İbrahim İLYASLI - Eləmə...
Eləmə...
Sevdiyim, birdən mənə
Vurularsan, eləmə....
Eşq yolu – Saman yolu,
Yorularsan, eləmə!
Bu sevdanın səfası
Cəfasından zor olur.
İçində açan çiçək,
Kürəyində qor olur.
Gecə-gündüz dediyin
Bir-birinə qarışır.
Əllərin çaxmaq çəkir,
Və ürəyin alışır.
Adam özü özünə
Belə zülüm eləməz.
Çəkib öz ciyərini,
Dilim-dilim eləməz.
Aman ver, bir mən olum,
Bir də o - Saman yolu.
Nə olar, mən çəkəni
Sən çəkmə, fədan olum.