Rasim Qaraca: "Biz özümüzə mədəni millət deyə bilmərik..." - Müsahibə

MÜSAHİBƏ 12:05 / 12.08.2024 Baxış sayı: 10874

Kulis.az Həmid Piriyevin Rasim Qaraca ilə müsahibəsini təqdim edib. Biz də həmin müsahibəni Yenises.az-ın oxucularının diqqətinə  çatdırırıq:

- Həmişə bu fikirdə olmuşam ki, hər bir yaradıcı adam yaxın ədəbiyyat tarixini bilməlidir. Bildiyimiz klassik mənada ədəbiyyat tarixini demirəm, ədəbiyyatətrafı dediyimiz tarixçələri nəzərdə tuturam. Şəxsən mənim üçün maraqlıdır, bu günə necə gəlib çıxmışıq, bizdən əvvəlki yazarlar hansı şəraitdə ədəbiyyata gəliblər. Məsələn, sizin ədəbiyyata gəldiyiniz dövrdə ədəbiyyat prosesi indiki dövrlə müqayisədə necə idi, nə kimi fərqlər var?

- Həmid, çox sağ ol ki, ədəbiyyatımızın yaxın tarixi ilə maraqlanırsan. Nə necə dəyişib – həqiqətən, xatırlamağa dəyər. Əslində, bu mövzü bədii yaradıcılığın predmetidir və mənim də hər zaman maraq dairəmdədir. Məsələn, cib telefonu olmayanda biz dostlarla necə xəbərləşirdik? Məktəbli vaxtlarımda bizdə ev telefonu da yox idi. Yadıma gəlir ki, dostlardan kiminləsə görüşmək istəyəndə evinə yollanırdıq, evdə olmasa bir az gözləyirdik və s. Demək istədiyim, adi şeylər də olsa, dövrün mənzərəsini göstərən şeylərdir, bunlar yazılmasa, sonrakı nəsillərdə təsəvvür olmayacaq. Ya da, sovet dövründə insanlar necə geyinirdi, paltarı necə tapırdı, necə olurdu ki, bir kostyumun qiyməti bir ayın maaşından artıq idi? Rus yazıçı Linor Goralikin geyim mövzusunda maraqlı araşdırmaları var. O cümlədən, ədəbi prosesdə münasibətlər necə idi? Bu barədə mən “Zülmətdə alatoran” romanımda bir az yazmışam. İlk növbədə çap məhdudiyyəti var idi. Gənc yazarı ədəbiyyat avtoritetlərindən biri təqdim etməliydi və himayə etməliydi. İndi vəziyyət dəyişib, artıq gənc yazar istədiyi şəkildə özünü təqdim edə bilir, öz reklam kampaniyasını aparır, istəsə öz mətbuat orqanını da yarada bilir. Böyüklərin səni qəbul edib-etməməsi bir rol oynamır. Əsas fərqlərdən biri isə, indi yazan insanların sayca çoxluğudur, bununla belə, nədənsə, kəmiyyət keyfiyyətə keçmir. 80-ci illərdə pis-yaxşı, ədəbi dərnəklər fəaliyyət göstərirdi, indi belə dərnəklər yoxdur. Mənim xatırladığım, 80-ci illərdə artıq çap olunmaq rüşvətlə idi. O zamanın çap olunan, kitabı çıxan gənclərinə baxsanız görərsiniz ki, çoxunun atası hansısa mötəbər vəzifə sahibi olub. Məsələn, “Ulduz” jurnalında çap olunmanın "taksası", təqribən, 300 manat idi, “Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”ndə də eyni mənzərə idi. Bir bölgədən bir nəfər qabağa çıxdısa, mütləq öz həmyerlilərinin böyük bir ordusunu ədəbiyyata gətirirdi. Qazax bölgəsindən çoxlu şairin və Qarabağ bölgəsindən çoxlu nasirin çıxması bununla bağlıdır. Rəhim Əliyevin “Zaman və Tale” kitabında bunlar ətraflı yazılıb. Bir də, o zamanın ədəbi gəncliyinin fərqləndirici cəhəti gələcəyə inamın olması idi. Böyük dəyişikliklərin olacağına ümidləri vardı. Bu özəllik gənclərdə entuziazm yaradırdı, bu da yaradıcılıqda özünü göstərirdi. İndi böyük dəyişikliklər olsa belə, bunun gənclərdə hansısa emosional yüksəliş yaratdığını deyə bilmərik.

