...

Azərbaycan Dillər Universitetində oğlan tələbələrin sayı qızlara nisbətən azdı. Mən deyərdim lap azdı. Ancaq Teymur çoxluğun içindən də seçilən, fərqlənən gənclərdən biri idi. Elmli, savadlı və gələcəyin işıqlı ziyalısı idi Teymur. Arzuları onu uğura, inamı isə onu daha gözəl həyata doğru aparırdı...

O təhsilini uğurla davam etdirir, beləcə nümunəvi, örnək bir gənc kimi yetişirdi. Dostları onun uğuruna sevinir, qohumları onunla fəxr edir, valideynləri də övladının xoş gününə baxıb sevinirdi. Teymur həm də haqqı-nahaqdan, səhvi-düzdən ayıra bilən gənclərdə idi. Onun Vətən müharibəsinə aparan yol da belə başlamışdı. O torpaqlarımızın düşmən işğalı altında qalmasına heç cür razı qala bilməzdi. Çünki Teymur torpağın, yurdun, elin, obanın, bayrağın nə demək olduğunu yaxşı bilirdi...

Döyüşlərdə sinəsini qabağa verdi. Güllələr yağış kimi yağır, mərmirələr dolu kimi düşürdü. Bütün bunlara baxmayaraq Teymur cəsarəti, qorxmazlığı və Vətən sevgisi ilə ağır maneələri aşmağı bacarırdı. Döyüş yoldaşlarını öz doğması, əzizi bildi. O, universitetin foyesində necə xoşbəxt idisə, ayaq basdığı müqəddəs Qarabağ torpaqlarında da elə xoşbəxt idi. Göstərdiyi şücaəti, qəhrəmanlığı öz qrup yoldaşlarına, dostlarına, yaxınlarına danışacağı günü səbirsizliklə gözləyirdi. Həm də anlayırdı ki, bu müharibədi. Müharibə isə həm də ayrılıq deməkdi. Qürurlu, şərəfli və uca bir ayrılıq. Sonuncu dəfə valideynləri ilə əlaqə saxlayanda "hər şeyin yaxşı olacağını, narahatçılığa əsas olmadığını” söyləmişdi.Qardaşına isə bərk-bərk tapşırmışdı ki, ata və anasından muğayat olsun, hələ ki özü Vətəndən muğayat idi...

Teymurun sonuncu dəfə göy üzünə baxdığını təsəvvür edirəm. O buludları izləyir, torpağın qoxusunu içinə çəkir və yenə də haqq uğruna, ucalıq uğruna yaşayacağına anlayıb, gülür. Onun xoşbəxtliyi nə yerə, nə də göyə sığmır... O bilir ki, ölməzliyə, əbədiyyətə qovuşur...

Teymurun sosial şəbəkə hesablarına baxıram. Hər statusunda bir həyat, bir sevgi, bir inam var. O gənc olduğu üçün deyil, həyatı, yaşamağı, insanları sevdiyi üçün belə müsbət, dolğun və cana yaxın idi. Şəkillərdə təbəssümünü gördükcə anlayırsan ki, insanın daxili gözəlliyi onun simasına, baxışlarına yansıyıb. Gözləri o qədər saf və təmiz arzularından boylanır ki... Söz tapmaq olmur. Burada sadəcə susmaq və düşünmək üçün dayanırsan.

Teymuru sonuncu dəfə gördüyüm yerdə indi qəribə bir mistika, bir sirr var. Həmin yerdə Azərbaycan Dillər Universitetinin şəhid məzunlarının şəkilləri vurulub. Teymur digər şəhid məzunlarla birlikdə yenə bizə baxır, bizi işıqlandırır...

Həmin yerdən keçəndə qulağıma Teymurun səsi gəlir, onun isti nəfəsini, gün kimi aydın üzünü görürəm və düşünürəm: "İndi göylərdə, o uca zirvədən baxırsan, sənin haqqında yazılar yazılır, söhbətlər edilir, xatirələr danışılır. Sən də o ucalıqdan qürurla, sevinclə və xoşbəxtliklə bizlərə baxırsan... Nə yaxşı ki, Vətənin sənin kimi oğulları var, nə yaxşı ki, bu torpaqda sənin kimi oğullar böyüyüb, nə yaxşı ki, bu yurdun suyunu içib, havasını udmusan. Sağ ol. Hər şey üçün sağ ol. Sən tarix yazdın və tarix səndən çox danışacaq...”

Tural Cəfərli


434 oxunub

InvestAZ