XƏBƏR LENTİ
07 May 2021
06 May 2021
05 May 2021



Arif Abdullazadə- Şeirlər
Ədəbiyyat 17:04 / 05.04.2021


Ağırlaşdı çiynimdəki bu xurcun,

Bu xurcundan deyəcəyim çox uzun,

Yük mənimdi, dəyərini siz yozun,

Mən onu tək necə yozum, İlahi?!


Kor baxışda qarışqa da böyüyür,

Dərmanında daş qalağı üyüdür,

Zamanların qaranlığı uyuyur,

Bu zülmətə necə dözüm, İlahi?!


Kor darağın kor dünyanı daradı,

Bulud altda ulduzlar da qaradı,

Dünya təkcə kor işinə yaradı,

Yazılanı necə yozum, İlahi?!

Kor duyğuda it əti də ürəkdi,

Kor ürəklər kor inama dirəkdi,

Kor ömürlər kar dünyaya gərəkdi,

Qarışacaq yenə izim, İlahi!

Kor başların arxı hələ lillidi,

Içindəki tüstüsündən bəllidi,

Dar ağızlar niyə ikidillidi,

Səsi sənin, sözü bizim, İlahi!


Kor sevgilər kor başlara tuşlanıb,

Doğuluşdan döyülüb, qarğışlanıb,

Alovları ağızlarda dişlənib,

Sinələrdə qalıb gözü, İlahi!


Göylərin də yolları kor düzlənib,

Sinəsində kor sirləri gizlənib,

Kainat da kor gözüylə süslənib,

Bu yanlışa necə dözüm, İlahi?!


Göy üzündə kor sular durulmadı,

Insanlıqdan bir qarış da qalmadı,

Heç sənin də yerin bəlli olmadı,

Deməyə də gəlmir üzüm, İlahi.


Mən gedirəm, sən də məndə gedirsən,

Qürubuna çən düşəndə gedirsən,

Nəfəsimlə qaralırsan, bitirsən,

Qəbrimizi harda qazım, İlahi?


TANRIM MƏNİ BAŞDAN YARAT

Tanrım, məni lap əvvəldən,

başdan yarat,

nə bu ömrü

damarından su çıxınca

sıxıb-sıxıb belə qısalt,

nə də onu

boş günləri hesabına

dartıb uzat.

Qismətimə adi insan

ömrü düşsün,

təki ömür gələcəyin qürubuna

öz adını daşımağa layiq olan

insanlarla yola düşsün.

Nə ruhuma, ovqatıma

Bol-bol sevinc, nəşələr qat,

nə gecəmi-gündüzümü

belə tez-tez vurub qanat –

Tanrım, məni başdan yarat,

əvvəl dolu bir ürək ver,

bəslə, böyüt, sonra yar, at,

paralanım duyğu-duyğu,

səpələnim neçə çölə,

düzə dən-dən,

sünbül-sünbül şaxələnsin

dar sinəmdə ulu Vətən.

Tanrım, məni başdan yarat,

taleyimə heç toxunma,

taleyimi dəyişmə heç,

ancaq ona

bir insaflı tale də seç.

Nə adımı göyə ucalt,

nə üstünə ağ yalan yax,

qara şər at,

Tanrım, məni başdan yarat.

İstəyirsən daşdan yarat,

bəndə bağla, divara hör,

dağ selində daşlara qat,

sonra məndən lap əl götür,

çıxart ömür bazarına,

təki vermə taleyimi

ürəyindən buz sallanan

nadanların,

həqiqəti dananların

əllərinə.

Satanda da,

mətləb qanan, söz anlayan

sərrafa sat.

Sonrasını özüm billəm,

yaşadığım bu ömür də gərəyimdi –

yollarından sevib-seçib

nə qədər söz, iz aparsam,

təzə ömrə ilk həyanım,

dirəyimdi.

Təki məni belə ömrün

dan yerinə özün çıxart,

təki məni başdan yarat!



