Vahid Paşayev - Keçmişə nəzər salanda...

YAZARLAR 08:56 / 09.10.2025 Baxış sayı: 2580

...baharın gəlişi,arzu-istəyin,qaynayıb bir ucdan daşan vaxtı,qayıdıb keçmişə nəzər salanda--- məktəb illərində qarlı havada,qara rezin qaloş və yun corabla dərsə yollandığlm yadıma düşür,...və bir də çit parçadan tikilib çanta əvəzi olan torbaya yığılmış kitab-dəftər və torbanın üst hissəsində şüşədən olan mürəkkəbqabı üçün tikilmiş kiçik bir ciblik.Bəzən cibliyə ehtiyatsız qoyulan mürəkkəbqabıdan süzülən,qar üstündə damcı-damcı iz buraxan bənövşəyi rəngli mürəkkəb-evimizi tanımayanlar üçün yol xəritəsi,...beləcə keçən günlər.Və birdə ot-ələfin yenicə pürkələyən dövrü,dovğanın,kətənin,göy qovurmasının mataf--dəyərli,qiymətli ləzzətli dövrü.

Yadımda ən çox qalanlardan,...yazın gəlişi ilə mənimlə bir sinifdə oxuyan Arif üçün atası Murtuz kişinin təzəcə aldığı bir cüt qırmızı rəngli sandal ayaqqabı heç vaxt yadımdan çıxmır,qış qutarsada ayağımda olan qara rəngli qaloşlarda...

Herağac balalayan qara rəngli qoyunumuzun ağappaq qıvrım tüklü balası anasından yarımadığına görə başqa qoyunların südünü,başına əmzik keçirilmiş butulkaya doldurub quzuya əmizdirmək mənə həvalə olduğu da yaddaşımda ilişib qalanlardandır.O da yadımda qalıb ki,bir neçə aydan sonra atamın mal bazarına aparıb satdığı ağ quzu,mənim ölçümə uyğun təptəzə ağ köynək və qara bir şalvara dönüb geri qayıtdı.

...o dövrün tək bircə gününün geri dönməsi xatirinə,ömrünün qalan hissəsindən onlarca,yüzlərcə gününü qurban verməyə hazır olan və ,,ötən günə gün çatmaz, calasan günü günə"deyən xeyli dost-tanış tanıyır və fikirləri ilə tam şərikəm.