Zamanın sürətinə özəl baxış - Əbülfət Mədətoğlu yazır

 

 

 

 

YAZARLAR 08:55 / 02.10.2025 Baxış sayı: 2690

 

Hərdən elə bilirəm ki, zamanın sürətini hesablamaq mümkündür. Mənim bu fikrim kiməsə gülünc gələ bilər. Yaxud da absurd sayılar. Olsun, bundan o qədər də əndişələnmirəm. Çünki özüməməxsus fikirdir. Necədeyərlər, özüm bilərəm, Allahım bilər. Amma bir həyat tərzimiz də var, gerçəklik də var. ondan heç birimiz kənara qaça bilmərik. Bax elə məni də zamanın sürəti ilə bağlı dediyim fikirlərə yönəldən həyat gerçəkliyidir...

Cəmi birneçə  gün bundan öncə, yəni  sentyabrın 27  də biz  Anım gününü  qeyd etdik. Əslində bu  həm də  ŞƏRƏF günü idi. Bax o keçirdiyimiz anım gününün 5 yaşı var. Bu   beş  il o qədər sürətlə keçib ki, biz hələ də 30 il çəkdiklərimzidən ayrıla bilməmişik. Deməli, 30 ilin vətənsizliyi biz qaçqın və köçkünlər üçün illərin piyada yerişi kimi şey oldu. Nə qədər qovmağa çalışsaq da,  kəndimizdə  deyilən kimi, dəhmərləsək də sürəti artmayıb o illərin. Yorğun dəvə kimi başını aşağı salıb gövşək vura- vura ömrümüzü baltalayıb. Arada bir zınqırov səsi də olub- o da ATƏT-in Minsk qrupu gələndə. O səsdən min xəyala düşmüşük. Elə bilmişik ki, gəliblər bizi evimizə qaytarmağa… Amma onlar gəlib tut arağından içib, donuz kababından yeyib, bizim də qoltuğumuza qarpız verib, çıxıb gediblər. Deyiblər outrun, gözləyin qarpız düşüb sınmasın. Məlumdur ki, səbrin də həddi   var, gözləməyin də! Bu yerdə yadıma Ali Baş Komandanımızın məşhur sözləri düşür:

- Bizim səbrimiz hüdüdsüz deyil!!!

Həqiqətən səbrimiz daşdı. Və 2020-ci ilin 27 sentyabrında daşan səbr vulkana, sunamiyə çevrildi. Xalq ayağa qalxdı. Sərkərdə ordunun yanında oldu. Dəmir yumruq başlara endi. Və yenə də...

  Birinci Qarabağ müharibəsində doğulduğum kənddə ilk şəhid olanlardan biri dayım oğlu  Amil və   atamın dayı nəvəsi Oktay oldu. Oktay şəhid olan günü yeganə övladı doğuldu. Onu torpağa tapşırdıq,  xanımını doğum evinə. Amilin isə həmin gün nişan xonçası bağlı qaldı. Balaca bir kənddə neçə- neçə şəhid verdik.

 

Yaddaşımda yazılıb

kirpiyimdə 

asılmış

Şəklinə baxa-baxa

qarşında baş əyirəm.

Sənə "qardaş" - deyirəm.

 

Məndən güclü, dözümlü,

Məndən dizi bərk qardaş.

Biz indi didərginik -

Sən etmədin tərk qardaş, doğulduğun torpağı.

 

Ölümün gözlərində şəklini görə-görə

O namərd güllələrə - "Ana" - deyib bir kərə

Sinəni nişan verdin.

 

Məzarın yad əllərdə,

Ruhun əsir deyildir.

Sənin kimi igidlər tarixi abidədir -

Doğulduğu torpaqda.

 

Bəli, Amil, Oqtay və digər şəhidlərimiz Tuğu tərk etmədilər. Torpağı qucaqlayıb yatdılar. ..Sadəcə cismən. Amma ruhları dolaşdı kəndimizi, evlərimizi... Və bir də kənddən oktyabrın son  gecəsi qovulan bizlərin olduğu-sığındığı yerləri. Onda gözümün önündə ata yurdum yandı, söndürə bilmədim. Onda havalanmış kimi yazdım ki:

 

Yandı evim- eşiyim,

Yandı divarım- daşım...

