XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



AĞASƏFA: SÖZ GƏLDİ YOLÜSTÜ...
Ədəbiyyat 14:54 / 07.04.2021

SÖZ GƏLDİ YOLÜSTÜ...

DEDİM ƏLÜSTÜ...

 

Gəvəzələr

Təzə çıxan gəvəzələr

Köhnələri əvəz elər.

 

Bizdə adət belədir:

Endirilir bir başa

Əlli qapaz birbaşa!

 

Gülüş

O elə ucadan gülür,

Elə bil üç adam gülür.

 

Qızımın əmək dərsi

Öyrəndin un ələməyi?

Bildin nədir əl əməyi?

 

Qocalıq gələndə

Qocalıq gələndə

bitir dastanlar,

"Dastan” deyiləni

ancaq dost anlar.

 

Dən ki düşdü...

Dən ki düşdü saqqala,

Şair çətin sağ qala...

 

İlan adam düsturu

Mənə çoxdan bəllidir

İlan adam düsturu

Toxunmasan, dəyməsən,

Sənə "məhrəm dost” olur.

 

 

Tapanca

Tapanca-

tapmacadır,

Açması, açılması:

Fəlakət...

Açılmasa yaxşıdır...

Açılmazı:

Səlamət...

 

Yazıçılar Birliyinin

girəcəyində bidiriş:

Burda bilet verirlər,

Olursan Birliyin üzvü.

İstedad vermirlər a...

Pay umub, döymə gözüvü,

Özündə axtar özüvü.

 

Fərq

Gör nədir fərqləndirən

İki gözəl şairi:

Biri Xalq şairidir,

O biri El şairi.

 

Bərk gedənlər

Bərk gedənlər

yeyib, şişib,

tox olanda

Ayağının altına da

baxa bilmir.

Və... ilişib

üzü üstə yıxılanda

qalxa bilmir.

 

Ədalət sarayında

divar yazısı

Nəfsiniz güc gələndə

Çox yeməkdən çəkinin.

Burda tamahkarların

Tamah dişi çəkilir.

 

Pulgir balası

Zırpı pulgir balasıdır,

Hər işini pul aşdırır.

Bir çimdik istedadı var,

Bir ümmanı bulaşdırır.

 

Rus demişkən

Atın qabağında ət,

İtin qabağında ot...

Rus demişkən:

Na tebe! Vot!

 

 

 

 

Rüşvət səfiri

Rüşvət səfirisən bu mahalda, bilir hamı,

Nəfsin əsir edib səni, pabəstəsən, adam.

Bir gün zəhər dadacaq ağzının tamı,

Nəfsin əlacı betərdir...

Yeri, bərk xəstəsən, adam.

 

Bir ərköyün dostuma

Çağırdım, gəl, mey iç,

bizə yoldaş ol.

Daha demədim ki,

vur,yıxıl, leş ol.

 

Cizgi-etüd

Dədə-baba ocağında

Köhnə kürkün üstündə:

Nəvə baba qucağında-

Pöhrə kökün üstündə.

 

İt var... İt var...

İt var ki, boş-boşuna

Kimsəsiz yola hürür.

İt var ki, dollar tanıyır,

Qısqırdırlar, pula hürür.

 

Nadanla...

Mən deyirəm:-Yer yumrudur...

O hay salır:- Çarpayıdır!

Nadanla yola çıxanın

Mənzil başında vayıdır...

 

Sancma

Arıçını arı sancar,

Nəştərin yeri sızlar.

Qocanı qarı sancar,

Cavanı dilli qızlar.

 

Məlikməmmədin quyusu

Məlikməmmədin quyusu

İndiki metro kimidir.

Orda başına gələnlər

Kinodu-retro kimidir.

 

 

 

 

 

 

Elə bil...

Allah da şahiddir...

Gizli deyil ki,

Hələ bir ağrıya sinə gərməyib.

Bu şair döşünə elə döyür ki,

Elə bil bu dünya şair görməyib.

 

Gedirəm Xəzərdə çimim

Kəndimizə gəlmişdi

Maşında yayxanıb yenə...

Gedirəm Xəzərdə çimim,

Qudurmuş haramxorun

Nəfəsi toxunub mənə...

 

Otur yerində

Otururam, "Qalx!” deyir,

Qalxıram, "Otur!” deyir.

"Otur-Dur ölkəsində

Qaydamız budur” deyir.

 

Hələ...

Xalq danışmır...

Hələ amandasan...

Zənn eləmə təxti-Süleymandasan.

Bir də görərsən ki, atıblar səni,

Ac-yalavac çöldə-biyabandasan.

 

Qonşuda

Pərzadın bir əri var,

Şirbala... ya Şirzaddır.

Dəmlənir, nərə çəkir,

Hamı deyir:

-Şir zaddır.

 

 

Gücü çatmır

Gücü çatmır fələyin

əyriləri düzləməyə,

Əyrilər düz divar ilə

yeriyir düz ləməyə.

 

 

Kəndin güdükçüsü

Dolayır barmağına

daş gətirib, ev tikəni.

Çalışır "Hoppp!” eləsin,

Qapsın əlindən tikəni.

 

 

 

Bilmirəm...

Gah yazır, millisayaq,

Gah da ki, Avropasayaq.

Bilmirəm indi bunu

Milli sayaq,

Yoxsa ki, Avropa sayaq?

 

Məhrəm adam

Çəkdi öz qoltuğuna,

Məhrəm adam sandığını.

