Əşrəf Veysəlli - DÜNƏN DEYİLDİMİ

Ədəbiyyat 09:20 / 07.12.2025 Baxış sayı: 246

 

Qəlbini qanadlı arzulara aç,

Anasan, qəm çəkmə beşik başında.

Hamının saçları ağaraydı kaş,

Heç kəs qalmayaydı cavan yaşında.

Dünən deyildimi dayanıb gendə,

Bütün varlığımı oda saldığın?

Dünən deyildimi kirpuklərinlə

Sevən ürəyimi nişan aldığın?

Dünən deyildimi dedin, ay ömrüm,

“Çəməndə qırmızı xaldı lalələr.”

Dünən deyildimi mən səni gördüm,

Ayağım altında qaldı lalələr?

Gördüm- ünvanımı itirdim, azdım,

Qəlbimdə utancaq bir hiss oyandı.

Yanan siqareti cibimə basdım,

Təzə pencəyimin bir cibi yandı

Dünən deyildimi çıxdın qarşıma,

Ömrümün əlindən tutası oldum?

Tale əllərini çəkdi başıma,-

Axır ki, beş uşaq atası oldum…

Qəlbini qanadlı arzulara aç,

Anasan, qəm çəkmə beşik başında.

Hamının saçları ağaraydı kaş,

Heç kəs getməyəydi cavan yaşında…

Bu da Səadətdir, inan, əzizim,

Belə qəmlənməyin yeri varmı heç?!..

Bir də ki hər şey,

hər şey dünən olub, dünən, əzizim,

İnsan da bir günə qocalarmı heç?!..