XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



Vəliyulla Novruz :- Məmməd Arazın poeziyasında vətənpərvərlik hissi və Cənub həsrəti
Ədəbiyyat 10:21 / 12.03.2021

Ən yeni dövr klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmış Xalq şairi Məmməd Araz poeziya aləmində öz səsi, öz nəfəsi, öz yeri olan, insanın daxili dünyasını, mənəvi aləmini, onun hiss və həyəcanını, duyğu və düşüncələrini poetikləşdirməyi bacaran sənətkarlarımızdandır. Müstəsna dərəcədə parlaq istedada, zəngin yaradacılıq təxəyyülünə, sənətkarlıq qüdrətinə malik olan bu böyük şairin şeirləri öz estetik dəyərini, təsir gücünü heç vaxt itirməmiş, xalqımızın milli – mənəvi sərvətinə çevrilmişdi. Ədibin şeirləri milli olduğu qədər bəşəridir. Çünki bu poeziyada insan faktoru ilə yanaşı dərin ictimai – sosial, əxlaqi – fəlsəfi məzmun vardır. Bu böyük sənətkarın bəşəri əhəmiyyət daşıyan şeirləri öz əhatə dairəsi, estetik dəyəri, poetik məramnaməsilə ədəbi – ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Bu gün heç kimə sirr deyildir ki, şair poeziya aləmində təzə bir cığır açaraq xalqın mənəvi sərvətinə çevrilmiş, özü ədəbi bir məktəb yaratmışdı. Çünki onun poeziyası Vətənə, Xalqa, əxlaq və mənəviyyata, bədii düşüncəyə və ictimai ideala xidmət edən poeziyadır. Bu poeziya öz fitri istedadı ilə seçilən həssas qəlbli, dərin kamal və idrak sahibi olan Vətəndaş – şairin yüksək sənətkarlığından xəbər verir. Müəllifin bu nikbin poeziyası öz ictimai – siyasi məzmununa, bəşəri xarakter daşımasına, həyatiliyinə, təbiiliyinə, məna çalarlığının zənginliyinə, orijinallığına və poetikliyinə görə oxucuların dərin rəğbətini qazanmışdır.

Vətənpərvərlik hissi Vətəndaş şairin poeziyasında ən önəmli yerlərdən birini tutur. Bəşəri ideyaların təbliği onun şeirlərinin əsas ideya – estetik dəyərlərini özündə əks etdirməklə yanaşı, xalq həyatının ən canlı, yadda qalan anlarını ictimai – fəlsəfi məzmunda səciyyələndirə bilmişdir. Şairin poeziyasında vətəndaşlıq yanğısı onun həyəcanına və düşüncələrinə hakim kəsilən poetik bir dünyagörüşdür:

Qayaların keçmişini

qayalara yazım deyə

Onda Vətən sanar məni

bir balaca Vətən daşı.

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı.

("İnsan qayalar”.)

Mənəvi vətəndaşlıq duyğusu ilə yazılmış bu poeziyanın təməlində öz Vətənini dərin məhəbbətlə sevən Vətəndaş – şairin psixoloji həyəcanları, fəlsəfi – poetik düşüncələri, yüksək vətənpərlik hisləri dayanır.

Şairin poetik düşüncələrini dilə gətirən, onun ilhamına daha çox ruh verən əsas mövzulardan biri Vətənə olan sonsuz məhəbbət hissidir. O nədən yazırsa yazsın, həmişə bu məhəbbətdən güc alır. İfadə etdiyi fikir və düşüncələrini də məhz bu məhəbbətin hərarəti ilə isidir və mənalandırır. Çünki onun yaradacılıq diapozonu geniş və əhatəlidir:

Ana yurdum, hər daşına üz qoydum,

Hər dərədə çaldığım saz yaşayır.

Kimin sənin çiynində, sən kimi,

Şöhrətini yaşadan az yaşayır.

("Ana yurdum”.)

Ədibin şeirlərində "Vətən” anlayışı dərin - əxlaqi fəlsəfi məzmun kəsb edir, özünəməxsus keyfiyyətlərilə aydın milli məfkurəyə, ideala çevrilir. Şairin Vətəni "mayası nur, qayəsi nur” olan ana yurdumuz Azərbaycandır!

