XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



Distant təhsil üçün şagirdlərinə internet paketi alan müəllimlər var - MÜSAHİBƏ
MÜSAHİBƏ 10:57 / 01.02.2021

Posu Mansırlı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Tarix və Coğrafiya müəllimliyi ixtisasını bitirib. Füzuli rayonu Qazaxlar kənd tam orta məktəbində çalışır.

 

- Yeni tədris mövsümü başladı...

-Yeni tədris ili əvvəlkilərdən fərqli olaraq bu il pandemiya şəraitində başladı. Bu da özlüyündə bir çox problem və çətinliklər gətirdi. Bu dövrdə müəllimlərin üzərinə böyük vəzifə düşür. Həm tədris və təlim-tərbiyə ilə məşğul olmalı, həm də özünün və şagirdlərin təhlükəsizliyini qorumalıdır. Tədrisin həm əyani, həm də distant olması da müəyyən çətinliklər yaradır. Ümid edirəm ki, Azərbaycan müəllimi bu çətin sınaqdan üzü ağ çıxacaq.

 

Polad Həşimovun bizimlə olması ruh yüksəkliyi yaradırdı

 

-Bildiyim qədər hərbi xidmətin 2016-cı ilin Aprel dövrünə düşdü. Harada xidmət edirdin, səndə necə təəssürat yaratdı?

-Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Xidməti Tərtər istiqamətindəki N saylı hərbi hissədə ön xətdə keçdim. 2016-cı il aprel ayının 1-i günü cəbhədə bir gərginlik oldu. Komandirimiz bizə hazır olmağı tapşırdı. Aprelin 2-ə keçən gecə döyüşlər başladı. Tez bir zamanda düşmənin "Ohanyan səddi" adlandırdığı "keçilməz sədd" yarılaraq düşmən mövqeləri ələ keçirildi. Çox təəssüf ki, döyüşlər tez başa çatdı. İşğal olunmuş torpaqların bir hissəsi azad olunsa da böyük hissəsi yenə işğalda qaldı. Düzdür böyük qələbə çalsaq da, təəssüfki müharibə itkisiz olmur. Peşəkar zabitlərimizin, xüsusilə də əsgər yoldaşım olmuş Müşfiq Orucovun şəhid xəbəri çox pis təsir etdi. Həmin döyüşlərdə hər birimiz döyüşməyə, düşməni məhv etməyə və şəhid olmağa hazır idik. Təki, vətən sağolsun. Həmin dövrdə həmin zaman polkovnik olan qəhrəman şəhidimiz General Polad Həşimovun üst komandirlərimizdən olması və bizlərlə bərabər səngərdə olması bizi daha da həvəsləndirirdi.

-2017-ci ildə Yardımlı rayonun kənd məktəbinə daxil oldun. İki il sonrasa iş yerini dəyişdin. Yardımlını Füzuliyə dəyişdirdən səbəb nədir?

- İlk dəfə işə Yardımlı rayon Şıxhüseynli kəndində işə qəbul oldum. 2 il orada çalışdıqdan sonra iş yerimi dəyişdim. Yerimi dəyişməyimin əsas səbəbi dağ kəndi olduğu üçün şəraitin nisbətən zəif olması və gediş gəlişin çətin olması idi.

 

Qəbulda bal yığmaq üçün oxuyurlar

 

-Son dövrlər tarix fənnindən dərs keçən çox intelektual müəllimlərlə tanış olmuşam. Amma maraqlısı budur ki, ən ağsadığımız sahələrdən biri tarixdir.

- Mənim fikrimcə tarix fənninin olduğu ixtisas qruplarında qəbul ballarının yüksək olması və ixtisas seçiminin az olmasıdır ki, şagirdlər bu səbəbdən digər ixtisas qruplarını seçirlər. Günümüzün reallığı budur ki, şagirdlər hazırlaşacağı ixtisas qrupunun fənlərini daha çox oxuyur. Digər fənləri ya oxumur, ya da ötəri oxuyur. Oxuyanlar isə tarixi dərindən öyrənmək üçün yox, qəbulda bal yığmaq üçün oxuyur. Bu da böyük təsir göstərir.

