XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



XV ƏSR AZƏRBAYCAN TARİXİ: BƏDİİ GERÇƏKLİKLƏR
Ədəbiyyat 15:28 / 15.04.2021


 

 

(Tahir Kazımov. Hiylə və zəka. Tarixi roman, epopeya. I kitab, Bakı, «Elm və təhsil», 2017, 508 s.;  Qardaşlar: əqidə mübarizəsi. Tarixi roman, epopeya, II kitab, Bakı, «Elm və təhsil», 2017, 345 s.; Həsən Padşah Bayandur. Tarixi roman, epopeya, III kitab, Bakı, «Elm və təhsil», 2017, 384 s.; İmperiyanın süqutu.Tarixi roman, epopeya, IV kitab, Bakı, «Elm və təhsil», 2017, 313 s.)

 

Türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının «Türk ədəbiyyatına xidmət» mükafatı laureatı, «Kino xadimi», «Əməkdar Mədəniyyət işçisi» tanınmış yazıçı Tahir Kazımovun çoxsaylı, irihəcmli, müxtəlif janrlı pvest və romanları  oxucular tərəfindən həmişə sevilmişdir. İstedadı, sənətkarlıq imkanları, mövzu-ideya zənginliyi ilə fərqli görünən qələm sahibi Tahir Kazımovun yaradıcılıq yolu ucuz şöhrət qazanmaq üçün deyil, mənəvi ehtiyacdan, bədii tələbatdan irəli gəlmişdir. Onun yazmış olduğu bütün əsərləri («Səsin sehri», «Sənsiz səninlə», «Müsibət», «Geçikmiş məketublar, əsirlik düşüncələri», «Etirapf», «Ürək fəryadı», «Taleyin qisməti beləymiş yəqin…», «İntiqam», «Qisas», «Qönçə və yadplanetlər» və s.) sözün əsl mənasında Azərbaycan cəmiyyətini saflaşdırmağa, tərbiyələndirməyə doğru yönəldilmişdir.

Deyirlər, sənətkar sənətkarlığının bütün keyfiyyətləri ilə öz zamanının yetişdirməsidir və bu cəhət onun sosial-estetik niyyətindən irəli gəlir. Bu, sənətkarın fikir və düşüncəsi, seçdiyi ədəbi janr, işlətdiyi dil və üslubla sıx bağlıdır. Yazıçı əgər fəaliyyətini uzun yüzilikləri arxada qoymuş tarixin müdhiş hadisələrinə, insanlarına, daha doğrusu, mühüm bir dövlətçilik işlərinin  təsvirinə və təhlilinə həsr edirsə, böyük bir missiyanı yerinə yetirmiş olur.

Bir tanınmış yazıçı kimi Tahir Kazımovun güclü realizmini, obyektivliyə sadiqliyini,  tarixi həqiqətlərin necə cəsarət və ustalıqla əks etdirməsi haqqında anlayış və mülahizələrimizi daha da zənginləşdirmək üçün barəsində danışasağımız kitabların (4 kitab) üzərində bir qədər geniş dayanmaq istərdik.

XV yüzillik Azərbaycan tarixində yeni keyfiyyətləri ilə fərqlənən bir mərhələdir. Sözügedən yüzildə bütün Azərbaycanda Şirvanşah İbrahim və onun övladlarının, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının hakimiyyəti altında siyasi-tarixi, sosial-mədəni və iqtisadi həyatda müəyyən uğurlar qazanılır. Dövrün ümumi vəziyyəti bütün cəmiyyətə, xüsusən də hakim təbəqələrə  öz təsirini göstərir.

Qaraqoyunluların adlı-sanlı hökmdarlarından biri olan Mirzə Cahan şah ölkədə böyük abadlıq işləri gördürür, körpülər, yollar, məscid və mədrəsələr tikdirir. Sözügedən yüzillik Azərbaycan şəraitində, mühitində bütöv bir dövlətçilik tarixinin təməlinin qoyulduğu bir dövrdür. «XV əsrin ciddi, mürəkkəb hadisələri haqqında tarixi həqiqətlər hansı yolla olur-olsun Türk dünyasına çatdırılmalıdır» (prof. O. Əfəndiyev)

Həmin ciddi və mürəkkəb hadisələr tarix kitablarında, monoqrafik əsərlərdə mütəxəssislər tərəfindən müəyyən səviyyələrdə öyrənilmişdir (professor Tofiq Nəcəflinin əsərlərinə bax)

Bəs, bədii ədəbiyyatda yazıçılarımız həmin proses və hadisələri necə əks etdirmişdir?  Bu suala cavab axtarmaq üçün Tahir Kazımovun yuxarıda adını çəkdiyimiz epopeyasını oxumaq lazım gəlir.  Baxın, hadisələr necə də çoxplanlı, çoxsəpkili olub ki, müəllif bu bütöv dövrə 4 kitab həsr etmişdir.

