Rəfail Tağızadə- Qatar adam

Ədəbiyyat 10:41 / 07.12.2025 Baxış sayı: 205

 

Kim nə bilir, nə çəkirsən,

gedən qatar.

Apardığın yüklər ağır,

yüklərində dərdlər ağır.

Bu yüklərin dərdləridi

aram-aram taqqıldayan.

Gecə-gündüz yolu döyüb

şaqqıldayan.

Ağrıdacaq dərdlər səni.

Ordan bura, burdan ora

dərd daşıyan yorğun qatar.

Güman götür, ümid götür,

arzu götür...

Sən yoluna bir sevinc qat.

Ay vaqona, il vaqona

sən hərdənbir bir sevinc at.

Yüngülləşsin yolun sənin,

yükün sənin.

Qoy kəsilsin içindəki küyün sənin.

Qoy uzansın ömrün sənin.

Çəkənməzsən bu ağrını qatar adam.

Son mənzilə

bu sürətlə,

vaxtından tez

çatar adam.