XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Qəşəm Nəcəfzadə - Şerlər Bu gün Qəşəmin ad gününü təbrik edir və şeirlərini təqdim edirik
Ədəbiyyat 12:48 / 01.04.2021


 

 

Xatirələr başacan, ayrılıqlar dizəcən

 

Ayaqlarım üşüyür mənə nəsə olacaq,

Xəbərin olacaqmı bunu deyə bilmirəm.

Əllərim üşüsəydi, nə olardı görəsən,

Bir aydı düşünürəm onu deyə bilmirəm.

 

Hardasa yol qırılır, ayaqlarım donur bax,

Boyum göyə dartılır, addımlarım kiçilir.

Hə qədər yollar var keçirəm ürəyindən,

Di gəl onun üstündən tırtıllıı tanklar keçir.

 

Yağıbdı aramıza qar kimi məsafələr,

Xatirələr başacan, ayrılıqlar dizəcən.

Sübhəcən axır yerə otağımın işığı,

Aşağıda bir sərxoş söyüş söyür sübhəcən.

 

Kimsə məni dindirir, huşum çıxır başımdan,

Ağlım özün itirir, sirr açılır, sirr düşür.

Məsafələr dartılır, ayaqlarım kiriyir,

Mən uçuram göylərə, ayaqımdan yer düşür.

 

 

 

Mənim  balam öz balana söylə ki...

 

 

Oğlum, dünən qınayırdın atanı,

Bu gün gördün, hər şey atan deyəndi.

Milyon ildi itkin düşüb həqiqət,

Indi düzlər ağzın sənə əyəndi.

 

Pis adamlar məndən sənə qalandı,

Mən cəhənnəm, körpə qəlbin talandı.

Allandığım  adamlara allandın,

Allanan da, alladan da həmindi.

 

Mən qocayam bərki- boşu qanıram,

Olanları gəldi – gedər sanıram.

Səni necə aldatdılar, yanram,

Aldanmayan  əlindəki qələmdi.

 

Mənim balam öz balana söylə ki..

Qəşəm baban dedi mənə böyləki:

Qurban olum ruhdan düşmə hələki,

Ən gözəli gözəl Allah biləndi.

 

 

Nə gözəl oldu

 

Səhər – səhər  bağa girdim beyqafıl,

Bu günün cuması  nə gözəl oldu.

İpək torda zikr eləyir hörümçək,

Üzünün cunası nə gözəl oldu.

 

Bağbanı yatmışdı bu gözəl bağın,

Görürdüm köksündə yüz yerdə dağın.

İllər ilə bağlı  qalan dodağın,

Bir xəbər  açması nə gözəl oldu.

 

Qaş qaşa toxundu, göz- gözə dəydi,

Min söz qoşun çəkdi, bir sözə dəydi.

Arı elə bildi  dilim çiçəydi,

Dilimi sancması nə gözəl oldu.

 

Fələk qələm tutub bir iş işlədi,

Ayaq daşı öpdü, diş dil dişlədi.

Əmr gəldi, yarın köçü başladı,

Yarımın köçməsi nə gözəl oldu.

 

Bağa girdin sordun yarın əhvalın,

Bu heyrətə yox  cavabın, sualın.

Sirr dediyin   bu axırın, əvvəlin,

Qəşəm, əlifbası nə gözəl oldu.

 

 

Cümələrdə sən adımı gizli tut

 

Yerdən yeddi Günəş  uçdum uzağa,

Milyon ilə gələ bilsən, gələrsən.

Küş qılginən həm oruca, namaza,

Məni dilə, gələ bilsən, gələrsən.

 

Cümələrdə  sən adımı  gizli  tut,

Səhər sevsən, axşamları  tez unut.

Göz yaşını əl - üzünə sər, qurut,

Belə - belə, gələ bilsən, gələrsən.

 

Ağlım azdı, canı təngə gətirdim,

Təhvil verdim, ömrü sona  yetirdim.

Bir gör məni haralarda  itirdin,

Bilə-bilə, gələ bilsən, gələrsən.