Alimlərimizin apardığı təhlillər göstərir ki, XX əsrin romanı insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilmişdir. Bu əsrdə  və ondan öncəki dövr və mərhələlərdə həmin janrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amançız həqiqətlərini insanın gücü qarşısında canlandırmaq və  bu yolla, insana dünyada yaşamağın fəlsəfəsini aşkarlamaqdır. Bütün başqa janrlar da bu və ya başqa dərəcədə həmin missiyanı yerinə yetirir, lakin roman (eləcə də epopeyada) janrında bütövlük var, romanın məğzində dünyanın yeni mənasının axtarışına çıxmaq var, -roman-dünyanı, ayrı-ayrı janrlar və hissələri, zərərləri əks etdirir (tənqidçi-ədəbiyyatşünas V.Yusifli)

Siyasi tarix elmi ilə məşğul olan alimlərin fikrinə görə, Azərbaycanın XV əsri bütövlükdə tarixin siyasi mənzərəsində köklü, ciddi və  mürəkkəb hadisələrin baş verməsi ilə  və fərqli özəldlikləri ilə səciyyələnə bilər. Bir həqiqətdir ki, Sovet dönəmində bu məsələlər həm tarix kitablarında, həm də bədii ədəbiyyatda öz əksini düzgün tapa bilməmsiş, yazılanlarla o vaxtkı həyat, baş vermiş hadisələr arasında ciddi fərqlər görünmüşdür, əsl həqiqət isə xalqdan gizlədilmişdir.

Müasir insanın görmədiyi, şahidi olmadığı  dövr kifayət qədər dərk edilməmiş, milli ənənənin təsvirinə yer ayrılmamışdır. Yazıçı bu hadisələri mötəbər mənbələrdən oxuyaraq bədiiləşdirmişdir.

Tahir Kazımov bu günümüzə qədər mühüm dövləti işlərlə məşğul olmaqla yanaşı, həm də bir-birindən mövzusu-ideyası ilə, tarixiliyi, müasirliyi ilə çox yüksək səviyyələrdə dayanan romanlar, povestlər, hekayələr, gündəliklər, məktublar, ssenarilər və s. yazmışdır. Həmin çoxsaylı əsərlərdə o, maraqlı, yadda qalan obrazlar, tarixi təfərrüatlar yarada bilmişdir.

 Tarixi faktlar göstərir ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin sosial bazasını eyni bir milli maraq ətrafında birləşmiş müxtəlif oğuz tayfaları təşkil edir. Təbii ki, həmin tayfalar bir-birindən o qədər də fərqlənmirdilər.  Onlar bir-birilə siyasi ittifaqda olmuş, xüsusilə  Qaraqoyunluların, Ağqoyunluların dövründə daha sıx birləşmişdilər. Və bu baxımdan Səfəviləri hətta özündən əvvəlki Azərbaycan dövlətlərinin bilavasitə varisi saymaq olar. XV yüzillikdə Azərbaycan türk tayfaları hakimiyyət uğrunda mübarizədən əl çəkməmişdilər. Bu dövrdə yerli hakimlər-tayfa başçıları həm bir-biri ilə münaqişəyə girir, müxtəlif ittifaqlarda fəal iştirak edirdilər. Bu kitabları oxuduqca görmək olur ki, «dövlətin əsasını qoyanlar da, onun yüksəlişini təmin edənlər də Azərbaycanda yerli və  köçəri türk tayfaları idilər; Qaraqoyunların, ağqoyunlarının dövlətçilik düşüncəsi, inzibati idarə sistemi bütünlükdə qədim türk dövlətçilik ənənələrindən irəli gəlirdi. XV əsr, əslində Türkiyə türklərinin bir xalq olaraq təşəkkülü tarixinin ilk mərhələsi idi. Azərbaycan ərazisində türklərin çəkisi sürətlə artdı. Onlar Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətini təşkil etməyə, müxtəlif dövlətlər qurmağa, mərkəzləşməyə (konsentrasiyaya) başladılar» (Akademik N.Cəfərov)

Tahir Kazımovun təsvir etdiyi bu dövrdə Azərbaycanda (və həmhüdud regionlarda) oğuz türklərinin (türkmanların) etnosiyasi mövqeyi bir qədər də güclənir.