 

- Dərnəklərdən danışdınız. O zamanlar iştirak etdiyiniz dərnəklərdən danışa bilərsiniz? Kimlər var idi o dövrdə?

-Yazıçılar İttifaqının Natavan klubunda “Gənclər günü” adlı dərnək fəaliyyət göstərirdi. Daha sonra, 80-lərin sonlarında “Gənclik” jurnalının nəzdində ayda bir dəfə toplanan dərnək vardı. Mən bu iki dərnəyin toplantılarına sürəkli qatılırdım. Lenin adına Kitabxanada (indiki Prezident Kitab Evi) və Sabir adına Kitabxanada da bu cür yaradıcı dərnəklər fəaliyyət göstərirdi, bunlardan birinə Söhrab Tahir rəhbərlik edirdi. Bu dərnəklərdə şeir və hekayələr oxunur, müzakirə edilirdi. Bəzən toplantılarda fasilələr olurdu, şəxən məni bu fasilələr çox kədərləndirirdi. Əli Bayramlıda yaşamağıma baxmayaraq, toplantılarda mütləq iştirak edirdim. İndi imzası sizə tanış olan bir çox ədibləri bu dərnəklərdən tanımışam – Əjdər Ol, Murad Köhnəqala, Eyvaz Əlləzoğlu, Qulu Ağsəs və s. Mir Şahinin də “Gənclər günü”nə gəldiyini xatırlayıram, o zamanlar şeir yazırdı.

- İndi necə, bu günkü gənclərin yaradıcılığından razısınız?

- Azərbaycan elə bir yerdir ki, burada heç zaman istedad defisiti olmayıb və olmayacaq. Bizdə əksik olan yaradıcılıq proseslərinin təşkil olunmasıdır. Təəssüf ki, ədəbiyyat sahəsində prosesi qəsdən boz axına çevirmək istəyənlər var. İstedadsızlar, qrafomanlar bilərəkdən irəli çəkilir, mənzərəni qəsdən bulandırırlar. Bu baxımdan istedadlı bir gəncin ortaya çıxması və özünü təsdiq etməsi çox böyük maneələrdən keçir. Yaxşı əsərlər haqqında susurlar, heç bir dəyəri olmayan “əsərləri” tərifləyənlər növbəyə düzülür. Buna görə də ədəbiyyata atılmaq istəyən gənc yazarları mən, adətən, çaşqınlıq içində görürəm. Ədəbi prosesin dinamikası yüksələn xətt üzərində deyil. Bu gün biz böyük ədəbi mübahisələri, yeni ideyaların daşıyıcılarını görmürük. Hələlik, bizdəki ədəbiyyat prosesini bir nəfərin teatrına bənzətmək olar. Ümid edirəm, bu məsələlər yaxın zamanda təbiət qanunları ilə öz həllini tapar.

- Siz şairlikdən və yazıçılıqdan əlavə, həm də naşir və təşkilatçısınız. Sizi gənclərin dostu kimi tanıyırıq. Amma yeni imza təqdim etmək həmişə risklidir. İndiyə qədər təqdim etdiyiniz neçə imza etimadınızı doğruldub?

- Hə, özüm özümü çap edə-edə axırda naşir oldum... Nə olmasa da, istedadlı insanı bir cümləsindən tanıya bilirəm. Hardasa yaxşı bir misra görsəm, mütləq paylaşıb öz münasibətimi bildirirəm və o insanla əlaqə qurmağa çalışıram. Çünki mən, içərisində çox güclü istedadların olduğu bir ədəbiyyat prosesinin şairi və yazıçısı olmağa üstünlük verirəm, ətrafıma qrafomanları yığıb onların fonunda böyük yazıçı kimi görünməyi ləyaqətsizlik hesab edirəm... O ki qaldı mənim təqdim etdiyim imzalara, onların, demək olar, hamısı müasir ədəbiyyatımızın aparıcı simalarıdır. Mənim etimadımı doğruldacaqları kimi bir öhdəlikləri olmayıb onların, nə də mənim belə bir gözləntim olub. “Alatoran hərəkatı”na ədəbiyyat tariximizin yaxşı bir nümunəsi kimi baxmaq lazımdır, arada xırda-mırda çürüklərin olması tarixi baxımdan o qədər də önəmli deyil.