-İki fənni tədris etmək. Tarix və coğrafiya. Biri digərinə mane olmur? Belə deyək, birinə daha artıq diqqət digərini kölgədə qoya bilər.

-Tarix və coğrafiya fənləri məktəb dönəmindən sevdiyim fənlər olub və buna görə universitetə ixtisas seçərkən tarix və coğrafiya müəllimliyini seçdim. Bu gün hər ikisini eyni diqqət və sevgiylə tədris edirəm.

-Distant təhsildən danışırıq hər birimiz. Bir çoxu ya formal keçir, ya da üzə düşərək onlayn tədrisi yüksək keyfiyyətlə həyata keçirdiyini söyləyir. Halbuki, belə olmadığını bilirik. Müəllimləri hələ kənara qoyuram, özümüz də bilirik ki, şagirdlərin əksəriyyəti onlayn tədrisə ya qoşulmur, ya da hər onlayn dərsə vaxt ayırmır.

-Bu dövrə qədər distant təhsilin üzərinə düşülməməsi və birdən birə distant təhsilə keçid bir çox problemlər yaratdı. İstər şagirdlərin, istərsə də müəllimlərin smartfon, planşet, komputerlərinin olmaması, eyni zamanda internet paketlərini baha olması həmin problemlərdən idi.Təbii ki, bir təhsil formasından birbaşa digər təhsil formasına keçid istənilən effekti verə bilməzdi. Ancaq buna baxmayaraq müəllimlərimiz bacardığı qədər təhsili distant şəkildə davam etdirməyə çalışdı. Hətta tanıdığım müəllimlər var ki, şagirdlərinə internet paketlər almaqla dərslərini davam etdilər. Həmin müəllimlər tək öz şagirdlərinə deyil ölkənin müxtəlif bölgələrindən olan şagirdlərə məsafədən dərslərini keçdilər.

-Bəs, siz bu məsələni necə həll edirsiniz. Nəzərə alsaq ki, siz şəhər yox, kənd mühitinizdəsiniz. Internet , distant təhsilin çətinliyini görməmək mümkün deyil.

-Belə olan halda bir çox problemlərlə qarşılaşırıq. Xüsusilədə kənd yerlərində. Düşünürəm ki, bu problemlərin həlli elə də çətin deyil. Bunun üçün mənim də bir neçə təklifim var. İlk növbədə internetdən davamlı istifadə etmək üçün kəndlərə sürətli internet xətləri çəkilməlidir. Mobil operatorlar güzəştli internet paketlər təqdim eləməlidirlər. Müəllim və şagirdlər üçün smartfon, planşet və komputerlər xüsusi endirimlə satılmalıdır. Ən əsas isə "Virtual Məktəb" lahiyəsində "Microsoft Teams" proqramı offline şəkildə də çalışmalıdır. Bu zaman bütün ölkə üzrə nəticə əldə eləmək olar.

-Öz rayonunuza, kəndinizə gedib müəllimlik etmək fikriniz yoxdu? Nə zamana kimi oturaq deyil, kənd-kənd gəzəcəksiniz. Vakansiya yoxdur, ya ayrı səbəblər var?

-Coğrafiya oxuduğum üçün istər dünyanın, istərsə də ölkəmizin müxtəlif bölgələri daha çox maraqlı gəlib. Bir-iki gün gəzməklə həmin yerlər haqqında ətraflı məlumat almaq çətin olur. Həmin yerlərin təbiətini, insanlarını öyrənmək üçün bir müddət orada yaşamaq daha yaxşıdı. Məsələn Yardımlı rayonunda işlədiyim zaman cənub rayonlarımızı gəzib daha yaxşı öyrənə bildim. Talış mətbəxinin dadlı yeməkləri ilə yerində tanış oldum. Tanımadığım bir çox ailələrdə qonaq oldum. İndi Füzuli rayonunda işləyirəm. Könül istər burdan Qarabağı gəzib daha yaxşı tanıyım. Çox təəssüf ki, öz əlimdə deyil. Torpaqlarımız işğal altındadır. Ancaq həmin günlərin yaxında olduğuna inanıram! Hələ bir neçə il öz rayonumuza gəlməyi düşünmürəm.