Tahir Kazımov bir fikir adamı kimi bu kitablarında tarixi həqiqətləri əks etdirə bilmişdir. Bu əsər həqiqətin carçısıdır. Tarixi keçmişdən bu günümüzə varmağa və sabaha çatmağa ən sağlam və köklü, ən doğru olaraq daha güvənilən «bəbii tədqiqat»dır.

Biz Tahir Kazımovu, onun  çoxsaylı kitablarını  dəyərləndirərkən özünəməxsus düşüncə tərzi ilə romançılığını bir-birindən ayırmırıq, ayrılmamış da mümkün deyildir.

 Bu kitablar XV yüzilliyin tarixi ictimai-siyasi proseslərini bütöv şəkildə inikas etdirir. XV yüzillik tarix səhnəsində aşağıdakı məzmunu şərtləndirir: «XV əsr Azərbaycan tarixində təlatümlü və mürəkkəb bir dövr kimi yadda qalmışdır. Bu dövr öz mərhələləri ilə bir çox tarixi şəxsiyyətlər yetişdirmiş, istər siyasətdə, istərsə də ədəbiyyatda.  Həmin şəxsiyyətlər  nə qədər paradoksal olsa da, yenə də dövrün dövlətçilik ənənələrini öz birlikləri ilə, bilikləri ilə qoruyub saxlaya bildilər. Dövlət xadimləri, sərkərdələri Qara Yusif, Uzun Həsən, Həsən Padşah, Şirvanşah I İbrahim, Sara xatun və b.

Tarixi qaynaqlarda olduğu kimi, bu əsərlərdə də Sara xatunun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki mühüm rolu, diplomatçılıq fəaliyyəti, hər hansı bir məsələnin çözülməsindəki başlıca fəaliyyəti; dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış şəxsiyyəti Cahanşah («Həqiqi» təxəllüslü şeirlər yazan) haqqındakı yanaşmaları, baxışları bədii təfərrüatlarla sırf həqiqətə uyğun, inandırıcı təsir olunur.

    Dövrün bəzi siyasi prosesləri belə baş vermişdir: Teymurilər arasındakı nifaq onların hakimiyyətini zəiflədir. Bundan istifadə edən Azərbaycan feodalları ölkənin istiqlaliyyətini bərpa etməyə, müstəqil milli hakimiyyət yaratmağa nail olurlar. XV əsrin əvvəllərindən hakimiyyət başına gələn qaraqoyunlular Cənubi Azərbaycan torpaqları ilə yanaşı, Gürcüstan, Ermənistan və Ərəb İraqında da hakim idilər. Qaraqoyunluların paytaxtı Təbriz şəhəri sürətlə inkişaf edir. Əsrin ortalarına doğru zəifləyən qaraqoyunlu hakimiyyətini ağqoyunlular əvəz edirlər. Ağqoyunlu Uzun Həsən qaraqoyunlu mülkləri ilə bərabər, İranın bir sıra vilayətlərini də öz hakimiyyəti altında birləşdirir. Düzdür, ağqoyunlularla qaraqoyunlular arasındakı toqquşmalardan ölkə müəyyən ziyanlara məruz qalırdı. Ancaq bununla belə ölkə xarici basqınlardan, yad qoşunların tapdağı olmaqdan xilas olmuşdu. Həm də qaraqoyunlu və ağqoyunlu hərəkatlarının ümumi məqsədi mərkəzləşmiş vahid Azərbaycan dövləti yaratmaq olduğundan bu ixtilaflar ölkənimn yüksəlişində xüsusi ləngimə yaratmırdı. Həmin istiqaməti XV əsrin sonlarından ərsəyə gələn Səfəvilər  davam edirdilər və nəhayət, XVI əsrin əvvəllərində buna nail oldular.