 

Öpmək üçün guman saxla gözü də,

Demək üçün səhman saxla sözü də,

Toza döndüm, evinizdə tozu da,

Silə - silə, gələ bilsən, gələrsən.

 

Ruhum deyir bu şeirim də son vida,

Tapılmaram, nə quruda, nə suda.

Ay sevdiyim, ay gözəlim, əlvida,

Gülə - gülə, gələ bilsən, gələrsən.

 

At haqqında şeir

 

Ağbulaqlı Tahirin atı

Gecənin birində

Dönüb küləyə,

Getdi  ön cəbhəyə...

Keçdi yalın o üzünə

Bir qarın dolusu

ələf  yeməyə.

 

Kimi dedi, atın

Qardaşı varmış təpənin  arxasında,

Kimi də dedi,

At doğulduğu kəndi görübmüş

yuxusunda,

Dəlinin biri də  sərsəmlədi

Təpənin dalında

Xatirəsi varmış,

Bu gün- sabah qayıdar, qardaş.

 

 

At qayıtmadı

yerinə bir şeir qayıtdı...

 

Tahir yazmışdı o  şeiri

Atı haqqında...

 

Indi kəndimizdə

Tahiri at kimi

Çapır o şeir...

 

 

Əlil arabası

 

Bulvarda

Həyatın şəkilinə bax,

Əlil  arabası ilə uşaq kolyaskası,

Yanaşı addımlayır...

Görəsən  kim çəkib bu şəkli,

Haradan, nə vaxt, özü də saat neçə də...

Gör nə qədər dəqiq hesablanıb

Əlillə körpə arasındakı

Məsafə,

Vaxt,

Zaman,

Dəqiqə...

 

Indi təkər ayaqlar,

Bir – birlərini keçmək fikrində deyillər əsla.

Eləcə cüt  addımlayırlar-

Əlili  nəvəsi aparır,

Körpəni  anası...

İkisi də gülümsəyir

Bu mənzərəyə,

Bir – birinə,

Hərdən də

Ayaqlarına...

Ötüb keçənlər də maraqla baxırlar,

Ayaqları  qıdıqlayır

Təbəssümlər.

Birdən uşaq kolyaskadan

Düşüb qaçır

Qırmızı topa sarı,

Ondan da qabaq çatır topa

Əlilin olmayan

Ayaqları...

 

 

Anan səni çağırsa…

 

Qağam (atam) rayona gedəcəkdi, həkimə. 5 yaşım vardı, məni aparıb qoydu sürünün qulağına. Dedi, bu gün sən otaracaqsan. Sonra ətrafda nə gördüsə, məni onlara tapşırdı. Örüş fermadan çox uzaqda idi. 

 

Ay quş, Qəşəmə yoldaş ol

Qoyma qorxsun, hərdən – hərdən səs elə.

Ay daş, Qəşəmin ayağını çox əzmə,

Bir əzdinsə, əzməyini bəs elə.

 

Gəl Qəşəmin  bacısı ol, ay çiçək,

Onu qoyub ayrı  səmtə boylanma.

Ay yovşanlar  ilanları tez qovun

Qəşəm qorxur ala- bula  ilandan.

 

Hərdən sən də  "hav- hav” elə, ay köpək,

Kütləri "hap” edərsən,

"Luk luk”la  yal içərsən.

Söyüdün altında mürgüləyən  su,

Sən də tərpən balıqların səsinə.

 

Qoyun minmə, daha yekə kişisən,

Atlar kişnər, qoyun ürkər,

Qəfil yerə dəyərsən.

Anan indi   evi alıb başına,

Qəşəm deyib çağırsa,

Qaça -qaça gedərsən.

 

Qəşəm hey

 

Anam bu şeiri  bir yaşım   yaşım olanda  üstümdə oxuyub.

 

Qəşəmin  azarı sularla getsin,

Ay sular ey, ay sular ey…

Dilində sözləri çiçəklə bitsin,

Ay çiçək ey, ay çiçək ey…

 

Çölnən gedən, ay göy atlı,

-Balam öskürür dərmanı nədi?