-Tarix fənnindən ortaq türk tarixi məşğələ kimi tədris olunacaq. Bunu necə qarşılayırsınız? Hansı effektləri ola bilər?

- Əvvəllər 11-c i sinifdə "Türk dünyası Coğrafiyası" keçirilirdi. İndi digər siniflərdə bir neçə mövzudan ibarətdir. Həmin dərsdə türk ölkələrinin coğrafiyasını daha yaxşı öyrənirdik. Bu ildən isə "Ortaq türk tarixi " dərsi keçiriləcək. Bu dərslə də ölkələrimizin tarixini daha yaxşı öyrənəcəyik. Ümumiyyətlə, bu dərslər milli kimliyimizi unutmamaq, tariximizi və coğrafiyamızı öyrənməklə türk ölkələri arasında əlaqələri genişləndirmək üçün gözəl vasitədir. Qarabağ haqqında Azərbaycan tarixi dərsliyində məlumatlar olsa da, "Qarabağ Tarixi" dərsi Qarabağın tarixini, mədəniyyətini, ərazisindəki tarixi abidələri daha yaxşı öyrənməyə xidmət edir. Şagirdlərimizin öyrənməsi vacib olan dərslərdən biri də "Qarabağ tarixi"dir.

-Başına maraqlı hadisələr gəlməmiş olmaz...

-3 ildir Pedaqoji fəaliyyətlə məşğulam. Bu dövrdə bir çox hadisələr başıma gəlib. Günlərcə havanın yağışlı və küləkli olduğundan işıqların yanmaması və küləyin sobanı yandırmağa imkan verməməsinə görə soyuqda qalmağım. Bulaqdan su gətirərkən dəfələrlə qarlı palçıqlı yollarda yıxılmağım. Ancaq heç vaxt unutmayacağım bir hadisəni danışım. İşlədiyim kənd ucqar dağ kəndi olduğundan çoban itləri çox idi. Bəzən gündüz vaxtları da açıq olurdular. Bir gün səhər tezdən məktəbə gedirəm. Özümdə gecikdiyimdən kəsə yolla getməyi düşündüm. Dar yolda bir də başımı qaldıranda təxminən 15-20 metr uzaqda çoban itini gördüm. Nə qabağa gedə bilirəm,nə də geri qayıda bilirəm. Tərslikdən yaxınlıqda adam da yoxdur. Hardasa yarım saat itlə "baxışmışıq". Nə it tərpənir nə mən. Bir qədər vaxt keçəndən sonra "nə olar, olar" deyib əlimə bir-iki daş alıb itə tərəf getdim. Mən itin yanından tez keçdiyim kimi, it də mənim yanımdan tez keçib qaçdı. Bundan sonra anladım ki, mənim itin dişləməyindən qorxduğum kimi it də mənim onu vurmağımdan qorxub dayanıb ordaca. Həmin ana qədər qorxsam da ondan sonra gülə-gülə getmişəm məktəbə.

Tarix və coğrafiyaya diqqət azalıb

-Bəzi ölkələrin dünya praktikasına baxıram. Ölkə ədəbiyyatı, dili, coğrafiyası və tarixinə tədris prosesində daha çox diqqət ayrılır. Hətta o şagirdin gələcək sahəsi olmasa da. Bizdəsə tarix dərsləri müəyyən anlamda digər ölkə ilə bağlı olmayan, xarici dilə və.s saat baxımdan uduzur.