İsit qoyma üşüyüm,

İsit, məni  göz yaşım!..

 

Amma göz yaşı da namərd çıxdı. 30 il istimədi məni. Neçə- neçə doğmam  vaxtsız köç etdi bu dünyadan. Atam son nəfəsində :

- Kaş Tuğda basdıra biləydin məni! -  söylədi.

Mən isə fərsiz oğul kimi onun son istəyini də yerinə yetirə bilmədim.  Bacardığım yazmaq, təsəlli vermək oldu. 30   ildə yazılanların hamısı,  mənim düşüncəmə görə, ancaq təsəllidir. Çünki bütün yazıların əvvəlində və ya sonunda ən çox işlətdiyimiz " lazım gəlsə", "İnşallah", "Allah qoysa"... və  sairə...Və sizin   hamınızın bildiyiniz digər sözlər idi. Deməli, övladın kiçik toyunda masabəyi ilə valideynlər də arzu edirdilər ki, inşallah övladımız Tuğda məktəbə gedər, Tuğda toyun edirək v.s. Bax sözümüz də, yazımız da bunlardan ibarət idi. Erməni isə quduz it kimi hər gün ağız atırdı sərhədlərimizə. Düşmən snayperi susmaq bilmirdi. Beləcə 30 il səbr edə- edə, sürünə- sürünə, ölə-ölə yol gəlirdik. Qarabağa isə  ruhlar qayıdırdı....

   2020-ci ilin 27 senytabrı ... 44 günlük müharibə... Təsəvvür edin ki, 44 gün 30 ilin günlərindən  nə qədər sürəti, nə qədər cürətli və nə qədər qətiyyətli idi. Biz 30 ildə edə bilmədiyimizi 44 gündə övladlarımız, şəhid balalarımız etdilər. Onların arasında canımın bir parçası olan polkovnik Anar Şükürov da var. Xidmətdən  artıq  qulluq  keçən Ramin Yunusov  da..

Bu  şəhidlər  Tuğ  işğal  olanda əl  boyda  uşaqlar  idi...Və  mən də   hələ illər öncə, yəni vətənsizliyin ən ağır zamanında yazmışdım ki:

 

Uşaqlarım

Görməsin deyə

gecələr özümü asıram...

Qalıram

Boğula-boğula...

Amma səsimi qısıram

Bax onda

bir anda

düşünürəm, Allah,

qısılırsa səsim,

tıncıxırsa nəfəsim...

Günü-günə

öləziyirsə

arzum, həvəsim

tay onda...

nə demək qalır

mənim kimi oğula?!

 

Bu şeir mənim ümidsiz, əlacsız qaldığım anlarımın diqtəsi idi. Bu elə diqtə idi ki, mənə həyatı haram edir, yaşamə absurda çevirirdi. Heç kimə heç nə deyə bilmirdim. Üstümə yeriyənlərə sadəəc susub baxırdım. Çünki onların haqlı və ya haqsız olfuğunu hamı bilirdi. Bilənlər də susurdu. O susqunluğu dəmir yumruq pozdu!..

Bu gün isə mən bir-bir adları yazıb doğmaların ürəyinin qaysağını qoparmaq istəmirəm. Çünki adlar sadalandıqca qələbəmiz sevincli göz yaşına bürünür. Mən isə göz yaşını heç vaxt sevmədim. Hətta o, mənə sevinc bağışlasa da! Çünki mən sevincdən ağlayanda danışa bilmirəm, boğuluram, dilim dolaşır. O dolaşan dilimlə, hıçqıran nəfəsimlə bircə onu demək istəyirəm ki, kaş həyatımızın uğurlar yüklü illəri 44 günün sürətində olsun, cürətində və qətiyyətin olsun. Onda biz şəhidlərimizin də, qazilərimizin də  haqqını daha tez, daha layiqli şəhildə ödəyə biləcəyik.

  ... Bilmirəm, zamanın sürəti ilə bağlı ağlımdan keçəni zah edə bildimmi? Və siz mənimlə razılaşdınızmı? Hər halda bu da mənim üçün maraqlıdır...