- Amma "Alatoran"dan üz döndərənlər, “tövbə edənlər” çox oldu.

Mən buna bir yaradıcı təşkilatdan çıxıb başqa birinə girmək kimi baxıram. Müəyyən bir tarix kəsiyində onlar öz missiyalarını yerinə yetirdilər. Tövbə etmiş olsalar belə, indi olduqları təşkilat haqqında ən sərt fikirləi səsləndirdilər. İfşa olunmuşla ifşa edənin qardaşlaşması sırf Azərbaycanvari bir mənzərədir. Adətən, kənd yerlərində olur, iki qonşu savaşır, biri birində ar-namus qoymur, ölüsünü qəbirdən çıxardır, bir müddət keçir, bir də görürsən, yenidən barışıblar, mehriban münasibətləri davam edir. Bu da bir az ona bənzəyir... Həmid Herisçinin sözüdür: “Hər kəs nə edirsə, öz bioqrafiyası üçün edir”...

- Ən yeni ədəbiyyatdan kimlərin adını çəkə bilərsiniz?

- Mənim üçün özü özünü izah edə bilən ədəbiyyat və ya yazıçı qiymətlidir. Bu mənada Elnurə Hüseynovanın yaradıcılığını bəyənirəm. Onun “Vücudnamə”sini oxumağı tövsiyyə edirəm.

- Son illər bir neçə roman çap olundu ki, onlar haqqında danışdılar. Cavidin “Amanabənd”i, Rəşadın “Keçilərin nəğməsi”, Şamxal Həsənovun “Səs və ya qırmızı”sı. O romanlar haqqında nə deyə bilərsiniz?

-“Amanabənd”i və “Keçilərin nəğməsi”ni oxumuşam, “Səs və qırmızı”nı isə başlamışam, amma hələ oxuyub bitirməmişəm. Milli romançılıq ənənəsini yaşatdıqları üçün hər üç müəllifə təşəkkür etməliyik. Təəssüf ki, bu əsərlər ədəbiyyat proseslərinin durğun zamanına təsdüf edir, onlar haqqında daha geniş auditoriyalarda danışılmalıydı. Bir əsərin gücü, mənə görə, mübahisəyə nə qədər meydan verməsi ilə ölçülə bilər. Bu əsərlər də nəzəri fikir çarpışması üçün yaxşı material verir. Eyni zamanda Orxan Eypin “Külək gülü”, Orxan Həsəninin “Yaddaş tarlası”, habelə, İlkin Rüstəmzadənin “Bahar mehi” romanları milli romançılıq düşüncəmizin itilənməsi üçün iddialı əsərlərdir.

- ANAİB-dən çıxmağınızın səbəblərini deyə bilərsiniz?

- Bu, sadəcə, özümə və öz yaradıcılığıma daha çox vaxt ayırmaq istəyimlə bağlıdır. Naşirlər Birliyinin olması ölkəmizin həyatında önəmli bir hadisədir. Mən təşəbbüs qrupunda təmsil olunmuşam, təşkilatın idarə heyətinə seçilmişəm, üzvlərlə münasibətlər də çox yaxşı olub. Lakin bir yerdən sonra hiss etmişəm ki, vaxtımı bir neçə yerə parçalaya bilmərəm. Ümumən, özümü naşir kimi təqdim etməyi xoşlamıram və buna iddialı da deyiləm, nəşriyyat işini böyütmək haqqında da böyük arzular bəsləmirəm. İdealda insan hobbisi olan işdən pul qazanmalıdır, nəşriyyat işi mənim üçün bir hobbidən artıq deyil. Birinciliyi öz yazıçı “mən”imə verirəm. Dediyim kimi, əsas məqsədim, geriyə qalan zamanımı tam 50 ildir hazırlığını görüdüyüm bir məsləkə, ədəbi yaradıcılıq işinə həsr etməkdir.