-Məktəbdə keçirilən bütün dərslər şagird üçün önəmlidi. Gələcəkdə işləyəcəyi sənətlə bağlı olmasa belə öyrəndikləri nə zamansa lazım olacaq. Ancaq Tarix və Coğrafiya fənnləri insanın dünya görüşünün formalaşmasına böyük təsir göstərir. Hər hansı bir ölkələri gəzib görməsək də, həmin ölkələr haqqında məlumatımız olur. Digər fənnlərə nisbətən bu iki fənnə diqqət son zamanlar azalıb. Xüsusilə də coğrafiyaya. Həm məktəbdə dərs saatının az olması. Həm də qəbul imtahanında yalnız bir ixtisas qrupunda olması şagirdlərin marağını elə də çəkmir. Ümid edirəm ki, gələcək illərdə bununla bağlı hansısa tədbir görüləcək.

-Ayrı-seçkilik qoymaq istəməzdim, amma kənd şagirdləri müəyyən qədər şəhər şagirdlərindən fərqlənir.

- Kənd və şəhər uşaqları arasında çoxlu fərqlər var. Hər şeyin mərkəzində olan, istədiyi şeyi tez bir zamanda əldə edən və məlumat bolluğu içərisində olan şəhər uşağı ilə bir çox şeyləri vaxtında əldə edə bilməyən və təsərrüfat işlərində valideynlərinə kömək edən kənd uşağı arasında fərqlər çoxdu. Ən əsası həmin kənd uşaqları saf, təmiz və hər şeyə həvəsli olurlar. Həmin uşaqları təəccübləndirmək və sevindirmək də asan olur. İşlədiyim dövrdə dostlarla bir çox layihələr etdik və həmin uşaqları ehtiyacı olan kitab, çanta və s. əşyalarla sevindirdik.

-Kənd əhalisi ilə aran necədir? Necə yola gedirsiniz?

- İşlədiyim hər iki kənddə yerli sakinlərlə münasibətim həmişə yaxşı olub. İstər qonaq kimi, istərsə də müəllim kimi hörmətimi saxlayıblar və bu hörmət həmişə qarşılıqlı olub. Müəllimin işi dərs dediyi 45 dəqiqədən sonra başlayır. Şagirdlərimlə müəllimdən başqa çalışmışam bir dost və böyük qardaş olum. Onlarla gəzintilərə getmişik. Elə vaxtlar olub şagirdim evdə valideynlərinə deyə bilmədiyini mənə deyib. Həll edə bildiyim problemlərini bacardığım qədər etmişəm. Ona görə də məktəbdən sonra da, tətil vaxtlarında da şagirdlərim zəng edir, mesaj yazır, hal əhval tuturlar.

-Mədəniyyət, yaşam fərqləri bəzən müəllimlərdə dərs keçdiyi yerlərdə narahatlıq yaradır...

- Hazırda işlədiyim Füzuli rayon Qazaxlar kəndi bir neçə əsr əvvəl biz tərəflərdən köçdüyünə görə elə ciddi mədəniyyət və yaşam fərqi yoxdur. Özümü heç cür yad hiss etmirəm. Bu kimi fərqləri Yardımlıda işlədiyim zaman gördüm. Tez bir zamanda adaptasiya olduğumdan heç bir narahatçılıq olmadı. Əksinə talış mədəniyyətini daha yaxından öyrənmiş oldum. Talış dilini də qismən öyrəndim.

 

P.S.Onunla müharibədən bir neçə gün öncə söhbətləşmişdik. Tale elə gətirdi ki, mən cəbhəyə getməli oldum və müsahibənin dərci gecikdi. Nə yaxşı ki, gecikdi...

Müsahibədə Qarabağı gəzmək istəyirəm dediyi, işğalına üzüldüyü vətən torpağı artıq azaddır!

 

Söhbətləşdi: Emin Piri


2497 oxunub

InvestAZ