Azərbaycan – mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

"Azərabaycan!” deyiləndə ayağa dur ki,

Ana yurdun urəyinə toxuna bilər.

("Azərbaycan – dünyam mənim”.)

Bu misralarda doğma Vətənimizin ətri, isti nəfəsi duyulur. Burada şairin vətəndaşlıq mövqeyi, vətənpərlik duyğuları açıq – aydın hiss olunur. Eyni zamanda öz poetikliyi, obrazlılığı ilə seçilən bu şeirdə sənətkarın ürəy çırpıntıları, səmimi insani hisləri duyulur.

M.Araz öz Vətənini dərin məhəbbətlə sevən, onun uğrunda hər cür fədakarlığa hazır olan, gələcəyə nikbin nəzərlərlə baxan həssas qəlbli şairdir. O, vaxtı ilə Vətənimizin sinəsinə çəkilən ağır yaraları görür, buna qəlbən acıyırdı. Xüsusən, XVIII əsrdən başlayaraq, doğma yurdumuz Azərbaycanın ayrı – ayrı xanlıqlara bölünməsi, onların arasında gedən siyasi çəkişmələr, "mənəm, mənəm” lik iddiaları, təkəbbürlük, lovğalıq hissi onların qəlbində o qədər dərin kök salmışdır ki, düşdükləri bu çətin və acınacaqlı vəziyyətdən çıxış yolu tapa bilmirdilər:

Sənə gələn, səndən ötən nəydi belə,

Səndən ötüb qardaşına dəydi belə?

Bununlamı neçə dəfə

Ata – oğul, qardaş hissi haçalandı.

Bir şəhərin beş qardaşın

xanlığına parçalandı!..

("Məndən ötdü, qardaşıma dəydi”.)

Xanlıqlara parçalanmış Vətənimizin acınacaqlı taleyi şairi daxilən dərindən düşündürür və narahat edirdi. Ədib qonşu dövlətlərin hücumuna məruz qalan, "Xalqa gələn qəzanı” sükutla qarşılayan, "Xətainin süqutuna qəh – qəh çəkib sevinən”, sonra kef məclisləri düzəldib səhərədək əylənən "cahil” xanların hərəkətlərinə göz yuma bilmir, bu tarixi gerçəkliyi Vətəndaş yanğısıyla qələmə alaraq onu poetikləşdirir:

Zərbələri qardaşına,

Sirdaşına ötürən kəs

Elə bil ki, bax bu gecə

Qulağımın dibindəcə

Xətainin süqutuna qəh – qəh çəkdi.

Sonra, sonra səhərəcən

Başına yüz qədəh çəkdi.

O qədəhin dalğasından,

O məstliyin havasından

Qopan daşdı –

Azərbaycan torpağında

Araz boyda şırım açdı!..

("Məndən ötdü, qardaşıma dəydi”.)

Müqəddəs torpaqlarımızı ayrı – ayrı xanlıqlara bölən bu "insan” lar vaxtlarının çoxunu ovda, eyş – işrətdə keçirdiyindən yadelli işğalçılara qarşı birləşib birlikdə mübarizə aparmaqda maraqlı olmamış, "qəza məndən ötsün” deyib, ancaq özlərini düşünürdülər. Qəza onlardan yan keçəndə isə əllərini sinəsinə döyüb "mən – mən” deyirdilər:

Qəza ötsün, – məndən, – dedi,

Ötən kimi, "mən – mən” dedi!

"Mən – mən” dedi bir ölkədə nə qədər xan,

Onlar "mən – mən” deyən yerdə

Sən olmadın, Azərbaycan!

("Məndən ötdü, qardaşıma dəydi”.)

M.Araz öz Vətənini dərin məhəbbətlə sevən, onun ağrılarını qəlbində daşıyan Vətəndaş – şairdir. Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız işğala məruz qalanda o, öz haqq səsini ucaldaraq, xalqımızı vətənimizin azadlığı uğrunda mübarizəyə çağıran şairlərimizdən biri olmuşdur:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

Bu Şəhriyar harayıdı!