Dönmək həvəsi


Elə bezmişəm ki, mən bu dünyadan,

bir də bu dünyaya dönməyim gəlir.

Onunla üz-üzə, göz-gözə durub,

son dəfə ucadan dinməyim gəlir.

Axı nə əkdim ki, nə də bitirəm,

boşluqdan asılıb, göydən bitirəm,

ömrə başlamamış gördüm bitirəm,

bir təzə taleyə enməyim gəlir.

Dünyaya nə verdim, nə də aparam,

ona nə yapdım ki, nə də qoparam,

dönsəm, öz yolumdan izmi taparam,

bu izə quş kimi sinməyim gəlir.

Bu zərrə nədənsə qopan qanaddı,

özünü səmada yoxdan yaratdı,

indi cilovunu itirmiş atdı,

atılıb belinə minməyim gəlir.

Elə bezmişəm ki, mən bu dünyadan,

ona bir də dönüb başdan-binadan,

keçirib ömrümü bu lal röyadan,

sonra həmişəlik sönməyim gəlir.


Gecikdim


Oyunu oyuncaq bilməməliydim,

Belə oyuncağa gülməməliydim,

Bir anı yüz yerə bölməməliydim,

gecikdim…...

Gərək bu son kartı heç çəkməyəydim,

Bu evi bu bağda heç tikməyəydim,

Barı öz ömrümə gecikməyəydim,

gecikdim…...

Gərək bu sevdaya rast düşməyəydim,

Bəxtimlə o yolda görüşməyəydim,

Falımı o yoldan soruşmayaydım,

gecikdim…...

Təkcə öz gücümlə bəhs etməliydim,

Bu gücü vaxtında nəhs etməliydim,

Özümə özümlə qəsd etməliydim,

gecikdim…...




Qoşma


Zaman hər günümə xəncər dirəyir,

Nəyə əl uzatsam hey "sabah”deyir,

Ağır fiqurlarla mənə "şah” deyir,

Bu hərif ömrümü dar eliyəcək.

Hələ uzaqların marağındayam,

Səma körpüsünün qırağındayam,

Bir hərflik sözün sorağındayam,

Bu hərif gözümü kor eyləyəcək.

Adım dünyadakı yerimə ortaq,

Hər cürə xeyrimə, şərimə ortaq,

Hələ açılmamış sirrimə ortaq,

Bu Arif sirrimi car eyliyəcək.


Işim yox


Mən ömrümə şeirimlə dil açmışam,

Hər sözümə qanımla yol açmışam,

Hər addlımda özümlə dalaşmışam,

Bədxahlara nifrət ilə işim yox.

Taleyimlə ömürlük mərc demişəm,

Boş günümə boşuna xərc demişəm,

Insafımı boşuna xərcləmişəm,

Insafsızın mürvətilə işim yox.

Atəşimin mayası öz gözümdü,

Dediklərim hər nədi öz sözümdü,

Bu dünyanın cəhənnəmi bəsimdi,

O dünyanın cənnətilə işim yox.

Mən dünyaya həmişəlik gəlmişəm,

Öz oxumun ətrafında gərdişəm,

Qollarımı sonsuzluğa gərmişəm,

Beşcə günlük sərvət ilə işim yox.

Qanadlarım üstündə od saxlayar,

Ulduzların gündüzünə saxlayar,

Maraqlarım kainatı haxlayar,

Yer üzünün heyrətilə işim yox.

Mən Arifəm, adımla həmtaleyəm,

Həvəsimdə həm aqil, həm dəliyəm,

Mən günəşin döşündən əmməliyəm,

Bir ovucluq çiy ət ilə işim yox.


Qayıt, axşam deyil hələ


Günəşin tez saralsa da,

Üfüqün qaş qaraltsa da,

Daralan son macalsa da,

Qayıt, axşam deyil hələ.