O da üç gündə açıb-

Tökdü bunun sandığını.

 

İtim Cekə

Dədən-baban dəbində

Verdim, yedin bulama.

Otur taya dibində,

Quyruğunu bulama.

 

 

Yoxsa...

Ölüyə pay verərlər,

Ölüdən pay umulmaz.

Öləndə bu pulbazın

İstir-kafir yerinə

Qoltuğuna pul basın,

Yoxsa gözü yumulmaz.

 

Qoymurlar

Rəqəmlərin yükünü

Dəyişdirən "məmurlar”

İki dəfə ikini

Dörd olmağa qoymurlar.

 

 

Ünvansız

Şeytan ünvansız yaşayır,

Hey səfil-səfil dolaşır.

Gürzə ilana oxşayır,

Ayağa qəfil dolaşır.

 

Tülkü dərisi

Anadangəlmə tülküsən,

Sənsən tülkünün irisi.

Deyim, onu da bil ki, sən

Yaman qiyamət görünür

Boynunda tülkü dərisi.

 

Kefli günün səhəri

Oyandı əzgin-əzgin,

Gözləri əzgil-əzgil...

 

 

Kəmfürsət

Çatdığını,

Tutduğunu

Yıxır-soyur,

Kəsib-soyur.

Yuxarıya

Əli çatmır,

Aşağıda

Fağır soyur,

Kasıb soyur...

 

 

Atmaca

Bir namərd gəldi bizə,

"Atın oynatdı, getdi.”

Yamanlar çıxdı üzə,

Yaxşılar batdı, getdi.

 

 

"Virtioz kimdir?

soruşana cavab

Adam var-qurdu çoxdur,

Adam var-qurdu azdır.

Kimin ki, qurdu yoxdur,

Demək, o virtiozdur.

 

 

Sələmlə borc götürən dostuma

Kredit ki, deyirlər,

Ondan əlhəzər! Oy! Oy!

Bir sən bil bunu, bir mən:

Pulun üstünə əl qoy,

Pulun altına girmə.

 

 

O key...

Hamı bunu nişan verir:

— O küt!-deyir,

— O key!-deyir.

Tumarlayır qalstuku,

Bu da gülür,

Əl eləyir,

Yad dilində:

— Okey!-deyir.

 

 

 

Bir atım barıtla...

Dünyaya ürəksiz seyrə gələnlər,

Gəzib, özlərini yordular ancaq.

Bir atım barıtla şeirə gələnlər

Şeirin qanadını qırdılar ancaq.

 

 

Mürgü

Durub işdən evə getmir

Çatmayınca,

Batmayınca əli bala.

Kreslosu beşik kimi...

Yumurlanıb pişik kimi

Mürgüləyir

Əli bala...

 

 

Qır-qır...

Bu "Mən!” deyir,

O "Mən!”deyir,

Qurtarmır qır-qır...

Amma

O əl çalır şappaşap...

Ağzı tərpənir bunun...

Gəlir... fonoqramma...

 

 

Bir ərköyün şairə

Nə olub? Düşüb tərsliyə,

Sən düşməmisən dərsliyə.

Sən ağla, tök göz yaşını,

Mən də yazım bir mərsiyə.

 

 

Ovçu

Kimdə var bu şəst, qürur?

Yağ damır yaxasından.

Quşu gözündən vurur,

Mərdləri arxasından.

 

 

Yol bitdi...

Bir müddət düzlərlə

düz yola getdi...

Düzlüyü "yüzlüyə” dəyişdi...

Yol bitdi...

 

 

 

 

 

O...

Anasi öləndə ağlamamışdı...

Andır kresloda bir hikmətmi var?

Elə ki, aşırdıb-işdən qovdular,

Ağladı zar-zar...

Siz də deyirdiniz:

-Zalım oğlunun

Ürəyi daşdı...

 

 

Daşlıq

Əcəb daşlığa düşmüşəm,

Ön daşdır, arxa daşlıqdır.

Karvan gedib...

Tək qalmışam...

Bu necə arxadaşlıqdır?

 

 

İnsafən

Bu qapı arxasındakı,

İnsafən, qansoran deyil,

Deyir: "Nə versən, qəbuldur!”

Adına Məcnun deyirlər,

Leylisi, Leylası puldur.

 

 

Ən matah şey

Bir-birilə yarışır ekranlar,

Həmnəfəsdir, hamısı həmdərsdir.

Bu qədər ekrana baxdım... Bildim

Ən matah şey gözəlim pampersdir.

 

 

İlğım

Minib, qovub, çapmışam,

İllər mənim ilxımdır.

Son nəfəsdə tapmışam:

Əbədiyyət-ilğımdır...

 

 

Gələr axır...

O ki var qara yaxdılar

Mənə qarayaxanlar.

Gələr axır...

Bir vaxt olar...

Görək kim tez yıxılar?

 

 

 

 

 

 

Nə? Nə? Nə?

Sual nədir?

Cavab nədir?

Bilgi nə?

Hər birisi ayrı şeydir,

Bilginən...

 

 

Üçüncü qədəhdən sonra

Adam var-

qah-qah çəkir,

Gülüş daxılı açılır.

Adam var-

elə ah çəkir,

Ərpi-paxırı açılır.

 

 

Kəndimizdə

Yalan-malan desəm,

Öyürlər məni.

Düz danışan kimi

Əyirlər məni.

Dinib-danışmıram,

Döyürlər məni...

 

Xızı, Qarabulaq kəndi


762 oxunub

InvestAZ