Bu Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gürşad boğan yurda oğul oğulların?

Qara Çoban, Dəli Domrul oğulların?..

("Ayağa dur, Azərbaycan!”)

Bu şeirdə dərin daxili lirizim və narahatlıqdan doğan yüksək pafos vardır. Biz şairin bu harayını onun poeziyasında dönə - dönə oxumuşuq və bu gün də ürək yanğısı ilə oxuyuruq. Vətənpərvərlik, humanizm və xəlqilik bu şeirin əsas leymotovini təşkil edir.

İctimai ədalətsizlikdən doğan bu tarixi nisgilin və göz yaşlarına bürünmüş bəşəri kədərin poeziyada bədii ifadəsi Cənubla bağlı mövzularda özünü daha aydın şəkildə göstərir. İttihamlarla dolu giley, kədərdən doğan narazılıq, kövrək və yanıqlı həsrətdən yoğrulmuş dərin lirizm, Arazın "ağlayan” sularında bir – biriylə qovuşur və ayrılır. Biz bunun bariz nümunəsini şairin poeziyasında, dərindən duyub hiss edirik:

Nə qədər yataqda Araz var hələ,

Arazdan içməmiş Təbriz var hələ,

Ya mənim dərdimlə yaşar bu dağlar,

Ya da ki, üstümə aşar bu dağlar...

("Bu gecə yuxumda Arazı gördüm.”)

M.Araz öz poeziyasında Cənub həsrətini həyəcan harayına çevirməyi bacaran şairlərimizdəndir. Bu böyük sənətkar özünə "Araz” təxəllüsünü seçməkdə yanılmamışdı. Çünki həyatda heç bir qüvvə bu əbədi, mənəvi birliyi parçalamağa qadir deyil. Hətta iki qardaş xalqı yarıya bölən Araz da şairin poeziyasını parçalayıb yarıya bölə bilməmişdi:

Mən ondan su içmişəm

Anamdan süd əməntək.

Sudan çıxan balıqtək

Ölərəm mən Arazsız...

Mən Araz şairəm,

Mən onun yatağıyam.

Mən onun sahiliyəm,

Mən onun ləpəsiyəm...

("Mən Araz şairəm”.)

Yüksək vətənpərlik hissi, vətəndaşlıq duyğusu onun poeziyasının əsasını təşkil edir. Şair özünü vətəndən ayrı təsəvvür edə bilmir. Çünki Vətən şair üçün mənəvi dəyərdir, əxlaqdır, əqidədir. Vətən qarşısındakı müqəddəs borc isə onun Xalqına və torpağına olan sonsuz məhəbbətin ifadəsidir. Biz bunun poetik nümunəsini, güney Azərbaycanı mövzusunda yazdığı şeirlərdə daha aydın görə bilirik. Bu şeirlərdə ədib vahid bir xalqın zor ilə ikiyə bölünməsini ən dəhşətli, ədalətsiz bir tarixi fakt kimi dəyərləndirir:

Bəxtimə bir yazı qurumu dəydi,

Taxtıma iki əl qırımı dəydi,

Gözümə bir Araz şırımı dəydi,

Yüz Araz töküldü gözümdən mənim.

("Məmməd Aslana”.)

Bu yadelli qəsbkarlar işğal olunmuş torpaqlarımızı yarıya bölməklə kifayətlənməmiş, onun maddi və mənəvi sərvətlərini də talayaraq özlərilə aparmışdılar:

Nə qədər dünənim çay – çay içildi,

Dağım döyəcləndi, təpəm kiçildi.

Neçə kənd biçildi, şəhər biçildi,

Taylanıb daşındı düzündən mənim.

("Məmməd Aslana”.)