Suydum, atəşdə yanmışam,

Başdan ayağa qanmışam,

Dünyanı indi qanmışam,

Qayıt, axşam deyil hələ.

Zamanla işim var hələ,

Neçə gərdişim var hələ.

Göylərdən gəlişim var hələ

Qayıt, axşam deyil hələ.

Tarixə nişan borcluyam,

Üfüqlərə dan borcluyam,

Zamana dövran borcluyam

Qayıt, axşam deyil hələ.

Hələ yollar ölçəcəyəm,

Taleyimdən küsəcəyəm,

Ulduzuma köçəcəyəm,

Qayıt, axşam deyil hələ.


Haqq-nahaqq


Çox zaman haqq özü nahaqdan gəlib

Nahaqqa can verir, tərəfdar olur.

Belə əyyamlarda haqq haqlılara

arxa çevirir,

özü öz köküylə, qan qardaşıyla

hər anda nahaqdan bədrəftar olur.

Belə əyyamlarda nahaq özü də

Haqqın öz kökündən qopub düşdüyü

Torpağa ipəkdən yorğanlar salır,

ona qucaq açıb yumşaq yer verir,

bu haqla əl-ələ nahaq dünyada

nə qədər şər işlər, şər qanlar salır

Ancaq bu günlərin bir haqq günündə

Haqqın da bir işi dara düşəndə,

nahaq çətin çata haqqın dadına,

çatsa da, bir qucaq nahaqla gəlir.

Gözləri qızışan vəhşilər kimi

özü də bilmir ki, nə haqla gəlir.

Bəlkə də onunçün bu dünya boyu

haqq işdən nahaqqa, nahaqdan haqqa

gedən yollarda

həmişə bir sirli soraq gizlənir,

ən təmiz, ən bəyaz haqqın da belə

İçində nə qədər nahaq gizlənir.

Cəsur harda isə adi qorxaqdır,

qorxaq qorxusundan vəhşiyə dönər,

burda məğrur olan orda yaltaqdır,

bir gün qan tökənlər bir gün yaş tökər….


Çoxluqda yoxluq


Çox işıq insanı tez kor eyləyər,

çox uca ağaclar tez-tez baş əyər.

Dünyada hər zərrə həddə bağlıdır,

çoxluqdan çox zaman yoxluq törəyər.

Sözün çoxluğunda məna dar olar,

gur axan sular da hər vaxt durulmaz,

ağlın çoxluğundan dəlilik törər,

onu da hər yerdə sınamaq olmaz.

Yağışın çoxluğu sellər gətirər,

günəş bolluğunun sonu quraqlıq.

Arzusu çox olan az ömür sürər,

ömür çoxluğunun sonu – uşaqlıq.

Gözün çox böyüyü çox zəif görər,

meşənin qalını qaranlıq olar.

Dünyadan çox uman çox da itirər,

bol gələn nəşələr bir anlıq olar.

Ömrünü sərvətə xərcləyənlərin

son anda tapdığı öz yoxluğudu,

əvvəli arzulu, xəyallı, şirin,

sonu yad qisməti – pul çoxluğunun.

Ən yaxşı xasiyyət xoş qılıqdı ki,

onun da çoxluğu yaltaqlıq olur,

ən böyük var-dövlət azadlıqdı ki,

onun da hədsizi şıltaqlıq olur.

Müqəddəs sayılan bir günah işin

çoxluğu ayaqlar arı-isməti,

həddini adlayan xeyirxah işin

üzgörənlik olur axır qisməti.

Bir həyat, yaşansa, ömrün bəsidir,

çoxluq var olmayıb hələ heç kəsə,

ömrün hər dönüşü qıl körpüsüdür,

cəmi bir addım var yaxşıdan pisə.


Bölünməz zərrələr


Dünənlərə əl eləyib gedirik,

ömrümüzün son bölgüsü başlanır.

Fəsillərdən bir bahar da azalır,

kainatdan bir sevgi də boşanır.