T.Kazımovun epopeyasından aydın olur ki, Qaraqoyunlularla Ağqoyunlular arasındakı münaqişə və savaşlara baxmayraq hər iki sülalə və onların yaratdıqları dövlətlər eyni ənənəyə əsaslanırdı - məhz həmin ənənənin varisi kimi bir qədər sonra mərkəzləşmiş Azərbaycan dövləti tarix səhnəsinə çıxır. Qaraqoyunlu hökmdarı Qara Yusif hələ XV əsrin əvvəllərində müstəqil olan Şirvanı özünə tabe etməyə çalışmış, Şirvanşah İbrahimi və onun müttəfiqlərini əsir almış, lakin çox keçmədən Şirvan yenidən müstəqilliyini bərpa etmişdir. Ağqoyunlu hökmdarı Uzun Həsən də eyni məqsədi izləmiş, lakin hərbi yolla deyil, sülh yolu ilə Azərbaycanın həm şimalındakı, həm də cənubundakı müstəqil hökmdarları öz ətrafında birləşdirmişdir. «Həqiqətən, ağıllı olan Uzun Həsən bütün azərbaycanlıların hörmətini qazanmağa can atmış, Azərbaycan hökmdarı olmuş və ömrünün axırına kimi Şirvanşah və Ərdəbil şeyxi ilə ittifaq saxlamışdır»

Bu cür çox mühüm və aktual hadisələrin ənənəvi olaraq bədii ədəbiyyata gətirilməsi və mövcud tarixi faktların xüsusi bir emosional dildə təqdimi sevindirici haldır. Və oxucu sevinir ki, hələ indiyə kimi həmin dövrün bədii təlatümləri, bədii obrazları Azərbaycan oxucularına təqdim olunmamışdır. Bu şərəfli iş tanınmış yazıçı, çoxsaylı romanların müəllifi Kazımov Tahirə qismət olmuşdur.

Birinci kitab «Hiylə və zəka» adlanır. Bu kitab 508 səhifədən ibarətdir. XV yüzilin 50 illik bir mərhələsi bu səhifənin əsasını təşkil edir.  Burada iki tayfa - Qaraqoyunlu və Ağqoyunlu dövlətləri arasındakı münasibətlər, əlaqələr, bu tayfalararası uzun sürən əqidə, məslək və dini çarpışmalardan, varislərin taxt-tac uğrunda apardığı ixtilaflardan söhbət gedir.

Birinci kitabın əsas obrazı Türkman elinin qəhrəmanı Qara Yusifdir. Qaraqoyunlu dövlətini yaradan igid sərkərdə. Hərtərəfli bir insan, bütün invani keyfiyyətlərə sahib Qara Yusif yazıçı tərəfindən təkcə tarixi şəxsiyyət kimi deyil, eləcə də kamil və bütöv bir obraz kimi canlandırılır. Əmir Teymurun hücumlarının qarşısını uğurla alan və onun qoşunlarını ustalıqla məhv etmək bacarığı Qara Yusifin mübarizliyini, siyasi nüfuzunu, əzmini nümayiş etdirir.

 

Yazıçı gənc şahzadə Uzun Həsən kimi dövlətçiliyimiz tarixində az tanınan xadimi lazım olan səviyyədə təqdim edir, oxucuya tanıdır. Həsənin gəncliyindən hökmdar səviyyəsinə gedən yolu olduğu kimi əks etdirə bilir.

Kitablarda Şərqin ilk diplomat qadını Saray Xatun daha cazibəli və əsl Azərbaycan xanımına xas olan cəhətləri ilə verilir.

Ağqoyunlu-Məmlük münasibətləri tarixi həqiqətə uyğun olaraq bədiiləşir.