Şair Cənub şeirlərində torpaqları yarıya bölünmüş bir xalqın acı və kədərli taleyini önə çəkməklə yanaş, həm də yaşanmış bu ağrıları bəşəri səviyyəyə qaldırmaqla ona dərin ictimai – fəlsəfi məzmun verir. Çünki Cənub həsrəti iki qardaş xalqın ağır dərdi, ümumi kədəridir. Bu kədər nə qədər acı olsa da, xalqın mənəvi gücünü, onun iradəsini və birliyini heç vaxt sarsıda bilməmiş, əksinə, onların əzmkarlığını daha da artırmışdı.

"Vətən” və "Xalq” anlayışı vəhdət təşkil etdiyindən siyasi lirikada hər zaman önəmli yerlərdən birini tutur. Əsrlər boyu qəsbkarlar öz qılıncları ilə tarix yazaraq dünyanın siyasi xəritəsini dəyişmiş, xalqların milli – azaqlıq hərəkatını boğmuş, onları özlərindən aslı vəziyyətə salmışdılar. Bütün bunların hamısı incəsənətin müxtəlif sahələrində olduğu kimi poeziyada da öz bədii əksini tapmışdı:

Görüm hər tutanda kəndi, şəhəri

Fatehlər bu dəmdə nə görüb axı?

Nənəmin Allahı min ildən bəri

Nənəmin yurduna nə verib axı?!

("Duman ömrü”.)

Cənub həsrəti həmişə müəllifi dərindən düşündürmüş, onu narahat etmişdi. Məhz buna görə də, Araz şairin poeziyasında ənənəvi bir obrazdır. Güney Azərbaycanı mövzusunda yazdığı şeirlər isə əsasən, poetik xitab ruhundadır. Şairin narahatlığı təkcə Araz üçün deyil, o taylı soydaşlarımızın nigarançılığı ilə bağlıdır. Şair torpaqları yarıya bölünmüş və bir – birindən ayrı düşmüş qardaşların nə vaxtsa birləşəcəyinə ürəkdən inanır:

Ağlasa, ayaqda tüfəngə dönər,

Balası vurulan pələngə dönər.

Bir dərə ağızlı nəhəngə dönər,

Dumanlar yas qurdu dağlar başında,

Təbriz oxuyurdu dağlar başında!..

("Oxuyan Təbriz”.)

Şairin bu səpkidə yazmış olduğu şeirlərin əsasını bədbinlik yox, nikbinlikdən doğan vətənpərvərlik hisləri tutur.

Həyatın dərin qatlarına enənməyi bacaran şair öz şeirlərində müasir dünyamızda baş verən mürəkkəb ictimai – siyasi hadisələri və ziddiyyətləri real gerçəkliyin işığında emosional, canlı və poetik bir dildə mənalandırmağı bacarır. Ədib haqlı olaraq yazırdı ki, milli azadlıq hərəkatında "bir xalqın bayrağı” dalğalanmırsa, "toplar dinməyirsə”, "Şəhriyar susursa” demək həmin xalqın "matəmi” başlayıb:

Hardasa bir xalqın itər bayrağı,

Hardasa bir səngər Vətəndir demək.

Toplar dinməyirsə, əsrin bayramı,

Şəhriyar dinmirsə, matəmdir demək!

("Sözsüz olanda”.)

Daxili narahatlıqdan doğan bu şeir siyasi lirika səviyyəsinə qalxmaqla yanaşı, həm də onun poetikliyini bir daha artırmış olur. Güney Azərbaycanı ilə bağlı olan şeirlərin əksəriyyətində şairi sinəsi parçalanmış Vətən torpağının acınacaqlı taleyi dərindən düşündürüb narahat edir:

Bəlalı başında nə dövlət, nə quş,

Təbriz nə istəyir? – Təbriz qurtuluş... –

("Od kimi su kimi”.)

deyən şair Təbrizin nə vaxtsa, öz istiqlalına qovuşacağına ürəkdən inanır. Bu şeirin əsas qayəsi və ideyası da məhz xalqın mənəvi bütövlüyü və tamlığında öz bədii əksini tapır.