Ikimizə bir söz düşüb dünyada,

bu tək sözü necə bölək, bilmirəm.

Bəlkə elə aramızda saxlayaq,

sonra yenə heçə bölək, bilmirəm?

Gündüzümüz öz-özünə bölünmür,

gecələri necə bölək, bilmirəm.

Duyğulardan duman ötən yolları

təkcə çətin keçə bilək, bilmirəm.

Ikimizə bir iz düşüb dünyada,

bu tək izi necə bölək, bilmirəm.

addımlar da qoşa düşüb bir yerə,

izi izdən necə silək, bilmirəm.

Ikimizə bir göz düşüb dünyada,

bu dünyanı necə bölək, bilmirəm.

Gün də, ay da, ulduzlar da bu gözdə,

asimanı necə bölək, bilmirəm.

Ikimizin bircə misra sözü var,

bu misranı necə yazaq, bilmirəm.

Ikimizin adımız da bir çıxıb,

adı addan necə pozaq, bilmirəm.

Ikimizə bir yaş düşüb dünyada,

biz bu yaşa necə gəldik, bilmirəm.

Ikimizə bircə tale düşmüşdü,

bu taleyi necə böldük, bilmirəm....


Bu Şuşada

I

Bu Şuşada hava da bol, duman da,

bu Şuşada dünənlərə həvəs də bol,

sabahlara güman da,

dərələrdə sular da bol,

təpələrdə muğam üstə dodaqları

cadar-cadar yanan da.

Bu Şuşanın küçələri sarmaşıq,

qapılara sarmaşıb,

tarixlərə sarmaşıb.

Düzlər zirvədən başlar,

dağlar düzlərdən keçib

yollara aşıb-daşar.

Uçurumlar

başaşağı dayanan dağa bənzər,

ömürlər zamanlara,

günlər bir çağa bənzər.

Bu Şuşanın yağışı sel, doğuşu gül,

güllər içrə bir gü yaşar – "Xarı bülbül”,

gül üstündə donub qalar,

gül üstündə coşub-çağlar,

səsi fəğan, eşqi tufan,

"köksü altı sarı bülbül”.

Bu Şuşada İbrahim xan qalası da,

Natəvanın yarası da,

Qacarın son gecəsi də,

Üzeyirin ilk nəvası da,

Zakirin qübarı da,

Vaqifin məzarı da

yan-yana axıb gedər

zamanın sinəsindən.

Qayalar səf-səf durar,

uçurumlar titrəşər

əli sağ qulağında

"aman” deyib çağlayan

bir uşağın səsindən.

II

Bu Şuşada ömrümün

otuz doqquz günü qaldı,

yenə çarpaz duyğularım

nağıllara, dastanlara

yön aldı –

otuz doqquz qapı açdım

bu şəhərdə,

bu da qırxıncı qapı,

əl atdım,

donub qaldım,

sonra səssiz-sorğusuz

maraq dolu vahiməylə

geri qaçdım,

Qorxdum,

qaçdım bu qapının

sirli-səsli arxasından,

bu balaca şəhərdəki

ömürlərdən keçib gedən

neçə

Şuşanın son sirləri

dərələşən, qayalaşan, dağlaşan

neçə-neçə möcüzəsi,

bulaqlaşan, çeşmələşən, çaylaşan

neçə-neçə gur nəfəsi

bu qapının arxasında

düşüb qaldı,

həvəslərin dağ karvanı

bu qapının lal önündə

nəyəsə ilişib qaldı –

qorxdum onu açmağa.

Qorxdum Şuşa bu qapıyla

dünənlərin, bugünlərin, sabahların

sirlərini

başdan-başa aça bilər önümdə,

açılar, adiləşər,

marağım ürəyimdə

çalxalanıb ötüşər,

bu günəşli, dumanlı,

bu dünənli şəhərin

son sirləri önündə

son sözüm yerə düşər...

1981


2840 oxunub

InvestAZ