XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Xəyalə ZƏRRABQIZI :- Allah Adamı...
Ədəbiyyat 10:15 / 05.04.2021

2013- cü il idi… Həmişə şeirlərində özünəməxsusluğu, yenilikçi ideyaları ilə seçilən Qulu Ağsəs "Ulduz” jurnalında maraqlı bir layihə başlamışdı -"Variasiya”... Layihə çərçivəsində hər ay oxuculara bir yazıçının hekayəsi təqdim olunurdu. Müəllif hekayəsini "razvyazka” mərhələsində (düyünün açıldığı məqamda) dayandırır, finalı tamamlamağı isə oxucuların ixtiyarına verir, beləliklə hər bir oxucu özü düşündüyü kimi əsəri tamamlaya bilirdi. Bu, ədəbi mühitimizdə tamamilə yeni, orijinal, həm də maraqla qarşılanmış hadisə idi. Elçin Hüseynbəylinin "Çıxılmazlıq”, Pərvinin "Çarəsiz yalan”, Firuz Mustafanın "Alın yazısı”, Natiq Rəsulzadənin "Xor adamı” və başqa hekayələr xatirimdədir. Tələbələrimi  həvəsləndirir, onları daxilindəki yaza bilməmək kompleksindən çıxarmaq üçün həmişə bu layihənin nə qədər uğurlu olduğunu deyirdim, bu hekayələrə sonluqlar yaza-yaza onlara yazmağın hətta eskizlərinin belə necə xoş qarşılandığını göstərmək istəyirdim. Layihənin rəhbəri Qulu Ağsəs hər ayın sonunda görüş təşkil edirdi, əsərin müəllifi bütün sonluq yazanlarla görüşür, gözəl müzakirələr olurdu. "Variasiya” həqiqətən ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanırdı...
Karantin sözü ilə lüğətlərdə qarşılaşdığımız vaxtlar idi… Onda hələ pandemiya deyilən illət insanların düşüncəsinə hopmamışdı... Adamlar bir-birini görəndə ürəklə əl verib görüşürdülər. Bir də gördün, on beş – iyirmi adam bir damın altına yığışıb elmi-ədəbi müzakirələr aparırlar...
    2013-cü ilin 1 apreli idi – Gülüş günü... Pərvinin "Çarəsiz yalan” hekayəsini müzakirə edəcəkdik. Dəvət olunduğumuz ünvana gedirdik. Hekayə mənəviyyatımızın başkəndi olan Şuşaya həsr olunmuşdu.
Maşında fikrim hekayə ilə məşğul ikən Elşənin səsi məni xəyaldan ayırdı: Sabahınız xeyir, Qulu müəllim! Çatdıq Şuşaya! Aha, oldu, irəlidən işıqforu keçib sola dönürəm, saxlayıram. Çox sağ olun.
Gözlərimi ovuşdurub ətrafa boylandım, Şuşaya çatdıq nə demək idi? Baxdım ki, Şuşa restoranının qarşısında dayanmışıq... Güzgüdən pərişanlığımı görüb ovqatımı dəyişmək istədi: Darıxma, dedi. O da olacaq...
İkimiz də eyni vaxtda köks ötürdük, Şuşanın içimizdə nisgilə dönən vaxtları idi...
Qulu müəllimin dediyi ünvana çatmışdıq. Möhtəşəm bir müzakirə keçdi. Latış yazıçısı, tərcüməçi, türkoloq Uldis Berzinş də hekayəyə sonluq yazmışdı, Riqadan zəng edib canlı bağlanmışdı görüşümüzə.
Sonda Qulu Ağsəsin olduqca təsirli çıxışı hələ də xatirimdədi: "Bu gün həmkarımız Hicran xanım Hüseynova da "Variasiya”nın qonağıdır, hekayəyə ümid dolu bir sonluq yazıb: " Qarabağın qara bəxti açılmış, toy-bayram ovqatı görünməmiş vüsət almışdı. Çalıb-oynayan kim, qurban kəsən, qonaqlıq verən kim. Adamlar dəstə-dəstə işğaldan azad olunmuş bölgələrə axışır, yuxudaymış kimi hələ də reallığı tam mənasıyla dərk edə bilmirdilər.” Əziz dostlar! Mən ürəkdən inanıram ki, bu arzular hekayə, roman sonluğunda qalmayacaq. Bu hadisələrin sonluğu elə belə də bitəcək, biz qayıdacağıq!”
Qulu Ağsəs bu sözləri deyəndə, bütün məclis əhli kövrəlmişdi... 2013-cü ilin 1 apreli idi...
*****
2016-cı ilin aprel döyüşləri ərəfəsi...
Qulu Ağsəs yazmışdı ki: "4 günlük müharibədə bir neçə yüksəklik, kənd və onlarla kilometr ərazini düşməndən təmizlədik. Əgər savaş 4 gün yox, 44 gün davam etsəydi, indi Şuşadaydıq!”
Vallah... Elə beləcə də yazmışdı...
*****
 "Murovu demirəm, Suqovuşanı da demirəm. İlk fəth elədiyimiz yüksəkliyin adı Ruh yüksəkliyidir. Dünyada ən böyük yüksəklik Ruh yüksəkliyidir! Ordumuz əvvəl o yüksəkliyi fəth elədi….
İtki: 20 faiz torpaq.
İl: 2020.
Təsadüfmü? - bilinmir. 2020-də iki 20 var. İki 20 faizə də varıq!"
Burda da Qulu Ağsəs susub, sanki rəqəmlər danışır…
Bəlkə, bu sətirləri yazanda Şairin yaddaşının bir küncündə 20 noyabr 2020-ci il tarixi işıqlanmışdı, kim bilir?!
*****
 Sentyabrın 27-si səhər saat 6-da torpağımıza hücum elədilər…
Məlum oldu ki, onlar bizi yaxşı tanımırlar. Heç biz də özümüzü yaxşı tanımamışıq. Sentyabr 27-si səhər saat 6-dan tanışlıq başladı: indi bizi tək ermənilər yox, hamı tanıyır!
Qulu müəllim ruhunun diqtə elədiyi bu fikirləri dilə gətirəndə savaş təzəcə başlamışdı…
*****
Həmişə inanmışam ki, Şairlər sıradan, bizlərdən birimiz deyil, Haqq Elçisidir…
"Saat 6-nı gözləyirəm!”– deyirdi Qulu Ağsəs.  Qeyri-adi nə vardı ki, bu ifadədə?!
Amma bunu Qulu dediyi üçün hamı inanırdı. O, gözləyirsə, demək ki, saat 6-da mütləq nəsə olacaqdı. Axı Şair İlahi vəhyin pıçıltılarını kağıza köçürən adamdı…
Gözlədiyi kimi də oldu… Bir sabah saat 6-da oyandıq ki, dan yeri sökülməmiş Ali baş komandan savaşın bitdiyini elan edib… Ömrümüzə Azadlıq Günəşi doğub…
Şairin yuxusu da, duası da, gözləntisi də çin olmuşdu… Vaxtı da necə uzaqgörənliklə fəhmlə deyibmiş… Axı Göy Adamları yaxşı bilir Göylərin sirrini… Sözləri Tanrı duası, səsi Haqqın nəfəsidir şairlərin…
Ona görə Qulu müəllimin dediklərinə, yazdıqlarına elə Onun çin olmuş yuxusu kimi inanıram… Qulu Ağsəs Allah Adamıdı axı…

1312 oxunub

InvestAZ