- Hazırkı kitab bazarı sizi qane edir?

- Son 10-15 ildə Azərbaycan kitab sektoru böyük bir sıçrayış sərgiləyib. Nəzərə alsaq ki, 2005-2010-cu illərdə ana dilindəki nəşrlər kitab bazarının kiçik bir faizini təşkil edirdi, bu gün həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük bir irəliləmə olduğunu söyləyə bilərik. Kitabların poliqrafik göstəricilərində yaxşılığa doğru böyük dəyişiklik yaranıb. Xüsusən, keyfiyyət baxımından bu günkü dünya standartlarına cavab verən “Teas-Press” nəşrlərini çox bəyənirəm. “Qanun” nəşriyyatının günə bir kitab nəşr etmək ideyası hər cür tərifə layiqdir. Kitab sektorunda çeşidliliyin bu cür artacağı cəmi 20 il əvvəl xəyal edilə bilməzdi. Bu gün ölkənin mədəniyyət sferasında hansısa bir yenilikdən, inkişafdan danışmaq lazım gələrsə, bu ilk növbədə kitab sektorundakı inkişafla bağlı ola bilər. Lakin bu sahədə hələ də böyük çatışmazlıqlar var. Ölkəmizdə hələ də mərkəzləşdirilmiş kitab satış şəbəkəsi yoxdur. Gözəl kitablar çap olunur, amma ucqar rayonlarda yaşayan insanlara o kitablar çatırmı? Digər problematik məsələ, ölkəmizdə xarici naşirləri dəstəkləyən Tərcümə Proqramının olmamasıdır. Bu da Azərbaycan ədəbiyyatının xarici dillərə tərcümə olunması yolunda böyük maneə deməkdir. Ciddi ədəbiyyat mükafatlarının və ədəbiyyat müsabiqələrinin olmaması, ölkə üzrə Oxu Yarışlarının keçirilməməsi məni qane etməyən cəhətlərdir. Bu ona bənzəyir ki, yaxşı araba istehsal etmişik, ancaq yolları təmir etməyi yaddan çıxartmışıq.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Nələrsə yazıram. Hər il kiçik də olsa, yeni bir kitab sözüm var oxucularıma. Eyni zamanda, tükənən kitabların yeni nəşrini çapa hazırlayıram, cəmi 5 kitabdır. Onların üzərində işləmək də yaradıcılıq sayılırsa, hələlik, yeniliklər bunlardır. Bir yazara veriləcək ən doğru sual isə, “nə oxuyursan?” olmalıdır, məncə.

- Yaxşı, onda axırıncı sualımız belə olsun: nə oxuyursunuz?

- Hal-hazırda Ələviyyə Babayevanın “Küləyin tərkində” romanını oxuyuram. Təəssüf ki, indi qadın yazarlar arasında onun səviyyəsində olanı yoxdur. Bu yazıçının unudulması kədər doğurur. Əzizə Əhmədovanı, Sara Nəzirovanı yada salan yoxdur. Qrafomanlar at oynadanda axırı belə olur... Əslində, 4-5 kitabı birdən oxuyuram, bəlkə də, 10-15 kitabı. Başlayıb yarıda qoyduğum bir qalaq kitab var. İosif Brodskinin şeirlərini, Tomas Mannın, Akutaqavanın və Rey Bredberinin hekayələrini oxuyuram. Bir də son zamanlar Karl Qustav Yunqa aludə olmuşam. Saatlarca arxetiplərin izahına qulaq asıram. Bu nəticəyə gəlmişəm ki, əgər Yunq Azərbaycan dilində yoxdursa, biz heç zaman özümüzə mədəni millət deyə bilmərik...

Fotolar: İlkin Nəbiyev

Həmid Piriyev

Həmid Piriyev