-Qara qarğanın qanı.

-Qarğanın da balası var,

Ölürəm, ay qara qarğa, sənin üçün.

 

Ay dittili, get burdan, küş, küş…

Balam yatır, ay yemək, tez biş, biş,

Səni görüm daşa dön,

Ay qazan, qayna,

Ay  it, get o yanda hür,

Ay pişik gəl bu yanda oyna…

Balamın qulağı ağrıyır…

 

Ay dəvə ey, ay dəvə  ey,

Balam ağlayır,

Yaxına gəl, Qəşəm sənə baxıb gülsün.

Ay atlılar,

Boz atlılar,

Qıratlılar,

Duratlılar,

Atlarınızı biz tərəfdən sürün,

Atlarınızın alnı Qəşəmə gülümsəsin…

 

 

İt balası

 

Söyüb bu küləyə, bu yağışa da,

Söyüb bu alğışa, bu qarğışa da.

Söyüb bu gözələ, bu baxışa da,

Söyüb, söyüb, sonra ağıllanacam.

 

Gecənin qoynuda ac itlər hür-hür,

Ac olan körpələr kükrəyər kür- kür.

Oğraşdı, bildiyim sirləri bir- bir,

Deyib, deyib, sonra ağıllanacam.

 

Guya ad çıxarıb söz qalası tək,

Qızarır üzümdə dağ lalası tək.

Sinəmdə ürəyi it balası tək

Döyüb, döyüb, sonra ağıllanacam.

 

Kirpik gözü döyür, qaçır göz yaşı,

İçimə  buludtək  uçur  göz yaşı.

Çiynimə yük olan bu ağır başı,

Əyib, əyib, sonra  ağıllanacam.

 

 

Qəşəmin sözü də...

Şah səni tanısın, ya tanımasın,
Bu arzu özü də bir aldanışdı.
Şeirimi oxuma, beyninə salma,
Bu yazı özü də bir aldanışdı.

Yağışdan sonrakı saman qoxusu,
Bir körpə, bir dovşan, bir quş yuxusu...
Göz gözə toxunsa, qanlı axar su,
Adamın gözü də bir aldanışdı.

Yarın yaylığının bax, yeləninə,
Düşüb tər içində ah yeləninə.
Əlimə yazıram, bax qələmimə,
Qəşəmin sözü də bir aldanışdı.

 

Azərbaycan əsgərinə

 

Sənin surətinlə öldü metoforalar,

Gözlərinin yanında soldu qafiyələr.

Addımınla, səsinlə bölündü hecalar,

Ən böyük romandı içində yüyürdüyün hadisələr...

 

İndi qucağın səngərdi vətənə,

Səngəri qucağında daşıyan başına dönüm.

Ən gözəl şeiri sən yazdın vətənə,

Şeirimizi təzə sətrdən başlayan

Başına dönüm,

Vətən aşiqdi sənə.

 

Yüyürürsən  ürəyindəki fikrin  dalınca,

Qolların, əllərin,

Gözlərin qafiyədi çölün düzündə.

Heç vaxt pozulmasın qafiyyələrin

Başına dönüm,

Eşq olsun səni  torpağa yazana...

 

 

Yeni başladığın sətirlə

Sən indi  Şuşada elsən, obasan.

Indi qələmimin ucunda ən gözəl şeirsən,

Ən böyük nidasan!

 

Hərdən məni xatırla-

Məni düşün,

Səni necə gözlədiyimi...

Soruş,

Çiçəklərinin kökündə susmuş

Qara torpaqdan...

 

Hərdən mərmi torpağı dişləyən zaman

Bir çimdik torpaq ah kimi

Göyə sıçrayanda,

Hər əsgərdən sonra bunu

Vergil kimi başa düş, anla

Yəni

Ardı var...

Elə bu şeirin də...

 

 


1354 oxunub

InvestAZ