Rəfail Tağızadə - Kölgəsindən tanınar şairlər
Bu gün Azərbaycanın çox dəyərli şairi Vaqif Bayatlı Odərin doğum günüdür. Əziz şairimizi təbrik edirik!
Vaqif Bayatlı Odərə
Bu köhnə şəhərin qaranlıq gecələrində,
bu köhnə şəhərin qaranlıq küçələrində,
köhnə küçə fənərlərinin süzülən işığında
özünü tənhalıq qoynuna almış
yalqız bir şair kölgəsi tanış...
Tanınar şairlər
doğma, yad küçələrdə,
tanınar şairlər bu yer üzündə...
Tanınar şairlər özündən qabaq,
əlindən, üzündən, gözündən qabaq.
Kölgəsindən tanınan şairlər.
Küləklər tanıyar, küçə tanıyar,
bu zülmət-qaranlıq gecə tanıyar,
könlümdə, könlündə bir hiss tanıyar,
mələklər tanıyar, iblis tanıyar.
Gecənin qaranlıq süst dodaqları
sümürər şairi səhərə kimi,
əriyər, yox olar şair hər gecə,
içilər, biçilər şair hər gecə,
böyüyər, kiçilər şair hər gecə.
Təzədən doğulub aparar səni,
qoparar gecədən qoparar səni,
tanınar şairlər özündən qabaq,
əlindən, üzündən, gözündən qabaq.
Kölgəsindən tanınan şairlər.
Tanınar şairlər bu yer üzündə,
bu qara gecədə, bir yad küçədə.
İzdiham içində, dalğa içində
seçilə bilirsə şair kölgəsi
lap elə bu saat, lap elə bu an,
lap elə təzə ay doğana kimi,
sevincim özünü boğana kimi
bir şeir yazmağa dəyər bu gecə.