Qeyd edək ki, I kitabın «giriş əvəzi» çox mənalı hissədir, insanın yer üzündə törəməsi, yurd yerləri salması, sonra torpaqların qədr-qiymətinin bilinməsi, sevilməsi, torpaq uğrunda mübarəzə, müharibələr… hər şey topaqdan ötrü.  Bizə elə gəlir ki, bütün bu müaribələrə, qırğınlara səbəb torpaqdır, «torpaq günahkardır». Torpaq elə əzəldən nə qədər şirinimiş. «Qurani-Kərim»dəki törəniş, insan, torpaq haqqında fikirlərin «Hiylə və zəka» romanının önünə gətirilməsi bizə elə gəlir ki,  harda-olur olur  insan allahını tanımalıdır, Allah təkdir, ona iman gətirmək, o nə buyurursa onunla durub oturmaq, əməl etmək…

Epopeyadakı hadisələrin əksəriyyəti əski Anadolu torpaqlarında baş vermiş: Sivasda, Toqatda, Ərzurumda…

İndi bizim üçün köhnəlmiş, tarixizmə çevrilmiş söz və ifadələri T.Kazımov uğurla və yerli-erində işlədir: çapar, müntəzir, hüzur, mürid, düşmən, fndgir, yaraqlı, itaətsizlik, qarət, ox, nizə, süvari, qılınc, qılınclaşmaq, təzim, hökmdar, hüzur, Ağqoyunlu əmirliyi, mühafizəçi (indi mənasını dəyişib), əhv etmək, sülh bağlamaq, zireh…

II kitab «Qardaşlar: əqidə mübarizəsi» adlanır. Həmin kitabda Ağqoyunlu hökmdarı Qara          Yülük Osman oğlu Əli bəyin oğlanlarından, Cahangir Mirzə və Uzun Həsənin hakimiyyət uğrunda apardığı mübarizədən və Saray Xatunun qardaşlar arasında barış vasitəçiliyindən söhbət gedir. Müxtəlif əqidələr toqquşur, qarşılaşdırılır, kimin haqlı, kimin haqsız olduğu üzə çıxır.

Bundan sonra yazıçı XV əsr Azərbaycan ictimai-siyasi tarixinə qısa ekskursiya edir. Bu səyahətdə «Türkman» etnik qrupunu, oğuzların Bayandır və Yivə boylarından çıxan Ağqoyunlu, Qaraqoyunlu tayfa əmirliklərinin məhz 15-ci əsrdə törətdikləri olayları bədiiləşdirir. «Bu tayfalar Azərbaycanda bir-birini əvəz edə-edə müstəqil dövlətlərin əsasını qoydular. Tayfa birlikləri arasında qədimdən hər zaman düşmənçilik davam etmiş, XV əsrdə isə daha yüksək siyasi məcraya çatmışdır. Tarixən düşmənçiliyə səbəb əqidə ayrılığı, ərazi ixtilafları və kim-kimə üstün gəlmək uğrunda mübarizə olmuşdur…» Yazıçı tarixi hadisə və faktları oxucuları ilə elə bölüşür ki,  sonra onu bütöv biçimdə bədilləşdirə bilsin. Yarı tarixi, yarı bədii düşüncənin qovuşuğunda çox mürəkkəb proseslər və hadisələr T.Kazımovun istedadı ilə üzə çıxır.

«Qaçmaq xilas yolu deyil, vəzifəniz düşməni dəf etməkdir» fikri əsərboyu təlqin edilir. Döyüş səhnələri elə təsvir olunur ki, sanki yazçı o döyüşləri öz gözləri ilə görübmüş kimi təsir bağışlayır.  Bu döyüşlər ölkədə qayda-qanunun bərpa olunması, əhalinin güzərənanın yaxşılaşması və s. üçün vacib idi.

    III kitab «Həsən Paşa Bayandır» adlanır. Həsən Paşa Bayandır məşhur Azərbaycan sərkərdəsi və dövlət xadimidir. Kitabda onun keçdiyi həyat  və mübarizə yolu, dövlətçilik fəaliyyəti  bədii-estetik tərzdə əks olunmuşdur.

    IV kitab «Azərbaycan-Aqqoyunlu imperiyasının süqutu» məsələlərini əhatə edir. Ağqoyunlu hökmdarı Uzun Həsəndən sonra onun oğlanları Xəlil, Yaqub və Rüstəm arasında saray ixtilafları, imperiyanın süqutu-başa çatması həmin kitabın əsasını təşkil edir. 1503-cü ilə qədər-yəni Səfəvilər dövləti formalaşana qədərki hadisələrin təsviri burada diqqəti çəkir.