Müəllifin öz coşqunluğu, yüksək pafosluluğu, emosionallığı, dərin novatorluğu və bədiiliyilə seçilən şeirləri poetik ifadə və üslub tərzinə, ideya və mövzu xüsusiyyətlərinə görə yadda qalan şeirlərdir. Görkəmli ədibin qəlbindəki ağrı və acılar o qədər böyükdür ki, onun kədərinə şərik olmaya bilmirsən. Biz bu yanğını şairin Cənub şeirlərinin ruhunda və mənasında daha qabarıq bir şəkildə görə bilirik:

Bu Araz dərəsi beləcə qaldı,

Alışdı iki dil suyun içində.

Bir dərya su yandı iki ocaqda,

Təbrizin yolları daşlıdır hələ.

("Ya baxtım”.)

Bu şeirdə şairin dərin narahatlıq hissi keçirdiyinin bir daha şahidi oluruq.

M.Arazın yaradıcılığında Cənub həsrətilə bağlı şeirlər həmişə çoxcəhətli, aparıcı mövzulardan biri olub. Bu şeirlər öz forma gözəlliyi və bənzərsizliyilə diqqət çəkir. Çünki onun şeirlərindəki kövrək lirizm, vətəndaşlıq yanğısı o qədər güclüdür ki, bu həyəcanı duyub hiss etməmək mümkün deyildir. Vaxtıilə Xalq şairi Musa Yaqubun Cənub həsrətilə bağlı yazdığı "Göyərməz” adlı şeiri şairin hiss və həyəcanını yenidən dilə gətirir, "gözü yolda qalan Təbrizin” halına ürəkdən acıyaraq, göz yaşlarına hakim ola bilmir:

Musa Yaqub, gözü yolda Təbrizin,

Gözlərimin qara yaşı göyərdi.

Göyərmədi istədiyi bircə dən,

Savalanın qara daşı göyərdi.

("Göyərdi”.)

Bu misralarda qəlbi Vətən eşqilə döyünən, ictimai həyatın bütün ziddiyyətlərini dərindən duyan, ədalətin və azadlığın bərpa olunacağına ümid və inam bəsləyən böyük sənətkarımızın kədərli düşüncələrinin şahidi oluruq.

Gələcəyə böyük ümidlərlə baxan şair iki qardaş xalqın bir – birilə qovuşacağına ürəkdən inanır. Məhz bu inamdan doğan yüksək vətəndaşlıq hissi onun şeirlərinin nikbin bir sonluqla bitməsinə zəmin yaradır:

Mən Arazda şaxələnən çinardım,

Ömür boyu tufan əydim, su yardım.

Xətainin qılıncını suvardım,

Məmməd Araz karandaşı göyərdi.

("Göyərdi”.)

Bu şeirdə sənətkarın dərin poetik nəfəsi, poetik ehtirası, yüksək humanizmi baş qaldıraraq, şairin qəlbini təlatümə gətirir, eyni zamanda onun psixoloji həyəcanlarını, mənəvi – fəlsəfi düşüncələrini açıb göstərməklə yanaşı, şeirin təsir gücünü də artırmış olur.

Məmməd Arazın poeziyası hər şeydən öncə, öz sadəliyi və səmimiliyi, lakonikliyi və yığcamlığı, hislərin təzəliyi və saflığı, emosionallığı və orijinallığı ilə diqqət çəkir. Bu şeirlərdə vətənpərvərlik duyğusu və ehtirası o qədər güclüdür ki, bunlar şairin şeirlərinin ruhuna hoparaq dərin məna kəsb edir. Ədibin lirikası büsbütün müasirdir, dövrün, zamanın tələbləri ilə səsləşir. Müəllifin parlaq istedadı, tükənməz ilhamı onun şeirlərinin yüksək sənətkarlığından xəbər verir. Bəşəri ideyaların təbliği, psixoloji məqamların dərinliyi, onun müasir dünyamıza olan tendensiyalı münasibəti şairin poeziyasının başlıca xüsusiyyətlərindən birini təşkil edir. Böyük sənətkarın orijinal və möhtəşəm poeziyası zamanın sınağından uğurla çıxmış, oxucuların qəlbini ehtizaza gətirmiş, öz poetik nikbinliyini qoruyub saxlaya bilmişdir.



1666 oxunub

InvestAZ