  Qeyd edk ki, T.Kazımovun bəhs etdiyimiz kitablarında, ilk anda oxucunu «hesablaşmağa» çağıran notlar güclüdür, gözə çarpandır. Kitablarda hadisələrin keçdiyi, baş verdiyi yer, hadisələr içərisində yer alan çoxsaylı tarixi şəxsiyyətlər elə incələnir ki, bu xüsusda  dövrün sosial və iqtiqadi şərtləri həqəqətin işığında təsbit edilir, sonra yeni bir cəmiyyətə istiqamətlənən əsas əlamətlər hiss etdirilir.   Romanın fikir ağırlığını özündə qoruyub saxlayan tarixilik sağlam sayıla biləcək  fikirlərlə zəngindir. Bu da bir gerçəklikdir. Dövrün gerçəkliklərini doğru-düzgün əks etdirdiyi  xüsusiyyətlərinə görə biz bu çoxsəpgili romanları bəyənirik. Bu romanların ana cizgiləri, məhz yazıçının tariximizin qaranlıq qalmış səhifələrinə, eləcə də bədii sözə, dilimizin zəngin ifadə imkanlarına yiyələnmə səviyyəsini də ortaya qoyur. Tarixiliklə yanaşı, dövrün mənbələri, bu mənbələr haqqında yazılmış əsərlər də, həmçinin də dil materialı da üstün xüsusiyyətlərə malikdir.

T.Kazımov əsərdə tarixi hadisələri təsvir edərkən əsas hadisələrlə digər ikinci dərəcəli hadisələri lə əlaqələndirə bilir. Tarixi şəxsiyyətləri və epizodik surətləri yalnız inkişafda verir, onların əsas xarakterik cizgilərini ortaya qoyur və beləliklə də, günümüzün və gələcəyimizin insan talelərinə sanki bir çarə arayır. Romanların təməl dinamizmi  ana və yardımçı hadisələrlə bütünləşir və  oxucuya təsir edir.  Yazıçı əsərdə iştirak edənlərin psixoloji hallarını, durumlarını - yorğunluqları, günah və utanc duyğularını-güclü bir romançı üslubu ilə təhlil etmişdir ki,  məhz XV əsrin insanları buna bir nümunədir.

Bizə elə gəlir ki, T.Kazımov oxuculara bu əsərləri ilə tarix dərsi keçmir, bu «dərs»in içində obyekt seçdiyi tarixi dövrü, o dövrün insanları arasındakı münasibətləri meydana çıxarır. Tarixi mövzuları işləmək çətinliyini nəzərə alsaq, T. Kazımov həm öz düşüncəsini, həm də «düşünən özü» hərəkətə gətirmişdir. Tip və xarakterlərdən söz etmək istəsək, Tahirin romanlarında klassik romanın özəlliyinə müvafiq olaraq bir «insan bolluğu» vardır. Qələbəlik eşqi mübarizə aparan  əqidə qəhrəmanları, dəfələrlə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və sonra yenidən həyatın girdablarına, dərinliklərinə, bilinməzliklərinə dönə bilirlər. Belə olan halda obraz və  xarakterlər öz hərəkət tərzinə, düşüncə mədəniyyətinə görə bir-birindən fərqlənirlər. Fərqlilik olan yerdə dövrün mənzərəsi güzgüdə olduğu kimi görünür. Fərqli çalarlar olmayan yerdə hadisələr, insanların, tarixi şəxsiyyətlərin dramları ya da xarakterlər yaxşı əhəmiyyət kəsb etməz. «Tarixi hadisələri, insanı əsas alaraq yorumlamayan və sürətlər arasındakı əlaqə və münasibətlər üzərində yetərincə durmayan yazıçının məqsədi, qəhrəmanı üç boyutuyla işləmək, dərin ruhsal sözümləmələr  etmək deyildir» . Tarixi mövzuları işlədiyi romanlarında qəhrəmanların düşüncələrini də nəzərə alaraq geniş bir biliyə, mədəniyyətə, tarixi məlumatlara malik olan Tahir Kazımov qəhrəmanların bəzilərini yerində canlandırarkən bəzilərini də mövzu ilə bağlantılı olaraq tarixdə yaşamış, gerçək-real tiplərdən seçim edə bilmişdir. Ancaq tarixən seçdiyi qəhrəmanların bir hissəsində özündən bir sıra obrazlar da əlavə etmişdir. Bu şərtlə də  təsvir olunan zaman tarixi reallıqları azda olsa  kölgədə qoymuşdur. Amma o, tarixçi alimlərin əksinə   tarixi reallıqlara tamamən bağlı olaraq, təbii bir davranışla ciddi sosial nöqtələrə toxunur və belə bir fikir aşılanır ki, hakimiyyət insana şan-şöhrəit deyil, hökmdar öz vəzifəsində şöhrətə sahib olmalıdır.

   Bizə elə gəlir ki, yazıçı təkcə hadisələrin məzmununu verməklə «canını qurtarmır», o eyni zamanda «dilində yaşayır». Dilində yaşayır deyərkən, onu başa düşmək olur ki, zəif dili, üslubu olan bədii əsər demək olar ki, oxunmur. «Dil bədii məzmunun ən mühüm çatdırıcı vasitələrindəndir_ yeganə  deyilsə də, ən başlıcasıdır» (Akademik Tofiq Hacıyev)

Yəni demək istəyirik ki, T.Kazımovun bu kitablarının bədii gücü, enerjisi bir tərəfdən də onun dil və üslubundadır. Yazıçı rəngarəng süjetləri səliqəli, cilalı, lakonik, aydın, nüfuzedcdi məzmunla yüklənmiş bitkin cümlə formaları ilə ifadə edir: «Baş əymək bəzən boynunun salamat qalmasıdır. Baş əy, itaət et, müttəfiq ol ki, boynun vurulmasın»;  «Qurani-Kərim»ə və dünyalarını dəyişmiş ulu babalarımın və digər əzizlərimin ruhuna and içirəm ki, siz əyanların, ali divan üzvlərinin köməkliyi ilə imperiyanın bütövlüyünü qoruyacaq, rəiyyət arasında güzəran və əmin-amanlıq yaratmağa çalışacağam. Ölkədə birlik, həçmrəylik, əhali arasında narazılıq olmasın deyə Xoy döyüşündə  Sultan Xəlilin tərəfindən mənə qarşı döyüşmüş və əsir götürülmüşləri günahsız sayıram» (Sultan Yaqub)

Yazıçı dövr haqqında mövcud  qaynaqlara müraciət edir,  onun  qurduğu «ssenari» reaksiyaları tez qəbul edə bilir. Üslub bitkinliyi formalaşır. Biz bu bitkinliyi əldə etməyi, qazanmağı yazıçının uğuru sayırıq. Oxucu razı qalır ki, T.Kazımov tarixi mövzulu bu kitablarında sözləri israf etmir, o tarixizmlərə bələb olması ilə heç də təşəxxüs satmır, məhz mətləbin tələbi ilə istifadə edir, bununla belə o dövrün çətin anlaşılan ərəb-fars kəlmələri əsərləri dərketməyə əsla mane olmur: zati-alilləri, möhtərəm Ali divan üzvləri (müraciət forması kimi), itaət, mərkəzi hakimiyyət,  süvari, sülh məramlı elçilər və s.

 T.Kazımov yaratdığı obrazlar (Sultan Yuqub, Səfəvi şeyxi Şeyx Heydər, Fərrux Yasar, Osmanlı Sultanı II Bəyazid və b.) uğurlu rola girə biliblər, «fikirlərin burulğanında itib-batırlar»  Obrazların, tarixi şəxsiyyətlərin dialoqları, mükalimələri, fərdi nitq təzahürləri, real danışığı dövrün danışığına uyğundur, təbiidir, həyatidir, hadisə içərisində yeni hadisələrin verilməsi oxucunu hadisə bolluğundan psixoloji zənginlik sferasına düşürür.

Cəmiyyət və insan gerçəkliyini tarixi və sosial xüsusiyyətlərilə qavrayaraq əks etdirməyə çalışdığını Tahir Kazımovun əsərlərində istifadə olunduğu təkcə fikir tutumu deyil, qeyd etdiyimiz kimi dil də büruzə verir. Yazıçının «dil qayğısı» «məzmun, ideya qayğısından» az rola malik olmur, hər iki «qayğı» oxucuları diqqətli olmağa çağırır.

Bu arada qeyd edək ki, hər bir yazıçının_ Azərbaycan romançısının önündən heç ayırmadığı bir «dil qayğısı» olmalıdır. Burada da irəli, geri ənənəsindən istifadə etməklə, dilin başqa dillərdən büsbütün qopuq, özbaşına bir arqo halına gəlməyəcəyini ağıldan çıxarmamaq; bizi keçmişimizlə bağlı tutacaq əski dillə əlaqəmizi büsbütün qoparmamaq məsələsini yeni romançılar, o cümlədən T.Kazımov diqqətlə göz önündə canlandırmalıdır.

Hadisələrə uyğun atalar sözlərini və məsəlləri işlədir: Səfəvi şeyxi ilə şərt kəsəcəyə, gəmidə oturub gəmiçi ilə dava-dalaş salarsa…(467), sirr dağarçığı (467) və s.

Bu tarixi romanlarda hər təbəqə, hər insan yazıçının özünə roman dili olaraq seçdiyi və məhəlli dil olmaqdan çıxaraq roman üslubuna uyğuladığı Azərbaycan dili ilə danışır.

Təsvir etdiyi dövrün düşüncə mühitini, fikir həyatını da incələmək baxımından bu kitablar çox əhəmiyyətlidir. T.Kazımovun bu baxımdan Azərbaycan düşüncə həyatına gətirdiyi ən önəmli yeniliklərdəndir. Uzaq keçmişimizə və yaxın tariximizə yenidən baş vurma ehtiyacı və cəsarəti bizə görə bir qəhrəmanlıqdır.

Yazıçının vəzifəsi həqiqəti söyləməkdir. Yazıçı həqiqəti elə söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusun və  onu konseptual olaraq dərk etsin. T.Kazımov bu 4 kitabı ilə sözün həqiqi mənasında biz oxuculara XV yüzillik  Azərbaycan həqiqətlərini bədii təfərrüatlarla çatdıra bilmişdir. Kitablarda təsvir olunan bütün hadisələr, əlbəttə,  inandırıcıdır, yadda qalandır və başa düşüləndir.

Söz yoxdur ki, kitablarda təsvir oluanan insanların, tarixi şəxsiyyətlərin- Qara Yusifin, Qara Osmanın, Sara xatunun və başqalarının  öncəki istək və arzuları, işıqlı əməlləri göyərmiş, zaman keçidikcə qalib gəlmişdir. Əsərin isə yeni deyim tərzi ilə, öz fərdi-orijinal üslubu ilə qələmə alınması onun müəllifinin uğurlu işlərindən xəbər verir.

Bu epopeyalar insanı düz yola çəkməyə səsləyir, tarixi babalarımızı, şəxsiyyətlərimizi sevməyə, əqidəcə sağlam olmağa, əmin-anmanlığa çağırır, ərazimiz, QRABAĞIMIZ uğrunda mübarəzəyə, düşmənə qarşı birləşməyə, birliyə, insanları ayıq fikirli, düşüncəli, fəhmli, məntiqi hərəkət etmə  sövz edir.

Tahir Kazımovun XV əsr tarixi hadisələrindən bəhs olunan kitabları oxucuda hələ bitməmiş, tükənməmiş, arxası gələcəyimiz kimi bir izlenim uyandırır. Yəqin yazıçı bu düşüncə ilə növbəti  yüzilliklər (XVI, XVII və s.) haqqında da öz sözünü deyəcək.

Sonda demək istəyirik ki, bu əsəri oxusan, Azərbaycanımızın bir əsrini (XV əsr) haqqında bilik və məlumatın xeyli genişlənər, bir də həyatın dəyişər, əziz oxucu!

R.S. Bu əsərdən sonra Tahir Kazımovun iki kitabdan ibarət olan «Qönçə və yadplanetlər», fantastik-dedektiv romanı (UniPrint» nəşriyyatı, 2021, 524 s.+ 442 s.) çapdan çıxmışdır. Bu roman gərgin süjetlərlə, müxtəlif insanların uğurlu, uğursuz taleləri, mənfi-müsbət cəhətləri ilə zəngindir. Növbəti yazılarımızda bu haqda söhbət açılacaq, hörmətli oxucular!

 

 

 Möhsün NAĞISOYLU, akademik

 İsmayıl KAZIMOV, professor

 

 


627 oxunub

InvestAZ